Məhkəmə qərarları › İş №1(059)-57/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-57/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-57/2025 12.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 12 yanvar 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2022ci il tarixli, 1(059)-28/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 may 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, X11 küçəsi, ev 107 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 457,199 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, yaşadığı Siyəzən şəhəri, X11 küçəsi, ev 107 ünvanında saxlamış və 11 sentyabr 2025-ci il tarixdə, saat 13:55-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsində yerləşməklə, özünün yaşadığı otaqda olan qara rəngli çamadanın içərisindəki şəffaf sellofanda həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2 həftə öncə yaşadığı Siyəzən şəhəri, X11 küçəsi, ev 107 ünvanın yaxınlığında yerləşməklə “köhnə kanal” adlanan ərazidən içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan sellofan bükülü tapmış, habelə bu bükülüləri tapdığı formada yaşadığı evə gətirmişdir. Beləliklə, 10 sentyabr 2025-ci il tarixdə yaşadığı evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, habelə təklif əsasında üzərində olan psixotrop maddə metamfetamini sonunculara təqdim etməklə yanaşı, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Habelə, ona təqdim edilmiş məhkəmə qərarı əsasında yaşadığı evə keçirilmiş baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Odur ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə 10 sentyabr 2025-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunmuşdur. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin müvafiq qərarı ilə vəsatətləri əsasında verilmiş Siyəzən rayon prokurorunu təqdimatı təmin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəflərindən 10 sentyabr 2025ci il tarixdə yaşadığı Siyəzən şəhəri, X11 küçəsi, ev 107 ünvanın qarşısında saxlanılmış, habelə təklif əsasında birinci üzərində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmçinin yaşadığı evdə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs məhkəmənin müvafiq qərarı ilə tanış edilmiş, həmçinin yaşadığı evə baxış keçirilən zaman qara rəngli çamadanın içərisindən narkotik maddə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli, 20/830 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün 96 nömrəli” möhür əksi, “B. Qəniyev /imza/; İ.Zəkiyev /imza/; Ü.İsayev /imza/; Şahid /imza/; C.Dadaşov /imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə; qablaşdırdı: müstəntiq A.Əmirov /imza/” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli, kristallşəkilli maddə kustar hazırlanmış psixotrop maddə- metamfetamidir. Təqdimatda təqdim olunmuş: Azərbaycan Respublikası DİN-nin, “Zərflər üçün 96 nömrəli”” möhür əksi “B. Qəniyevin yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələr; “B. Qəniyev /imza/; İ.Zəkiyev /imza/; Ü.İsayev /imza/; Şahid /imza/; C.Dadaşov /imza/; qablaşdırdı: müstəntiq A.Əmirov /imza/” əl yazıları olan bağlamadakı, 01 ədəd bükümdə təmiz çəkisi 457,199 qram olan bitki, mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,015 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,02 qram, 0,2 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 456,999 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə fiziki kimyəvi və bioloji ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 26 sentyanbr 2025-ci il tarixdə verilmiş 6024 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs oğlu xx.xx.2002-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdındadır. Cinayət işinin 20-21-ci vərəqələrində olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan, eləcə də, işin 22-23-cü vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 15:28-dən saat 15:45-dək müddət ərzində Siyəzən şəhərinin X11 küçəsində, yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd gümüşü rəngli bükümü təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni qaldığı otaqda olan qara rəngli çamadanın içərisindəki bir ədəd şəffaf sellofanda təqdim etmişdir. Yoxlama zamanı “PocoX3” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-134-cü vərəqələrində olan 03 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,02 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 456,999 qran olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 11 sentyabr 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 sentyabr 2025-ci il tarixli tələbnaməsindən, işin 105-109-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(059)-28/2022 saylı hökmündən, eləcə də, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 19 may 2025-ci il tarixli, 3-16-17/31/2-1411/2025 saylı saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, habelə 17 may 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-99-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 4(059)-35/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-114-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 20 aprel 2012-ci il təvəllüdlü Hülya və 02 oktyabr 2014-cü il təvəllüdlü Nəbi adında iki yetkinlik yaşına çatmayan övladı olmaqla, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan dəfələrlə artıq, narkotik vasitə heroin isə xeyli miqdardan artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 12 sentyabr 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir və qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin təqsirləndirilən şəxs X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, ərizəsində, barəsində olan cinayət işi üzrə özünü təqsirli bildiyini, həmçinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı əsasında barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini qeyd edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, videoçəkiliş vasitəsi ilə aparılan axtarış və götürmə haqqında protokollar, eləcə də, həmin protokollara əlavə edilmiş kompakt disk, şahid ifadəsi və cinayət işində olan digər sübutlar ilə tam təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi əməl “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 7-ci bəndində göstərilən məhdudiyyətlər bölməsinə qeyd edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladları vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarın 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X1 Qəniyev barəsində Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 12 yanvar 2026-cı il tarixli, 5/2026 nömrəli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(027)-227/2022 saylı icra üzrə borclu Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdən başlayaraq iki uşağın saxlanılması üçün cəmi 320 manat məbləğində aliment ödəməlidir. Habelə, sözügedən icra işi bağlı Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməməklə bərabər sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,02 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 456,999 qran olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının və evinə baxış keçirilməsinin, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,02 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 456,999 qran olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının və evinə baxış keçirilməsinin, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar