Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-58/2021 05.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 05 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də ictimai işlər üzrə sosial işçi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Siyəzən-Beşdam kənd yolunun ikinci kilometrliyində sahibi olduğu “Saturn Astra minik” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərini, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, aşmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunlara riayət etməyərək, avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda, 90 km/saat sürətlə idarə edərək, avtomobilin idarəetməsini itirməklə, onu hərəkət hissəsindən çıxararaq aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 sol kürək və kürəkaltı nahiyələrin yumşaq toxumalarının əziyi və sıyrıqları ilə müşahidə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 7-ci və 8-ci fəqərələri cisimlərinin yerdəyişməyən sınıqları, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ əlin orta barmağının əzilmiş loskutlu yarası ilə müşahidə olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilən, Zərərçəkmiş şəxs4 başın və gövdənin küt zədələnməsi, sağ ağciyərin və qaraciyərin cırılmaları, döş sümüyü cisminin, sağ körpücük sümüyünün və sağ 1-2-3-4-5- 6-cı qabırğaların sınıqlarından törəyən ağır travmatik şok ilə müşahidə olunan, sonuncunun ölümü ilə nəticələnən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 21 aprel 2021-ci il tarixdən “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, “Saturn Astra minik” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 onunla birlikdə işləmiş, Zərərçəkmiş şəxs1 isə əvvəllər işləsə də, 01 iyun 2021-ci il tarixdən etibarən işdən çıxmışdır. Zərərçəkmiş şəxs3la təxminən 2 ilə yaxın olar dost olmuşdur. 07 iyun 2021-ci il tarixdə idarə etdiyi “Saturn Astra minik” markalı avtomobili yeni aldığı üçün bunu qeyd etmək məqsədilə dostları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə Siyəzən rayonunun Qara Siyəzən kəndinə getmək qərarına gəlmiş, həmin gün axşam saat 19:00 radələrində o, Əmrah və Nicat işdən çıxanda Sənan və Natiq artıq iş yerinin qarşısında olmuşlar. O, əvvəlcədən X4 kəndinə gedərək orada olan Natiqin əmisinə məxsus evdə çay içməyi planlaşdırmış, digər dostların isə bundan xəbərləri olmamışdır. Onlar işdən çıxdıqdan sonra Siyəzən rayonunun Qara Siyəzən kəndinə getmək barədə Natiq, Sənan və Əmraha da bildirmişlər. Bundan sonra, dostları ona məxsus avtomobilə əyləşərək onunla birlikdə Siyəzən-Beşdam yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, “Zaur Petrol” adlı YDM-dən bir qədər irəli keçdikdən sonra Siyəzən rayonu “Ataçay” adlanan yerə çatmağa az qalmış yolun sağ tərəfindən yola anidən it çıxmış, o, həmin iti görməmiş, itə çatmasına təxminən 10-15 metr qalmış onu görmüş və vurmamaq üçün sükanı sağa doğru döndərmişdir. İtin yanından keçəndən sonra avtomobili həddindən artıq sağa döndərdiyini və avtomobilin çox hissəsinin yol çiyninə çıxdığını görərək sükanı sola tərəf çəkmişdir. Bu zaman avtomobil yolda olan çökəklik hissəyə düşmüş, nəticədə o, idarəetməni itirmiş və maşın sağa-sola ziqzaqvari hərəkətlər etməyə başlamışdır. Bunu görən Nicat əlini sükana ataraq maşının idarəetməsini təmin etmək istəsə də, sonuncunun, onun tələbi əsasında sükanı buraxmasından sonra ola bilsin ki, əyləc əvəzinə qaz pedalından istifadə etmiş, nəticədə avtomobil yolun çiyninə çıxaraq bir qədər yolun kənarındakı torpaq ərazi ilə irəliləyib, aşmağa başlamışdır. Bir neçə dəfə aşdıqdan sonra avtomobil yolun kənarında olan boş ərazidə dayanmış, o, dərhal avtomobildən düşmüş, habelə Əmrahın, Natiqin və Sənanın maşından düşərək dayandıqlarını, Nicatın isə maşından təxminən 10 metr aralıda yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüş və dərhal təcili yardım xidmətinə zəng vurmuşdur. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gələrək Nicatı, Əmrahı və Sənanı xəstəxanaya aparmış, təxminən 10 dəqiqə sonra isə o və Natiq xəstəxanaya getmişlər. Sonradan ona Nicatın Siyəzən rayon xəstəxanasında ölməsi məlum olmuşdur. Hadisə baş verməzdən əvvəl o, avtomobili təxminən 90 km/saat sürətlə idarə etmiş, lakin ola bilsin ki, yolda olan çuxura düşdükdən sonra onun əyləcin yerinə qaz pedalından istifadə etməsi nəticəsində avtomobilin sürəti artmışdır. Avtomobili 2021-ci ilin may ayının sonlarında almış, avtomobildə texniki cəhətdən heç bir problem olmamış, saz vəziyyətdə olmuş, onu aldıqdan sonra texniki baxışdan keçirmişdir. O, hadisə zamanı hər hansı ciddi xəsarət almamış, sadəcə əlini şüşə kəsmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, zərər çəkmiş şəxslərin, eləcə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının, habelə barışmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verməklə, həmçinin yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmini təfərrüatlı şəkildə eyni ilə təsvir etməklə, yanaşı onlara dəymiş zərərin tam şəkildə ödənildiyini, habelə təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələblərinin olmadığını qeyd edərək, sonuncuya yüngül cəza verilməsini xahiş etdilər. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs4 onun oğlu olmuşdur. 07 iyun 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində işdən çıxaraq yaşadığı evə gələrkən evin qarşısında çox adam olduğunu görüb, onlardan nə baş verdiyini soruşmuş, bu zaman arvadı Nailə Əhmədova ona Nicatın Siyəzən-Beşdam yolunda qəza etdiyini bildirmişdir. Bundan sonra, onlar dərhal Siyəzən RMDM-ə getmiş, oraya çatdıqdan sonra isə ona, oğlu Nicatın Təqsirləndirilən şəxs idarə etdiyi “Saturn Astra minik” markalı avtomobildə qəzaya düşdüyü, bu zaman onların yanında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da olduğu məlum olmuşdur. O xəstəxanaya çatdıqda Nicat hələ sağ olmuş, təxminən 1 saatdan sonra ölmüşdür. Hazırda, ona dəymiş ziyan ödənildiyi üçün o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş işin 63-64-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 03 iyul 2021-ci il tarixli, 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol kürək və kürəkaltı nahiyələrin yumşaq toxumalarının əziyi və sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 07 iyun 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin 65-66-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 03 iyul 2021-ci il tarixli, 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində 7-ci və 8-ci döş fəqərələri cisimlərinin yerdəyişməyən sınıqları, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ əlin orta barmağının əzilmiş loskutlu yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 07 iyun 2021-ci il tarixinə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 71-74-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 03 iyul 2021-ci il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 meyitinin müayinəsində başın və gövdənin qapalı küt zədələnməsi, sağ ağciyərin və qaraciyərin cırılmaları, döş sümüyü cisminin, sağ körpücük sümüyünün və 1-2-3-4-5-6-cı qabırğaların qapalı köndələn sınıqları, daxili üzvlərin azqanlılığı, daxili qanitirmə (2,2 litr), başın sağ alın-gicgah nahiyəsinin sıyrığı və sağ təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının hematoması, sağ göz almasına qansızmalar, döş qəfəsinin ön divarının, hər iki kürək və kürəkaltı nahiyələrinin geniş əzilməsi və sıyrıqları, hər iki bazu, sağ said, sağ bud, sağ baldır və hər iki ayaq nahiyələrinin sıyrıqlarından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş avtonəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti şəxsin ölümündən saatlarla ölçülən qısa müddət əvvəl baş vermiş və 07 iyun 2021-ci il tarixə uyğun gəlir və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs4 ölümünə səbəb başın və gövdənin küt zədələnməsi nəticəsində sağ ağciyərin və qaraciyərin cırılmaları, döş sümüyü cisminin, sağ körpücük sümüyünün və sağ 1-2-3-4-5-6-cı qabırğaların sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Onun ölümünün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinə anından (07 iyun 2021-ci il saat 22:30) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 93-95-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 məhkəmə-kimya şöbəsinin 29 iyun 2021-ci il tarixli, 1702/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 99-100-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 8/1532 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda, 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 98-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 100 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 58-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 19-cu səhifəsində olan BD seriyalı, 007842 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 101-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 26 avqust 2021-ci il tarixli, 016-302-4631-1221 nömrəli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdən 21 aprel 2031-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və o, kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 18-ci səhifəsində olan AE seriyalı, 077394 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Saturn Astra minik” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-149-cu səhifələrində olan 27 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci səhifələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, Fizuli küçəsi, ev 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən (məhkəmə qaydasında) görünür ki, onlara dəymiş ziyan ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, eləcə də tələbləri yoxdur, həmçinin sonuncuya qarşı yüngül cəza təyin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ərizələrindən (məhkəmə və notariat qaydasında) görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxslərin, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-58/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-58/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver