Məhkəmə qərarları › İş №1(059)-58/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-58/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-58/2022 20.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 20 sentyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 04 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, 20 Yanvar küçəsi, ev 19 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd kustar üsulla hazırlanmış avtoqələm formasında olan buraxıcı xassəli xüsusi təyinatlı 5,6 mm kiçik kalibirli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz odlu silahı və 27 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibirli Marqolin konstruksiyalı tapançalardan və Toz markalı yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan atəş üçün yararlı patronları üzərində saxlamış, daşımış və gəzdirmiş, 20 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı odlu silah və onun komplekt hissələrini saxlama, daşıma və gəzdirilməsində şübhəli olduğu üçün Siyəzən şəhəri Mərkəzi Park adlanan ərazidə saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq yaşıl rəngli gödəkcənin sol iç cibindən 1 ədəd ağ rəngli sellofanda 1 ədəd kustar üsulla hazırlanmış avtoqələm formasında olan buraxıcı xassəli xüsusi təyinatlı 5,6 mm kiçik kalibirli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz odlu silah və 27 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibirli Marqolin konstruksiyalı tapançalardan və Toz markalı yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan atəş üçün yararlı patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əvvəlki ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə odlu silah və onun komplekt hissələrini saxlama, daşıma və gəzdirməkdə şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılsa da, həqiqətdə isə həmin silah ona məxsus olmamış, könüllü istəyi əsasında həmin silahın ona məxsus olduğunu, yəni, tapdığını bildirib, ibtidai istintaq orqanın təqdim etdiyi müvafiq sənədlərə imza etmişdir. Belə ki, narkotik aludəçisi olmaqla, buna görə iki dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, məhkum olunmuş, habelə sonuncu dəfə 04 noyabr 2020-ci il tarixində həbsdən azad olunduqdan sonra 4 ay müddətində narkotikdən istifadə etməsə də, yenidən istifadə etməyə başlamışdır. Narkotikdən uzaqlaşa bilmədiyindən və müalicə almağa maddi imkanı olmadığı üçün 2022-ci il aprel ayının əvvəllərindən narkotikdən uzaq olmaq üçün özünü həbsə göndərmək, lakin, iki dəfə narkotiklə məhkum olunduğundan, habelə məhkumluğu ödənilmədiyindən, bu dəfə başqa əməllə, yəni silahla məhkum olunmaq barədə düşünmüşdür. Bu barədə qardaşları Kamil və Orxan Qurbanovlara, həmçinin anasına silah götürüb, həbsə getmək istədiyini bildirdiyində, sonuncular aludəçiliyini görüb, buna etiraz etməmişlər. Həmin vaxt isə kiminləsə həbs olunmaq istəyi barədə sövdələşməmişdir. Tarixini dəqiq xatırlamadığı, 17-18 aprel 2022-ci il tarixlərdə Siyəzən RPŞ-nin Fərahim Qasımov adlı əməkdaşına yaxınlaşıb, bu barədə fikrini, yəni, narkotik aludəçiliyindən əziyyət çəkdiyini, həbs olunmaq istədiyini, lakin, növbəti dəfə də narkotiklə həbs olunmaq istəmədiyini, az müddətdə cəza almaq üçün silahla həbs olunmaq istədiyini ona bildirmişdir. Bundan sonra, 20 aprel 2022-ci il tarixdə, saat təxminən 15-16:00 radələrində Fərahim Qasımovla razılaşdıqları kimi Mərkəzi park adlanan ərazidə görüşmüş, sonuncu silahın olduğunu, həbs olunmaq istəyirsə, götürməli olduğunu bildirmişdir. Bundan sonra, X7 parkda, daha dəqiq Siyəzən MDM-ın qarşısında dayanarkən saat təxminən 17:18:00 radələrində RPŞ-nin Xəyyam Əzizov və Qorxmaz Sultanov adlı əməkdaşları, sonuncuya məxsus, habelə sonuncunun idarə etdiyi ağ rəngli avtomobil ilə həmin yerə gəlmişlər. Bu zaman o, avtomobilin arxa tərəfində, Fərahim Qasımov yanında, Xəyyam Əzizov qabaq sağ tərəfə əyləşmişdir. Sonra, Xəyyam paketin içərisində olan silahın özünü və kibrit qutusunda olan patronlarını ona vermiş, o, da heç bir təzyiqə məruz qalmadan həmin silahı ondan almış, habelə silahı əynində olan gödəkcəsinin içəri sol cibinə qoymuş və daha sonra RPŞ-yə getmişdir. Bundan sonra, RPŞ-də müvafiq sənədləşmə işləri aparılmış və təqdim edilmiş sənədlərə könüllü şəkildə imza etmişdir. Özünü təqsirli bilsə də, işin faktiki vəziyyəti budur. Hazırda ona yüngül cəza verilməsini xahiş edir. Bununla belə, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində Siyəzən şəhərinin 20 Yanvar küçəsi ərazisində dərə adlanan yerdə zibilliyin yanında yerdə bir ədəd ağ rəngli sellofan görmüş, sellofanı açıb baxdıqda orada 1 ədəd odlu silahın, yanında isə saydıqdan sonra 27 ədəd patron olduğunu müəyyən etmiş, habelə həmin silahı və patronları yenidən ağ rəngli sellofana yerləşdirərək, əynində olan açıq yaşıl rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Həmin gün saat 18:00 radələrində Siyəzən şəhəri Mərkəzi park adlanan yerdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq, üzərində odlu silah və onun komplekt hissələrini saxlama, daşıma və gəzdirilməsində şübhəli olduğunu bildirməklə, Siyəzən RPŞ-yə gətirmişlər. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və Müdafiəçi iştirakı təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman təklif əsasında əynində olan açıq yaşıl rəngli gödəkcənin sol iç cibindən bir ədəd ağ rəngli sellofanı təqdim edərək, orada odlu silah və onun patronlarının olduğunu bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən həmin sellofanın içərisinə baxış keçirilməsinə başlanılmış və oradan bir ədəd gümüşü rəngli odlu silahın və sayıldıqda orada 27 ədəd patronun olması müəyyən olunmuşdur. Daha sonra, aşkar olunmuş 27 ədəd patron və 1 ədəd gümüşü rəngli odlu silah aşkar olunduğu bir ədəd ağ rəngli sellofana yerləşdirilməklə, müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamışdır. O, silahı yeni tapdığından, üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. O, həmin silahdan ümumiyyətlə istifadə etməmiş, sadəcə onu tapdıqdan sonra özü ilə götürmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindəki işin faktiki halları ilə bağlı qeyd etdiklərini təkzib etmiş, habelə o, sonuncu məhkəmə iclası zamanı özünü bir daha təqsirli bilməklə, yanaşı işin faktiki hallarının məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində olduğu kimi olmasını təsdiqləmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqləşdirmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs işin faktiki halları ilə bağlı məhkəməyədək verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah üzərində saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Bundan sonra, CAB-ın baş əməliyyat müvəkkili X3 və Xidmət üzrə baş inspektoru X1 ilə birlikdə 20 aprel 2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində Siyəzən şəhərinin Babək küçəsinə gedərək həmin ərazini müşahidəyə götürmüş, bir qədər sonra, Nurlan Qurabanovun həmin ərazidə hərəkətdə olduğunu görüb, özlərini təqdim etdikdən sonra, üzərində qanunsuz olaraq odlu silah gəzdirməsinə və daşımasına dair əsaslı şübhə olduğunu bildirməklə, onun üzərində şəxsi axtarış aparılması məqsədilə rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması İstintaq Bölməsinin baş müstəntiqi X2 həvalə olunmuş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmçinin şəxsi axtarış zamanı Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan açıq yaşıl rəngli gödəkcənin sol iç cibindən bir ədəd ağ rəngli sellofanı təqdim edərək, orada bir ədəd odlu silah və onun 27 ədəd patronunun olduğunu bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən aşkar olunmuş 27 ədəd patron və 1 ədəd gümüşü rəngli odlu silah aşkar olunduğu bir ədəd ağ rəngli sellofana yerləşdirilməklə, bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X3, Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru X4, İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X1 və İctimai təhlükəsizlik bölməsinin İNQBK təhlükəsizliyi qrupunun baş inspektoru X9 Şahid ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanısa da, o, 20 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin Mərkəzi park adlanan ərazisinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmasında, sonuncudan silahın götürülməsində, eləcə də üzərində baxış və ya digər tədbirlərdə iştirak etməmişdir. Bundan əlavə, idarəçiliyində ağ rəngli, “Lada Vesta” markalı avtomobil olsa da, o, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilməsində iştirak etməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-40-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 aprel 2022-ci il tarixli, 22/321R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd əşya, kustar üsulla hazırlanmış avtoqələm formasında olan buraxıcı xassəli xüsusi təyinatlı 5,6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atış üçün yararlıdır. 27 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kortetekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edilmiş və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 26-28-ci vərəqələrində olan 20 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və 1 ədəd Compakt Diskdən görünür ki, 20 aprel 2022-ci il tarixdə saat 18:30-dan saat 18:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq yaşıl rəngli gödəkcənin sol iç cibindən 1 ədəd ağ rəngli sellofanda 1 ədəd gümüşü rəngli odlu silah və 27 ədəd patron aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci, eləcə də işin 103-110-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 22 aprel və 13 iyun 2022-ci il tarixli maddi sübut kimi tanımaq və sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalan 22 ədəd patron (ümumilikdə 27 ədəd patrondan 5 ədədi tədqiqata sərf olunmuşdur) və 1 ədəd 5,6 mm kalibrli avtoqələm formasında olan yivsiz odlu silah cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərində 20 aprel 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 may 2022-ci il tarixli tələbnaməsindən, işin 88-91-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(059)-21/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 04 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 4(059)-17/2022 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin 20 Yanvar küçəsindəki 19 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə yə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə ictimai təhlükəsizliyə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər mülkiyyət əleyhinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olmasını, həmçinin törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, gəncliyi, yaşayış yeri üzrə barəsində şikayət olmaması, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinə yaxın həcmdə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 aprel 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalı, digər maddi sübutlar, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 5,6 mm kalibrli avtoqələm formasında olan yivsiz odlu silah və tədqiqatdan sonra qalıq qalmış 22 ədəd patron isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 aprel 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 5,6 mm kalibrli avtoqələm formasında olan yivsiz odlu silah və tədqiqatdan sonra qalıq qalmış 22 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar