Məhkəmə qərarları › İş №1(059)-58/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-58/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-58/2023 25.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 25 iyul 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1976-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Gəndab kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 190 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin yay aylarında Şabran rayonunun Gəndov kəndində yerləşən evin həyətyanı sahəsindəki yarımtikilinin içərisində olan otaqların birində daş kubiklərin arxasında plastmas yeşiyin içərisində cəmi 14 ədəd çətənə bitkilərini yetişdirməklə, aqrotexniki qaydada qulluq göstərərək, kultivasiya etmiş, 18 aprel 2023-cü il tarixdə, saat 14:50 radələrində Azərbaycan Respublikası DİN-in Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən avtovağzal adlanan ərazidə saxlanılıb, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 190 qram qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 18 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində onun Gəndov kəndində yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı fərdi yaşayış evinin həyətində ona məxsus olan yarımtikili evin otağında yeşikdə əkilmiş ümumi çəkisi 7,171 qram olmaqla, hündürlükləri 5,8-6 sm, 14 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şabran rayonunun Gəndov kəndində yaşamaqla, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.1-ci maddələri ilə məhkum olunmuş, habelə 06 avqust 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqribən 15 il olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 18 aprel 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində Siyəzən şəhərində yerləşən avtovağzala gəlmiş, bu zaman polis əməkdaşları orada onu saxlayıb, Siyəzən rayon Polis Şöbəsinə aparmışlar. Orada Müdafiəçi iştirakı ilə, habelə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, bu zaman təklif əsasında əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofanda içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edib, masanın üzərinə qoymuşdur. Daha sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, habelə sənədləri imzalamışdır. Bundan sonra, yazdığı razılıq ərizəsi əsasında yaşadığı Şabran rayonunun Gəndov kəndində yerləşən evin qarşısındakı yarımtikiliyə videoçəkilişlə müstəntiq, aqronom və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, habelə plastmas yeşiyin içərisində aqrotexniki qaydada qulluq edərək, əkdiyi çətənə bitkiləri aşkar olunub, müvafiq qaydada götürülmüşdür. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsir və ya psixi təzyiqə məruz qalmamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi qiyabi tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2023-cü il tarixdə, saat 14:50 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhərinin avtovağzal ərazisində tərəflərindən saxlanılaraq, RPŞ-yə aparılmış, orada növbətçi hissədə Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı təklif əsasında o, sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni üzərindən çıxararaq təqdim etmişdir. Daha sonra, sənədləşmə işləri aparılmışdır. Bundan sonra, Müdafiəçi və aqronomun iştirakları ilə, Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı Şabran rayonunun Gəndov kəndində yerləşən evə baxış keçirilməsi üçün gedilmiş, habelə orada yarımtikilinin içərisinə baxış zamanı təxminən 10-14 ədəd əkilmiş narkotik tərkibli çətənə bitkisinə bənzər kollar aşkar edilərək götürülmüşdür. Daha sonra, müstəntiq sənədləşdirmə işləri aparılmış, həmçinin Təqsirləndirilən şəxslə birlikdə RPŞ-yə qayıdaraq, sonuncunu istintaqa təhvil vermişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 14:50 radələrində Siyəzən şəhərinin avtovağzal ərazisində tərəflərindən saxlanılaraq, RPŞ-yə aparılmış, orada növbətçi hissədə Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı təklif əsasında o, əynindəki gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd şəffaf sellofanı çıxararaq təqdim etmişdir. Bundan sonra, Müdafiəçi və aqronomun iştirakları ilə, Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı Şabran rayonunun Gəndov kəndində yerləşən evə baxış keçirilməsi üçün gedilmiş, habelə orada yarımtikilinin içərisinə baxış zamanı plastmas yeşiyin içərisində əkilmiş 14 ədəd əkilmiş narkotik tərkibli çətənə bitkisinə bənzər kollar aşkar edilərək götürülmüş, lakin, tərtib edilmiş baxış protokolunda baxışın iştirakçısı kimi göstərilməmiş, habelə həmin protokol onun tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-ci vərəqəsində olan 18 aprel 2023cü il tarixli aqronom rəyində göstərilmişdir ki, 18 aprel 2023-cü il tarixdə Şabran rayonunun Gəndov kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikili binanın içərisində mişar daşları yığılmış otaqda plastik yeşikdə aşkar edilmiş, habelə 14 ədəd əkilmiş, qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilən zaman bu bitkilərin əkilib cücərdildiyi və onlara aqrotexniki qulluq olunduğu, bitkilərin diblərinin alaq otlarından təmizlənərək yumşaldıldığı, suvarıldığı, onların hündürünün boyunun 15 sm, ən balacasının 6 sm olduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-46-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli, 7/562 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 1 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 190,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsində yarımtikilinin içərisində olan plastmas yeşikdə əkdiyi 14 ədəd çətənə bitkisi” yazılar və imzalar olan ağ rəngli kağız paketdə yaş vəziyyətdə, ümumi sayı 14 ədəd, hündürlükləri 5,8-6 sm, ümumi çəkisi 7,171 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata 0,05 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 189,95 qram, 0,28 qram sərf olunduqdan sonra çətənə (kannabis) bitkisinin qalıq çəkisi 6,891 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 02 may 2023-cü il tarixdə verilmiş 2590 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 18 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 15:08-dən saat 15:17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükülüdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-36-cı vərəqələrində olan 18 aprel 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, eləcə də işin 29-cu səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsinə razılıq ərizəsindən görünür ki, 18 aprel 2023-cü il tarixdə, saat 16:06-dan saat 16:17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Gəndov kəndindəki evin həyətyanı sahəsinə sonuncunun razılıq ərizəsi əsasında keçirilmiş baxış zamanı orada yerləşən yarımtikiliyə daxil olduqdan sonra sol tərəfdə ikinci otaqda daş kubiklərin arxasında plastmas yeşikdə ittihamın əsasını təşkil edən cəmi 14 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək, götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir (Azərbaycan Respublikası CPM-in 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Bu Məcəllənin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur). Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü səhifələrində olan 24 aprel 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında və işin 130-141-ci vərəqələrində olan 27 iyun 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən götürülmüş müvafiq olaraq qalıq çəkisi 189,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 6,891 qram qalıq çəkidə olan 14 ədəd narkotik vasitə çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk də, iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2023-cü il tarixli tələbnamədən, işin 100-102-ci vərəqələrində olan Şabran Rayon Məhkəməsinin 07 noyabr 2012-ci tarixli, 1(031)-38/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 avqust 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 18 aprel 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Şabran Rayon İcra Hakimiyyəti başçısının Gəndov İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, həmçinin onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 38 dəfədən artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun əvvəllər eyni kateqoriyadan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən qəsdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərini törətməsi onun törətdiyi əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artıdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirici halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq çəkisi 189,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 6,891 qram qalıq çəkidə olan 14 ədəd narkotik vasitə çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq çəkisi 189,95 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 6,891 qram qalıq çəkidə olan 14 ədəd narkotik vasitə çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar