Məhkəmə qərarları › İş №1(059)-58/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-58/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-58/2024 08.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 08 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1969-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonunun Beşdam kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 5,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 10 iyun 2024-cü il tarixdə, saat 23:50 radələrində Siyəzən rayonu, Beşdam kəndində yaşadığı evin yaxınlığında olan zaman Siyəzən Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, tarixini xatırlamadığı vaxt yaşadığı kəndin ərazisində olmaqla, yolun kənarından narkotik vasitə qurudulmuş marixuana tapmış, habelə bu vasitəni şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. 10 iyun 2024-cü il tarixdə təsərrüfatında olan heyvanları otlaq sahəsindən həmişəki vaxtından gec gəlməsi səbəbindən, yaşadığı evdən çıxmış, habelə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra, üzərində şəxsi axtarış keçirilmiş, həmçinin iki gün Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs oğlunun ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş Şahid məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonun Beşdam kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanımış, sonuncu ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə 10 iyun 2024-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən raport yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 10 iyun 2024-cü il tarixdə, saat 23:50 radələrində Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X2 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Siyəzən rayonun Beşdam kəndi ərazisində, yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmış və sonuncuya özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə etirazının olmamasını bildirərək, onlarla birlikdə Siyəzən RPŞ-yə getməyə razılığını vermiş, habelə Təqsirləndirilən şəxs şöbəyə gətiriləndən sonra, onun barəsində araşdırma aparılması RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Mərifət Ağazadəyə həvalə olunmuşdur. Daha sonra, RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı eləcə də, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sabiq baş müstəntiqin təklifi əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb, masanın üzərinə qoymuşdur. Sonra, sabiq baş müstəntiq tərəfindən həmin kibrit qutusuna baxış keçirilmiş, habelə qutunun içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra, həmin paket əvvəlki vəziyyətinə qaytarılaraq, ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, sabiq baş müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sonra, şəxsi axtarış yekunlaşmış, habelə bununla bağlı tərtib olunmuş protokol ucadan oxunulmuş, həmçinin protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı “İphone” markalı telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/956 saylı ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,95 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata cəmi 0,02 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 5,93 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 23 iyul 2024-cü il tarixdə verilmiş 4999 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 11 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də, işin 25-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 00:30-dan saat 00:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onun əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmeti sərbəst şəkildə, kənar təsir olmadan təqdim etməsi və bu zaman ona qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin edilməsi vizual müşahidə edilməmişdir. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-81-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,93 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 59-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 11 iyun 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 18-ci vərəqəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci vərəqəsində olan 12 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsi ev 48, mənzil 28-də qeydiyyatda olmaqla, Siyəzən rayonun Beşdam kəndində yaşayan, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində əhali arasında özünü sakit və intizamlı aparmış, habelə onun barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən rayon Beşdam kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin ibtidai istintaq zamanı verdiyi, eləcə də, məhkəmə iclasında elan edilmiş ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşadığı yer üzrə müsbət xarakterizə olunmaqla, barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə, saat 00:20-dən 12 iyun 2024-cü il, saat 16:00-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 11 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 11 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar