Məhkəmə qərarları › İş №1(059)-59/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-59/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-59/2022 02.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 02 avqust 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən şəhərinin Xətai küçəsindəki 7 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Babək Bayramov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,475 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz 0,476 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı ünvanda saxlamış, 26 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin B.Bayramov küçəsində yaşadığı ünvanın qarşısında üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi üçün saxlanılmış, yaşadığı ünvana keçirilən baxış zamanı 0,475 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin yataq otağında yerə sərilmiş xalçanın üzərindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə və 0,476 qram çəkidə psixotrop maddə metamfetamin yataq otağında yerə sərilmiş xalçanın üzərindəki “Winston” markalı siqaret qutusunun içərisində olan 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində hər birinin ayrı-ayrılıqda çəkiləri 0,203 qram, 0,176 qram, 0,097 qram olmaqla, aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün öncə yəni, 24 mart 2022-ci il tarixdə Şabran rayonundan gələrkən, Şabran rayonu ərazisində, beton yolun kənarında Winston markalı siqaret qutusunun, qutunun içərisində siqaret dənələrinin, həmçinin bir büküm narkotik vasitə heroinin, eləcə də, üç büküm psixotrop maddə metamfetaminin olduğunu görüb, qutunu özü ilə götürmüşdür. Bundan sonra, tapdığı qutunun içərisindəki siqaretləri istifadə etmiş, habelə qutunu yaşadığı evə aparıb, özünə məxsus otağın pəncərəsinin kənarına qoymuşdur. Bundan bir gün sonra, yəni 25 mart 2022-ci il tarixdə gecə saatlarında qutunun içərisindəki heroinin bir qismini istifadə edib, qalan heroin kütləsini və içərisində psixotrop maddə metamfetamin olan siqaret qutusunu yaşadığı otaqdakı xalçanın üzərinə qoymuşdur. Bundan başqa, həmin gün ailəsi ilə onlara qonaq gəlmiş, həmçinin ona məxsus otaqda yatmış dayısı X2 onda narkotik vasitə olmasından məlumatı olmamış, həmçinin sonuncu yatdıqdan sonra, o, narkotik vasitə heroindən istifadə etmişdir. Daha sonra, 26 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı evin qarşısında dayandığı vaxt polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib, Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirtsələr də, şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Sonra, təklif əsasında polis əməkdaşlarını yaşadığı evə dəvət edib, özünə məxsus otaqdakı istilik sobasının yanında, xalçanın üzərində bir ədəd narkotik vasitə heroin bükülüsünün, habelə orada Winston markalı siqaret qutusunun içərisindən üç ədəd psixotrop maddə metamfetamin bükülüsünün olduğunu və həmin bükülüləri tapdığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş predmetlər qablaşdırılmış, habelə sənədləşmə işləri aparılmışdır. Daha sonra, rayon Polis Şöbəsinə aparılmış, habelə iki gün orada saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən qeyri-insani rəftar və ya ləyaqəti alçaldan hərəkətlərə, fiziki və ya psixi təsirə məruz qalmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və yaşadığı ünvanda saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 26 mart 2022-ci il tarixdə, saat təxminən 10:00 radələrində Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6 və İTB-nin polis sahə rəisi X4 ilə birlikdə Siyəzən şəhərinin Babək Bayramov küçəsinə gedib, sözügedən küçədə yaşadığı evin qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb, hüquq və vəzifələrini izah edib, Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs dayısı Şahid1 həmin evin qarşısına çıxmış, bundan sonra, hər iki şəxsin üzərində şəxsi axtarış keçirilsə də, qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı evə baxış keçirilmiş, bu zaman xalçanın üzərində olan Winston markalı siqaret qutusunun içərisindən içərisində psixotrop maddə metamfetaminə bənzər olan 3 ədəd büküm, habelə xalçanın üzərindən içərisində narkotik vasitə heroinə bənzər 1 ədəd büküm, bundan başqa şəxsin dediyinə görə narkotik vasitəni çəkmək üçün istifadə etdiyi 1 ədəd 5 manatlıq pul əsginası aşkar edilmişdir. Bundan sonra, Mətin Orucov tərəfindən baxış keçirilməsi davam etdirilərkən həmin otaqdan şəxsin bildirməsinə görə özünə məxsus idman gödəkcəsinin cibindən sınıq ampula və şpris aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmişdir. Baxış zamanı həmçinin iki ədəd “Nokia” və “Xiaomi Redmi” markalı mobil telefonlar aşkar edilmiş, baxışın videoçəkilişi onun tərəfindən həyata keçirilmişdir. Sonra, Təqsirləndirilən şəxs tərəflərindən rayon Polis Şöbəsinə aparılmış, habelə onlar tərəfindən sonuncuya qarşı qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Eyni zamanda, Rusiya Federasiyasının ərazisinə keçdiyindən məcburi qaydada məhkəməyə gətirilməsi təmin edilməmiş, bu səbəbdən də Azərbaycan Respublikası CPMin 329.1-ci maddəsinə əsasən ifadəsi elan edilmiş, Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki 7 saylı evdə qeydiyyatda olmaqla, orada yaşayır, fərdi əməklə məşğul olur. İstifadəsində 077 *** ** ** saylı mobil nömrə vardır. Sonuncu dəfə keçmiş Dəvəçi Rayon Məhkəməsinin 30 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, 25 avqust 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin vaxtdan sonra narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs onun bacısı oğlu olmaqla, sonuncu Siyəzən şəhərinin Babək Bayramov küçəsində yaşayır və 070 317 01 31 saylı mobil nömrə ona məxsusdur. O, 25 mart 2022-ci il tarixdə, saat 18:00 radələrində Vüqarın yaşadığı evə qonaq getmiş, gecə də orada qalmaqla, sonuncu ilə birlikdə bir otaqda gecələmişdir. O, gecə Vüqarın otağında qaldıqda, yerdə xalçanın üstündə gümüşü rəngli siqaret falqası olduğunu görmüş, Vüqardan nə olduğunu soruşmuş, sonuncu da ona həmin bükülüdə “kokos”, yəni heroin olduğunu bildirmişdir. Həmin vaxt yerdə həm də çoxlu siqaret qutuları və şprislər olmuşdur. O, Vüqara "bəsdi də, burax bu zibili, bu səni ölümə aparır" deyə qeyd etsə də, Vüqarın ona qulaq asmayacağını, yenə də öz bildiyi kimi əməlinə davam edəcəyini bilmişdir. 26 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində Vüqarla birlikdə sonuncunun yaşadığı evin qarşısında dayanarkən polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etməklə, videoçəkilişdən istifadə edərək, Müdafiəçi da iştirakı ilə baxış və üzərilərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Vüqar yaşadığı evə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş, həmçinin o, da şəxsi axtarış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Baxışa və şəxsi axtarışa başlamazdan əvvəl onlara hüquq və vəzifələri, həmçinin müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, habelə Vüqarın və onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı onlara üzərilərində narkotik vasitə, qanunla qadağan olunmuş, digər əşya və predmet olması soruşulmuş, onlar da üzərilərində heç bir narkotik vasitə, qanunla qadağan olunmuş digər əşya və predmetin olmadığını bildirmişlər. Bundan sonra, polis əməkdaşı tərəfindən üzərilərində şəxsi axtarış aparılmış və heç bir narkotik vasitə, qanunla qadağan olunmuş, digər əşya və predmet aşkar edilməmişdir. Daha sonra, Vüqara yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, sonuncu da etiraz etməyərək, bu barədə ərizəni təqdim etmişdir. Evə baxış zamanı təklif əsasında Vüqar evdə narkotik vasitə olmasını bildirmiş, iştirakçıları yaşadığı evə, o cümlədən evə girdikdən sonra ilk növbədə girişdə dəhlizlə üzbəüz yerləşən qəhvəyi qapıdan keçməklə, öz otağına dəvət etmişdir. Otaqda giriş qapısı ilə üzbə-üzdə döşəmənin üstünə salınmış xalçanın üzərində olan gümüşü rəngli falqanı təqdim etmiş, habelə içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşı narkotik vasitənin kimə məxsus olmasını soruşduqda, Vüqar özünə məxsus olmasını qeyd etmişdir. Bundan sonra, həmin gümüşü rəngli siqaret falqası müstəntiq tərəfindən ağ kağızın üzərinə qoyulmuş, RPŞ-nin əməkdaşı tərəfindən falqa açıldıqda, içərisində şəffaf rəngli sellofan büküm olması, bu bükümün içərisində isə qəhvəyi rəngli kütlənin olması müşahidə olunmuşdur. Lakin, həmin sellofan bükülü açılırsa, içərisində olan kütlənin dağılma ehtimalı olduğuna görə açılmamışdır. Bundan sonra, baxış davam etdirilmiş və baxış zamanı döşəmənin üzərində olan xalçanın üstündən bir ədəd qara rəngli borucuq formalı müştük, bir ədəd borucuk formasına salınmış 5 manatlıq kağız əskinas aşkar edilmişdir. Vüqar həmin əşyalarla heroini çəkmə üsulu ilə qəbul etdiyini bildirmişdir. Dəmir müştük və bükülü vəziyyətə salınmış 5 manatlıq əskinas da ağ rəngli kağızın üzərinə qoyulmuşdur. Daha sonra, baxış zamanı bir ədəd üzərində qəhvəyi rəngli toz şəklində maddə olan açıq vəziyyətdə gümüşü rəngli falqa, bir ədəd istifadə edilmiş ağ rəngli salfetka, iki ədəd istifadə olunmamış şpris müəyyən edilmişdir. Bu əşyalar da ağ kağız vərəqin üzərinə qoyulmuşdur. Eyni zamanda, siqaret qutularına baxış zamanı bir ədəd Winston markalı ağ siqaret qutusunun içərisində 3 ədəd gümüşü rəngli falqa olması müəyyən edilmiş, falqalar ağ kağız vərəq üstünə qoyulmaqla, sıra ilə baxış keçirilən zaman hər birinin içərisində ağ kristal şəkilli kütlələrin olması aşkar edilmişdir. Bu kütlələrin olduğu gümüşü rəngli 3 ədəd falqalar yenidən əvvəlki vəziyyətinə qaytarılaraq, aşkar olunduqları siqaret qutusunun içərisinə qoyulmuşdur. Bundan sonra, içərisində 3 ədəd gümüşü rəngli falqa olan siqaret qutusu, 1 ədəd içərisində heroinin olduğu gümüşü rəngli siqaret falqası, 2 ədəd istifadə edilməmiş şpris, 1 ədəd ağ rəngli salfetka, 1 ədəd üzərində qəhvəyi rəngli maddə olan gümüşü rəngli açıq falqa, 1 ədəd qara rəngli dəmir müştük, 1 ədəd narkotik vasitə qəbulu üçün bükülmüş 5 manatlıq kağız əskinas müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, xalçanın üzərində olan 1 ədəd Nokia, 1 ədəd Redmi və 1 ədəd İtel markalı mobil telefonlar da ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Vüqarın yaşadığı mənzildə əlavə qanunla qadağan olunmuş predmet və ya əşyaları saxladığı yeri göstərməsi təklif olunmuş, sonuncu isə evdə başqa qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Müstəntiq tərəfindən verilmiş göstəriş əsasında polis əməkdaşı axtarışı davam etdirmiş və axtarış zamanı giriş qapısının sol tərəfində olan stulun üzərinə yığılmış döşəklərin üstündə olan boz rəngli Vüqara məxsus idman gödəkcəsinin sağ yan cibində bir ədəd sınmış ampula, bir ədəd istifadə edilmiş şpris olması müəyyən edilmiş, Vüqar həmin vaxt həmin şpris və ampulanı narkotik vasitə olan heroinin qəbulu üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş şpris və ampula müstəntiq tərəfindən ağ rəngli boş zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, həmçinin iştirakçılar tərəfindən imzalanmışdır. Vüqarın yaşadığı evə baxış keçirilməsi davam etdirilsə də, evdən əlavə hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya aşkar olunmamışdır. Ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, o, ifadəsini özü sərbəst formada vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasından məlumatı olmuş, hətta buna görə Vüqarı tənbeh etmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr sonuncuya məxsus olmuş, habelə Vüqar onun yanında narkotik vasitə qəbul etməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 60-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2022-ci il tarixli, 6/1651 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN "Zərflər üçün № 96" möhür əksi, "Təqsirləndirilən şəxs yaşadığı evdə..." və s. yazılar, imzalar olan iki ədəd zərfdən birində bir ədəd "Winston" markalı siqaret qutusunun içərisindəki üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram, 0,176 qram, 0,097 qram ümumi təmiz çəkisi 0,476 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üç bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, borucuk şəklinə salınmış "5" manatlıq əskinasın, metal borucuğun daxilində metamfetaminin izləri müəyyən edilsə də, ağ rəngli istifadə edilmiş salfetdə nəzarətdə olan hər hansı maddə izləri müəyyən edilməmişdir. Bir ədəd bükümdəki təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, uzunsov folqa kəsiyində, həmçinin digər zərfdəki bir ədəd uc hissəsi sınmış şüşə dərman ampulunda və istifadə olunmuş 1 ml-lik boş şprisdə heroinin izləri müəyyən edilmişdir. Adları qeyd edilən predmetlərdə heroin və metamfetamin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatların aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,425 qram, 0,09 qram sərf edildikdən sonra isə psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,386 qram təşkil etmişdir. Cinayət işinin 59-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 aprel 2022-ci il tarixdə verilmiş 1712 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-44-cü vərəqələrində olan 26 mart 2022-ci il tarixli baxış və şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 26 mart 2022-ci il tarixdə, saat 10:47-dən saat 11:10-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş, digər əşya və predmet aşkar edilməsə də, onun yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki evə keçirilən baxış zamanı kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə yataq otağında yerə sərilmiş xalçanın üzərindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, psixotrop maddə metamfetaminə bənzər kütlə isə yataq otağında yerə sərilmiş xalçanın üzərindəki “Winston” markalı siqaret qutusunun içərisində olan 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 28 mart 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də işin 139-152-ci vərəqələrində olan 17 iyun 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,425 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,386 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi, içərisində metamfetaminin izləri müəyyən edilmiş borucuk şəklinə salınmış "5" manatlıq əskinas və metal borucuq, üzərində heroin izləri olan uzunsov falqa kəsiyi, həmçinin içərisində heroinin izləri aşkar edilmiş bir ədəd uc hissəsi sınmış şüşə dərman ampulu və içərisində heroinin izləri aşkar edilmiş 1 ədəd 1 ml-lik boş şpris maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 26 mart 2022-ci il tarixdə, saat 10:47-dən saat 11:10-a kimi olan müddət ərzində Siyəzən şəhərinin Babək Bayramov küçəsində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs və Şahid1 üzərilərinə şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Nokia, 1 ədəd Redmi və 1 ədəd İtel markalı mobil telefonlar sonuncu tərəfindən baş müstəntiq Rəhmin Zeynalovdan təhvil alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 aprel 2022-ci il tarixli tələbnaməsindən, işin 115-121-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 1(059)-29/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 oktyabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 26 mart 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan 28 mart 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 11 fevral 2020-ci il təvəllüdlü Hüseyn adında azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Xətai küçəsindəki 7 saylı evdə qeydiyyatda olub, şəhərin Babək Bayramov küçəsindəki evində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini isə şəxsi istehlak miqdarından təxminən 3 dəfə artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməklə, peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını, gəncliyini, qeydiyyatda olduğu yer üzrə barəsində şikayət olmamasını, habelə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq həm narkotik vasitələri, həm də psixotrop maddələri saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını və onun kifayət qədər islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,425 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,386 qram təşkil edən psixotrop maddə metamfetamin, içərisində metamfetaminin izləri müəyyən edilmiş metal borucuq, üzərində heroin izləri olan uzunsov falqa kəsiyi, həmçinin içərisində heroinin izləri aşkar edilmiş bir ədəd uc hissəsi sınmış şüşə dərman ampulu və içərisində heroinin izləri aşkar edilmiş 1 ədəd 1 ml-lik boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs və Şahid1 üzərilərinə şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş içərisində metamfetaminin izləri müəyyən edilmiş borucuk şəklinə salınmış 5 manatlıq əskinas xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,425 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,386 qram təşkil edən psixotrop maddə metamfetamin, içərisində metamfetaminin izləri müəyyən edilmiş metal borucuq, üzərində heroin izləri olan uzunsov falqa kəsiyi, həmçinin içərisində heroinin izləri aşkar edilmiş bir ədəd uc hissəsi sınmış şüşə dərman ampulu və içərisində heroinin izləri aşkar edilmiş 1 ədəd 1 ml-lik boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs və Şahid1 üzərilərinə şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş içərisində metamfetaminin izləri müəyyən edilmiş borucuk şəklinə salınmış 5 manatlıq əskinas xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar