Məhkəmə qərarları › İş №1(059)-59/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-59/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-59/2024 08.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 08 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 15 iyun 2024-cü il tarixdə, saat 11:00 radələrində işlədiyi Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən təmir sexində olarkən, həmin vaxt polis əməkdaşlarının təmir sexinə gəldiyini görüb, məsuliyyətdən yayınmaq məqsədilə təmir sexinin kiçik dəmir qapısını açıb, arxasında yerləşən həyətə qaçaraq əynində olan rəngi solmuş tünd göy rəngli şalvarın sol cibində 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 5,70 qram narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxardaraq, təmir sexinin həyətini yanakı həyətlə ayıran mişar daşından hörülmüş divarın üstündən yanakı həyətə atmış, 15 iyun 2024-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işlədiyi təmiri sexində saxlanılaraq, həmin sexə baxış keçirilərkən təmir sexinin arxasında yerləşməklə, təmir sexinə aid həyətə yanakı yerləşən həyətdə otların və mişar daşlarının arasından Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördüyü zaman məsuliyyətdən yayınmaq üçün atmış olduğu 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,70 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən 1-2 il olar narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində, dəniz kənarında olarkən narkotik vasitə qurudulmuş marixuana tapmış, habelə bu vasitəni üzərində saxlamışdır. 15 iyun 2024-cü il tarixdə işlədiyi təmir sexində olarkən isə, polis əməkdaşlarının sexə daxil olmasını görüb, qorxduğu üçün üzərində olan həmin narkotik vasitəni cibindən çıxardaraq, təmir sexinin həyətini yanakı həyətlə ayıran mişar daşından hörülmüş divarın üstündən yanakı həyətə atmışdır. Elə həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, növbəti gün yəni, 16 iyun 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə, Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs oğlunun ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 15 iyun 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində və işlədiyi təmir sexində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı şöbə rəhbərliyinə məruzə olunmaqla, yanaşı bu barədə müvafiq protokol tərtib olunmuşdur. Elə həmin tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Babək Güləliyev, əməliyyat müvəkkili Əbdülkərim Məmmədov və İB-nin sabiq müstəntiqi Şahid Lətifov ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi təmir sexinə getmişlər. Bu zaman, onların təmir sexinə daxil olduqlarını görmüş Təqsirləndirilən şəxs, əynində olan şalvarın sol cibində, bir ədəd sellofan bükümdə predmeti cibindən çıxardaraq, təmir sexinin həyətini yanakı həyətlə ayıran mişar daşından hörülmüş divarın üstündən yanakı həyətə atmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılmış, habelə oraya dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və baxış keçirilməsinə başlanılmışdır. Beləliklə, videoçəkiliş vasitəsi ilə keçirilmiş baxış zamanı Əbdülkərim Məmmədov təmir sexinin həyətini yanakı həyətlə ayıran mişar daşından hörülmüş divarın üstündən keçərək, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bükülünü aşkar etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz əşya və predmet aşkar edilməməklə, yanaşı habelə sonuncu, baxış zamanı aşkar edilmiş sellofan bükülünün ona məxsus olmadığını bildirmişdir. Daha sonra, bu sellofan bükülünün içərisindəki predmet müstəntiq tərəfindən müvafiq ekspertizaya göndərilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/996 saylı ekspert rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi...” yazısı imzası olan kağız paketdəki 01 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 5,70qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 5,65 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 iyul 2024-cü il tarixdə verilmiş 4685 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 15 iyun 2024-cü il tarixli şəxsi axtarış, təmir sexinə baxış və götürmə haqqında protokoldan, eləcə də işin 25-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 11:01-dən saat 11:26-dək olan müddət ərzində Təqsirləndirilən şəxs işlədiyi, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən təmir sexinə baxış keçirilərkən zaman ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə həmin sexin arxasında yerləşən təmir sexinə aid həyətə yanakı yerləşən həyətdə otların və mişar daşlarının arasından aşkar olunaraq, götürülmüşdür. Bununla belə, Təqsirləndirilən şəxs aşkar edilmiş predmetin ona məxsus olmamasını, habelə sexin arxa tərəfinə mobil telefon vasitəsi ilə danışmaq üçün keçdiyini bildirir, RPŞ-nin əməliyyat müvəkkilləri isə, Fəridin onları gördüyü an sexin arxa tərəfində keçdiyini və əynində olan şalvarının cibində olan predmeti sexin arxasında yerləşən təmir sexinə aid həyətə yanakı yerləşən həyətdə otların və mişar daşlarının arasına atdığını gördüklərini bildirirlər. Şəxsi axtarış və təmir sexinə baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-105-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,65 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 15 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və sonuncunun işlədiyi təmir sexinə baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 15 iyun 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 18-ci vərəqəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan 16 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1-də qeydiyyatda olmaqla, yaşayan subay, ictimaiət içində özünü nümunəvi vətəndaş kimi aparmış Təqsirləndirilən şəxs barəsində Siyəzən şəhər Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə, saat 11:00-dan 16 iyun 2024-cü il, saat 16:30-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində və işlədiyi təmir sexində 15 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və təmir sexinə baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 15 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və təmir sexinə baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar