Məhkəmə qərarları › İş №1(059)-6/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-6/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-6/2024 16.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 16 yanvar 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,525 qram çəkidə narkotik vasitə hesab edilən heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 28 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində iki ədəd siqaretin gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram və 0,273 qram olmaqla, ümumi təmiz çəkisi 0,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan yanlarında ağ rəngli xətt keçən qara rəngli idman şalvarının sol ön cibindən aşkar olunaraq götürülmüşdür. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 28 avqust 2023-cü il tarixdə, saat 09-10:00 radələrində yaşadığı Siyəzən şəhərinin Nizami küçəsində yerləşən 38 nömrəli evin 2-ci mərtəbəsində yataq otağında çay içərkən, həyətdən səs gəldiyini eşidib baxdığında 4 nəfər polis əməkdaşının çöl qapıdan içəri daxil olduqlarını görmüşdür. Polis əməkdaşlarından Şahid və Zəbişah İsmayılovu tanısa da, digər iki nəfəri simadan tanımaqla, onların adlarını bilmir. Həmin vaxt evin 1-ci mərtəbəsində anası olsa da, 2-ci mərtəbədə o, tək olmuşdur. Belə ki, polis əməkdaşları yataq otağına daxil olarkən, evdə narkotik vasitələr olmadığını, baxış keçirə biləcəklərini bildirmişdir. Bu zaman, polis əməkdaşları tərəfindən evin pəncərəsinin qarşısındakı şirniyyat qutusunun içərisinə 5 ədəd, döşəyin altına isə 1 ədəd içərisində narkotik vasitə heroin olan bükümlər yerləşdirilmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-yə gəldikdə, şirniyyat qutusu RPŞ-nin CAB-nin rəisi Fikrət Məstəliyevin stolunun üzərinə qoyulmuş, o, həmin vaxt, qutunun içərisində olanlara etiraz etmiş, habelə Fikrət Məstəliyev qutunun içərisindən 2 ədəd bükümü götürərək, barəsində cinayət işi başlanması üçün kifayət etdiyini bildirmişdir. Daha sonra, həmin 2 ədəd bükümə etiraz etsə də, RPŞ-nin ƏİÜ rəis müavini Rövşən Cəlilov gəlmiş, habelə cinayət işinin ağır cinayətlər məhkəməsinə göndərilməsindən qorxduğu üçün həmin bükümlərin ona aid olduğunu bildirmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən yaşadığı evdən RPŞ-yə gətirilərkən Müdafiəçi yanlarında olmamış, habelə sonuncu RPŞ-də üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Həmçinin, üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı bükümlərin ona aid olduğunu bildirsə də, həmin bükümlər, eləcə də, 2 ədəd şpris ona məxsus olmamışdır. Daha sonra, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə gətirilmişdir. Lakin, Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təkzib etməklə, yanaşı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ötən məhkəmə iclasında yalan danışmışdır. Ancaq, hal-hazırda heç bir təsir və təzyiq altında olmadan bildirir ki, o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılmışdır. Bu səbəbdən də, ötən məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etmir. Çünki, əvvəlki məhkəmə iclasında özündə olmamaqla, anlaqsız olmuşdur. Eyni zamanda, RPŞ-nin CAB-nin rəisi Fikrət Məstəliyevin və ƏİÜ rəis müavini Rövşən Cəlilovun məhkəmə istintaqında dindirilmələrinə zərurət olmamaqla yanaşı, sonuncular tərəfindən qeyri-insani rəftara, psixi və ya fiziki təsirə məruz qalmamışdır. Bundan əlavə, Siyəzən RPŞ-nin əməkdaşları yaşadığı evə daxil olmamış, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq edilməmişdir. Digər tərəfdən, o, Siyəzən RPŞ-də növbətçi hissədə keçirilən şəxs axtarış zamanı təklif əsasında üzərindəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində iki ədəd siqaretin gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini özü təqdim etmişdir. Təqsirləndirilən şəxs hazırkı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, onun əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini təkzib etməsi, o cümlədən sonuncu məhkəmə iclasında özünü sözügedən maddə ilə təqsirli bilərək, məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsinə uyğun ifadə verməsi, bu zaman fikirlərini səlis şəkildə ifadə etməsi Təqsirləndirilən şəxs sonuncu ifadəsində məhkəməyə obyektiv həqiqəti çatdırmaq istəyi kimi qiymətləndirilmişdir. Belə olan halda, onun axırıncı ifadəsi daha əsaslı, inandırıcı və mötəbər hesab edilməklə, nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün sonuncu məhkəmə iclasında, eləcə də məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili, hazırda müvəqqəti saxlama yerinin rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə 28 avqust 2023-cü il tarixdə, səhər saatlarında əməliyyat aparatında daxil olmuş məlumat əsasında protokol tərtib edilməklə, müvafiq qərar şöbə rəisi tərəfindən imzalanmışdır. Bundan sonra, RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun digər əməliyyat müvəkkili Zəbişah İsmayılovla birgə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Nizami küçəsi ərazisi müşahidəyə götürmüş, habelə bir qədər sonra, saat 08:00 radələrində sonuncunu yaşadığı evin qarşısında gördükdə, ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün RPŞ-yə dəvət etmişlər, habelə Təqsirləndirilən şəxs razılığı əsasında Siyəzən RPŞ-yə gətirilmişdir. Orada növbətçi hissədə videoçəkiliş vasitəsi ilə, eləcə də, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əynində olan yanlarında ağ rəngli xətt keçən idman şalvarının cibindən içərisində 2 ədəd gümüşü rəngli kağız bükülü olan bir ədəd siqaretin gümüşü rəngli kağızını və 2 ədəd narkotik vasitələrin qəbulunda istifadə olunan şprisi təqdim etmiş, habelə şifahi sorğu zamanı bükülülərin içərisindəkinin narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Bundan sonra, təqdim edilmiş bükülülər ayrı-ayrı açıldıqda, hər iki bükülünün içərisindəkinin narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş predmetlər boş bir zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, habelə sorğu əsasında Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, Fikrət Məstəliyev, Rövşən Cəlilov və digər polis əməkdaşları tərəfndən Təqsirləndirilən şəxs hər hansı bir qeyri-insani rəftara, psixi və ya fiziki təsirə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-36-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4578 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96 dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd gümüşü rəngli kağızın içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,252 qram, 0,273 qram, ümumi təmiz çəkisi 0,525 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,100 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,425 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 22 sentyabr 2023-cü il tarixdə verilmiş 6059 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 28 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 09:15-dən saat 09:23-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində iki ədəd siqaretin gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlələr Təqsirləndirilən şəxs əynində olan yanlarında ağ rəngli xətt keçən qara rəngli idman şalvarının sol ön cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı fotoaparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci və 97-102-ci vərəqələrində olan müvafiq olaraq 02 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq və 08 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 0,425 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 28 avqust 2023-cü il tarixdə Zamiq Hüseyovun üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 sentyabr 2023-cü il tarixli tələbnaməsindən, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 1(059)-24/2018 saylı hökmünün, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 16 noyabr 2021-ci il tarixli qərarının, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 7(002)-759/2021 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilməklə, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin qərarı ilə 16 noyabr 2021-ci il tarixdə onun, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra, o, 17 dekabr 2021-ci il tarixdə amnistiya aktının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-ci bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsəsən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-62-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 4(059)-36/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq sübutların qiymətləndirilməsi barədə 08 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından 3 dəfədən artıq narkotik vasitəni bükümlər halında saxlamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzalardan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən bu dəfə də eyni kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,425 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,425 qram olan narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar