Məhkəmə qərarları › İş №1(059)-60/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-60/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-60/2024 22.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 22 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1992-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(059)-435/2024 saylı qətnaməsinə əsasən nikahı pozulmuş, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,264 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 30 may 2024-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən şəhərinin Xətai küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, idarə etdiyi “VAZ 2108” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış və idarə etdiyi avtomobildə baxış aparılan zaman həmin çəkidə narkotik vasitə olan heroin onun əynində olan qara rəngli cins şalvarın sağ ön patron cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 30 may 2024-cü il tarixdə, saat 12:00 radələrində yaşadığı Siyəzən şəhərinin H. Aslanov küçəsində olarkən yerdə olmaqla, baxdığında içərisində narkotik vasitə heroin olan gümüşü rəngli siqaret kağızı bükümünü görüb götürmüş, şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarın sağ patron cibinə yerləşdirmişdir. Bundan sonra, həmin tarixdə, saat 18:30 radələrində Siyəzən şəhərinin Xətai küçəsində idarə etdiyi “VAZ 2108” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb mağazaya gedərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı, təklif əsasında əynində olan qara rəngli cins şalvarın sağ patron cibinə qoyduğu içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Daha sonra, təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli kağız büküm ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, sənədlər iştirakçılar tərəfindən imzalanmış, habelə 48 saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 30 may 2024-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs onun, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Alik İsmayılovun, KTQ-nin baş inspektoru Cavid Dadaşovun tərəfindən Siyəzən şəhərinin Xətai küçəsində, idarə etdiyi “VAZ 2108” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılmış, habelə ona üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğu bildirilməklə, şəxsi axtarışın keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada müdafiəçinin iştirakı, eləcə də, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman, sonuncu təklif əsasında əynində olan qara rəngli cins şalvarın sağ patron cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi sözügedən avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra, təqdim edilmiş bükülü boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 3-16-16/2-6/3045 saylı ekspert rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,264 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,214 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 06 avqust 2024-cü il tarixdə verilmiş 5366 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 30 may 2024-cü il tarixli şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 19:12-dən saat 19:22-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan şalvarın sağ ön patron cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci vərəqəsində olan 02 iyun 2024cü il tarixli maddi sübut kimi tanınma və işin 94-100-cü vərəqələrində olan 03 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,214 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına verilmiş, həmçinin 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və nəqliyyat vasitəsinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 69-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 30 may 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci vərəqəsində olan 01 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı səhifəsindəki 11 iyul 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan, işin 81-ci səhifəsindəki 09 avqust 2024-cü il tarixli barəsində axtarış elan edilmiş şəxsin könüllü gəlməsi haqqında protokoldan və işin 81-ci səhifəsindəki həmin tarixli cinayət işi üzrə icraatın təzələnməsi, icraata qəbul edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkətlərinin aparılması üçün dəfələrlə istintaqa çağırılmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan istintaqa gəlmədiyindən barəsində 11 iyul 2024cü il tarixdə axtarış elan olunmuş, habelə o, 09 avqust 2024-cü il tarixdə könüllü olaraq ibtidai istintaq orqanına gəlmiş, elə həmin tarixdə də, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən, onun barəsində 01 iyun 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(059)-435/2024 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında Siyəzən rayon qeydiyyat şöbəsində 23 may 2013-cü il tarixdə, 77 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 01 iyul 2013-cü il təvəllüdlü X4 anası, X2 himayəsində və yanında saxlanılmışdır. Hətta, Təqsirləndirilən şəxs keçmiş arvadı Səmayə Quliyeva iddia ərizəsində ərinin pis vərdişləri səbəbindən aralarında narazılıqlar, həmçinin münaqişlərin yarandığını göstərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, çağırışlara üzrlü səbəb olmadan gəlməməsini, buna görə də, barəsində axtarış elan olunmasını, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvləri ilə münaqişəli olmasını, həmçinin qeyd olunan halın uşağının şəxsiyyət kimi inkişafına mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın 1/6 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,214 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və nəqliyyat vasitəsinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0, 214 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 30 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və nəqliyyat vasitəsinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar