Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-62/2022 26.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 iyul 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yaşadıqları evdə keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qazan qapağıyla sonuncunun baş nahiyəsinə bir dəfə zərbə endirərək, onun başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və əzilmiş yarası ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, ifadəsində göstərdi ki, 12 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində Siyəzən rayonunun Yenikənd kəndində keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə yaşadıqları evdə televizora görə aralarında mübahisə yaranmışdır. Belə ki, o, övladları ilə həmin evdən köçmək ərəfəsində olduğundan bir neçə ilə əvvəl almaqla, evin zalında quraşdırılmış televizoru çıxararaq, aparmaq məqsədilə öz yaşadığı otağa keçirmişdir. Həmin gün, qeyd olunan vaxtda uşaqları Rəşad, Rəvan və Baharla yaşadığı otaqda olarkən keçmiş qaynatası Şahid1 və keçmiş qaynanası Zərərçəkmiş şəxs otağa daxil olmuş, habelə sonuncu televizorun yerini soruşmuş, həmçinin hansı səbəbdən yerindən çıxartması ilə maraqlanmış, o, isə televizorun ona məxsus olduğunu buna görə də yerindən çıxartdığını bildirmişdir. Bu zaman keçmiş qaynanası Zərərçəkmiş şəxs əli ilə onun saçından tutmuş, habelə onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra, o, özünü müdafiə etmək məqsədilə paltar şkafının üzərində olan qazan qapağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinin orta hissəsindən bir dəfə vurmuşdur. Daha sonra, Zərərçəkmiş şəxs başını tutub, otaqdan çıxsa da, Şahid1 onun qolundan tutaraq, o tərəf bu tərəfə dartışdırmışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, bu hadisədən təxminən 1-2 həftə sonra həmin ünvanı tərk etmişdir. Eyni zamanda, hadisədən təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs şikayəti əsasında mübahisə baş vermiş ünvana Siyəzən RPŞ-nin əməkdaşları gəlib, onların izahatlarını almışlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 12 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində Siyəzən rayonunun Yenikənd kəndində keçmiş gəlini Təqsirləndirilən şəxs ilə yaşadıqları evin zalında uşaqlar üçün almaqla, divarda quraşdırılmış televizorun yerində olmadığını görmüşdür. Oğlu Mahirlə nikahları pozulsa da, keçmiş gəlini Gülnara güldən ağır söz belə deməmişdir. Beləliklə, həmin gün, qeyd olunan vaxtda keçmiş gəlini Təqsirləndirilən şəxs nəvələri Rəşad, Rəvan və Baharla yaşadığı otağa daxil olaraq, Gülnardan hansı səbəbdən televizoru yerindən çıxartması ilə maraqlanmış, sonuncu isə televizorun sahibinin özü olduğunu bildirdikdə, o, televizorun Gülnara aid olmadığını, 10 il əvvəl dəyərini hissə-hissə ödəməklə, özünün aldığını qeyd etmişdir. Bundan əlavə, televizor aşkar edilib, götürülməsin deyə, Gülnar onu gizlətmişdi. Bu zaman o, Gülnardan televizoru qaytarmasını istədikdə, sonuncu onu itələyərək, otaqdan çıxmasını tələb etmişdir. O, evdən götürülmüş əşyalara görə ona heç bir şey demədiyini, yalnız televizoru qaytarlmalı olduğunu Gülnara xatırlatdıqda, sonuncu otaqdakı ona 300 manata hədiyyə aldığı qazanın qapağını götürüb, həmin qapaqla onun baş nahiyəsindən 4 dəfə vurmuş, nəticədə baş nahiyəsindən qan gəlmişdir. Həmin məqamda nəvələri, özü və Gülnar otaqda olmuş, əri Şahid1 isə yataq xəstəsi olduğundan yatdığı otaqdan səs-küyə qalxıb, onların yanına gəlmiş, habelə mübahisə zamanı qazan qapağını Gülnarın əlindən özü almış, ərinin də köməkliyi ilə otaqdan bayıra qaçmış, pilləkəndə əyləşmişdir. Üzərindəki paltarı, baş yaylığı qan içində olmuş, bunu qonşuları belə görmüş, onlar da onun səsinə ora gəlmiş, oğlu Mahir də evin həyətində olmuşdur. Oğlu Mahirin zəngi əsasında əvvəlcə təcili yardım stansiyasının həkim briqadası hadisə yerinə gəlib, onu yardım göstərilməsi üçün Siyəzən rayon X1 aparmış, daha sonra Siyəzən RPŞ-nin əməkdaşları yaşadıqları ünvana gəlmişdir. Hətta, mübahisə vaxtı Gülnar evin pəncərəsini açıb, ona “sənin ölümün mənim əlimdədir, sənin yaşamağa haqqın yoxdur, sənin yerin qəbiristanlıqdır” deyə bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu ilə barışmaq niyyəti yoxdur. Şahid1 məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 12 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində özünə məxsus otaqda olarkən keçmiş gəlini Gülnarın otağından arvadı Səbirənin qışqırıq səsini eşidib, həmin otağa keçmiş, bu zaman Səbirənin otaqda uzanmış vəziyyətdə yerdə, gəlini Gülnarın isə ayaq üstə olduğunu görmüşdür. O, asma xəstəliyindən əziyyət çəkdiyindən əlini uzadıb, güclə Səbirəni yerdən qaldırmış və çölə çıxarmış, bu zaman sonuncunun başından qan gəldiyini görmüşdür. Məhkəmə istintaqında qanuni nümayəndəsinin, eləcə də mütəxəssisin (müəllimin) iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış şahidlər Şahid2, Şahid3 və Şahid4 anaları, Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verməklə, göstərilənləri bir daha təsdiqləmişlər. Məhkəmə iclasında elan edilmiş materialın 57-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 məhkəmə-tibb ekspertizasının 29 iyun 2022-ci il tarixli, 113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və əzilmiş yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə yarana bilər, boyu hündürlüyündən yıxılma və öz-özünə yetirilmə zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti 12 iyun 2022-ci il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2022-ci il tarixdə verilmiş sadələşdirilmiş icraat materialının 44-cü vərəqəsindəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə iclasında elan edilmiş sadələşdirilmiş icraat materialının 53 və 56-cı vərəqələrində olan arayışdan, eləcə də xasiyyətnamədən və müvafiq şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 26 avqust 2007-ci il təvəllüdlü Rəşad, xx xxxxx 2010-cu il təvəllüdlü Rəvan və xx xxxxx 2013-cü il təvəllüdlü Bahar adında üç yetkinlik yaşına çatmayan uşağı olan Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilməklə sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş vəsatətdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, bu səbəbdən də sonuncunun 1 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni təqsirləndirilən, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmaqla, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Material üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. Bu Məcəllənin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Qeyd olunan Məcəllənin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən belə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzanın çəkilməsi müddəti onun ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-62/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-62/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver