Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-62/2024 26.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 26 noyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1970-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, müharibə veteranı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft“ İstehsalat Birliyində operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 12 ədəd xeyli miqdarda çətənə (kannabis) toxumlarını 2024-cü ilin aprel ayında Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidə qanunsuz olaraq əkmiş, həmin toxumlardan tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 25 iyun 2024-cü il tarixdə, saat 13:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının təxirə salınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidən ümumi təmiz çəkisi 220 qram olan, yaş vəziyyətdə xeyli miqdarda 12 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə etsə də, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, bu vərdişini özünə qadağan etmişdir. Bundan başqa, yaşadığı Siyəzən şəhərinin Babaverdi Dəmirov küçəsi ərazisində yerləşdirilmiş zibil qutusundan tapdığı bükümü açıb baxdığında, bükümün içərisində 12 ədəd çətənə (kannabis) toxumlarının olduğunu görmüşdür. Bundan sonra, toxumları əkmək üçün əlverişli yerin sıx ağaclıq və kolluq olması səbəbindən Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazi olduğunu müəyyən edib, 2024-cü il aprel ayının ortalarında bu toxumları həmin ərazidə əkmişdir. Qeyd edir ki, bükümü tapdığı vaxtdan təxminən 3-4 gün sonra toxumları tək əkməklə, yanaşı bu barədə heç kəsə məlumat verməmişdir. Beləliklə, toxumları əkdiyi əraziyə ilk ayda həftədə 3 dəfə, sonrakı ayda isə həftədə 5 dəfə olmaqla gedərək bitkiləri sulayıb, altındakı alaq otlarını təmizləmişdir. Bundan əlavə, 25 iyun 2024-cü il tarixdə, təxminən saat 13:00 radələrində bitkiləri sulamaq üçün həmin ərazidə olarkən, ona yaxınlaşmış polis əməkdaşları narkotik tərkibli çətənə bitkilərinin əkilməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra isə, Müdafiəçi1, həmçinin mütəxəssis-aqronomun iştirakları təmin edilmiş, habelə sonuncuların iştirakı, eləcə də, videoçəkiliş ilə üzərində şəxsi axtarış və əraziyə baxış keçirilmişdir. Bu zaman üzərindən qanunsuz əşya və predmet aşkar edilməsə də, ərazidən aşkar edilmiş 12 ədəd çətənə bitkiləri bir ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyularaq, qablaşdırılmış və kisənin ağız hissəsi möhürlənərək, üzərinə müstəntiq tərəfindən hazırlanmaqla, yapışdırılmış kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Habelə, Siyəzən RPŞ-nin MSY-də iki gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Beləliklə, kifayət qədər yaşı olmaqla, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, müharibə veteranı olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının, habelə oğlu İlkin Məmmədovun da, müharibə veteranı olmaqla, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 13:50 radələrində sözügedən əraziyə gedilmiş, habelə orada, sonuncunun həmin əraziyə doğru gəldiyini görüb, ona yaxınlaşaraq özünü təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, habelə sonuncu üzərində narkotik vasitə olmadığını, lakin, Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, ondan hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra, Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq əraziyə Müdafiəçi1 və mütəxəssis aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, habelə oradan 12 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-cı vərəqəsində olan 25 iyun 2024cü il tarixli rəydə göstərilmişdir ki, həmin tarixdə Siyəzən RPŞ-nin əməkdaşlarının iştirakı ilə Siyəzən rayonunun Balaca Həmyə kəndində meşəlik əraziyə baxış keçirilmiş, baxış zamanı kəndin dənizkənarı meşəlik sahəsində sıx kolluq ərazinin içərisində 12 ədəd əkib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş, sözügedən kolların ən böyüyünün hündürlüyü 80 sm, ən balacasının hündürlüyü isə 25 sm olduğu müəyyən edilmişdir. Belə ki, aşkar edilmiş çətənə kolları vaxtlı-vaxtında suvarılmış və həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən müşahidə olunan çətənə kollarında inkişaf normal getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/1045 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 12 (on iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 220 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,24 qram sərf edildikdən sonra narkotik tərkibli çətənə bitkisinin qalıq çəkisi 219,76 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 05 sentyabr 2024-cü il tarixdə verilmiş 6058 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-29-cu vərəqələrində olan 25 iyun 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 14:22-dən saat 14:41-dək olan müddət ərzində Təqsirləndirilən şəxs saxlanıldığı Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq əraziyə keçirilmiş baxış zamanı oradan ittihamın əsasını təşkil edən 12 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər kollar aşkar edilərək götürülmüşdür. Baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-ci vərəqəsində olan Siyəzən RPŞnin İB-nin baş müstəntiqinin 27 iyun 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də, işin 109-117-ci vərəqələrindəki RPŞ-nin İB-nin müstəntiqinin 10 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əkib becərdiyi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidən götürülmüş, 12 ədəd, qalıq çəkisi 219,76 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞnin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi sözügedən əraziyə 25 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, baxışın və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 81-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan 25 iyun 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-cü vərəqəsində olan 27 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqəsində olan Siyəzən rayon Hərbi komissarlığı tərəfindən verilmiş vəsiqənin surətindən, işin 92-93-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, müharibə veteranı olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft“ İstehsalat Birliyində operator vəzifəsində işləyən, himayəsində 01 mart 2011-ci il təvəllüdlü Zeynəb adında yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs haqqında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilərək cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 116455 nömrəli vəsiqənin, eləcə də, Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibində olan, oğlu X2 müharibə veteranı olmaqla, 21 aprel 2022-ci il tarixdə “Vətən müharibəsi iştirakçısı”, 24 iyun 2021-ci il tarixdə isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik tərkibli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə, cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olmaqla, İ Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmasını, övladı İlkin Məmmədovun “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, ailə-məişət şəraitini, bundan sonra onun ailəsinə, həmçinin cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də, özünün və övladının müharibə veteranı olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və günün digər vaxtları Siyəzən və Şabran rayonlarının ərazilərini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və günün digər vaxtları Siyəzən və Şabran rayonlarının ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs əkib becərdiyi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidən götürülmüş, 12 ədəd, qalıq çəkisi 219,76 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi sözügedən əraziyə 25 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, baxışın və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və günün digər vaxtları Siyəzən və Şabran rayonlarının ərazilərini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və günün digər vaxtları Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs əkib becərdiyi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki dəniz kənarı ağaclıq ərazidən götürülmüş, 12 ədəd, qalıq çəkisi 219,76 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi sözügedən əraziyə 25 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, baxışın və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-62/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-62/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver