Məhkəmə qərarları › İş №1(059)-66/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-66/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-66/2022 08.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X6 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 08 sentyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,621 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin yaşadığı evdə saxlamış, 26 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamış, yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus yataq otağında sağ tərəfdə yerləşən istifadə etdiyi çarpayının üzərində olan döşəyin altında 01 ədəd “Keno Club” markalı siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 0.621 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində pxisotrop maddə metanfetaminin izləri aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd qızılı rəngli siqaret kağızı kəsiyi və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd narkotik vasitənin qəbulunda istifadə olunan sınıq şüşə ampula, 01 ədəd içərisi boş şpris sellofanı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 8 il narkotik vasitə olan heroindən inyeksiya yolu və 1 il psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə etsə də, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan narkotik istifadə etmir. Belə ki, 26 aprel 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın qarşısında olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində və yaşadığı ünvanda narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Buna etiraz etməmiş, habelə bu barədə ərizəni təqdim etmiş və Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Bundan sonra, təklif əsasında iştirakçıları yaşadığı ünvana dəvət etmiş, habelə yaşadığı ünvana keçirilən baxış zamanı yataq otağında, yataq dəstinin altında olan döşəyin altında saxladığı, içərisində 01 ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetamin, 2 ədəd boş gümüşü rəngli siqaret kağızı bükülüsü, 01 ədəd narkotik vasitənin qəbulunda istifadə etdiyi sınıq şüşə ampula, 01 ədəd içərisi boş şpris sellofanı və dərman həbi olan “Keno Club” markalı siqaret qutusunu təqdim etmişdir. Daha sonra, aşkar edilmiş predmentlər bir ədəd boş ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu, 26 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində saxlanılmış, ona, yaşadığı ünvanda narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və yaşadığı ünvana keçiriləcək baxış zamanı Müdafiəçi iştirakına etiraz etməmiş, habelə yaşadığı ünvana keçiriləcək baxışa etirazının olmaması barədə ərizəni təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif əsasında iştirakçıları yaşadığı evə dəvət etmiş, habelə yataq otağında yataq dəstinin altında olan döşəyin altında saxladığı “Keno Club” markalı siqaret qutusunu göstərərək orada qanunla qadağan olunmuş predmetlərin olduğunu bildirmişdir. Həmin qutuya tərəfindən keçirilən baxış zaman 01 ədəd şəffaf sellofan bükülüdə ağ kristalşəkilli kütlə, 01 ədəd qablaşdırmada üzərində “Drugs” sözləri olan ağ rəngli dərman həbi, 2 ədəd boş gümüşü rəngli siqaret kağızı bükülüsü, 01 ədəd narkotik vasitənin qəbulunda istifadə etdiyi sınıq şüşə ampula və 01 ədəd içərisi boş şpris sellofanı müəyyən olunmuşdur. Daha sonra, aşkar olunmuş predmetlər aşkar olunduğu formada “Keno Club” markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş, habelə həmin siqaret qutusu bir ədəd ağ rəngli zərfin içərisində qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, baxışın keçiriləməsi davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Şəxsin üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 2 manat kağız pul, qabaq sağ balaca cibindən isə 20 qəpiklik dəmir pul əskinazı aşkar olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 6/2421 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi “Təqsirləndirilən şəxs yaşadığı ünvandan... “ və s. yazılar olan kağız paketdəki 01 ədəd “Keno Club” markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,621 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd gümüşü siqaret kağızı kəsiyində psixotrop maddə metamfetamin izləri, 1 ədəd qızılı siqaret kağızı kəsiyində və 1 ədəd sınıq şüşə ampulda narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Adları qeyd edilən predmetlərdə heroin və metamfetamin izləri iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmamışdır. Üzərində “... Drugs/7/HD...” yazısı olan 01 ədəd blister kəsiyindəki ağ rəngli dərman tabletinin tərkibində və 1 ədəd içərisi boş şpris sellofanında nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilməyib. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,571 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş, 2848 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 26 aprel 2022-ci il tarixli baxış və şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 26 aprel 2022-ci il tarixdə, saat 10:43-dən saat 10:58-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanındakı evə keçirilən baxış zamanı ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd qablaşdırmada üzərində “Drugs” sözləri olan ağ rəngli dərman həbi, 02 ədəd boş gümüşü rəngli siqaret kağızı bükülüsü, 01 ədəd narkotik vasitənin qəbulunda istifadə olunan sınıq şüşə ampula, 01 ədəd içərisi boş şpris sellofanı yataq otağında döşəyin altından “Keno Club” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 29 aprel 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 95-102-ci vərəqələrində olan 10 iyul 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,571 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 24 fevral 2022-ci il tarixində Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 17-ci vərəqəsindəki 26 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrindəki 28 aprel 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından miqdarından təxminən 3 dəfə artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc olmaqla, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,571 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 24 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,571 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 24 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar