Məhkəmə qərarları › İş №1(059)-67/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-67/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-67/2022 04.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 04 oktyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,602 qram təşkil edən narkotik vasitə olan asetilə edilən tiryəki üzərində saxlamış, 02 iyun 2022-ci il tarixdə, saat 16:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin C.Cabbarlı küçəsi ərazisində saxlanılmaqla, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd şəffaf sellofan bükülüsündə ümumi təmiz çəkisi 1,602 qram olan narkotik vasitə asetilə edilən tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanılmamışdan təxminən 5-6 il əvvəldən başlayaraq, narkotik vasitələr heroin, tiryək və marixuanadan istifadə etmişdir. O, 02 iyun 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhərinin C.Cabbarlı küçəsində yaşadığı ünvanın qarşısında olarkən yerdə kolların arasından tapdığı, habelə içərisində narkotik vasitə asetilə edilmiş tiryək olan bir ədəd sellofan bükülünü götürüb, əynində olan göy rəngli şalvarın qabaq sol cibinə qoymuş, həmin gün saat 16:50 radələrində isə yaşadığı ünvanın qarşısında olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğun bildirməklə, onu RPŞ-yə aparmışlar. Orada növbətçi hissədə hüquq və vəzifələri izah olunmaqla, həmçinin Müdafiəçi iştirakı təmin edilərək, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bundan əlavə, o, şəxsi axtarış zamanı içərisində narkotik vasitə asetilə edilmiş tiryək olan bir ədəd sellofan bükülünü polis əməkdaşlarına təqdim etmiş, habelə bükülü zərfə qoyularaq, qablaşdırılmış, zərfin üzəri iştirakçıların imzaları ilə təsdiqlənmiş, müvafiq sənədləşdirmələr aparılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi həmin vasitələrdən şəxsən istifadə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi, dövriyyəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq qərar qəbul edilməklə, həmin gün saat 16:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin C.Cabbarlı küçəsi ərazisində onun və onunla birlikdə olan digər polis əməkdaşları tərəfindən saxlanılmış, habelə narkotik vasitədən istifadə etməsində, dövriyyəsində və daşımasında kifayət qədər şübhələr olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə dəvət olunmuş, həmçinin Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla RPŞ-yə getmiş, ibtidai araşdırma RPŞ-nin baş müstəntiqi Rəhmin Zeynalova həvalə olunmuş, orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi qismində Müdafiəçi təqdim edilmiş, müdafiəçiyə etiraz daxil olmamışdır. Bundan sonra, şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, bu zaman sonuncu əynində olan cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmiş, şifahi sorğu zamanı isə bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Daha sonra, həmin bükülü boş zərfə qablaşdırılaraq, üzəri möhürlənmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 6/3104 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 96” dairəvi möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd şəffaf bükülü... " yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,602 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram asetilə edilən tiryək sərf edildikdən sonra narkotik vasitənin qalıq çəkisi 1,552 qram təşkil etmişdir. Cinayət işinin 31-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 3706 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 02 iyun 2022-ci il tarixdə saat 17:04-dən saat 17:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd şəffaf sellofan bükülüsündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü, 105-110-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 06 iyun və 02 avqust 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,552 qram narkotik vasitə asetilə edilən tiryək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 02 iyun 2022-ci il tarixində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-70-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 4(059)-20/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 3 dəfə çox miqdarda narkotik vasitə asetilə edilən tiryək əldə edərək üstündə saxlaması, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsi, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,552 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 02 iyun 2022-ci il tarixində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,552 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 02 iyun 2022-ci il tarixində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar