Məhkəmə qərarları › İş №1(059)-69/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-69/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-69/2023 26.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 26 sentyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1986-cı il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 0,553 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımış, 23 aprel 2023-cü il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhərinin Nizami küçəsində saxlanılıb, rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli pencəyin sol iç cibində olan 1 ədəd əl çantasının içərisindən 1 ədəd üzərində Pristilol sözləri yazılan plastmas qabın içərisində ümumi təmiz çəkisi 0,553 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,138 qram olmaqla şəxsi istehlak miqdarında narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 14 il olar, yəni 2009-cu ildən narkotik vasitə olan heroindən istifadə etməklə, yanaşı əvvəllər 5 dəfə məhkum edilmiş, sonuncu dəfə 23 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. 23 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində rastlaşdığı tanışları Rəhmanla Sahil ona Siyəzən rayonuna getməyi təklif etmiş, həmçinin o da bu vəsilə ilə bacısı Məsuməyə baş çəkməyə gəlmiş, lakin sonuncu işdə olmuş, habelə oradan ayrılıb Rəhmangilə zəng vurduqda, onlar küçələrinə gəlməsini istəmiş, habelə axşam saatlarında onlarla birgə Siyəzən şəhəri Nizami küçəsi ilə piyada gedərkən yolun kənarında hər tərəfi açıq olan yarımtikili görmüş və həmin yerdən ayaq yolu kimi istifadə etmək üçün ora girmişdir. Orada heç nə görməmiş, habelə Rəhman üzərindəki dəstəkli kiçik çantanı yarımtikiliyə qoyub, Sahillə birgə tikilidən çıxmış, bundan sonra polis əməkdaşları gəlmişlər. O, həmin əl çantasını götürməmiş, həmçinin polis əməkdaşları çantanı onun qoltuğuna qoyub, videoçəkiliş aparmış, əməli törətdiyini etiraf etməsini tələb etmişlər. Çantanın ona aid olmadığını dəfələrlə bildirsə də, buna əhəmiyyət verilməmiş, habelə mobil telefonları Siyəzən RPŞ-də çantaya qoyulmuşdur. Siyəzən RPŞ-də müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, həmçinin baxış zamanı çantadakı predmetlərin ona aid olduğunu bildirsə də, hazırda bunu təsdiq etmir. Çünki, Siyəzən RPŞ-də olarkən gələcəkdə onunla bağlı ola biləcəkləri düşündüyünə görə belə bir addım atmışdır. Bir daha qeyd edir ki, çanta Rəhmana məxsus olmuş, polis əməkdaşlarının psixi və fiziki təsirinə görə predmetlərin ona aid olduğunu qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşlarının təsirinə məruz qalması, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən predmetlərin ona aid olmadığını bildirməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 il olar narkotik vasitə olan marixuanadan çəkmə üsulu ilə istifadə edir. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyinə görə 3 dəfə və 2 dəfə də başqa cinayət hadisəsi törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə Xızı Rayon Məhkəməsinin hökmü ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin 23 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vardır. Bu gün, yəni 23 aprel 2023-cü il tarixdə günortadan sonra Siyəzən şəhərində yaşayan bacısıgilə baş çəkmək üçün gəlmiş, orada işlərini gördükdən sonra yaşadığı Xızı rayonunun Giləzi qəsəbəsinə getmək üçün həmin gün, saat 21:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsi ilə piyada gedərkən yolun kənarında hər tərəfi açıq olan yarımtikili görmüş və oradan ayaq yolu kimi istifadə etmək üçün tikiliyə girmişdir. Ora girdikdə yerdə qara rəngli əl çantası olduğunu görmüş, habelə çanta diqqətini cəlb etdiyi üçün yerdən götürüb əynində olan boz rəngli pencəyinin sol iç cibinə qoymuşdur. 23 aprel 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yerləşən hər tərəfi açıq olan həmin yarımtikilidən çölə çıxanda mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onu Siyəzən RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-nin növbətçi hissəsinə getmiş, orada hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşduqda, o, əynində olan boz rəngli pencəyin sol iç cibindəki qara əl çantasını təqdim etmiş, həmçinin masanın üzərinə qoyduğu çantadan ona məxsus qara rəngli Lofee və Nokia markalı mobil telefonları, 3 ədəd yarımçıq şüşələri, 1 ədəd göy rəngli kağız bükümü, 1 ədəd üzərində Pristilol yazılan plastmas dərman qabını, 3 ədəd alışqanı, iki ədəd 1 qramlıq şpris, 1 ədəd şprisin iynə ucluğunu çıxartmışdır. Göy rəngli kağız büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisində pambıq və qəhvəyi rəngli kütlə, Pristilol yazılan plastmas qabda isə ağ rəngli kristalşəkilli kütlə aşkar edilmişdir. Polis əməkdaşı tərəfindən şifahi olaraq kağız bükümdə və üzərində Pristilol yazılan plastmas qabın içərisində nə olduğu və çantanın kimə məxsus olduğu soruşulduqda, o, kağız bükümün içərisində pambıq olduğunu, plastmas qabın içərisində limon duzunun olmasını və qara rəngli əl çantasının özünə aid olduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşı üzərində şəxsi axtarış aparmış və bu zaman üzərindən 1 ədəd Argo markalı siqaret, 2 ədəd cib dəsmalı, 1 ədəd gümüşü rəngli dəmir metal boyunbağı, sarı rəngli plastmas qab aşkar olunmuş, başqa üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet və əşya aşkar olunmamışdır. Bundan sonra, üzərindən aşkar olunmuş 1 ədəd Argo markalı siqaret, 2 ədəd cib dəsmalı, 1 ədəd gümüşü rəngli dəmir metal boyunbağı, 3 ədəd alışqan, sarı rəngli plastmas qab və qara rəngli əl çantası iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, qara rəngli əl çantasının içərisindən aşkar olunmuş 3 ədəd yarımçıq şüşə flakonlar, 1 ədəd göy rəngli kağız büküm və üzərində Pristilol yazılmış plastmas qab və bir ədəd şpris ucluğu olan iynə, 2 ədəd 1 qramlıq şpris 1 ədəd boş ağ zərfdə qablaşdırılmış, həmin zərfin üzəri möhürləndikdən sonra zərflərin doğruluğunu o və orada iştirak edən iştirakçılar imzalarla təsdiq etmişlər. Daha sonra, iştirakçılardan və ondan hər hansı bir şikayətlərinin olubolmaması soruşulduqda, onlar şikayət və tələblərinin olmadığını bildirdikdən sonra şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, izahatını özü sərbəst formada vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Siyəzən rayonunun ərazisində olması, həmçinin üzərində narkotik vasitə saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 23 aprel 2023-cü il tarixdə müvafiq sənədləşmə aparıldıqdan sonra əməliyyat-istintaq qrupu yaradılmaqla, təlimatlandırma aparılmış, habelə həmin gün, saat 21:00 radələrində Elməddin tərəflərindən Siyəzən şəhərinin Nizami küçəsində saxlanılmaqla, Siyəzən RPŞ-yə dəvət edilmişdir. Siyəzən RPŞ-də müstəntiq X2 Aftilova hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsini təklif etdikdə, Elməddin əynində olan boz rəngli pencəyin sol iç cibində olan 1 ədəd əl çantasını təqdim etmişdir. Bu çantada müxtəlif predmetlər olsa da, əsas əhəmiyyət kəsb edənlər Pristilol yazılmış plastmas dərman qabı, göy rəngli büküm və şprislərlə yanaşı şüşə flakonlar olmuşdur. Belə ki, Pristilol yazılmış plastmas dərman qabının içərisindən metamfetaminə bənzər kristalşəkilli, göy rəngli bükümdən isə pambıqla qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə və qablaşdırma işləri aparılmış, aşkar edilmiş digər predmetlər, yəni siqaret və mobil telefonlar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs predmetlərin özünə aid olduğunu sərbəst şəkildə etiraf etmişdir. Eyni zamanda, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qeyri-qanuni, qeyri-insani hərəkətlərə yol verilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-36-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2023-cü il tarixli, 6/2379 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96 dairəvi möhür əksi və “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..-Aftilov-imza, müstəntiq: Nabil Abdullayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0,138 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdəki təmiz çəkisi 0,553 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd 1 ml həcmli şprisdən və 3 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulalar və 1 ədəd iynə ucluğunda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,088 qram, 0,05 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi isə 0,503 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 16 iyun 2023-cü il tarixdə verilmiş 3809 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 23 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də işin 94-cü vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 23 aprel 2023-cü il tarixdə saat 21:57-dən saat 22:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol iç cibində olan 1 ədəd əl çantasının içərisindən 1 ədəd üzərində Pristilol sözləri yazılan plastmas qabın içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə, 1 ədəd göy rəngli kağız bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmişdir. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü və 107-113-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 27 aprel 2023-cü il tarixli maddi sübut kimi tanımaq və 29 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 0,088 qram təşkil edən narkotik vasitə heroin kütləsi, 0,503 qram psixotrop maddə metamfetamin, 2 ədəd 1ml həcmli şpris, 3 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulalar və 1 ədəd iynə ucluğu maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 23 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 may 2023-cü il tarixli tələbnaməsindən, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 1(101)-756/2017 saylı hökmünün, eləcə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 7(007)- 830/2021 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilməklə, Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ilə CM-in 66.2-ci maddəsinə əsasən cəza 05 (beş) il 09 (doqquz) ay, Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilməklə, cəza müddəti 05 (beş) il 03 (üç) ay müddətə endirilmiş, həmçinin 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra, o, 23 dekabr 2021-ci il tarixdə amnistiya aktının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-ci bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsəsən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-cu vərəqəsində olan 23 aprel 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-59-cu vərəqələrində olan 25 aprel 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci səhifəsindəki 29 may 2023-cü il tarixli məcburi gətirmə haqqında qərardan, işin 80-ci, 84-cü vərəqələrindəki 30 may 2023-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan, 89-cu səhifədə olan Siyəzən RPŞnin 14 iyun 2023-cü il tarixli, 3-13-106/1-7220/2023 nömrəli məktubundan, eləcə də 90-cı səhifədəki 14 iyun 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs çağırışlara gəlməkdən qəsdən yayınmış, buna görə də 29 may 2023-cü il tarixdə onun Siyəzən RPŞ-nin istintaq bölməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 30 may 2023-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850104 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə Xızı rayonunun ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan 16 iyun 2023cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilməklə, sonuncu barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq olunmuş İ Siyahının 5-ci bəndinə əsasən heroin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, ona aid aşkar edilərək götürülmüş narkotik vasitə olan, ümumi təmiz çəkisi 0,138 qram təşkil etmiş heroin şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun üzərindən aşkar edilmiş psixotrop maddəyə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Bununla da, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs psixotrop maddəni əldə edib, saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, ona dair hissədə digər narkotik vasitə heroinə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan ümumi təmiz çəkisi 0,138 qram təşkil etmiş heroinin qanunsuz olaraq əldə edilməsinə və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından təxminən 4 dəfə artıq miqdarda əldə edib saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq sübutların qiymətləndirilməsi barədə 29 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 1(101)-756/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa görə Cinayət Məcəlləsinin 180.2-ci maddəsində dəyişiklik edilmişdir. Həmin Qanunun 1.64.2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 180.2-ci maddəsinin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsinin sanksiyasında müəyyən olunmuş cəza yüngülləşdirilmiş və həmin əməl təsnifatı üzrə CMnin 15.4-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətlər kateqoriyasından CM-nin 15.3-cü maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayətlər kateqoriyasına dəyişmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü əsasında təqsirli bilinib, məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2-ci maddəsi üzrə törədilmiş əməl hazırda az ağır cinayətlər kateqoriyasına aid olduğuna, habelə 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alındığına və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra, o, 23 dekabr 2021-ci il tarixdə amnistiya aktının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyinə və bu qərarın 7-ci bəndinə əsasən məhkumluğu götürüldüyünə görə onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, barəsində amnistiya aktının tətbiq olunması ilə cəza çəkməkdən azad edildiyinə, beləliklə məhkumluq götürüldüyünə görə onun hazırkı cinayət əməli residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 5/12 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdən 25 aprel 2023-cü il və 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı cəmi dörd gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,088 qram təşkil edən narkotik vasitə heroin kütləsi, 0,503 qram psixotrop maddə metamfetamin, 2 ədəd 1ml həcmli şpris, 3 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulalar və 1 ədəd iynə ucluğu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 aprel 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 4 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,088 qram təşkil edən narkotik vasitə heroin kütləsi, 0,503 qram psixotrop maddə metamfetamin, 2 ədəd 1ml həcmli şpris, 3 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulalar və 1 ədəd iynə ucluğu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 aprel 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar