Məhkəmə qərarları › İş №1(059)-70/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-70/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-70/2022 15.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X5 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 sentyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1985-ci il tarixdə Qazaxıstan Respublikası Şevçenko şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Hil kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0.372 qram olan narkotik vasitə olan marixuananı, ümumi təmiz çəkisi 0.176 qram olan narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0.430 qram təşkil edən psixotrop maddə olan metanfetamini avtomobilində saxlamış, 10 iyun 2022-ci il tarixdə, saat təxminən 21:00 radələrində Siyəzən RPŞ-nin və BDYP İdarəsinin 1-ci tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək idarə etdiyi “Mercedes Atego yük” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avomobillə birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman sürücü üçün nəzərdə tutulan tərəfdə avtomobilin dam hissəsində olan saxlanc yerindən 01 ədəd “Kent 8” markalı siqaret qutusunun sellofanının arasında 01 ədəd salfet bükülüsünün içərisində digər 01 ədəd gümüşü rəngli bükülüdə ümumi təmiz çəkisi 0.372 qram olan narkotik vasitə olan marixuana, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0.176 qram olan narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0.430 qram olan psixotrop maddə olan metanfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan, yəni, 10 iyun 2022ci il tarixindən iki ay öncəyə kimi narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu istifadə etsə də, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metanfetamindən yalnız bir dəfə, saxlanmamışdan bir gün öncə istifadə etmişdir. Qeyd edir ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən stasionar postda polis əməkdaşının saxla əmri ilə idarə etdiyi “Mercedes Atego yük” markalı avtomobilini saxlamış, DYP-nin əməkdaşı spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyini soruşduqda, qəbul etmədiyini bildirsə də, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin əməkdaşları sözügedəm posta dəvət olunmuş, sonra, müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya aşkar edilməsə də, avtomobilinin dam hissəsində olan saxlanc yerində 01 ədəd “Kent 8” markalı siqaret qutusunun sellofanının arasındakı narkotik vasitə olan marixuananı, narkotik vasitə olan heroini və psixotrop maddə olan metanfetamini polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra, təqdim etdiyi bükülülər müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət törətməyəcəyinə dair vədinin nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti, habelə qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və Qusar rayonuna daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, sonuncu idarə etdiyi avtomobil ilə birlikdə DYPnin əməkdaşlarının köməyi ilə saxlanılmış, bundan sonra, videoçəkilişdən istifadə etməklə, habelə Müdafiəçi iştirakı ilə onun üzərinə CAB-ın əməliyyat müvəkkili Mətin Orucov tərəfindən şəxsi axtarış keçirilsə də, qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Atego yük” markalı avtomobilə baxış keçirilməsinə başlanılmış, bu zaman sonuncu idarə etdiyi avtomobildə olan, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə olan Kent 8 markalı siqaret qutusunu təqdim etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli, 6/3287 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN Arayışlar üçün №96” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazıları və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,430 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,390 qram olan şəffaf rəngli kristallik maddə narkotik vasitə və ya psixotrop maddələrə aid deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,380 qram, 0,05 qram heroin sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,126 qram, 0,05 qram şəffaf kristal maddə sərf edildikdən sonra şəffaf kristal maddənin qalıq çəkisi 0,340 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli, 7/614 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş...” sözləri yazılmış zərfdə bir ədəd düzəldilmiş papirosda və salfet kağızın içərisində bir ədəd gümüşü rəngli kağız bükülüdə tütün hissəcikləri və təmiz hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqiqata 0,04 qram marixuana sərf edildikdən sonra marixuananın qalıq çəkisi 0,372 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 05 iyul 2022-ci il tarixdə verilmiş, 3656 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 26 aprel 2022-ci il tarixli baxış və şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə, saat 21:37-dən saat 21:52-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs avtomobilinə keçirilən baxış zamanı 01 ədəd “Kent 8” markalı siqaret qutusunun sellofanının arasında 01 ədəd salfet bükülüsünün içərisində digər 01 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə olan marixuana, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-74-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 12 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 120-130-cu vərəqələrində olan 10 avqust 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş qalıq çəkisi 0,380 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,126 qram çəkidə narkotik vasitə heroin, 0, 340 qram çəkidə şəffaf kristal maddə, 01 ədəd “KENT 8” markalı siqaret qutusunun sellofanının arasında 01 ədəd salfet bükülüsünün içərisində 01 ədəd gümüşü rəngli bükülüdə qalıq çəkisi 0,332 qram çəkidə narkotik vasitə marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 10 iyun 2022-ci il tarixində Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin cərimə meydançasında videoçəkiliş vasitəsilə üzərinə və avtomobilinə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 18-ci vərəqəsindəki 10 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-c vərəqələrindəki 12 iyun 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-90-cı vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Qusar RİHB-nin Hil kənd İƏD üzrə nümayəndəliyinə kənd əhalisindən və yaxın qohum-qonşularından heç bir şikayət və ya yazılı ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf etməklə, səmimi peşmançılıq hissi keçirməsini, faydalı əməklə məşğul olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Elburus Mürşüdova hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş qalıq çəkisi 0,380 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,126 qram çəkidə narkotik vasitə heroin, 0, 340 qram çəkidə şəffaf kristal maddə, 01 ədəd “KENT 8” markalı siqaret qutusunun sellofanının arasında 01 ədəd salfet bükülüsünün içərisində 01 ədəd gümüşü rəngli bükülüdə qalıq çəkisi 0,332 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin cərimə meydançasında videoçəkiliş vasitəsilə üzərinə və avtomobilinə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd DVD Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 144 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş qalıq çəkisi 0,380 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,126 qram çəkidə narkotik vasitə heroin, 0, 340 qram çəkidə şəffaf kristal maddə, 01 ədəd “KENT 8” markalı siqaret qutusunun sellofanının arasında 01 ədəd salfet bükülüsünün içərisində 01 ədəd gümüşü rəngli bükülüdə qalıq çəkisi 0,332 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin cərimə meydançasında videoçəkiliş vasitəsilə üzərinə və avtomobilinə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd DVD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxsdən məhkəmə məsrəfi hesab olunan cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar