Məhkəmə qərarları › İş №1(059)-71/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-71/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-71/2022 15.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X8 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 sentyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi (hazırki Şabran) rayonun, Beynəlmiləl kənində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 6(altı) ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən rayonunun, Beşdam kəndində yerləşən ünvanın həyətyanı sahəsində evin arxa tərəfində və həmin ünvanda yerləşən evin dəhlizində əkmiş, həmin bitkilərdən əmələ gələn tərkibində narkotik maddələr olan 6 (altı) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 20 may 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilən baxış zaman evinin arxa tərəfində, həyətyanı sahəsində yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarının içərisində 02 (iki) ədəd, evinin dəhlizində isə yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarının içərisində 04 (dörd) ədəd olmaqla yaş vəziyyətdə ümumi çəkisi 40,0 qram tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitkisi kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən bir il yarımdır narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə istifadə edir. 2022-ci ilin may ayında, saat təxminən 11:00 radələrində polis əməkdaşları yaşadığı evə gəlmiş, ona, kənd ərazisində oğurluq hadisəsi olduğunu, həmin hadisədə şübhəli olduğunu, buna görə də, evinə baxış keçirəcəyini bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, habelə polis əməkdaşlarını və onlarla gəlmiş müdafiəçini yaşadığı evə dəvət etmişdir. Bundan sonra, keçirilmiş baxış zamanı yaşadığı evin dəhlizindən əkdiyi 4 ədəd çətənə kolu aşkar edilmiş, habelə şifahi sorğu zamanı evin həyətyani sahəsində əlavə 2 ədəd çətənə kolunun da olduğunu bildirmiş və həmin bitkilərinidə təqdim etmişdir. Bundan başqa, həmin çətənə bitkisinin toxumlarını yaşadığı kənddə yerləşən dayanacaqdan tapmışdır. Belə ki, toxumların olduğu kağız bükülü diqqətini cəlb etdiyindən görüb, götürmüş və şəxsi istifadəsi üçün əkmək qərarına gəlmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də İİİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB- əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Beşdam kəndində yerləşən evində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş, sonra, əməliyyat qrupu yaradılmış, habelə mütəxəssis-aqronom qismində iştirak etmək üçün X10 X3 rayonu üzrə baş aqronomu X5 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışlar. Bundan sonra yəni, 22 may 2022-ci il tarixdə, saat 11:00 radələrində qeyd olunan şəxslər ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş və sonuncu qapının qarşısında onları qarşılamışdır. Ona özlərini təqdim edib, həyətyanı torpaq sahəsində və yaşadığı ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu və buna görə də qeyd olunan həmin yerlərə video çəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirdiklərində, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, habelə bu barədə müvafiq ərizəni təqdim etmişdir. Bundan sonra, təklif əsasında Təqsirləndirilən şəxs yaşadığı evinin dəhlizində olan 4 ədəd çətənə bitkisi kolunu və həyətyani sahəsində olan əlavə 2 ədəd çətənə bitkisi kolunu təqdim etmişdir. Daha sonra, təqdim edilmiş predmentlər müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan 20 may 2022ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu Beşdam kəndindəki evin həyətyanı torpaq sahəsində 6 ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Aşkar olunan çətənə kollarının 2 (iki) ədədi həyətyanı sahədə yarıdan kəsilmiş dibçək formasında olan fanta içki qablarında əkilmiş, 4 (dörd) ədədi isə yaşayış evinin içərisində yarıdan kəsilmiş dibçək formasında olan fanta içki qablarında əkilərək qulluq olunmuş, aqrotexniki qaydalara görə becərilmişdir. Yəni, vaxtı-vaxtında suyu verilmiş, dibləri boşaldılmışdır. Kolların inkişafı qeyd olunduğu kimi, normal vəziyyətdə olması tərəflərindən qeyd olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 20 may 2021-ci il tarixdə verilmiş 7/522 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 96” dairəvi möhür əksi “...... müstəntiq imza Ş Rzayev..” yazı və imzalar olan ağ rəngli torbada 6 ədəd plastik qabda torpağın içərisində ümumi sayı 6 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 40,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,3 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 39,70 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 may 2022-ci il tarixdə verilmiş 2736 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin ə psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-35-ci vərəqələrində olan 20 may 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev dəmir yolu xəttinin kənarında yerləşir, evin həyətyani sahəsi daş hasarla əhatələnmişdir. Otla örtülmüş həyətyani sahəyə dəmir barmaqlı giriş qapısından keçməklə daxil olduqdan sonra, kənarı daşlarla əhatələnmiş 30 metr uzunluğunda olan cığır vasitəsi ilə evə gedilir. Təqsirləndirilən şəxs evin arxa tərəfindəki pəncərənin qarşısında yerdə, otun üzərində, yarım kəsilmiş vəziyyətdə olan və dibçək kimi istifadə edilən, hər birinin içərisində bir ədəd çətənə kolu olan iki ədəd qabı təqdim etmiş və həmin kolları özünün əkdiyini bildirmişdir. X4 bitkilərə baxış keçirərkən, bitkilərin çətənə kolu olmasını və aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həyətyani sahədə bir qədər hərəkət edib, sağ tərəfə dönərək, evə artırma şəkilində bitişik olan, giriş dəhlizi kimi istifadə olunan otağın dəmir qapısından içəri daxil olmuş, daha sonra, orada sol tərəfdə olan dəmir qapını açaraq geniş dəhlizə daxil olmuş və dəhlizin digər tərəfində, pəncərənin qarşısında yerdə olan plastik materialdan olan qutunun içərisində hər birinin içərisində bir ədəd çətənə kolu olan dörd ədəd plastik qabı təqdim etmiş və həmin kolları da özünün əkdiyini bildirmişdir. X4 bitkilərə baxış keçirərkən, bitkilərin çətənə kolu olmasını və aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Daha sonra, CAB-ın əməliyyat müvəkkili Şahid tərəfindən evə gətirilmiş iki ədəd içərisində çətənə kollarına bənzər bitki olan plastik qab və evin dəhlizində olan dörd ədəd içərisində çətənə kollarına bənzər bitki olan plastik qab, cəmi 6 ədəd plastik qab ağ rəngli boş torbaya yerləşdirilmiş, üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 23 may 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 108-118-ci vərəqələrindəki 13 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs ünvana keçirilən baxış zaman evinin arxa tərəfində, həyətyanı sahəsində yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarının içərisində 02 (iki) ədəd, evinin dəhlizində isə yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarının içərisində 04 (dörd) ədəd olmaqla götürülmüş qalıq çəkisi 39,70 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 20 may 2022-ci il tarixdə Namiq Cəfərovun yaşadığı Siyəzən rayonu Beşdam kəndində yerlşən həyətyanı sahəsinə və evinə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk isə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-cı vərəqəsində olan 20 may 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan 22 may 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü, eləcə də 106-107-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olmaqla, yaşayan müddətsiz İİİ qrup əlil Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, İİİ qrup əlil olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən Təqsirləndirilən şəxs şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, İİİ qrup əlil olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 39,70 6 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun yaşadığı Siyəzən rayonu Beşdam kəndində yerləşən ünvanın həyətyanı sahəsinə və evinə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 39,70 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu Beşdam kəndində yerləşən ünvanın həyətyanı sahəsinə və evinə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar