Məhkəmə qərarları › İş №1(059)-72/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-72/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-72/2022 04.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 04 oktyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Siyəzən rayonu, Tağay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "X6" MMC-də sosial işçi peşəsində işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Tağay kəndində qeydiyyatda olmaqla Siyəzən şəhərinin M.İbrahimov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2022-cu ilin mart ayının sonlarında yaşadığı Siyəzən rayonunun Tağay kəndi ərazisində yerləşən evin həyətyanı sahəsindəki quş damının köməkçi otağında cəmi 5 ədəd dibçəklərdə, birinci dibçəkdə 3 ədəd, ikinci dibçəkdə 1 ədəd, üçüncü dibçəkdə 2 ədəd, dördüncü dibçəkdə 1 ədəd və sonuncu, beşinci dibçəkdə 2 ədəd olmaqla, qanunsuz olaraq əkmiş, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr 9 ədəd çətənə bitkilərini yetişdirməklə, aqrotexniki qaydada qulluq göstərməklə, kultivasiya etmiş, 20 iyun 2022-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 395 qram çəkidə, 9 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri qeyd olunan evin həyətyanı sahəsindəki quş damının köməkçi otağına baxış zamanı 5 ədəd dibçəklərdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 20 iyun 2022-ci il tarixdə, günorta təxminən saat 13-14:00 radələrində yaşadığı Siyəzən rayonunun Tağay kəndində məhəllədə olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra yaşadığı evin həyətyanı bağ sahəsində narkotik vasitə çətənə bitkilərinin əkib becərməsində şübhəli olduğunu bildirməklə, ora baxış keçirəcəklərini qeyd etmişlər. O, buna etiraz etməmiş, habelə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı evin həyətyanı sahəsindəki quş damının köməkçi otağında 5 ədəd dibçəklərdə, ümumilikdə 9 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təxminən 2022-ci ilin mart ayının sonlarında yaşadığı məhəllədə olarkən yerdə kağız bükülüdə 9 ədəd çətənə toxumları tapmış, bu toxumları mart-aprel ayında yaşadığı ünvanın həyətyanı sahəsində quş damının içərisindəki köməkçi otaqda, ümumilikdə 5 ədəd dibçəyə əkərək həmin quş damının köməkçi otağında yerləşdirmiş, aqrotexniki qaydada qulluq etmiş, su vermiş, diblərini yumşaltmışdır. Bundan əlavə, yaşadığı ünvanda baxış keçirilərkən videoçəkilişdən istifadə edilmiş, həmçinin hüquqları təmin edilməklə, baxışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Daha sonra, baxış zamanı aşkar edilmiş kollar dibçəklərdən çıxarılaraq, 1 ədəd kisəyə qablaşdırılmış, habelə qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə aparılmışdır. Eyni zamanda, o, Siyəzən RPŞ-də 1 gün saxlandıqdan sonra sərbəst buraxılmış, orada olarkən polis əməkdaşları tərəfindən təsirə, təzyiqə və qeyri-qanuni hərəkətlərə məruz qalmamışdır. Bundan əlavə, o, çətənə bitkilərini satış məqsədi üçün əkməmiş, öz istifadəsi üçün əkib-becərmiş, lakin istifadə edə bilməmişdir. Odur ki, əməlindən peşimançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncunun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında 20 iyun 2022-ci il tarixdə, saat 13:00 radələrində o, RPŞ-nin baş müstəntiqi Rəhmin Zeynalov, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Babək Güləliyev və sahə rəisi Mübariz Məmmədov birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Tağay kəndindəki fərdi yaşayış evinə getmişlər. Ora çatdıqda, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayandığını görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmçinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi üçün şübhəli olduğundan ora baxış keçirəcəklərini bildirdikdə, Əlbaba buna etiraz etməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə Müdafiəçi iştirakı təmin edilmiş, eyni zamanda baxışda iştirak etməsi üçün aqronom da dəvət edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmaması ilə bağlı müvafiq ərizə təqdim etmiş, habelə baxışdan əvvəl baş müstəntiq Təqsirləndirilən şəxs həyətyanı sahədə qanunla qadağan edilmiş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu onları evin arxa tərəfində yerləşən quş damına dəvət etmiş, orada dibçəklərdə narkotik tərkibli bitkilərin saxladığını bildirmişdir. Həmin yerə keçmək çətin olduğundan Təqsirləndirilən şəxs, baş müstəntiq və videoçəkilişi aparan Babək Güləliyev ora geçmiş, habelə götürülmüş dibçəklər ona verildikdən sonra o, dibçəkləri baxış keçirilməsi üçün açıq əraziyə yığmışdır. Bundan sonra dibçəklərdəki bitkilər ölçülmüş, ən kiçiyinin ölçüsünün 35 sm, ən böyünün isə 90 sm olduğu müəyyən edilmişdir. Beləliklə, aşkar edilmiş 9 ədəd kol baş müstəntiqin göstərişi ilə tərəfindən dibçəklərdən çıxarılmaqla, ağ rəngli kisəyə qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 20 iyun 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 20 iyun 2022-ci il tarixdə, saat 13:57-dən saat 14:14-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Tağay kəndində yerləşən evin həyətyanı sahəsindəki quş damının köməkçi otağına keçirilmiş baxış zamanı cəmi 5 ədəd dibçəklərdə, birinci dibçəkdə 3 ədəd, ikinci dibçəkdə 1 ədəd, üçüncü dibçəkdə 2 ədəd, dördüncü dibçəkdə 1 ədəd və sonuncu, beşinci dibçəkdə 2 ədəd olmaqla, ümumilikdə 9 ədəd çətənə bitkiləri aşkar edilmiş, habelə ölçülərkən bitkilərdən ən böyüyünün ölçüsü 90 sm, ən kiçiyinin isə 35 sm olduğu müəyyən edilmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 21 iyun 2022-ci il tarixdə verilmiş 7/665 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş doqquz ədəd yaş vəziyyətdə ümumi çəkisi 395 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata 0,18 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin çəkisi 394,82 qram qalmışdır. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş 4085 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci və 108-118-ci vərəqələrində olan müvafiq olaraq maddi sübut kimi tanımaq haqqında və cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 23 iyun və 21 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 394,82 qram olan narkotik vasitə asetilə edilən 9 ədəd çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Tağay kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk də cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 20 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 21 iyun 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "X6" MMC-də sosial işçi kimi çalışan Siyəzən rayonunun Tağay kəndində qeydiyyatda olmaqla, Siyəzən şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizəşikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, habelə yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş qalıq çəkisi 394,82 qram olan narkotik vasitə asetilə edilən 9 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Tağay kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş qalıq çəkisi 394,82 qram olan narkotik vasitə asetilə edilən 9 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Tağay kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar