Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-73/2022 08.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X13 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittihamçı X2 iştirakı ilə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10 barəsində, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Siyəzən Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh X3 qarşı “vətəndaşın şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin 26 avqust 2022-ci il tarixə, saat 14:00-a təyin olunmuş məhkəmə baxışı iclasında iddiaçının əvəzinə nümayəndəsi qismində gəlmiş “barəsində şikayət verilmiş şəxs” X10 məhkəmə prosesinin gedişi zamanı iclas zalında ona qarşı “bunların ailəsini rayonda hamı tərbiyəsiz kimi tanıyır, qardaşı (1955-ci il təvəllüdlü X4 nəzərdə tutur) narkaman olub, özünü də işdən elə yaramaz işlərinə görə qovublar kimi ifadələr işlədərək, barəsində böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. Qeyd edir ki, 26 avqust 2022-ci il tarixə, saat 14:00-da keçirilən məhkəmə prosesində işlədilən ifadələrin məzmununa dair ətraflı məlumatlar haqqında məhkəmə prosesinin gedişatının video və audio yazısına baxmaqla əldə etmək olar. Habelə, barəsində şikayət verilmiş şəxs sosial şəbəkədə “Tural Taqızadə” adı altında yazıda“… Bu yaxınlarda mənim başıma belə bir iş gəlib. Siyəzən rayon sakini X6 tərəfindən telefon vasitəsi ilə özüm, ailə üzvlərim küçə söyüşləri ilə təhqir olunub. Şəfaqət Həsənovanın bu hərəkətlərini arxasında duran şərəfsizlərin, biqeyrətlərin kimliyi mənə məlumdur. Ən azından gərək hər ikisi kişilikdən dənn vurmasınlar! Çünki birinin qızı elədir, bu birininki isə belədir…” Bundan əlavə, Tural Tağızadənin onu təhqir etməsi bu gündə davam edir. Belə ki, o, şəhid ailəsi ilə Quba rayonuna səyyar qəbula getdiyinə görə Tural Tağızadə sosial şəbəkədə paylaşım edib ki, “bir sürü itlər yığışıb şikayətə gediblər”. Odur ki, X10 barəsində, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tammilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək, izahatında bildirdi ki, təxminən 15 il müddətində pensiya fondunda baş mühasib, baş inspektor vəzifərində işləmiş, habelə Qızıl Aypara Cəmiyyətinin rayon üzrə inspektoru olmuş, bundan başqa, Siyəzən rayon İnternat məktəbində baş mühasib vəzifəsində işləmişdir. 26 avqust 2022-ci il tarixə, saat 14:00-da keçirilən məhkəmə prosesində Tural Tağıyev onun qardaşının narkoman olduğunu bildirmişdir, halbuki qardaşı xərçəng xəstəliyindən ölmüş, habelə rayonda sayılıb, seçilən insanlardan olmuşdur. Bundan başqa, 2021-ci il dekabr ayında Siyəzən rayon prokurorluğundan daxil olmuş telefon zənginə əsasən o, rayon prokurorluğuna dəvət olunmuş, habelə telefon zəngi zamanı barəsində DTX-ya şikayət olunduğu məlumu olmuşdur. Rayon prokurorluğuna getdiyində, Tural Tağıyevin onun barəsində DTX-ya şikayət etdiyini bilmiş, bu barədə sonuncunu anası Seyitxanım Rzayevadan soruşduqda isə, sonuncu oğlunun ruhi xəstə olmasını, ona baş qoşmamasını bildirmişdir. Bundan əlavə, Tural Tağıyev barəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmiş, müraciətinə cavab olaraq ona hüquq mühafizə orqanına və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, Tural Tağıyevevə qanuna müvafiq qaydada cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, hazırlıq iclasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, həmin Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətləridir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymada ifadə olunur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş böhtan cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyətinə səbəb olan əməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, xüsusi ittihamçının məhkəmə iclası zamanı şikayət ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutların təqdim etdiyi sənədlərdən ibarət olduğunu, bütün məsələləri şikayətində ətraflı göstərdiyini bildirməsi, eləcə də bununla kifayətlənməli olduğunu qeyd etməsi, onun şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut və ya sənədə malik olmamasına dəlalət edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Qərarına görə yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə daxil etmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin faktiki hallarından da göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Tural Tağıyev yalan olduğunu bilə-bilə Şəfaqət Həsənovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymamış, ağır və ya xüsusilə ağır cinayətlə ittiham etməklə, ona böhtan atmamış, habelə böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamış, habelə bunun əksi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Qeyd olunan Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Eyni zamanda bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu CPM-in 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, ehtimal olunan əməlin şikayətçiyə münasibətdə baş verməsinin hansı digər sübutlarla təsdiq edilməsinə dair mötəbər sənəd və ya sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 293-cü maddəsinin İİİ hissəsinin İV bəndinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. Qeyd olunan Məcəllənin 302-ci maddəsinin İ hissəsinin İİİ, Vİ və Vİİ bəndlərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(059)-73/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-73/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver