Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-76/2021 16.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 16 dekabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 19 avqust 2021-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evdə karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 26 avqust 2021-ci il tarixdə axşam saatlarında karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı idarə etdiyi **-PZ-*** dövlət qeydiyyat nişanlı, Khazar SD markalı minik avtomobili ilə tərk edərək, yeni növ “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə təxminən saat 23:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində idarə etdiyi avtomobil ilə Siyəzən RPŞ-nin DYPB-nin və PPXT-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evdə ailə üzvləri ilə birlikdə yaşamaqla, rəsmi olaraq heç bir yerdə işləməsə də, istifadəsində olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı minik avtomobili ilə taksi kimi fəaliyyət göstərir. İşi ilə əlaqədar 18 avqust 2021-ci il tarixdə, axşamüstü Bakı şəhərində olarkən özünü narahat hiss etdiyi və bədən hərarətinin yüksək olduğu üçün hər hansı sərnişin götürməyərək, yaşadığı Siyəzən rayonuna qayıtmaq qərarına gəlmiş, rayona gəlib çatdıqdan sonra evə getmədən səhhətində yaranan narahatçılığın səbəbini öyrənmək üçün birbaşa Siyəzən rayon X1 yaxınlaşmışdır. X3 Şöbəsinə müraciət edərək, orada olan həkimlərə özünü narahat hiss etdiyini, COVİD 19 xəstəliyinə yoluxubyoluxmadığını öyrənmək üçün test vermək istədiyini bildirmiş, həkimlər ona özündə hansı narahatçılıqlar keçirdiyini sorğu-sual edərək, ətraflı maraqlandıqdan sonra bədən hərarətini ölçməyə qərar vermiş, bu zaman hərarətinin yüksək olduğu müəyyən olmuşdur. Bundan sonra, həkimlər COVİD 19 infeksiyası ilə bağlı burnundan və ağız hissəsindən yaxma analizi götürmüş, analizinin cavabının bir gün ərzində veriləcəyini, neqativ və ya pozitiv olacağı təqdirdə, həmin məlumatın mobil telefonuna mesaj şəklində göndəriləcəyi barədə məlumat verilmiş, habelə ona testinin nəticəsi bilinənədək yaşadığı ünvanı tərk etməməsi və kənar şəxslərlə ünsiyyətə girməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Daha sonra, o yaşadığı evə gələrək heç bir yerə çıxmamışdır. 19 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə COVİD 19 infeksiyasına qarşı verdiyi testin nəticəsinin pozitiv çıxdığı və yeni növ koronovirus infeksiyasına yoluxduğu müəyyən olunmuşdur. Həmin vaxt SMS ilə yanaşı xəstəxanadan da zəng vurularaq verdiyi testin nəticəsinin pozitiv olduğu və bununla əlaqədar xəstəxanaya yaxınlaşmalı olduğu bildirilmiş, ora yaxınlaşdıqdadan sonra 14 gün ərzində özünü təcrid edərək, ev şəraitində müalicə olunmalı olduğu diqqətinə çatdırılmış, bununla bağlı iltizam təqdim edilmiş, habelə o, bu iltizamla tanış olaraq onu imzalamışdır. Xəstəxanadan sahə həkiminin nömrəsini aldıqdan sonra yaşadığı evə qayıtmış, ona növbəti analizinin vaxtı 01 sentyabr 2021-ci il tarixə təyin olunmuş, həmin müddətədək, yəni 19 avqust 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək evdə özünü təcrid şəraitində qalması nəzərinə çatdırılmışdır. Daha sonra, arvadı X4, qızları Fatimə və Aliyə də özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya gedərək, yaxma analizi vermiş, habelə qızlarının testlərinin cavabı müsbət çıxmış və koronovirus infeksiyasına yoluxduqları müəyyən olunmuş arvadının testinin cavabı isə neqativ çıxmışdır. Buna baxmayaraq, arvadı Könül Novruzova yeni növ COVİD 19 xəstəliyinə tutulmuş şəxslər ilə təmasa görə onun da karantinə alınması qərara alınmışdır. Bir müddət evdə özünü təcrid şəraitində qalıb müalicə olunduqdan sonra dərmanlarının qurtardığını görüb dərman almaq məcburiyyətində qalaraq, yaşadığı evi tərk etmək qərarına gəlmiş, bunun üçün o, 26 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində istifadəsində olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı minik avtomobilinə əyləşərək yaşadığı ünvanı tərk etmişdir. İdarə etdiyi avtomobil ilə Şabran rayonu istiqamətində hərəkət edərək, Siyəzən rayonunun ərazisini tərk etmiş, orada dostu Azaddan dərmanları götürüb, yenidən Siyəzən şəhəri istiqamətində hərəkətdə olarkən Heydər Əliyev küçəsində X9 Xidmətinin əməkdaşı idarə etdiyi avtomobili saxladaraq, ona yaxınlaşmışdır. Polis əməkdaşı özünü təqdim etdikdən sonra onun şəxsiyyətini dəqiqləşdirərək COVİD 19 xəstəsi olduğu halda hansı səbəbdən yaşadığı ünvanı tərk edib xəstəliyin yayılması üçün real təhlükə yaratdığını soruşmuş, o, isə yalandan polis əməkdaşına özünü təcriddə olma vaxtının bitdiyini və sağaldığını deyərək, idarə etdiyi avtomobilə əyləşməklə, birbaşa yaşadığı ünvana getmişdir. Ora çatdığında digər polis əməkdaşlarının da evinin qarşısında olduğunu görüb, dərhal avtomobildən düşərək, yaşadığı evin qapısından içəri daxil olmuşdur. Daha sonra, polis əməkdaşları tərəfindən özünü təcrid qaydalarını pozduğuna görə barəsində cinayət işinin başlanılması barədə məlumatlandırılmış, o, isə törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Bundan sonra, 14 günün tamamında özünü yaxşı hiss etdiyi üçün sağalıb-sağalmadığını öyrənmək məqsədilə sahə həkimi ilə danışaraq test vermək istəmiş, buna görə yaşadığı evə təcili tibbi yardım briqadasını çağırmış, habelə ondan növbəti yaxma analizini götürülmüş, sonuncu analizin cavabı isə neqativ olmuş, bununla əlaqədar istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə məlumat xarakterli mesajlar da gəlmişdir. O, sonuncu test analizinin “neqativ” olması ilə bağlı mesaj gəldikdən sonra həkimlə bir daha əlaqə saxlayıb ona bu barədə məlumat vermiş, həkimin çağırışı əsasında xəstəxanaya getmişdir. Özünü təcriddə olduğu müddət ərzində yalnız bir dəfə, yəni 26 avqust 2021-ci il tarixdə yaşadığı ünvanı tərk etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 26 avqust 2021-ci il tarixdə, saat 09:00 təlimatında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “TƏBİB”-in X2 X5 şəxsindən COVİD-19 xəstəliyi ilə əlaqədar evdə təcriddə olan xəstələrin adlı siyahısı barədə məlumat verilmişdir. Həmin gün post yoldaşı Şahid3lə **-PB-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı avtomobil ilə Siyəzən şəhərinin H.Əliyev küçəsində xidmətdə olarkən RPŞnin DYP bölməsinin baş dövlət avtomobil müfəttişi Şahid1 telefon ilə əlaqə saxlayaraq adı təlimatda təqdim olunmuş COVİD -19 xəstələrinin siyahısında olan Təqsirləndirilən şəxs H.Əliyev küçəsində yerləşən marketlərin birinə girdiyini, daha sonra oradan çıxaraq idarə etdiyi **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobil ilə sözügedən küçədə hərəkətdə olduğunu bildirib, görəcəkləri təqdirdə, onu saxlayaraq, yaşadığı ünvana qayıtmasını təmin etmələrini tapşırmışdır. Bu vaxt o, post yoldaşı Şahid3lə birlikdə qeyd olunan küçə ilə hərəkət edərkən Təqsirləndirilən şəxs idarə etdiyi **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvana tərəf hərəkət etdiyini görmüşdür. Müşahidə etdikləri proses xidmət apardığı avtomobilin videokamerası vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi Şahid1 ilə birlikdə onun arxasınca getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqlarında Şahid1 avtomobildən düşərək, Təqsirləndirilən şəxs yaxınlaşmaq istəyərkən sonuncu dərhal avtomobildən enərək yaşadığı evin həyətinə daxil olmuşdur. Təlimata əsasən müalicəsini özünü təcrid formada yaşadığı ünvanda davam etdirməli olan COVİD-19 xəstələri aşkar olunduqları təqdirdə, onların yaşadıqları ünvana qaytarılması təmin olunmalı olduğuna görə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olandan sonra onun arxasınca getməmişlər. Daha sonra, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq, özünü təcriddə olduğu ünvanı tərk etməklə, idarə etdiyi avtomobil ilə rayon ərazisində hərəkətdə olması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin X10 Bölməsinin baş dövlət avtomobil müfəttişi Şahid1 ifadəsində göstərdi ki, 26 avqust 2021-ci il tarixdə, saat 09:00 təlimatında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “TƏBİB”in X2 X5 şəxsindən COVİD-19 xəstəliyi ilə əlaqədar evdə təcriddə olan xəstələrin adlı siyahısı barədə məlumat verilmişdir. Həmin gün o, Siyəzən RPŞ-də əməliyyat-istintaq qrupunun rəhbəri olarkən postları yoxlamaq üçün xidməti əraziyə çıxmış, habelə **-YP-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtopatrul maşını ilə Siyəzən şəhərinin H.Əliyev küçəsində hərəkətdə olarkən adı təlimatda təqdim olunmuş COVİD-19 xəstələrinin siyahısında olan Təqsirləndirilən şəxs həmin küçədə yerləşən marketlərin birindən çıxaraq idarə etdiyi **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobilə əyləşərək, hərəkət etməyə başladığını görmüşdür. Bundan sonra, o, həmin avtomobili sözügedən küçədə saxladaraq Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu ilə ara məsafəsi saxlamaqla, özünü təqdim edib, videoçəkiliş vasitəsi ilə ona COVİD-19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğu halda hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq, yaşadığı ünvanı tərk etdiyini soruşduğunda, sonuncu koronavirusa yoluxduğunu etiraf etsə də, yalandan özünü təcriddə olma müddətinin bitdiyini bildirmiş, həmçinin idarə etdiyi avtomobilə əyləşərək, dərhal həmin yerdən uzaqlaşmışdır. Bundan sonra, o, postları yoxlamağa davam etmiş, habelə Təqsirləndirilən şəxs yenidən Siyəzən şəhəri, H.Əliyev küçəsi ilə hərəkət etdiyini görüb dərhal saxlanmasından ötrü əlavə olaraq bu barədə həmin vaxt sözügedən küçədə xidmət aparan Post Patrul Xidməti əməkdaşlarına məlumat vermiş, eyni zamanda, onun arxası ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olarkən Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evə tərəf döndüyünü görüb, həmin vaxt artıq orada olan Post Patrul Xidməti əməkdaşları ilə birlikdə onun arxasınca hərəkət edib, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında avtomobili saxladığını görmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs onları görüb, avtomobildən düşmüş, o, da avtomobildən düşərək, Təqsirləndirilən şəxs yaxınlaşmaq istəyərkən sonuncu yaşadığı evin həyətinə daxil olmuşdur. Təlimata əsasən müalicəsini özünü təcrid formada yaşadığı ünvanda davam etdirməli olan COVİD-19 xəstələri aşkar olunduqları təqdirdə, onların yaşadıqları ünvana qaytarılması təmin olunmalı olduğuna görə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olandan sonra onun arxasınca getməmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq, özünü təcriddə olduğu ünvanı tərk etməklə küçəyə çıxması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqəsində olan X2 X6 Şəxsin 28 avqust 2021-ci il tarixli, 994 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X8 Əleyhinə Stansiyaya göndərilmişdir. 19 avqust 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan 19 avqust 2021-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 19 avqust 2021-ci il tarixindən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-ci vərəqəsində olan X2 X6 Şəxsin 16 sentyabr 2021-ci il tarixli, 1051 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X8 Əleyhinə Stansiyaya göndərilmişdir. 19 avqust 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuşdur. Yenidən 01 sentyabr 2021-ci il tarixində Nazofarengial yaxma götürülmüş, 02 sentyabr 2021-ci il tarixində müayinənin nəticəsi neqativ (mənfi) olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-105-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 19 avqust 2021ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 14 gün ərzində yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evdə özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 2 ədəd, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt Disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 sentyabr 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 31-41-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli, 1(059)-2/2012 saylı hökmünün surətindən görünür ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum olunmaqla, 14 mart 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan 02 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-ci vərəqəsində olan X2 X6 Şəxsin 16 sentyabr 2021-ci il tarixli, 175 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci ildən “Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları (F11)” diaqnozu ilə Siyəzən MDM phş-in poliklinika şöbəsində narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də işin 63-64-cü vərəqələrindəki doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, himayəsində 28 sentyabr 2009-cu il təvəllüdlü Aliyə adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 nömrəli evdə qeydiyyatda olaraq yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini və əvvəllər qəsdən eyni təsnifatdan olan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, barəsində yüngülləşdirici halların olmasını, xüsusilə himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 2 ədəd, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 2 ədəd, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-76/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-76/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver