Məhkəmə qərarları › İş №1(059)-8/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-8/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-8/2022 25.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 25 yanvar 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1978-ci ildə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,467 qram ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini və 2021-ci ilin iyun ayının əvəllərində 1 ədəd əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə bitkisini 1 ədəd dibçəkdə əkib, aqrotexniki qaydada qulluq göstərərək, yetişdirib, kultivasiya etmiş və onun bir hissəsini qurutmaqla, kustar üsulla 118,33 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, yaşadığı ünvanda saxlamış, 20 sentyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evə və həyətyanı sahəsinə keçirilən baxış zamanı, evin həyətində yardımçı tikilinin içərisində 1 ədəd qəhvəyi rəngli karton qutuda ümumi təmiz çəkisi 60 qram narkotik vasitə qurudulmuş marixuana və hər birinin ayrı-ayrılıqda ümumi təmiz çəkiləri 0,760 qram və 1,965 qram 2 ədəd ağ rəngli kağız bükülülərdə narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evin yataq otağında olan güzgünün qarşısından 1 ədəd şəffaf rəngli sellofanda ümumi təmiz çəkisi 55 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli bükülüdə ümumi təmiz çəkisi 0,605 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli siqaret kağızı bükülüsündə əlavə 1 ədəd gümüşü rəngli büküləyə bükülmüş ümumi təmiz çəkisi 0,467 qram ağ kristalşəkilli psixotrop maddə metamfetamin və bağ sahəsindən nəm vəziyyətdə təmiz çəkisi 990 qram 1 ədəd çətənə kannabis bitkisinin hissəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təxminən 3-4 ilə yaxın olar, narkotik vasitə qurudulmuş marixuanadan, düşəndə isə psixotrop maddə metamfetamindən istifadə edir. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı evin həyətində yabanı halda tərkibində narkotik maddə olan çətənə bitkisinin bitdiyini görüb, həmin çətənə kolunu 1 ədəd qara rəngli plastik borunun içərisində əkərək ona qulluq etmiş və həbs olunmamışdan təxminən 20 gün qabaq həmin çətənə kolunu qurutmaqla, qurudulmuş marixuna əldə etmişdir. Bundan başqa, 18 sentyabr 2021-ci il tarixdə yaşadığı evə gələrkən oranın yaxınlığında yerləşən mağazanın qarşısından içərisində bir ədəd bükülü, onun da içərisində psixotrop maddə olan metamfetamin olan bükülü tapmış və həmin bükülünü yaşadığı ünvana aparmışdır. Bundan sonra, sözügedən narkotik vasitələri yaşadığı evdə istifadə edərkən anası Rəhilə bundan xəbər tutmuş və ona üzərində cəza ola-ola pis vərdişdən uzaq dura bilmədiyini, yenidən narkotik vasitə istifadə etməyə başladığını bildirdiyində, narkotik vasitənin təsiri altında onunla mübahisə etməyə başlamışdır. Sonra, anası bu hərəkətlərindən bərk qorxaraq Azərbaycan Respublikası DİNin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və məlumatdan sonra, polis əməkdaşları yaşadığı ünvana gələrək üzərinə axtarış və yaşadığı ünvana isə baxış keçirəcəklərini bildirmişlər. Bundan əvvəl isə hüquq və vəzifələri izah olunmuş, həmçinin müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra, anasının Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciəti və özünün dəvəti əsasında polis əməkdaşları yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Bu zaman təklif əsasında şəxsi istifadəsi üçün evin yardımçı tikilisinin içərisində yerdə olan 1 ədəd qəhvəyi rəngli karton qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri göstərmiş, daha sonra həmin yardımçı tikilinin divarına yaxın yerdə 2 ədəd ağ rəngli kağız bükülülərdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Sonra, polis əməkdaşları tərəfindən ilk olaraq karton qutuda olan kütlələr 1 ədəd ağ rəngli sintetik torbaya yerləşdirilmiş, bundan sonra 2 ədəd ağ rəngli kağız bükülülərdə olan kütlələr də 1 ədəd ağ rəngli zərfə qablaşdırılmış, daha sonra zərfin və sintetik torbanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Hər iki qablaşdırılma yardımçı tikilidən çölə çıxardılaraq çöldə olan masanın üzərinə qoyulmuşdur. Bundan sonra, təklif əsasında iştirakçıları yaşadığı evə dəvət etmiş, orada yatağ otağında, güzgünün qarşısında 1 ədəd şəffaf sellofan torba və 2 ədəd ayrı-ayrı bükülü aşkar edilmişdir. İlk olaraq şəffaf rəngli sellofan torbaya baxış keçirilərkən onun içərisində yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuş və şifahi sorğu zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra, güzgünün qarşısında aşkar edilmiş 1 ədəd gümüşü rəngli bükülüyə baxış keçirilərkən onun da içərisindən yaşıl rəngli narkotik vasitəyə marixuanaya bənzər kütlə, bundan sonra, 1 ədəd qara rəngli bükülünün içərisində əlavə 1 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Daha sonra, 1 ədəd şəffaf rəngli sellofan torba və 2 ədəd bükülülər 2 ədəd ayrı-ayrı ağ rəngli zərflərdə qablaşdırılmış, üzəriləri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, yaşadığı evin qonaq otağında razılığı əsasında üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, yaşadığı evdə, həmçinin orada olan yardımçı tikilidə aşkar olunmuş qurudulmuş marixuana kütləsini yaşadığı evin həyətyanı sahəsində yabanı halda bir ədəd çətənə kolunun budaqlarından əldə etdiyini, həmin çətənə kolunun budağının yaşadığı evin bağ sahəsində olduğunu bildirib, polis əməkdaşlarını oraya dəvət etmiş, habelə həmin budağı yerdən götürərək, polis əməkdaşlarına təqdim etmiş və həmin 1 ədəd çətənə kolunun budağı da müvafiq qaydada 1 ədəd sintetik torbada qablaşdırılaraq, üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra, yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib olunmuş protokol doğru olduğundan, iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermişdir. Yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitələri saxlamaqda məqsədi onları gələcəkdə öz şəxsi tələbatına uyğun istifadə etmək olmuş, evə baxış keçirilərkən ailə üzvləri ilə aralarında münaqişə olduğundan, qara rəngli bükülüdə olan kütlənin yalandan arvadı Ramidə tərəfindən gətirildiyini bildirmiş, lakin həmin kütlə ona məxsus olmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı Şahid2 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-də əməliyyat qrupunun üzvü kimi xidmətdə olarkən Təqsirləndirilən şəxs anası Şahid5 DİN-in 102 xidmətinə müraciət edərək oğlunun narkotik vasitə istifadəçisi olması və evdə münaqişə yaratması barədə məlumat vermişdir. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə onda məlumat olduğunu və bu məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunduğunu və həmin qərarın Siyəzən RPŞ-nin rəisi tərəfindən təsdiq edildiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün uyğun vaxt olduğundan həmin gün əməliyyat qrupunun üzvləri olan Siyəzən RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid1, növbətçi hissənin polis nəfəri-sürücü Şahid3 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X3 ilə birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə getməyə qərar vermişlər. Faktla bağlı araşdırma aparılması isə Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X5 həvalə olunmuşdur. Bundan sonra, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq keçiriləcək tədbirlə bağlı məlumatlandırılmış, habelə RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 20 sentyabr 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndinə gedərək, ətrafı müşahidəyə etməyə başlamışlar. Bu zaman onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayandığını görüb, sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu və müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, o da üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs anası Şahid5 da, baxışda iştirak etməsi üçün dəvət edilmişdir. Bundan sonra, baxış keçirilməsinə başlanılmış, xidməti iş ilə əlaqədar Uçotqeydiyyat və statistika işləri qrupunun operatoru Qorxmaz Sultanov baxış və şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Baxış keçirilməsinə başlamazdan əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, daha sonra Təqsirləndirilən şəxs və anası Şahid5 yaşadıqları ünvana baxış keçirilməsinə etirazları olmaması barədə ərizəni təqdim etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri saxladığı yeri göstərməsi təklif olunduqda, o, əvvəlcə yaşadığı evin yardımçı tikilisinə keçərək ona məxsus narkotik vasitələri orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tikilinin içərisində yerdə 1 ədəd qəhvəyi rəngli karton qutunu göstərərək istifadə etdiyi narkotik vasitələrin hissələrinin qutunun içərisində olduğunu qeyd etmişdir. X9 tərəfindən həmin karton qutuya baxış keçirilərkən oradan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra, yardımçı tikilinin içərisindəki tikilinin divarına yaxın yerdə 2 ədəd ağ rəngli kağız bükülülərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən əvvəlcə karton qutuda olan kütlələr 1 ədəd ağ rəngi sintetik torbaya yerləşdirilmiş, habelə qablaşdırılmaqla, zərfin üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, sintetik torbaya yerləşdirilmiş 1 ədəd karton qutusu da müvafiq qaydada qablaşdırılmış, üzəri möhürləndikdən sonra imzalanmışdır. Daha sonra, əlavə təklif əsasında Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxlamasını bildirərək iştirakçıları ora dəvət etmiş, həmçinin o, giriş qapısı ilə üzbəüz otağın yanında sol tərəfdə yerləşən özünə məxsus yataq otağını göstərərək həmin narkotik vasitələri orada saxladığını bildirmişdir. Yataq otağına baxış keçirilərkən orada güzgünün qarşısında 1 ədəd şəffaf sellofan torba və 2 ədəd ayrı-ayrılıqda bükülülər müəyyən olunmuşdur. Əvvəlcə, şəffaf sellofan torbaya baxış keçirilmiş və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu aşkar edilmiş, habelə Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli bükülülərə baxış keçirilmiş, gümüşü rəngli bükülüdə içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə, qara rəngli bükülüdəki əlavə 1 ədəd gümüşü rəngli bükülüdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmetlər müvafiq qaydada qablaşdırılmaqla, üzəri möhürlənmiş, həmçinin iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, müstəntiq tərəfindən qonaq otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi elan olunmuş, bundan əvvəl ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirərək, şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri haradan əldə etməsi soruşulmuş, o, isə həmin kütlələri evin həyətyanı sahəsində dibçəkdə qulluq göstərdiyi 1 ədəd çətənə kolundan əldə etdiyini qeyd edib, kolun 1 ədəd budağının olduğu yeri göstərə biləcəyini bildirmiş, habelə evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin aşağı hissəsinə irəliləyərək 1 ədəd çətənə koluna qulluq göstərdiyi yeri göstərmiş, ora baxış keçirilərkən 2 ədəd ayrı-ayrılıqda yarıdan kəsilmiş plastik materialdan olan borulardan kustar üsulla hazırlanmış və dibçək formasına salınmış qabların olduğu müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs 1 ədəd çətənə koluna aid budağı otluq ərazidən yerdən götürərək təqdim etmiş, habelə budaq torpaq qatı ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, evdən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, baxışla bağlı tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin polis nəfərisürücü Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla, uzun müddət olar narkotik vasitə istifadəçisidir. Bununla bağlı Ceyhun əvvəllər də məhkum olunduğundan üzərində məhkumluğu vardır. Oğlu Ceyhun narkotik vasitənin təsiri altında onlarla münaqişələr yaratmış və onların rahat yaşamalarına imkan verməmişdir. Bu səbəbdən arvadı Şahid5 20 sentyabr 2021-ci il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək, bu barədə məlumat vermiş, habelə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən yaşadıqları Siyəzən rayonunun Yenikənd kəndindəki evə baxış zamanı oradan 1 ədəd çətənə bitkisi hissəsi, 2 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bükülüdə metamfetamin, əlavə 2 ədəd bükülüdə və 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı Ceyhun aşkar edilmiş psixotrop maddənin gəlini Ramidə Alışovaya məxsus olmasını bildirsə də, oğlu bu barədə yalan məlumat vermişdir. Belə ki, gəlini Ramidə narkotik vasitə istifadəçisi deyildir və heç vaxt belə bir vərdişi olmamışdır. Daha sonra, oğlu Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə aparılmış, lakin onda “Covid-19” virusu aşkar edildiyindən oğlunun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməklə, sonuncu evə buraxılmış, habelə həmin vaxtdan tutularaq həbs edildiyi 12 oktyabr 2021-ci il tarixədək evdə ailə üzvləri ilə münaqişə yaratmış və mübahisələr etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 6/4158-7/966 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs.......karton qutuda...” yazı və imzalar olan torbada 1 ədəd karton qutuda təmiz çəkisi 60 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs.......çətənə bitkisinin 1 ədəd çubuğu...” yazı və imzalar olan torbada 1 ədəd nəm vəziyyətdə təmiz çəkisi 990 qram bitki hissəsi çətənə (kannabis) bitkisinin hissəsidir. Bundan əlavə, rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs.......2 ədəd ayrı-ayrı bükümlərdə...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,605 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,467 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə-metamfetamindir. Eyni zamanda, rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs.......2 ədəd ağ rəngli kağız bükülülərdə...” yazı və imzalar olan zərfi açdıqda içərisində 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,760 qram və 1,965 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bundan başqa, rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs.......1 ədəd ağ sellofan torbada..” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim edilmiş çətənə bitkisinin gövdəsinin üzərində yarpaqlar olmadığından marixuanalar arasında eynilik tədqiqatı aparılmamışdır. Tədqiqata 0,25 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 118,08 qram, 0,05 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,417 qram, 0,05 qram sərf edildikdən sonra bitki hissəsinin qalıq çəkisi 989,95 qram təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 oktyabr 2021-ci il tarixdə verilmiş, 3981 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiaoidlərin və psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 20 sentyabr 2021-ci il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 20 sentyabr 2021-ci il tarixdə saat 08:30-dan saat 09:04-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki evə və həyətyanı sahəsinə keçirilən baxış zamanı, evin həyətində yardımçı tikilinin içərisində ittihamın əsasını təşkil edən 1 ədəd qəhvəyi rəngli karton qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd ağ rəngli kağız bükülülərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, yaşadığı evin yataq otağında olan güzgünün qarşısından 1 ədəd şəffaf rəngli sellofanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd qara rəngli siqaret kağızı bükülüsündə əlavə 1 ədəd gümüşü rəngli büküləyə bükülmüş ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və bağ sahəsindən nəm vəziyyətdə 1 ədəd çətənə kannabis bitkisinin hissəsi aşkar olunaraq götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkilişlər edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-69-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 21 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də işin 141-157-ci vərəqələrində olan 26 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 21 sentyabr 2021-ci il tarixli ittiham, eləcə də 12 oktyabr 2021-ci il tarixdə onun barəsində Siyəzən Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun əməlində CM-nin 234.2, 296.1 və 237.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 118,08 qram təşkil edən narkotik vasitə olan marixuana, 0,417 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 989,95 qram qalıq çəkidə çətənə kannabis bitkisinin hissəsi maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və yaşadığı ünvana keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2021-ci il tarixli tələbnaməsindən, işin 110-113-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(059)-24/2021 saylı hökmündən, eləcə də iş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 25 noyabr 2021-ci il tarixli, 2573/2021-64-1 nömrəli və 25 yanvar 2022-ci il tarixli, 159/2022-64-1 nömrəli məktublarından, həmçinin Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 7(059)-56/2021 saylı qərarından görünür ki, Alışov X4 Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 iyun 2021-ci il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, 12 oktyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 ay 09 gün həddində müəyyən edilməklə, həbs etmənin əvvəli həmin gündən hesablanmış, sonradan Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə, ona bu məhkəmənin 18 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş qəti cəza 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 il 07 ay 24 gün hissəsi 01 il azaldılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 24 gün hissəsi qalmaqdadır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 20 sentyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan 21 sentyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 4(059)-48/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 ay 09 gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-122-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, şəxsiyyət vəsiqəsi məlumatlarından, eləcə də doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 29 iyul 2005-ci il təvəllüdlü Ləman və 30 oktyabr 2006-cı il təvəllüdlü Aidə adında yetkinlik yaşına çatmayan 2 övladı olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də himayəsində 2 yetkinlik yaşına çatmayan övladı olub, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 may 2021-ci il tarixli, 1(059)-24/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 may 2021-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, ağırlaşdıran halın olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 2/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci tarixli, 1(059)-24/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 118,08 qram təşkil edən narkotik vasitə olan marixuana, 0,417 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 989,95 qram qalıq çəkidə çətənə kannabis bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 20 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və yaşadığı ünvana keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(059)-24/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 118,08 qram təşkil edən narkotik vasitə olan marixuana, 0,417 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 989,95 qram qalıq çəkidə çətənə kannabis bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 20 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və yaşadığı ünvana keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar