Məhkəmə qərarları › İş №1(059)-8/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-8/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-8/2023 07.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 07 fevral 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Sabir küçəsi, ev 20 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,315 qram narkotik vasitə heroini üzərində saxlamış, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Siyəzən şəhərinin M. Müşfiq küçəsi ərazisində saxlanılıb, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan üst balaca cibindən 1 ədəd qızılı rəngli siqaret kağızının içərisində 3 ədəd qızılı rəngli siqaret kağızı bükülülərində hər birinin ayrı-ayrılıqda çəkiləri 0,101 qram, 0,117 qram və 0,097 qram olmaqla, ümumilikdə 0,315 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, narkotik vasitə heroindən təxminən 1 il olar çəkmək üsulu ilə istifadə etmişdir. 11 oktyabr 2022-ci il tarixdə, axşamüstü evdən çıxıb, yaşadığı məhəllədə hərəkətdə olarkən təxminən saat 17:00 radələrində yerdən tapdığı, habelə içərisində heroin olan siqaret kağızı bükülüsünü evdə istifadə etmək üçün özü ilə götürmüşdür. Həmin gün, saat 20:00 radələrində Mazan adlı şəxslə təsadüfən görüşərək, söhbət edərkən polis əməkdaşları ona şübhəli şəxs qismində yaxınlaşıb, özlərini təqdim etmiş, həmçinin aparıldığı RPŞ-də hər hansı bir kənar təsir və ya təzyiq olmadan törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, üzərindəki bükümləri polis əməkdaşlarına təqdim etmişdir. O, əvvəllər narkotik vasitələri pul verməklə, əldə etsə də, üzərində aşkar olunmuş bu bükülüləri tapmış, eyni zamanda narkotik vasitə olan heroini bükümlərə özü ayırmamış, əksinə heroin bükümlərə ayrılmış şəkildə olmuşdur. Bundan əlavə, o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan ay yarım sonra ciddi şəkildə müalicəyə başlamaqla, yanaşı təxminən iki ay olar heroindən istifadə etmir. Digər tərəfdən himayəsində azyaşlı uşağı olmaqla, əməlindən peşmançılıq çəkməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanısa da, sonuncu ilə əyani münasibətləri, habelə düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 oktyabr 2022-ci il tarixdə tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilməklə, Ehtimad müşahidəyə götürülmüş, həmçinin həmin gün, təxminən saat 20:00 radələrində, Siyəzən şəhərinin M.Müşfiq küçəsində Ehtimadın Mazan adlı şəxslə birlikdə hərəkətdə etdiyini müəyyən edib, onlara yaxınlaşaraq, özlərini təqdim etmiş, habelə həmin şəxsləri şübhələri ilə əlaqədar polis şöbəsinə dəvət etmiş, Ehtimad və Mazan isə buna etiraz etməyib, onlarla birlikdə RPŞ-yə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin sonuncuya Müdafiəçi qismində təqdim edilərək, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman Ehtimad səmimi şəkildə üzərindəki bükülünü müstəntiqə təqdim etmiş və həmin bükülünün içərisində heroin olduğunu bildirmişdir. Daha sonra, bu bükülü zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Bundan əlavə, Mazan adlı şəxsin üzərində də şəxsi axtarış aparılsa da, sonuncudan qanunazidd hər hansı bir əşya aşkar edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumat onun narkotik vasitələrin satışı ilə bağlı deyil, istifadəsi barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-37-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 6/5888 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №96” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd qızılı rəngli siqaret kağızının içində olan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,101 qram, 0,117 qram, 0,097 qram ümumi təmiz çəkisi 0,315 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata 0,09 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,225 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş 6325 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 11 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:49-dan saat 21:02-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan göy rəngli cins şalvarının sağ yan üst kiçik cibindən 1 ədəd qızılı rəngli siqaret folqasının içərisində olan 3 ədəd qızılı rəngli siqaret kağızı bükülülərində aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci və 107-115-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 13 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və 05 yanvar 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 13 oktyabr 2022-ci il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:49-dan 21:02-dək olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində onun üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 91-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-cü vərəqəsində olan 13 oktyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-98-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, doğum haqqında şəhadətnamənin surətindən, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, eləcə də Siyəzən Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(059)-153/2023 saylı qərardadından və iddia ərizəsinin surətindən görünür ki, himayəsində 09 oktyabr 2019-cu il təvəllüdlü Yusif adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən şəhərinin Fizuli küçəsindəki 75 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs arvadı Rəqsanə İbrahimova ərinin pis vərdişləri səbəbindən aralarında narazılıqlar, hətta münaqişlərin yarandığını göstərməklə, ona qarşı “nikahın pozulması və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, habelə bu iddia tələbi icraata qəbul edilərək, məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 05 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitələri bükümlər halında saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini son zamanlara qədər davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvləri ilə münaqişəli olmasını, həmçinin qeyd olunan halın onun himayəsindəki azyaşlı uşağın tərbiyəsinə mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 11 oktyabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 11 oktyabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompact disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar