Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-81/2022 29.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 29 noyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 0,216 qram təşkil edən psixotrop maddə olan metamfetamini avtomobilində saxlamış, 19 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin və BDYP İdarəsinin İ tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək idarə etdiyi “Opel Meriva” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılmış, həmçinin üzərinə keçirilən şəxsi axtarış zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmasa da, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən sürücü üçün nəzərdə tutulan qapıdan bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,216 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, saxlanıldığı vaxtdan 1 ay qabaq psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 18 iyul 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb zibil atarkən, qıraqda əzilməmiş siqaret qutusu olduğunu görüb, götürmüş, qutunun içərisini açıb baxdığında isə sellofanda psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmişdir. Bundan sonra, metamfetamin kütləsindən bir qədər qıraraq “Bizon” energetik içkisinin içərisinə atıb, içkini içmiş, qalan metamfetamin kütləsini isə avtomobilinin sürücü tərəfdə olan qapısına qoymuşdur. Səhəri gün yəni, 19 iyul 2022-ci il tarixdə, səhər saatlarında keçmiş arvadı və qayınanasını Quba rayonuna toya aparmaq məqsədilə evdən çıxdığında, həmin vaxt üçün cəzaçəkmə müəssisəsindən yenicə azadlığa çıxmış Elman adlı qonşusu onu nikah dövründə yaşamış olduğu Abşeron rayonunun Xırdalan şəhərinin 27-ci məhəllədə yerləşən mənzilinə, sonra isə Nəsimi RPİyə aparmasını xahiş etmişdir. Bu məqsədlə, Elmanın əvvəllər yaşamış olduğu evə getmiş, sonuncu özünə məxsus çantaları evdən götürüb, avtomobilinə qoymuş, daha sonra isə onu Nəsimi RPİ-yə aparmışdır. Orada olarkən Elman çantalarının avtomobilində qalmasını xahiş edib, axşam götürəcəyini bildirmişdir. Daha sonra, keçmiş arvadı və qayınanasını “Xalqlar Dostluğu” metro stansiyası ərazisindən götürüb Quba rayonuna apararkən xəta törətdiyi üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən 707 saylı Stasionar Postda, saat təxminən 15:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, habelə spirtli içki və ya narkotik vasitə qəbul edib-etməməsi alkotestlə yoxlanılmış, narkotik vasitə qəbul etdiyi müəyyən olunduqdan sonra, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Siyəzən RPŞ-nin əməkdaşları və Müdafiəçi stasionar posta dəvət olunmuşlar. Müdafiəçi iştirakı ilə, habelə videoçəkilişlə avtomobilə keçirilən baxış zamanı avtomobilinin sürücü tərəfdən olan qapısından metamfetamin kütləsi, habelə avtomobilin yük hissəsindən Elmana məxsus qara rəngli, elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmış, habelə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Siyəzən RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti yoxdur, həmçinin onu ilk dəfə hadisə ilə əlaqədar görmüşdür. 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, eləcə də Siyəzən rayonunun ərazisindən keçəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Tural Cəfərov və Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXAnın l tağımının 707 saylı stasionar postunun əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Meriva” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmin postda saxlanılmış, habelə sonuncu Müdafiəçi ilə təmin edildikdən sonra, müstəntiqin iştirakı ilə ona üzərində və idarə etdiyi avtomaşına baxış keçiriləcəyi bildirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs razılığı əsasında əvvəlcə sonuncunun üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş əşya aşkar olunmamış, lakin, avtomaşına baxış keçirilərkən sürücü üçün nəzərdə tutulan qapıdan metamfetaminə bənzər kristalşəkilli kütlə, həmçinin arxa yük yerindən ağ rəngli qutudan elektron tərəzi müəyyən edilərək, götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 6/3932 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,166 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş 4086 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 19 iyul 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 19 iyul 2022-ci il tarixdə, saat 15:50-dən saat 16:04-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməsə də, onun idarə etdiyi “Opel Meriva” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə sürücü tərəfdə qapıda olan 1 ədəd şəffaf rəngli sellofanın bükülünün içərisində, yük hissədən isə ağ rəngli qutunun içərisindən 1 ədəd elektron tərəzi təsbit edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tərəzinin özünə məxsus olmadığını bildirmiş, həmçinin tərəziyə baxış zamanı işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci, 110-118-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 22 iyul və 27 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də cinayət işləri üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 21 iyul 2022-ci il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmçinin onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş qalıq 0,166 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 84-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 19 iyul 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan 21 iyul 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-100-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamədən, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(105)-636/2022 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayonunun Xırdalan şəhərindəki 26-cı məhəllədə yerləşən 21/90 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsinə yaşadığı müddət ərzində heç bir şikayət ərizəsi daxil olmamışdır. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(012)-3092/2021 saylı qətnaməsi, 06 aprel 2011-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılması, Təqsirləndirilən şəxs X2 xeyrinə 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 aprel 2021-ci il tarixdən başlayaraq hər ay üçün 175 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, 06 aprel 2011-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs yanında saxlanılmış, qətnamə, X5 ilə Təqsirləndirilən şəxs arasında 23 dekabr 2005-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 1265 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 31 avqust 2007-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılması, Təqsirləndirilən şəxs X2 xeyrinə 31 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 27 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2022-ci il tarixli qətnamə üzrə valideynlik vəzifəsini icra etməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun və Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun və Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,166 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun və Bakı şəhərinin ərazilərini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun və Bakı şəhərinin ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş qalıq çəkisi 0,166 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-81/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-81/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver