Məhkəmə qərarları › İş №1(059)-81/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-81/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-81/2023 24.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 24 oktyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1986-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(059)-55/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21 iyul 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 (on bir) ay 21 (iyirmi bir) gününü çəksə də, 12 iyul 2023-cü il tarixdə bu cəzanın 01 (bir) iİ 05 (beş) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,192 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib işlədiyi avtoyuma məntəqəsində saxlamış, 12 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanda yerləşən, işlədiyi avtoyuma məntəqəsinin qarşısında saxlanılmış, həmin məntəqəyə baxış zamanı orada olan yardımçı otaqda stolun üzərindən bir ədəd gümüşü rəngli siqaret folqası bükümündə təmiz çəkisi 0,066 qram və bir ədəd göy rəngli siqaret folqası bükümündə təmiz çəkisi 0,126 qram olmaqla, ümumi təmiz çəkisi 0,192 qram psixotrop maddə, eyni tərkibli metamfetamin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,0047 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, uzun müddət olar psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir. Bundan başqa, 2023-cü il may ayının əvvəlində Siyəzən rayonunun Zarat kəndinin sakini olmuş, mərhum Elnurdan şəxsi istifadəsi üçün iki büküm psixotrop maddə metamfetamini təmənnasız almış, habelə, həmin bükümlərin birində olan metamfetaminin bir azından ünvan 2 ünvanda yerləşməklə, işlətdiyi avtoyuma məntəqəsinin heç kəsin daxil olmadığı yardımçı otağında istifadə etsə də, digər qismini bükümlər şəklində həmin otaqdakı masanın üzərində saxlamışdır. Bundan əlavə, 12 iyul 2023-cü il tarixində, təxminən saat 19:00 radələrində işlətdiyi məntəqənin qarşısında dayanarkən əməliyyat müvəkkilləri ona yaxınlaşıb, avtoyuma məntəqəsində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, baxış, eləcə də şəxsi axtarış keçirəcəklərini qeyd etmiş, lakin o, şifahi sorğu zamanı üzərində və avtoyuma məntəqəsində narkotik vasitə olmadığını bildirmişdir. Sonra, razılıq ərizəsi əsasında Müdafiəçi iştirakı, həmçinin videoçəkiliş ilə avtoyuma məntəqəsinin yardımçı otağına baxış keçirilmiş, bu zaman orada stolun üzərindən gümüşü rəngli siqaret folqasında iki büküm psixotrop maddə metamfetamin, cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana və folqalar aşkar edilərək götürülmüşdür. Bundan sonra, üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Qeyd edir ki, narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10 gün öncə tapmışdır. Daha sonra, müvafiq sənədləşmə işləri aparılmış, habelə sənədləri imza etmişdir. Bununla yanaşı, saxlanılarkən polis əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərə məruz qalmamışdır. Hazırda əməlindən peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. 12 iyul 2023-cü il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşməklə, işlətdiyi avtoyuma məntəqəsinin yardımçı tikilisində narkotik vasitə qəbul etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında onun tərəfindən protokol tərtib edilmiş, habelə həmin gün saat 19:00 radələrində Təqsirləndirilən şəxs tərəflərindən sözügedən məntəqənin qarşısında saxlanılmışdır. Bundan sonra, vəkil Müdafiəçi kimi Təqsirləndirilən şəxs təqdim edilmiş, habelə sonuncunun razılığı ilə məntəqəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə başlanılmışıdır. Bu zaman Təqsirləndirilən şəxs məntəqənin qapısını açaraq iştirakçıları içəriyə dəvət etmiş, ilk olaraq məntəqəyə baxış keçirilsə də, oradan qanunsuz əşya aşkar edilməmiş, sonra isə məntəqənin yardımçı otağına keçirilmiş baxış zamanı orada sağ tərəfdə yerləşən stolun üzərindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan gümüşü rəngli bükülülər, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükülü və istifadə edilmiş folqalar aşkar edilmiş, habelə aşkar edilmiş predmetlər boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçilsə də, onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs baxış və şəxsi axtarışa hər hansı şikayətinin olub-olmaması soruşulduqda, sonuncu şikayətinin olmadığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3801 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs...” sözləri, müstəntiq, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümdə (Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısında yerləşən avtoyuma məntəqəsinə baxış zamanı həmin məntəqədə yardımçı otaqda stolun üzərindən götürülmüş bir ədəd gümüşü rəngli və bir ədəd göy rəngli siqaret folqası bükümündə olan kütlələr) ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qram və 0,126 qram, ümumi təmiz çəkisi 0,192 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin 2 ədəd bükümdə olan metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 ədəd gümüşü rəngli folqa parçalarının, 1 ədəd göy rəngli kağız parçasının üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata 0,06 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,132 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1014 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr” yazılar və imzalar olan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,0047 qram bitki hissəciyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın hissəciyidir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 avqust 2023-cü il tarixdə verilmiş, 5482 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 12 iyul 2023-cü il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də işin 11-ci səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli avtoyuma məntəqəsinə baxış keçirilməsinə razılıq ərizəsindən görünür ki, 12 iyul 2023-cü il tarixdə, saat 19:22-dən saat 19:38-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun işlədiyi avtoyuma məntəqəsinə keçirilmiş baxış zamanı orada olan yardımçı otaqda stolun üzərindən ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlələr bir ədəd gümüşü və bir ədəd göy rəngli siqaret folqası bükümlərində, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə isə bir ədəd kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir (Azərbaycan Respublikası CPM-in 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Bu Məcəllənin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur.). Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 15 iyul 2023-cü il tarixli maddi sübut kimi tanımaq, eləcə də işin 110-116-cı vərəqələrində olan 21 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsindən aşkar olunaraq götürülmüş 0,132 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 2 ədəd gümüşü rəngli folqa parçaları, 1 ədəd göy rəngli kağız parçası və 0,0047 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinə keçirilmiş baxış və üzərində keçirilmiş şəxsi axtarış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 87-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 04 avqust 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən, işin 103-cü vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 08 sentyabr 2023-cü il tarixli, 1383/2023-64-1 nömrəli məktubundan, eləcə də iş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(059)-55/2022 saylı hökmünün surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, habelə Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin o, həmin tarixdən 12 iyul 2023-cü il tarixədək məhkəmənin yuxarıda qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 21 gününü çəksə də, bu cəzanın 01 iİ 05 gün hissəsi çəkilməmiş qalmaqdadır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-75-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 4(059)-27/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 06 sentyabr 2015-ci il təvəllüdlü Arif və 08 iyul 2017-ci il təvəllüdlü Adəm adında iki uşağı olmaqla, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 172 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, ona aid aşkar edilərək götürülmüş narkotik vasitə olan, ümumi təmiz çəkisi 0,0047 qram təşkil etmiş marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti psixotrop maddəyə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Bununla da, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs psixotrop maddəni əldə edib, saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, ona dair hissədə narkotik vasitə marixuanaya münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan ümumi təmiz çəkisi 0,0047 qram təşkil etmiş marixuananın qanunsuz olaraq əldə edilməsinə və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(059)-55/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022ci il tarixli hökmü hələ qanuni qüvvəsini almamış, yəni 12 iyul 2023-cü il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvlərinə, o cümlədən himayəsindəki uşaqların tərbiyəsinə mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 5/12 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(059)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsindən aşkar olunaraq götürülmüş 0,132 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 2 ədəd gümüşü rəngli folqa parçaları, 1 ədəd göy rəngli kağız parçası və 0,0047 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinə keçirilmiş baxış və üzərində keçirilmiş şəxsi axtarış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 161 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(059)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) iİ 05 (beş) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsindən aşkar olunaraq götürülmüş 0,132 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 2 ədəd gümüşü rəngli folqa parçaları, 1 ədəd göy rəngli kağız parçası və 0,0047 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinə keçirilmiş baxış və üzərində keçirilmiş şəxsi axtarış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 161 (yüz altmış bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar