Məhkəmə qərarları › İş №1(059)-82/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-82/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-82/2023 31.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 31 oktyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(059)-8/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 02 iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 7(002)-1094/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, 19 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,263 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımış, 27 iyul 2023-cü il tarixdə, saat 23:55 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 04 (dörd) ədəd gümüşü rəngli siqaret folqasına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qram, 0,67 qram, 0,65 qram, 0,056 olmaqla ümumi təmiz çəkisi 0,263 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən 6-7 ildir narkotik vasitə heroindən istifadə edir, habelə sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Belə ki, cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir müddət sonra yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Bundan başqa, üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan 4 ədəd bükümü 27 iyul 2023-cü il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, X2 qəsəbəsində tanımadığı şəxsdən bir bükümü 5 manat olmaqla, ümumilikdə 20 manata almış, habelə həmin bükümləri istifadə etmək niyyəti ilə əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuş və yaşadığı Siyəzən şəhərinə qayıtmışdır. Bundan sonra, həmin tarixdə, saat 23:55 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsi ərazisində ona yaxınlaşan polis əməkdaşları narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək, onu Siyəzən RPŞ-yə dəvət etmiş, habelə razılığı əsasında RPŞ-yə aparılmışdır. Orada, Müdafiəçi də iştirakı təmin edilməklə, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən 4 ədəd gümüşü rəngli siqaret folqası bükülülərini təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, o, Xocalı şəhərinə ezam olunduğundan 31 oktyabr 2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmir, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, eyni zamanda, Siyəzən RPŞ-nin məhkəməyə ünvanladığı 31 oktyabr 2023-cü il tarixli, 3-13- 106/2-13538/2023 saylı məktubda Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid 30 oktyabr 2023-cü il tarixdən işğaldan azad olunmuş ərazilərə ezam olunduğunu, 31 oktyabr 2023-cü il tarixdə keçiriləcək məhkəmə baxış iclasında iştirak etməsinin mümkün olmadığını göstərmişdir. Beləliklə, şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək, bu barədə iştirak edəcək əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra, 27 iyul 2023-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhəri, H.Əliyev küçəsində dayanan zaman ona yaxınlaşıb, üzərinə şəxsə axtarış aparılması üçün onu Siyəzən RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. NH-də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 04 (dörd) ədəd gümüşü rəngli siqaret folqasına bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Daha sonra, müstəntiqin göstərişi əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd büküm 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4070 saylı ekspert rəyindən görünür ki, üzərində “.. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qram, 0,067 qram, 0,065 qram, 0,056 qram, ümumi təmiz çəkisi 0,263 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,08 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,183 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 80 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 avqust 2023-cü il tarixdə verilmiş 5476 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 28 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də, işin 52-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 28 iyul 2023-cü il tarixdə, saat 00:18-dən saat 00:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibində olan dörd ədəd gümüşü rəngli siqaret folqasına bükülmüş bükümdə ittihamın əsasını təşkil edən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs predmetləri sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmiş, həmçinin sonuncunun üzərində aparılan şəxsi axtarışa görə şikayət və tələbi olmamışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-ci və 97-102-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 30 iyul 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də, 30 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, habelə barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,183 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 28 iyul 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2023-cü il tarixli tələbnaməsindən, işin 129-132-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(059)-8/2021 saylı hökmünün, eləcə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 7(002)-1094/2021 saylı qərarının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 28 mart 2022-ci il tarixli, 17/291886 nömrəli məktubunun surətlərindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, 19 mart 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-68-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2023-cü il tarixli, 4(059)-31/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhərinin Şəhriyar küçəsində yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan digər məhkəmə və icra işləri barədə məlumatlara dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 10 aprel 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı şahidin məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin baş müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 30 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, eləcə də, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, habelə barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini bükümlər halında daşımasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, hazırda isə barəsində ittiham edildiyi eyni kateqoriyadan olan cinayət əməlinə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işinin olmasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,183 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərinə 28 iyul 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,183 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərinə 28 iyul 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar