Məhkəmə qərarları › İş №1(059)-84/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-84/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-84/2022 20.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 20 dekabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 12 avqust 1986-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini, güclü təsir edən maddələrə aid olan tramadol həblərini, dövriyəsinə nəzarət olunan psixotrop maddə Fenazepam həblərini və bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı olan, soyuq silah hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş bıçağı idarə etdiyi avtomobildə saxlamış, 11 iyun 2022-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin və BDYPİ-nin İ tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduğu üçün idarə etdiyi “Nissan X-Trail” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Quba yolunun 83-cü kilometrliyində hərəkətdə olan zaman idarə etdiyi avomobillə birlikdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar yol polisi postunda saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin yük hissəsindəki karton qutunun içərisində üzərində “Fila” yazısı olan çantadan 10 ədəd təsir maddəsinin ümumi miqdarı 0,500 qram təşkil edən “Tramadol 50mq” həbləri, 4 ədəd üzərilərində “Phenzepin 0,001q” göstəriciləri ola təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edən fenazepam həbləri, 2 ədəd təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən metadon həbləri, 5 ədəd üzərilərində “Tramadol 100mq/2ml” göstəriciləri olan təsir maddəsinin ümumi miqdarı 0,500 qram təşkil edən ampulalar, 1 ədəd üzərilərində “Tramadol 50mq” göstəricisi olan təsir maddəsinin ümumi miqdarı 0,050 qram təşkil edən tramdol həbi, avtomobilin sürücü üçün nəzərdə tutulmuş qabaq sol qapısının saxlanc yerindən 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı olan, soyuq silah hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 iyun 2022-ci il tarixdə, ailə üzvləri ilə birlikdə idarə etdiyi “Nissan X-trail” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qusar rayonu istiqamətində hərəkətdə olduğu vaxt Siyəzən rayonunun Zarat kəndindəki stasionar postu xeyli keçdikdən sonra, ötmə əməliyyatı etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış, habelə bu zaman öndə dostunun avtomobilinin getdiyini, buna görə ötmə əməliyyatı etdiyini, bir gün öncə Qazax rayonundan Bakı şəhərinə gəldiyi üçün ödənilməmiş cərimələrinin olduğunu bildirib, həmçinin təqsirini etiraf edib, ailəsinin də avtomobildə olduğunu qeyd etmişdir. DYP-nin əməkdaşı ilə bu minvalla söhbətləri təxminən 40 dəqiqə davam etsə də, sonradan mübahisələri yaranmış, habelə bu müddətdən sonra sonuncunun çağırışı ilə Siyəzən RPŞ-nin üç nəfər əməkdaşı postpatrul xidmətinin avtomobili ilə maşınının saxlanıldığı yerə gəlmişlər. Bundan sonra, Siyəzən rayonunun Zarat kəndindəki stasionar posta getməli olduğumuz bildirilmiş, habelə avtomobili ilə posta gəlmişdir. Orada Müdafiəçi iştirakı ilə avtomobilinə baxış keçirilərkən, avtomobilin yük yerindəki dərman qutusundan 2 ədəd metadon həbini, 10 ədəd tramadol ampulasını və B12 dərmanlarını təqdim etmiş, habelə xəstəliyi ilə əlaqədar dərmanları özü ilə avtomobilində gəzdirdiyini bildirmişdir. Qeyd edir ki, həmin dərmanlar xərçəng xəstəliyindən əziyyət çəkən mərhum Səltənət xalası üçün alınmış, sonuncu vəfat etdikdən sonra istifadəsi üçün götürmüşdür. Belə ki, o da, sümük ovulması xəstəliyindən əziyyət çəkməklə, şiddətli ağrıları olanda həmin dərmanlardan istifadə edir. Bundan başqa, aşkar edilmiş bıçaqlardan biri qab-qacaq qoyduqları yerdən, digər isə yük yerində, rayonda istifadə edəcəkləri ləvazimatların arasında aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, sümük ovulması xəstəliyi olduğu üçün təxminən 5-6 ay müddətdir narkotik vasitə olan Metadon və güclü təsir edən maddə Tramadoldan, həmçinin 10-15 gün müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan ağrılarını kəsmək üçün istifadə etmişdir. Təxminən 10 gün əvvəl Bakı şəhəri Səbail rayonunda yaşadığı məhəllədə ağacın altında içərisində 2 ədəd Metadon həbi, 10 ədəd Tramadol həbi,1 ədəd digər Tramadol həbi, 5 ədəd ampulada Tramadol suyu, 4 ədəd fenazepam həbi, 1 ədəd digər ağrı kəsici dərman həbi olan sellofan bükülü tapmış, səhhətində olan ağrılarla görə həmin dərmanlardan istifadə etdiyi üçün onları götürüb, cibinə qoyaraq yaşadığı evə aparmışdır. 11 iyun 2022-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Nissan X-trail” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar rayonuna istirahət üçün getmiş, ağrıları olacağı təqdirdə istifadə etmək məqsədi ilə tapdığı həbləri özü ilə götürmüş, habelə dərmanları avtomobilinin yük hissəsinə, karton qutunun içərisində əl çantasının içərisinə, digər bir ədəd tramadol həbini isə sürətlər qutusunun sol tərəfində, sürücü tərəfdə olan saxlanc yerinə qoymuşdur. Həmin gün, saat 15:30 radələrində Bakı-Quba yolu ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində hərəkətdə olduğu vaxt ötmə əməliyyatı etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış, bu zaman yol polisi əməkdaşları onun hərəkətlərindən narkotik vasitələrin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli olduğunu bilmiş, habelə bir qədər sonra Siyəzən RPŞ-nin əməkdaşları və Zarat postunun əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya varsa könüllü təqdim etməyi təklif olunmuş, o, üzərində qanunsuz əşya olmadığını bildirmiş, habelə şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın cibindən 1 manat 20 qəpik pul əsginası aşkar olunaraq, baxış keçirilməklə ona qaytarılmış, üzərindən qanunla qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Bundan sonra, razılığı əsasında avtomobilinə baxış keçirilməsinə başlanılmış, habelə təklif əsasında avtomobilinin yük hissəsində olan karton qutunun içərisində olan əl çantasının içərisindən 10 ədəd Tramadol həbini, 2 ədəd Metadon həbini, 4 ədəd Fenzipin həbini, 1 ədəd digər ağrı kəsici həbi, 5 ədəd ampulada tramadol suyunu könüllü təqdim etmişdir. Həmin vasitələr müstəntiq tərəfindən boş ağ rəngli zərfə qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, müstəntiqin göstərişinə əsasən davam edən baxış zamanı avtomobilin sürətlər panelinin sürücü tərəfdə olan saxlanc yerindən 1 ədəd tramadol həbi, avtomobilin qoltuq altında olan saxlanc yerindən 1 ədəd boş gümüşü rəngli folqa kəsiyi, həmçinin sürücü tərəfdə olan qabaq sol qapının cib saxlanc yerindən 2 ədəd cib bıçağı aşkar edilmişdir. Avtomobilə axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, aşkar edilmiş 1 ədəd tramadol həbi digər ağ rəngli boş zərfdə, aşkar edilmiş 2 ədəd açılıb-qatlanan bıçaqlar isə digər 1 ədəd zərfə qablaşdırılmış, qablaşdırmaların üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, bu barədə protokol tərtib olunmuş, protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. İdarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olması barədə ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. İdarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 2 ədəd bıçağı Bakı şəhərindən xatırlamadığı mağazalardan birindən almış və həmin bıçaqlardan avtomobildə nasazlıq yarandıqda və ya meyvə doğrayarkən istifadə etmişdir. Şahid Siyəzən RPŞ-nin post-patrul xidməti taqımı manqa komandiri X3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən o və sabiq Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X4 11 iyun 2022-ci il tarixdə, saat təxminən 15:00 radələrində Siyəzən rayonunun Zarat kəndindəki stasionar posta getmiş, habelə orada DİN-nin BDYPİ-nin YPXA-nın İ tağımının baş inspektoru X2 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil saxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşıb, narkotik vasitə istifadə etməsində, saxlamasında və daşımasında şübhəli olduğunu bildirib, Müdafiəçi iştirakı, həmçinin videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirəcəkləri bildirilmiş, sonuncu isə buna etiraz etmədiyini, həmçinin üzərində qanunsuz əşya olmadığını qeyd etmişdir. Bundan sonra, Rahim Qasımov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, sonuncunun əynindəki şalvarın cibindən 1 manatlıq və qəpik pul əskinazları aşkar edilsə də, qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təklif əsasında idarə etdiyi avtomobilin yük hissəsindən, uşaq çantasının içərisindən üzərində “Tramadol” yazısı olan dərman konvalyutunda 10 ədəd həbi, üzərində “Metadon” yazısı olan dərman konvalyutunda 4 ədəd həbi və maye halında ampula, həmçinin avtomobilin salonunda, sürətlər qutusunun sol tərəfində, saxlanc yerindən əlavə bir ədəd üzərində “Tramadol” yazısı dərman həbi, habelə avtomobilin sürücü əyləşən tərəfindən, yəni sol qapının saxlanc yerindən, şəxsin bildirdiyinə görə şəxsi istifadəsi üçün saxladığı “açılıb-qatlanan” 2 ədəd bıçaq aşkar olunmuşdur. Sonra, aşkar edilmiş dərman həbləri və bıçaqlar müstəntiq Şahin Rzayev tərəfindən müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs tərəflərindən RPŞ-yə aparılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2022-ci il tarixli, 6/3318 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 96" dairəvi möhür əksləri olan 1 nömrəli zərfdəki içərisində bir ədəd üzərində “Tramadol 50 mq” göstəriciləri olan blister kəsiyində 1 ədəd ağ-göy rəngli dərman kapsulunun əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,050 qram təşkil edir, bir ədəd gümüşü rəngli folqa kəsiyinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir, 2 nömrəli zərfdəki üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 2 ədəd üzərində “F/M40” göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir, bir ədəd üzərində “Tramadol 50 mq” göstəriciləri olan blisterdə 10 ədəd ağ-göy rəngli dərman kapsullarının əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,500 qram təşkil edir, 5 ədəd üzərilərində “Tramadol 100 mq/2ml” göstəriciləri olan ampulada məhlulun əsas təsiredici maddəsi tramadoldur və həmin məhlulların tərkibində tamadolun təsir maddəsinin ümumi miqdarı 0,500 qram təşkil edir, üzərində “Phenzepin 0,001 q” göstəriciləri olan blister kəsiyində 4 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi fenazepamdır və həmin həblərin tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edir, 1 ədəd üzərində “Ketotifen” göstəriciləri olan blister kəsiyində 1 ədəd ağ rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi ketotifendir. Tədqiqata 2 ədəd metadon həbindən 1 ədədi sərf edildikdən sonra qalıq 1 ədəd həb, 11 ədəd tramadol kapsulundan 2 ədədi sərf edildikdən sonra qalıq 9 ədəd kapsul, 4 ədəd fenazepam həbindən 1 ədədi sərf edildikdən sonra qalıq 3 ədəd həb, 5 ədəd tramadol ampulalarından 1 ədədi sərf edildikdən sonra qalıq 4 ədəd ampula, ketotifen həbindən ½ hissə sərf edildikdən sonra qalıq ½ hissə həb təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 128-129-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli, 3/1048 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin 127-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 21 iyul 2022-ci il tarixdə verilmiş 3934 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən və psixostimulyatorlardan istifadə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 11 iyun 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 11 iyun 2022-ci il tarixdə, saat 15:53-dən saat 16:19-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunsuz əşya aşkar edilməsə də, onun idarə etdiyi “Nissan X-Trail” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindəki karton qutunun içərisində üzərində “Fila” yazısı olan çantadan 10 ədəd “Tramadol” həbləri, içərisində maye olan 5 ədəd ampula, üzərində “Metadon” yazısı olan 2 ədəd həb, 4 ədəd üzərilərində “Fenzipin” yazısı olan həblər, üzərində yazılar yarımçıq olan 1 ədəd həb, avtomobilin sürücü üçün nəzərdə tutulmuş qabaq sol qapısının saxlanc yerindən 2 ədəd açılıb qatlanan cib bıçağı, sürətlər panelinin sol tərəfində, sürücü tərəfdə olan saxlanc yerindən 1 ədəd üzərində “Tramadol” yazısı olan dərman konvalyutunda 1 ədəd həb, avtomobilin qoltuq altı hissəsində saxlanc yerində 1 ədəd gümüşü rəngli siqaret folqası təsbit edilərək götürülmüşdür. Şəxsi axtarış və avtomobilə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 17 iyun 2022-ci il tarixli maddi sübut kimi tanımaq, eləcə də işin 131-141-ci vərəqələrində olan 29 sentyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 9 (doqquz) ədəd güclü təsir edən maddə tramadol kapsulu və 4 ədəd tramadol ampulası, qalıq 3 (üç) ədəd psixotrop maddə fenazepam həbi, ½ hissədə qalıq qalmış ketotifen həbi, eləcə də 2 ədəd bıçaq maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Nissan X-Trail” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-ci vərəqəsində olan 11 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 13 iyun 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-125-ci vərəqələrində olan xasiyyətnamədən, arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 17 iyul 2014-cü il təvəllüdlü Məryəm, 26 may 2019-cu il təvəllüdlü Rəyyan 16 yanvar 2021-ci il təvəllüdlü İshaq adında üç azyaşlı uşaqları olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olub, yaşayan Təqsirləndirilən şəxs barəsində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal Sahəsinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bu mənada, qeyd olunmalıdır ki, 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 13-cü bəndinə görə 0,02 qramdan artıq (təmiz halda qramlarla) metadon şəxsi istehlak miqdarından artıq, 1,6 qramdan artıq (təmiz halda qramlarla) metadon isə külli miqdarda, İİ siyahısının 116-cı bəndinə görə 2 qramdan artıq (təmiz halda qramlarla) fenazepam şəxsi istehlak miqdarından artıq, 50 qramdan artıq (təmiz halda qramlarla) fenazepam isə külli miqdarda hesab edilir. Digər tərəfdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olsa da, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş güclü təsir edən maddə tramadol Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmamaqla, yanaşı onun əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması qeyd olunan maddə ilə tövsif edilmir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Bununla da, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun avtomobilinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda aşkar edilmiş metadona görə yaransa da, aşkar edilmiş tramadol Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin tərkibini yaratmadığına görə onun həmin maddəyə (tramadola) görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsi istisna edilir. Bundan başqa, Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilərək götürülmüş psixotrop maddə fenazepam şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə (fenazepama) görə də cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittihamın verilməsi mümkün deyildir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan metadonu əldə edib, idarə etdiyi avtomobildə saxlaması, eləcə də daşımasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, güclü təsir edən və psixotrop maddələrə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, qeyd olunan maddələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılması, eləcə də daşınılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Bundan başqa, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndinə əsasən CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 1 (bir) ədəd, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını idarə etdiyi “Nissan X-Trail” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, bu soyuq silah 11 iyun 2022-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı avtomobilin sürücü üçün nəzərdə tutulmuş qabaq sol qapısının saxlanc yerində aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma, eləcə də qanunsuz olaraq soyuq silahı əldə etmə cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki nəfəri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, həmçinin ictimai təhlükəsizliyə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin himayəsində iki nəfəri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan uşağının olması kimi yüngülləşdirici halın olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 9 (doqquz) ədəd güclü təsir edən maddə tramadol kapsulu və 4 ədəd tramadol ampulası, qalıq 3 (üç) ədəd psixotrop maddə fenazepam həbi, ½ hissədə qalıq qalmış ketotifen həbi, eləcə də 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Nissan X-Trail” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalı, eyni zamanda iş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 9 (doqquz) ədəd güclü təsir edən maddə tramadol kapsulu və 4 ədəd tramadol ampulası, qalıq 3 (üç) ədəd psixotrop maddə fenazepam həbi, ½ hissədə qalıq qalmış ketotifen həbi, eləcə də 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Nissan X-Trail” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar