Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-89/2023 19.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 19 dekabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Şabran rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)-30/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə etdiyi, yəni, ümumi təmiz çəkisi 0,342 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, 23 sentyabr 2023-cü il tarixdə, saat 16:55 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən rayonunun Zarat kəndində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,342 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, həbs olunanadək təxminən 3 il narkotik vasitə heroindən istifadə etmişdir. Beləliklə o, sonuncu dəfə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl, yəni 22 sentyabr 2023-cü il tarixdə, saat təxminən 12- 13:00 radələrində Sumqayıt şəhərində yerləşən Narkoloji dispanserin önündən tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitəni almış və yaşadığı Siyəzən rayonunun Zarat kəndinə, evinə qayıtmışdır. Növbəti gün, yəni 23 sentyabr 2023-cü il tarixdə Zarat kəndi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamasında şübhəli olmasını bildirib, Siyəzən RPŞ-yə dəvət etmişlər. Gətirildiyi RPŞ-də ona hüquq və vəzifələri izah olunmuş, habelə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərində keçirilmiş şəxsi axtarış zamanı o, şalvarının sağ arxa cibindəki narkotik vasitə heroini könüllü şəkildə təqdim etmiş və əlavə kütlənin olmamasını bildirmişdir. Ondan bu kütlənin nə olması soruşulduqda o, “kakos”, yəni heroin olmasını qeyd etmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, habelə üzəri möhürlənməklə, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, o gətirildiyi RPŞ-də hər hansı qeyri-qanuni rəftara, o cümlədən təzyiqə və ya təsirə məruz qalmamışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməyinin nəzərə alınmasını, ona ən yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NH-nin məsul növbətçisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 23 sentyabr 2023-cü il tarixdə, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi ərəfələrdə, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raport hazırlanmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar tərtib edilərək, həmin qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı əsasında Siyəzən RPŞ-nin sabiq NMQ-nun əməliyyat müvəkkili X2 ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, saat 16:00 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq, sonuncuya narkotik vasitə istifadə etməsində, habelə üzərində saxlamasında şübhəli olması bildirilərək, RPŞyə dəvət edilmişdir. Gətirildiyi RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilərək, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Belə ki, üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindəki bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroinə bənzər kütləni könüllü şəkildə təqdim etmiş və üzərində əlavə kütlənin olmamasını bildirərək, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almasını da, qeyd etmişdir. Bundan sonra, aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, habelə üzəri möhürlənməklə, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs gətirildiyi RPŞ-də hər hansı qeyri-qanuni rəftara, o cümlədən təzyiqə və ya təsirə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5041 saylı ekspert rəyindən görünür ki, üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0, 342 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,292 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 21 oktyabr 2023-cü il tarixdə verilmiş 6903 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 23 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə, saat 17:36-dan saat 17:45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə sonuncunun əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-111-ci vərəqələrində olan 16 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,292 qram çəkidə narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 23 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 89-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən, işin 59-71-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)-30/2023 saylı hökmünün surətindən, eləcə də iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(105)- 384/2023 saylı qərarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin sözügedən hökmü dəyişdirilmədikdən sonra bu hökm qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(059)-41/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadə, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)-30/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Siyəzən Rayon Məhkəməsinin 16 may 2023cü il tarixli hökmü hələ qanuni qüvvəsini almamış, yəni 23 sentyabr 2023-cü il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)-30/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaqla, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 sentyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)- 30/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 sentyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-89/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-89/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver