Məhkəmə qərarları › İş №1(059)-9/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-9/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-9/2022 15.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Qalaaltı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında satış məqsədi olmadan, qanunsuz olaraq yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndində meşəlik ərazisində 15 ədəd əkib yetişdirdiyi, tərkibində narkotik maddələr olan çətənə kolunun yarpaqlarını yığıb toplayaraq qurutmaqla, onlardan kustar üsulla ümumi təmiz çəkisi 141,154 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində və yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndində meşəlik ərazidə kolluqların arasında saxlamış, 20 sentyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitənin 6,154 qramı əynində olan qara rəngli qısaqol gödəkcənin sol iç cibindən 1 ədəd kibrit qutusunda, əməliyyat tədbirlərinin davamı olaraq 135 qramını isə yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndində meşəlik ərazidə kolluqların arasında gizlətdiyi 1 ədəd sellofanın içərisində əlavə 1 ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2021-ci ilin mart ayında yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndində meşəlik ərazidə müxtəlif ölçülərdə qanunsuz olaraq əkilib becərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 15 ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə, kultivasiya etmiş, 21 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd olunan yerə keçirilən baxış zamanı kolluqların arasında ümumi təmiz çəkisi 3 kiloqram 310 qram olan, xeyli miqdarda yəni, 15 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təxminən 1 ilə yaxın olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin mart ayında yerdən tapdığı çoxlu sayda çətənə toxumlarını əkib becərmək üçün yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndinin meşəlik ərazisinə gətirmiş, orada çökəklik və keçilməsi çətin olan xəlvəti bir yer seçmiş, sonra təxminən 1 kvadrat metr ərazini kollardan təmizləyərək yer düzəldib, üzərində saxladığı çətənə toxumlarını həmin yerdə əkmişdir. Habelə bundan sonra həmin yerə gedərək, mütəmadi olaraq onlara qulluq göstərməyə başlamışdır. Belə ki, əkdiyi çətənə toxumlarına qulluq göstərmək üçün həmin yerə plastik boru vasitəsi ilə su da çəkib, kollara qulluq edərək böyümələrini gözləmişdir. Məqsədi gələcəkdə həmin çətənə kollarının yarpaqlarını qurudaraq, marixuana əldə edib öz şəxsi tələbatına uyğun istifadə etmək olmuşdur. Həbs olunmamışdan təxminən 20 gün əvvəl meşə ərazisində əkdiyi 15 ədəd çətənə kollarının budaqlarından bir neçəsini qıraraq, kolluq ərazidə gizli yerdə gətirib qurutmaqla, qurudulmuş marixuana əldə etmişdir. Daha sonra, həmin qurudulmuş marixuananı bir ədəd şəffaf sellofan torbaya, həmin sellofan torbanı isə daha bir ədəd əlavə sellofan torbaya qoyaraq Qalaaltı kəndində kolluq ərazidə gizlətmiş və narkotik vasitə istifadə etmək istəyərkən ora gəlib həmin marixuanadan götürüb istifadə etmişdir. 20 sentyabr 2021-ci il tarixdə gizlətdiyi narkotik vasitədən öz şəxsi istifadəsi üçün 1 ədəd kibrit qutusunda götürmüş və həmin gün saat 16:00 radələrində üzərində olan elektron nəzarət vasitəsi ilə əlaqədar Siyəzən rayon İcra və probasiya şöbəsinə gələrək, qeydiyyatdan keçdikdən sonra, oradan çıxıb Siyəzən şəhəri, B. Səfəroğlu küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi məqsədilə RPŞ-yə getməli olduğunu bildirdiklərində, buna etiraz etməyərək, onlarla birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən təklif əsasında əynində olan qara rəngli qısaqol gödəkcənin sol iç cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxararaq, polis əməkdaşlarına təqdim etmiş və həmin qutuya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Bundan sonra, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan edilmiş əlavə əşya və predmetlər aşkar edilməmişdir. Habelə, aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, bu barədə tərtib olunaraq iştirakçılara ucadan oxunmuş protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Üzərinə keçirilən şəxsi axtarış yekunlaşdırılmamışdan əvvəl əlavə hər hansı narkotik vasitə saxlayıbsaxlamadığı soruşulduqda, polis əməkdaşlarına yaşadığı kənddə kolluq ərazidə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyini bildirmişdir. Bundan sonra, müstəntiq həmin əraziyə baxış keçiriləcəyini bildirmiş, daha sonra polis əməkdaşları və Müdafiəçi iştirakı ilə birlikdə baxış keçirilməsi üçün həmin əraziyə getmişlər. Siyəzən rayonu, Qalaaltı kəndinə çatdıqda, orada yolun sol tərəfində “Villa Qala” adlanan restorandan təxminən 100 metr məsafə irəli getdikdən sonra, sağ tərəfdə kolluq ərazidə gizlətdiyi, 1 ədəd üzəri əsasən qırmızı rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sözügedən torbaya baxış keçirilərkən içərisində əlavə 1 ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Habelə, şifahi sorğu zamanı həmin şəffaf sellofan torbadakı kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və bundan sonra, aşkar olunmuş qurudulmuş marixuana kütləsi müstəntiq tərəfindən qablaşdırılmış, habelə üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmış, həmçinin bu barədə tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, 21 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları, Müdafiəçi və aqronom X7 ilə birlikdə meşəlik ərazidə çökək yerdə kolluqların arasında, təxminən 1 kvadrat metr ərazidə qanunsuz olaraq, tərkibində narkotik maddə olan 15 ədəd çətənə bitkiləri əkdiyi yerə gəlmişlər. Həmin əraziyə baxış keçirilmiş və orada əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 15 ədəd çətənə bitkisinin kolları aşkar edilmişdir. Bundan sonra, aqronom mütəxəssis İlham Aslanov həmin çətənə bitkilərinə bənzər kollara baxış keçirərkən onların narkotik xassəli olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, bitkilərin öz inkişaf dövrünü başa vuraraq yetişdiklərini, hətta bir neçəsinin yarpaqlarının dərildiyini bildirmişdir. Daha sonra, RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və aqronom mütəxəssis İlham Aslanov tərəfindən çətənə bitkiləri hündürlükləri ölçülərək, qablaşdırılması üçün torpaq qatından çıxarılmış, bu zaman sonuncu tərəfindən kollardan ən hündürünün 1,25 santimetr, ən kiçiyinin isə 50 santimetr olduğu müəyyən olunmuşdur. Habelə, çətənə kolları sayıldıqdan sonra, onların qablaşdırılmasına başlanılmış, bu zaman kollarından 9 ədədi kisəyə qoyulduqdan sonra kisə dolduğundan həmin kisənin ağzı yapışqan lent vasitəsilə bağlanmış, həmçinin kisənin üzərinə möhürlənməklə, yapışdırılması nəzərdə tutulan 1 ədəd ağ rəngli kağıza o və bütün digər iştirakçılar imza etmişlər. Sonra, aşkar olunmuş digər 6 ədəd kollarda eyni qaydada bir ədəd ağ rəngli kisədə qablaşdırılmış, habelə həmin kisənin üzərinə möhürlənməklə, yapışdırılması nəzərdə tutulan 1 ədəd ağ rəngli kağıza o və bütün digər iştirakçılar imza etmiş, həmçinin bu barədə tərtib olunmuş protokol doğru olduğundan imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Qalaaltı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində gəzdirməsi barədə 20 sentyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar Siyəzən RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və bununla bağlı şöbədə müvafiq sənədləşmə işi aparılmışdır. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və PPXT-ın polis nəfəri (hazırda MSY-nin postaçı polis nəfəri vəzifəsində işləyən) Şahid5 Ziyafətdin oğlu daxil edilib, keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 20 sentyabr 2021-ci il tarixdə Siyəzən şəhəri, B.Səfəroğlu küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürmüş və bir qədər sonra, Təqsirləndirilən şəxs həmin küçə ilə hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq, özlərini təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, üzərində saxlamasında və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini və bu barədə qərarın olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Habelə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra, tərəflərindən RPŞ-yə gətirilmişdir. Orada növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, həmin vaxt videoçəkiliş KTQ-nun baş inspektoru X5 tərəfindən həyata keçirilmiş, həmçinin faktla bağlı araşdırma aparılması İBnin baş müstəntiqi (hazırda İB-nin rəisi vəzifəsində işləyən) Sail Tağıyevə həvalə olunmuşdur. Şəxsi axtarışa başlamazdan əvvəl Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri, müdafiə hüquqları izah olunaraq bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüş, həmçinin sonuncunun üzərinə keçirilən şəxsi axtarışda Müdafiəçi iştirakıda təmin olunmuşdur. Şəxsi axtarış zamanı təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol iç cibindən 01 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş və Sail Tağıyev tərəfindən kibrit qutusunun ağzı açılaraq baxış keçirildikdə, içərisində yaşılımtıl rəngdə, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu, həmin kütləni yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndinin meşəlik ərazisində əkdiyi çətənə kolunun budaqlarından əldə etdiyini və qalan hissəsini meşədə kolluq ərazidə gizlətdiyini, gizlətdiyi yeri göstərərək, qalan narkotik vasitə qurudulmuş marixuananı istintaqa təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qurudulmuş marixuananın olduğu 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi yekunlaşdırıldıqdan dərhal sonra sonuncunun yaşadığı Qalaaltı kəndinin meşəlik ərazisində gizlətdiyi və təqdim etmək istədiyi narkotik vasitənin götürülməsi, həmçinin həmin yerə baxış keçirilməsindən ötrü 20 sentyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində o, Sail Tağıyev, Şahid2, Siyavuş Ağayev, Şahid5, Təqsirləndirilən şəxs və Müdafiəçi ilə birlikdə Siyəzən rayonu, Qalaaltı kəndinə getmişlər. Oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı avtomobil yolunun sol tərəfində, “Villa Qala” adlı istirahət mərkəzinin yaxınlığında meşəlik ərazidə kolluqların arasında gizlətdiyini və göstərə biləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs meşəyə tərəf yoxuşla hərəkət etməyə başlamış və təxminən yoldan 50-60 metr meşəyə tərəf getdikdə orada olan kolluq ərazini göstərib, gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı bir ədəd selofan torbada kolluqların arasında olduğunu bildirmişdir. Daha sonra, tərəflərindən kolluqların arasında götürülmüş bir ədəd qırmızı rəngli sellofan torbaya Sail Tağıyev tərəfindən baxış keçirilərkən, içərisində əlavə bir ədəd şəffaf rəngli selofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütləni meşəlik ərazidə əkdiyi bir ədəd çətənə kolunun yarpaqlarını yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Bundan sonra, Sail Tağıyev tərəfindən həmin sellofan torbanın ağzı yapışqan lentlə bağlanaraq, üzəri möhürlənmiş və iştirakçılar sellofan torbanın üzərində yapışdırılmış bir ədəd kağızda imza etmişlər. Daha sonra, tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilləri Şahid2, PPXT-nin polis nəfərləri Şahid4, Şahid5 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi faktına görə 21 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən üzərindən və yaşadığı kəndin meşəlik ərazisindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı kəndin meşəlik ərazisində 15 ədəd qanunla qadağan olunmuş çətənə bitkilərindən əkib yetişdirməklə, əldə etdiyini, həmin çətənə bitkilərini istintaqa təqdim edə biləcəyini bildirəndən sonra, ora baxış keçirilməsi üçün onun, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3, videoçəkilişi qeydə alan KTQ-nun baş inspektoru X3, X13 X1 rayonu üzrə baş aqronomu X6, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndinə getmişlər. Oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs 15 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini Siyəzən-Qalaaltı yolundan sola döndükdə, “Qalapark” adlanan restorandan təxminən 250 metr irəlidə meşəlik ərazidə əkdiyini bildirmişdir. Baxış keçirilməsinə başlamamışdan əvvəl müstəntiq Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndinin meşəlik ərazisində kolluqda gizlətdiyi 1 ədəd şəffaf sellofanda aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonu Qalaaltı kəndinin meşəlik ərazisində əkib becərdiyi 15 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisindən əldə etdiyini bildirməsi bir daha iştirakçıların nəzərinə çatdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs həmin yeri göstərməsi təklif olunduqda, sonuncu yoldan təxminən 60-70 metr meşəyə tərəf enişlə düşərək, çökəklik yerdə ağacların arasında, təxminən 1 kvadrat metr ərazidə qanunsuz olaraq əkib-becərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini göstərmiş, habelə həmin əraziyə baxış keçirilərkən həqiqətən də həmin ərazidə qanunla əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kollar aşkar edilmişdir. Bundan sonra, müstəntiq tərəfindən aqronom mütəxəssis İlham Aslanova həmin çətənə bitkilərinə bənzər kollara baxış keçirilməsi təklif olunduqda, sonuncu kollara baxış keçirərkən onların narkotik xassəli olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, onlara mütəmadi olaraq su və üzvi gübrələr verildiyini və s. digər aqrotexniki qulluqlar göstərildiyini bildirmiş, həmçinin bitkilərin öz inkişaf dövrünü başa vuraraq yetişdiklərini, hətta bir nəçəsinin yarpaqlarının dərildiyini qeyd etmişdir. Bundan sonra, Şahid3 tərəfindən həmin çətənə bitkisi kollarının torpaq qatından çıxarılmasına başlanılmış, habelə torpaq qatından çıxarılmış kollar İlham Aslanov tərəfindən ölçüldükdə ən hündürünün 1,25 santimetr, ən kiçiyinin isə 50 santimetr və kolların 15 ədəd olması müəyyən edilmişdir. Daha sonra, aşkar edilmiş çətənə bitkilərinin qablaşdırılmasına başlanılmış, bu zaman kollarından 9 ədədi kisəyə qoyulduqdan sonra kisə dolduğundan həmin kisənin ağzı yapışqan lent vasitəsilə bağlanmış, həmçinin kisənin üzərinə möhürlənməklə, yapışdırılması nəzərdə tutulan 1 ədəd ağ rəngli kağıza o və bütün digər iştirakçılar imza etmişlər. Sonra, aşkar olunmuş digər 6 ədəd kollarda eyni qaydada bir ədəd ağ rəngli kisədə qablaşdırılmış, habelə həmin kisənin üzərinə möhürlənməklə, yapışdırılması nəzərdə tutulan 1 ədəd ağ rəngli kağıza o və bütün digər iştirakçılar imza etmiş, həmçinin bu barədə tərtib olunmuş protokol doğru olduğundan imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkilli Şahid3 Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 20 sentyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə, işin 31-32-ci vərəqələrində olan eyni tarixli baxış keçirilməsi və götürmə eləcə də 64-65-ci vərəqələrində olan 21 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, 20 sentyabr 2021-ci il tarixdə saat 16:17-dən saat 16:25-dək, həmin gün saat 17:30-dan saat 17:39-dək, həmçinin 21 sentyabr 2021-ci il tarixdə saat 18:10-dan saat 18:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynində olan qara rəngli qısaqol gödəkcənin sol iç cibindən 1 ədəd kibrit qutusunda, qalan hissəsi əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı Siyəzən rayonu, Qalaaltı kəndində meşəlik ərazidə kolluqların arasında gizlətdiyi 1 ədəd sellofanın içərisində əlavə 1 ədəd şəffaf sellofan torbada, bundan əlavə, 21 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd olunan yerə keçirilən baxış zamanı müxtəlif ölçülərdə qanunsuz olaraq əkilibbecərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 15 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, eləcə də baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkilişlər edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Siyəzən RPŞ-nin əməkdaşlarının iştirakı ilə 21 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonunu, Qalaaltı kəndində meşə ərazisində kolların arasında keçirilmiş, baxış zamanı 15 ədəd çətənə kolları aşkarlanmışdır. Həmin çətənə kollarının hündürlükləri bir-bir ölçülmüş, bu zaman kolların hündürlüyü 70 sm, 90 sm, 100 sm, 90 sm, 50 sm, 50 sm, 60 sm, 110 sm, 110 sm, 90 sm, 125 sm, 90 sm, 70 sm, 80 sm, 80 sm müəyyən olunmuşdur. Həmin çətənə kollarına vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq edilmiş və suvarılması aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 7/968 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,154 qram və bir ədəd polietilen torbada təmiz çəkisi 135 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,04 qram sərf edildikdən sonra marixuananın qalıq çəkisi 141,114 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli, 7/976 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sintetik torbalarda ümumi sayı 15 ədəd yaş vəziyyətdə ümumi çəkisi 3 kq 310 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,3 qram sərf edildikdən sonra çətənənin qalıq çəkisi 3 kq 309,7 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 171-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 11 noyabr 2021-ci il tarixdə verilmiş 4415 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-119-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 23 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 141,114 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 3 kq 309,7 qram təşkil edən 15 ədəd narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-193-cü vərəqələrində olan 25 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü, 234.2-ci və 234.4.3-cü, eləcə də 188-ci maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın, Siyəzən rayonundakı Qalaaltı kəndində meşəlik ərazidə baxışın, həmçinin 15 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin aşkar olunaraq götürülməsinin görüntüləri köçürülmüş 3 ədəd DVD Kompact disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 oktyabr 2021-ci il tarixli tələbnaməsindən, işin 142-145-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(060)-149/2021 saylı hökmündən, eləcə də 146-cı vərəqədə, eyni zamanda iş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 07 oktyabr 2021-ci il tarixli, 2161/2021-64-1 nömrəli və 25 yanvar 2022-ci il tarixli, 158/2022-64-1 nömrəli məktublarından, həmçinin Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 7(059)-55/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 22 aprel 2021-ci il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, 22 sentyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilməklə, həbs etmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmış, sonradan Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, o, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmiş və üzərindən məhkumluq götürüldüyü üçün 19 yanvar 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla belə hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 4(059)-42/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 139-140-cı vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Qalaaltı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyətinin Məşrif kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuannanı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü, 234.2-ci və 234.4.3-cü, eləcə də 188-ci maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, əməlini səmimi şəkildə etiraf etməklə, peşmançılıq hissi keçirməsini, ibtidai araşdırma orqanına qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə, kultivasiya etdiyi çətənə (kannabis) bitkilərinin yerini könüllü olaraq göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 09 mart 2021-ci il tarixli, 1(060)-149/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 09 mart 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, ağırlaşdıran halın olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 141,114 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 3 kq 309,7 qram təşkil edən 15 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın, Siyəzən rayonundakı Qalaaltı kəndində meşəlik ərazidə baxışın, həmçinin 15 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin aşkar olunaraq götürülməsinin görüntüləri köçürülmüş 3 ədəd DVD Kompact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 144 (bir yüz qırx dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 141,114 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 3 kq 309,7 qram təşkil edən 15 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın, Siyəzən rayonundakı Qalaaltı kəndində meşəlik ərazidə baxışın, həmçinin 15 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin aşkar olunaraq götürülməsinin görüntüləri köçürülmüş 3 ədəd DVD Kompact disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar