Məhkəmə qərarları › İş №1(059)-9/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-9/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-9/2023 07.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 07 fevral 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,403 qram təşkil edən narkotik vasitə olan heroini işlədiyi bərbərxanada saxlamış, 12 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin M. Müşfiq küçəsi ərazisində işlədiyi bərbərxananın qarşısında üzərində şəxsi axtarış və işlədiyi bərbərxanaya baxış keçirilməsi üçün saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmasa da, işlədiyi bərbərxanaya baxış keçirilən zaman girişdən sol tərəfdə yerləşən dolabın ikinci siyirtməsindən 3 ədəd qızılı rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,403 qram olmaqla, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,130, 0,129 və 0,144 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində marketdən evə qayıdarkən Siyəzən şəhərinin M. Müşfiq küçəsində, yaşadığı evin yaxınlığında, yerdə olan “Rothmans” markalı siqaret qutusuna ayağı ilə toxunduqdan sonra içərisindən səs gəldiyini eşidib, maraqlı olduğuna görə götürmüş, habelə içərisində üç bükümdə heroin kütləsi olduğunu görmüşdür. Özü də depressiv əsəb xəstəsi olduğuna görə müalicə almaqla, yanaşı, xəstəliyi ilə əlaqədar sıxıntılarına təsir etdiyindən saxlanılmamışdan təxminən iki ay əvvəldən həftədə bir dəfə çəkmə üsulu ilə heroindən istifadə etsə də, barəsində cinayət işi başlandıqdan sonra istifadə etməmişdir. Bundan əlavə, 12 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin, M. Müşfiq küçəsindəki işlədiyi bərbərxananın qarşısında olarkən, Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, şübhəli şəxs qismində olduğunu bildirmiş, habelə o, törətdiyi əməli, yəni heroin kütləsi tapmasını etiraf etmişdir. Orada Müdafiəçi da iştirakı təmin olunaraq hüquq və vəzifələri ona izah edilməklə, keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Lakin, şifahi sorğu zamanı o, həmin bərbərxanada dolabda narkotik vasitə heroini saxlamasını etiraf etməklə, saxladığı yeri RPŞ-nin əməkdaşlarına göstərmişdir. Daha sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamış, barəsində cinayət işi başlanılmış, əvvəlcə saxlanılsa da, sonra sərbəst buraxılmışdır. Bundan başqa, qardaşı narkotik istifadəçisi olduğundan narkotik vasitələri əvvəllər sonuncudan əldə etmişdir. Eyni zamanda, tapdığı narkotik vasitə olan heroini bükümlərə özü ayırmamış, əksinə heroin bükümlərə ayrılmış şəkildə olmuşdur. Bununla belə, himayəsində iki azyaşlı övladlarının, eləcə də xəstə valideynlərinin olmasını nəzərə alınmaqla, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, onunla əyani münasibətləri, habelə düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi bərbərxanada narkotik vasitələri saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 12 oktyabr 2022-ci il tarixdə tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilməklə, saat 18-19:00 radələrində Siyəzən şəhərinin, M. Müşfiq küçəsindəki işlədiyi bərbərxanada ona yaxınlaşaraq, özlərini təqdim etmiş, habelə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamasında əsaslı şübhələrin olduğunu bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və işlədiyi obyektə baxış keçirilməsinə dair razılığına əsasən müstəntiqin, həmçinin Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Hətta, şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş əşyanın üzərində deyil, işlədiyi bərbərxanadakı dolabda olduğunu qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs bərbərxanadakı dolabdan siqaret folqasına bükülmüş üç bükümdə öz deməsinə görə narkotik vasitə heroini onlara təqdim etmiş, habelə təqdim edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Bundan əlavə, imzalarla, o cümlədən Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmiş qablaşdırma ekspertizaya göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumat, onun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində saxlaması və istifadəsi barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 6/5924 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №96” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs işlədiyi bərbərxanadan aşkar olunaraq götürülmüş bükülülər... yeddi imza... qablaşdırdı: baş müstəntiq: Rəhmin Zeynalov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 3 ədəd bükümlərdəki təmiz çəkiləri 0,130 qram, 0,129 qram, 0,144, ümumi təmiz çəkisi 0,403 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,06 qram (hər birindən 0,02 qram) sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,343 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş 6155 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 12 oktyabr 2022-ci il tarixdə, saat 18:27-dən saat 18:36-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya aşkar olunmasa da, ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə sonuncunun işlədiyi bərbərxananın girişindən sol tərəfdə olan dolabın ikinci siyirtməsindən 3 ədəd qızılı rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci və 103-110-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 22 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında və 05 yanvar 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, habelə, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,343 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 88-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 12 oktyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 14 oktyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 21 oktyabr 2008-ci il təvəllüdlü Nəzrin adında və 27 aprel 2011-ci il təvəllüdlü Aqşin adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə, məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Məhkəmə-X2 31 yanvar 2023-cü il tarixdə daxil olmuş X3 eyni məzmunlu ərizələrindən görünür ki, o, onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs Siyəzən RPŞ-dən sərbəst buraxıldıqdan sonra işlədiyi bərbərxanada narkotik satışını daha da surətləndirdiyini, öz narkotik biznesini açıq şəkildə heç nədən çəkinmədən davam etdirdiyini, gəncləri zəhərlədiyini göstərmiş, habelə Təqsirləndirilən şəxs layiqli cəza almasını, ədalətli yekun qərar (hökm) çıxarılmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 05 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə ictimaiyyət daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsinin iştirakçısı kimi mənfi xarakterizə olunmasını, satış məqsədi ilə olmasa da, işlədiyi bərbərxanada qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitələri bükümlər halında saxlamasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,343 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 12 oktyabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,343 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 12 oktyabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar