Məhkəmə qərarları › İş №1(059)-91/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-91/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-91/2022 20.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 20 dekabr 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin A. Zahirov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 09:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhərinin Gənclik qəsəbəsindəki A.Zahirov küçəsində yerləşən fərdi yaşayış evinin qapısını evin həyətyanı sahəsində, qapının qarşısında sərilmiş palazın altından götürdüyü açarla açaraq qanunsuz içəri daxil olub, evdə otaqdakı tavanın içərisinə qoyulmuş yaylığın içərisində olan 1 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinasları olmaqla, cəmi 200 manat pul əskinasları və tavanın içərisində açıq şəkildə olan 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinasları olmaqla cəmi 30 manat pul əskinaslarını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 230 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 02 avqust 2022-ci il tarixdə, saat 08:00 radələrində yaşadığı ünvandan çıxaraq, Siyəzən şəhərindəki “Mərkəz” deyilən əraziyə, fəhlə bazarına gedib, iş olmadığından yenidən yaşadığı ünvana qayıtmış, habelə saat 09:30 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evdə olmadığını bildiyindən ünvanın həyətyanı sahəsinə daxil olub, evin qarşısında sərilmiş xalçanın altından giriş qapısının açarını götürərək, qapını açıb içəri keçmiş, oradakı yataq otağının yanında yerləşən qab-qacaq yığılan otaqda olan tavanın içərisindən 230 manat məbləğində pulu götürüb, evin giriş qapısından həyətə çıxmış, həmçinin qapını bağlayaraq açarı yenidən xalçanın altına qoymuşdur. Oğurladığı 230 manat pulun 150 manatı ilə banka olan borcunu ödəmiş, qalan 80 manatı isə şəxsi ehtiyacları üçün sərf etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri tam şəkildə ödəmişdir. Belə ki, qaytardığı məbləğin 100 manatını işləyərək əldə etsə də, qalan 130 manatı dayısı Elxandan borc kimi almış, habelə sonuncuya olan borcunu da qaytarmışdır. Bundan əlavə, tutduğu əməldən peşmançılıq hissi keçirməsinin də nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. O, 02 avqust 2022-ci il tarixdə, adəti üzrə saat 06:30 radələrində yaşadığı ünvandan çıxaraq, evin giriş qapısını bağlayıb, həmişəki kimi açarı xalçanın altına qoyub, işə getmiş, axşam saat 20:00 radələrində isə qayıtmışdır. Bu zaman evdə olan oğlu Şahid ondan pul istəmiş, o isə zalda avadanlıqların yanında saxladığı tavanın içərisinə baxdıqda, yaylığının və 230 manat pulunun orada olmadığı görüb, oğlu Şahid bu barədə bildirmiş, həmçinin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs şübhələnmişdir. Oğlu Şahid Təqsirləndirilən şəxsla pulun qaytarılması ilə əlaqədar söhbət aparmış, həmçinin sonuncu törətdiyi əməli etiraf edərək, pulu qaytaracağını bildirmiş və gec də olsa vədinə əməl etmişdir. Hazırda, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan qonşuluqda yaşayan biri kimi tanımış, habelə sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. 02 avqust 2022-ci il tarixdə o, ana və atasından sonra təxminən saat 08-09:00 radələrində yaşadığı ünvandan çıxaraq iş getmiş, saat 19:00 radələrində isə qayıtmış, bundan bir qədər sonra anası Zərərçəkmiş şəxs saçını kəsdirmək üçün 10 manat pul istəmiş, sonuncu isə otağa gedib qayıdaraq, pulların olmadığını bildirib, səs-küy salmış, o, isə anasına 230 manat məbləğində pulu harasa qoya bilməsi, bu səbəbdən də tapmaması ehtimalını qeyd etmişdir. Onlar bununla bağlı əvvəllər evlərindən oğurluq etmiş Təqsirləndirilən şəxs şübhələnsələr də, sonuncu ilk vaxtlar törətdiyi əməli etiraf etməsə də, onunla söhbət etdikdən sonra əməlini etiraf etmiş, ona pulu qaytaracağına vəd vermiş, gec də olsa vədinə əməl edib pulu qaytarmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 05 avqust 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin Gənclik qəsəbəsində olan A.Zahirov küçəsindəki fərdi yaşayış evinə, o cümlədən evə daxil olduqda solda axırıncı otağa baxış zamanı yerdə ev əşyalarının və tava qazanın olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmin yerdəki iki tərəfli üzü olan tavanın içərisindən 230 manat pulunun oğurlandığını bildirmişdir. Evə ümumi baxış zamanı heç bir müdaxilə izinə rast gəlinməmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən hadisə yerindən əşya və ya predmet götürülməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-62-ci vərəqələrində olan 17 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 09:30 radələrində baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan 01 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin A.Zahirov küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 20 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, həmçinin sonuncuya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar