Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-93/2022 27.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 27 dekabr 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında 17 avqust 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 04 dekabr 2019-cu il tarixdən başlayaraq övladı 10 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 manat məbləğində cərimə olunmasına, yenidən izahatı alınıb cinayət məsuliyyəti barədə 05 noyabr 2021-ci il, 08 dekabr 2021-ci il və 17 yanvar 2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən 22 iyun 2022-ci il tarixədək 2960 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə olan qeyri-rəsmi münasibətlərindən 10 avqust 2019-cu il tarixdə Sənan adlı övladları doğulmuşdur. İlk vaxtlar Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonuncu hamilə olması barədə ona bildirmədiyindən və onun səkkiz aylıq hamilə olmasını kənar şəxslərdən eşitdiyindən, münasibətləri pozulmuşdur. Övladı doğulduqdan sonra onun atası olduğunu etiraf etmiş, habelə övladının doğum haqqında şəhadətnaməsinin ata adı qrafasında adı yazılmışdır. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı qətnaməsi ilə ondan Sənan Qurbanovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə 150 manat sabit məbləğində alimentin tutulması qət edilmiş, sözügedən qətnamə icra olunması üçün əvvəlcə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilsə də, sonradan qeydiyyat yerinə görə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Habelə, Siyəzən rayon icra və probasiya şöbəsinə çağırılıb, məsuliyyəti barədə izahatı alınsa da, aliment borcunu ödəmədiyi üçün icra şöbəsinin inzibati xəta haqqında protokoluna əsasən Siyəzən Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş və həmin cəriməni ödəmişdir. Hazırda ittiham üzrə 2960 manat aliment borcundan ayrı-ayrı vaxtlarda 300 və 100 manat məbləğində ödənişlər etsə də, zərərçəkmişə 2560 manat borcu qalmışdır. Bundan başqa, mülkiyyətində olan torpaq sahəsini 2000 manata satmaq üçün müraciət etmiş, satıldığı təqdirdə əldə etdiyi pulu tam şəkildə zərərçəkmişə ödəyəcəkdir. Bununla yanaşı, himayəsində rəsmi nikahından iki azyaşlı övladı və ahıl yaşlı anası olmaqla, pandemiya dövründə işsiz olduğu üçün aliment borcu yaransa da, hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ayda 450-500 manat qazanc əldə edir, habelə aylıq gəlirinin 400 manatını zərərçəkmiş şəxsə ödəməyə hazırdır. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2014-cü ildən 2019-cu ilə kimi Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə yaşamış, habelə bu münasibətlərindən 10 avqust 2019-cu il tarixdə Sənan adlı övladları doğulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxsla ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan bilmədiyi səbəbdən pozulmuş, lakin, bunun sonuncudan xeyrinə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyi üçün ola biləcəyini ehtimal edir. Bununla yanaşı, hamiləliyindən altıncı aya kimi xəbərsiz olmuş, habelə Təqsirləndirilən şəxs övladını dünyaya gətirməməsi üçün ona təsir göstərsə də, sonuncu sonradan övladına atalıq vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs övladı ilə maraqlanmır, heç bir yerdə işləməsə də, övladının maddi və mənəvi tələbatlarını tək qarşılayır. 22 iyun 2022-ci il tarixə Təqsirləndirilən şəxs 2960 manat aliment borcu olsa da, sonuncu həmin borcdan 400 manatını ödəmiş, hazırda 2560 manat aliment borcu qalmışdır. Eyni zamanda, aliment borcunun tam ödənilməsini tələb edir. Çünki, Səbuhidən şikayətçi olmasa, sonuncunun aliment borcunu hissə-hissə ödəyəcəyinə heç kim zəmanət verə bilməz. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir. Şahid Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən Siyəzən rayon icra və probasiya şöbəsinə 12 oktyabr 2020-ci il tarixdə göndərilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixindən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, həmçinin 30 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, 24 sentyabr 2020-ci il tarixdə icraata başlanılıb, bundan sonra isə tərəflər arasında qarşılıqlı razılaşma olduğundan, icra sənədi tələbkarın ərizəsinə əsasən məhkəməyə qaytarılsa da, razılaşmaya əməl olunmadığı üçün icra sənədi 12 oktyabr 2020-ci il tarixdə yenidən şöbəyə daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, habelə o, Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş və sonuncu həmin cərimə məbləğini ödəmişdir. Bundan sonra, borcludan aliment borcunu ödəməsi tələb olunsa da, o, mütəmadi olaraq borcunu ödəməmiş, eyni zamanda sonuncu dəfə 21 dekabr 2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı icra sənədi 12 oktyabr 2020-ci il tarixdə Siyəzən rayon İcra şöbəsinə daxil olmuş, bundan bir gün sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq, bildirişlə tanış edilmiş, habelə alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. Təqsirləndirilən şəxs sonradan işdən azad olunduğundan tutulmanın aparılması mümkün olmamış, habelə aliment borcu ödənilməmişdir. Həmin vaxt şöbəyə dəvət olunarkən izahatı alınmış Təqsirləndirilən şəxs 970 manat aliment borcunu ödəmədiyini etiraf etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, habelə həmin cəriməni ödəmişdir. Sonradan isə 2960 manat aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 8-11-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı qətnaməsinin, eləcə də işin 12-13-cü vərəqələrində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixdən başlayaraq, 10 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Cinayət işinin 14-16-cı vərəqələrində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 24 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli, həmçinin 12 oktyabr 2020-ci il tarixli bildirişlərinin surətlərindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı icra sənədi icra olunması üçün 24 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə orada qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə o gün, eləcə də icra sənədi Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olduğu vaxtdan, yəni 12 oktyabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Cinayət işinin 24-26-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 3(059)-93/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cinayət işinin 85-ci vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-ci vərəqəsində olan 22 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə Siyəzən rayonunun ərazisində saxlanılmaqla, Siyəzən RPŞ-yə gətirilmiş, habelə Bakı şəhəri Nərimanov RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan qətimkan tədbiri seçmək və 125-ci vərəqəsindəki müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində həmin gün “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan xasiyyətnamədən, arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində anaları Sənubər Qurbanova olan 05 oktyabr 2009-cu il təvəllüdlü Ədalət, 17 sentyabr 2014-cü il təvəllüdlü Nilay adında iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olub, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 29 noyabr və 24 dekabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs təqdimat verilən 22 iyun 2022-ci il tarixədək yaranmış 2960 manat məbləğində aliment borcundan məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 400 manat aliment ödənişi icra etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 27 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ona olan 2960 manat aliment borcundan 400 manat ödəniş etsə də, 2560 manat borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, o, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun başqa qadınla nikahından himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə aliment borcundan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin XİV bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İİİ bəndinin İİ yarımbəndinin İ cümləsində də göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən zərərçəkmiş şəxsə aliment borcundan qismən ödəniş etməsini, başqa qadınla nikahından himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində Təqsirləndirilən şəxs islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixə həbsdə saxlanıldığı 2 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə islah işləri cəzasından çıxılsın və onun üzərində qəti olaraq hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-93/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-93/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver