Məhkəmə qərarları › İş №1(059)-97/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-97/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-97/2022 27.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 27 dekabr 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2005-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, rayonun Qalaşıxı kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 01:20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus Bakı-Quba magistral yolunun 87.7-ci kilometrliyində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən ərzaq mağazasının arxa plastik nəfəslik pəncərəsinin çərçivəsinin kənarları açıq olduğundan əli ilə pəncərəni götürərək qanunsuz içəri daxil olaraq, marketin içərisində olan dəmir seyfin içərisində olan şəffaf rəngli sellofanın içərisinə qoyulmuş 860 manat pulun içərisindən 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları olmaqla, cəmi 345 manatlıq pul əskinaslarını oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 345 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 02 avqust 2022-ci il tarixdə, saat 01:00 radələrində məhərrəmliklə əlaqədar dostları ilə birlikdə getdiyi Siyəzən rayonunun Zarat kəndindəki məsciddən çıxıb, yaşadığı Qalaşıxı kəndinə gedərkən əvvəllər qarşısında qarğıdalı satdığı, o cümlədən Şahid satıcı işlədiyi mağazanın yaxınlığından keçmiş, habelə həmin vaxt oğurluq etmək niyyəti yarandığından divara bərkidilməmiş, eləcə də çərçivəsinin ətrafı boş olmuş nəfəslikdən mağazaya daxil olub, masanın üzərində olan açar vasitəsilə oradakı dəmir seyfi açaraq, 345 manat pulu götürmüşdür. Hətta, mağazaya daxil olduqdan sonra oranın nəzarət kamerasını da söndürmüşdür. Bundan əlavə, seyfdə başqa pulların da olmasına baxmayaraq, o, yalnız 345 manat pulu oğurlamışdır. Bundan sonra, o, elə həmin gün səhər saatlarında Siyəzən şəhərinə gedərək, oğurladığı pula mağazalardan geyim əşyaları və telefon satın almış, yaşadığı kəndə qayıdarkən oğurluq etdiyi mağazanın sahibləri Dilbar və Namiq adlı şəxslərin onların həyətində olduğunu görmüş, heç nə olmamış kimi həyətə daxil olmuş, sonuncular isə ondan pulun harada olduğunu soruşduqda, o, əvvəlcə qəbul etməsə də, sonra oğurluq etdiyini etiraf etmiş, habelə pulu qaytaracağına vəd vermişdir. Elə həmin məqamda mağaza sahibləri ondan pulla nə etdiyini soruşduqda o, telefon aldığını bildirmiş, həmçinin bu telefonu qaytarmaqla, 200 manatı nağd şəkildə ödəmişdir. Oğurladığı puldan qalıq qalmış 145 manat məbləği isə zərərçəkmiş şəxsə hissə-hissə olmaqla, ödəmişdir. Lakin, buna qədər mağaza sahibləri artıq onun barəsində polisə müraciət etmiş, habelə hadisə gününün səhəri polislər onu Siyəzən RPŞ-yə aparmış, habelə izahatı alınıb sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında hər hansı ədavəti olmamışdır. Siyəzən rayonu Zarat kəndi ərazisində keçən Bakı-Quba magistral yolunun kənarında yerləşən sözügedən ərzaq mağazası ona məxsusdur. 02 avqust 2022-ci il tarixdə səhər saatlarında həmin mağazada satıcı işləmiş Şahid ona zəng vurub, mağazanın nəfəsliyinin yerində olmadığını, seyfin açıq olduğunu, oradakı 860 manat puldan 345 manat pulun götürüldüyünü bildirmiş, habelə nəzarət kamerasına düşən şəxsi tanıdığını qeyd etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxsun yaşadığı ünvana gedilsə də, sonuncu evdə olmamış, valideyninə övladlarının törətdiyi əməl barədə məlumat vermiş, kamerada görüntünün olduğunu qeyd etmişdir. Bundan sonra, o, Siyəzən RPŞ-nin İTB-nin sahə rəisi Mirzəcan Məmmədova zəng vurub, hadisə haqqında məlumat vermiş, həmçinin məlumat əsasında hadisəni törətmiş Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Hazırda, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanısa da, sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. 01 avqust 2022ci il tarixdə, saat 23-00:00 radələrində mağazanı bağlayıb, evə getmiş, 02 avqust 2022-ci il tarixdə, saat 09:00 radələrində isə qayıdıb, qapını açaraq, içəri daxil olduqdan sonra seyfin açarının qoyduğu yerdə yox, arxasında dayandığı masanın üzərində olduğunu, nəzarət kamerasının çevrildiyini, nəfəsliyin yerindən çıxarılmaqla, yenidən yerinə qoyulduğunu görmüş, şübhələndiyi üçün dərhal nəzarət kamerasına baxmış bu zaman Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 01:28-də mağazanın içərisinə daxil olduğunu müşahidə etmişdir. Bundan sona, o, baş verənlərlə bağlı mağazanın sahibi Zərərçəkmiş şəxs, həmçinin polisə məlumat vermiş, bu barədə müvafiq araşdırma aparılmışdır. Oğurluq hadisəsi zamanı seyfdən 345 manat oğurlanmış, bundan 1 həftə, 10 gün sonra isə başqa iş tapdığı üçün oradan çıxmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-11-ci vərəqələrində olan 02 avqust 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində Beşbarmaq dağının alt hissəsi deyilən yerdə Bakı-Quba magistral yolunun kənarında Bakı şəhəri istiqamətində sağ tərəfdə yerləşməklə, 1 mərtəbəli, iki ədəd iki laylı plastik qapısı olan mağazadakı satıcı üçün nəzərdə tutulmuş piştaxtanın arxa hissəsində qoyulmuş dəmir seyfin qapısının açıq olması müşahidə edilmişdir. Eyni zamanda, mağazanın kamera görüntülərinə baxış zamanı 02 avqust 2022ci il tarixdə, saat 01:28 radələrində oranın arxa tərəfində yuxarıda quraşdırılmış nəfəslikdən bir nəfər şəxsin içəri daxil olduğu, habelə bundan sonra kameranı çevirdiyi müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən videogörüntü diskə köçürülüb, materiala əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-108-ci vərəqələrində olan 17 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 01:20 radələrində baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-115-ci səhifələrində olan 20 noyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı-Quba magistral yolunun 87.7-ci kilometrliyində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən ərzaq mağazasına 02 avqust 2022-ci il tarixdə, saat 01:28 radələrində nəfəslik pəncərə yerindən içəri daxil olması ilə əlaqədar videoçəkilişlə qeydə alınmış görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd DVD Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 69-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan 15 noyabr 2022-ci il tarixli nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Qalaşıxı kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 27 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti olmamaqla, sonuncunu bağışlamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun yetkinlik yaşına çatmayan şəxs olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin İİ və Xİİİ bəndlərinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 435.4.1 və 435.4.3-cü maddəsinə əsasən məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən onun yetkinlik yaşına çatmayan şəxs olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində Təqsirləndirilən şəxs islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, həmçinin həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı Cinayət Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsinin İ və İV-İ hissələrinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı-Quba magistral yolunun 87.7-ci kilometrliyində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən ərzaq mağazasına 02 avqust 2022-ci il tarixdə, saat 01:28 radələrində nəfəslik pəncərə yerindən içəri daxil olması ilə əlaqədar videoçəkilişlə qeydə alınmış görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd DVD Disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı-Quba magistral yolunun 87.7-ci kilometrliyində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən ərzaq mağazasına 02 avqust 2022-ci il tarixdə, saat 01:28 radələrində nəfəslik pəncərə yerindən içəri daxil olması ilə əlaqədar videoçəkilişlə qeydə alınmış görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd DVD Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar