Məhkəmə qərarları › İş №1(060)-100/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-100/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-100/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, yetikinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 11 ədəd bükümdə 0,285 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 avqust 2023-cü il tarixdə saat 13:40 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən «Ruzi market»in yaxınlığında saxlanılaraq 1ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli kətan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən 11 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 0,010 qram, 0,023 qram, 0,029 qram, 0,014 qram, 0,024 qram, 0,037 qram, 0,018 qram, 0,026 qram, 0,035 qram, 0,039 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,285 qram olan qəvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri 20 Yanvar metrosu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmiş, həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini demiş, o, həmin şəxsdən 30 manata bir ədəd kibrit qutusunun içərisində 11 ədəd bükümdə özü istifadə etmək üçün heroin almış və Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:40 dəqiqədə o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən “Ruzi market”in yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan ona narkotik vasitə ilə bağlı şübhəli bilindiyini bildirmişlər. Buna görə də onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki göy rəngli kətan şalvarın sağ yan cibində saxlamış olduğu içərisində 11 ədəd bükümdə narkotik vasitə heroin olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, polis əməkdaşlarının suallarına cavab olaraq bükümün içərisindəki narkotik vasitə olan heroin olduğunu, onu iki gün əvvəl axşam saatlarında Bakı şəhəri 20 Yanvar metrosu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özünün istifadə etmək üçün 30 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobil telefon aşkar olunaraq götürülmüş, bundan sonra üzərindən aşkar olunmuş 11 ədəd bükümdə narkotik vasitə olan heroin ayrıayrılıqda elektron tərəziyə qoyulub çəkilmişdir. Bundan sonra isə həmin narkotik vasitə, eyni zamanda mobil telefon qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış, o, saxlanılarkən üzərində Nokia markalı mobil telefon olmuş, o, həmin narkotik vasitəni bükümlərə bölünmüş halda yəni, 11 ədəd bükümdə bir ədəd siqaret qutusunun içərisində almışdır. O, narkotik vasitəni bükümlərə bölməmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 13:40 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi,Cəfər Cabbarlı küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirdikdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Elçin nə üçün saxlanıldığını soruşmuş, onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Elçin heç bir etirazının olmadığını bildirmiş, bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, o, vəkilə etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, kibrit qutusuna baxarkən içərisində siqaretin qızılı rəngli kağızma bükülmüş 11 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təhqiqatçı bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, bükümlərin içərisində narkotik vasitə “kakos” (heroin) olduğunu, həmin bükümləri tutulduqdan iki gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobil telefon aşkar olunmuş, onun üzərindən cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkməyə başlamışdır. 1-ci büküm 0,06 qram, 2-ci büküm, 0,06 qram, 3-cü büküm 0,04 qram, 4-cü büküm 0,08 qram, 5-ci büküm 0,06 qram, 6-cı büküm 0,06 qram, 7-ci büküm 0,06 qram, 8-ci büküm 0,07 qram, 9-cü büküm 0,08 qram, 0,08 qram, 10-cu büküm 0,08 qram, 11-ci büküm 0,08 qram, ümumi çəkisi isə 0,61 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və satması barədə onlarda əvvəllər əməliyyat məlumatı olmuş, lakin onun narkotik vasitələri kimlərə satması barədə məlumat əldə edilməmişdir. Həmçinin əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və ya ona aid digər yerlərə axtarış və ya baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 13:40 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi,Cəfər Cabbarlı küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirdikdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Elçin nə üçün saxlanıldığını soruşmuş, onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Elçin heç bir etirazının olmadığını bildirmiş, bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, o, vəkilə etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, kibrit qutusuna baxarkən içərisində siqaretin qızılı rəngli kağızma bükülmüş 11 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təhqiqatçı bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, bükümlərin içərisində narkotik vasitə “kakos” (heroin) olduğunu, həmin bükümləri tutulduqdan iki gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobil telefon aşkar olunmuş, onun üzərindən cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkməyə başlamışdır. 1-ci büküm 0,06 qram, 2-ci büküm, 0,06 qram, 3-cü büküm 0,04 qram, 4-cü büküm 0,08 qram, 5-ci büküm 0,06 qram, 6-cı büküm 0,06 qram, 7-ci büküm 0,06 qram, 8-ci büküm 0,07 qram, 9-cü büküm 0,08 qram, 0,08 qram, 10-cu büküm 0,08 qram, 11-ci büküm 0,08 qram, ümumi çəkisi isə 0,61 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və satması barədə onlarda əvvəllər əməliyyat məlumatı olmuş, lakin onun narkotik vasitələri kimlərə satması barədə məlumat əldə edilməmişdir. Həmçinin əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və ya ona aid digər yerlərə axtarış və ya baxış keçirilməmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-79-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4581 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki içərisində on bir ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,010 qram, 0,023 qram, 0,029 qram, 0,014 qram, 0,024 qram, 0,037 qram, 0,018 qram, 0,026 qram, 0,035 qram, 0,039 qram, 0,030 qram və ümumi təmiz çəkisi 0,285 qram olanqəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və on bir ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi 0,285 qram olmuş, tədqiqata 0,110 qram sərf edilmiş, 0,175 qram qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,175 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 29-30-cu vərəqələrinə əlavə edilmiş şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasında xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı Rəşad Məhərrəmov özünü, həmçinin şəxsi axtarışda iştirak edən Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin kiçik inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması ilə bağlı şübhəli şəxs kimi saxlanılmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkil X5 təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı maddə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona təklif edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin qutunun içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. Kibrit qutusu açıldıqda içərisindən siqaretin qızılı rəngli kağızına bükülmüş 11 ədəd büküm aşkar olunur, bundan sonra təhqiqatçı bükümləri açaraq baxır və içərisində qəhvəyi rəngli kütlələr aşkar olunur. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobil telefon aşkar olunaraq götürülür. Təhqiqatçı aşkar olunmuş bükümləri haradan aldığını Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını bildirir, sonra bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilir, 1-ci büküm 0,06 qram, 2-ci büküm, 0,06 qram, 3-cü büküm 0,04 qram, 4-cü büküm 0,08 qram, 5-ci büküm 0,06 qram, 6-cı büküm 0,06 qram, 7-ci büküm 0,06 qram, 8-ci büküm 0,07 qram, 9-cü büküm 0,08 qram, 0,08 qram, 10-cu büküm 0,08 qram, 11-ci büküm 0,08 qram, ümumi çəkisi isə 0,61 qram təşkil etdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir, bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd Nokia markalı mobil telefon aparatı zərfə qoymağa hazırlaşarkən üzərindən aşkar olunmuş telefonu və narkotik vasitəni nə məqsədlə üzərində saxladığını soruşur. Təqsirləndirilən şəxs xəstə olduğunu və özü istifadə etmək üçün həmin bükümləri üzərində saxladığını, eyni zamanda satmaq məqsədi olmadığını bildirir. Sonra telefon qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi ona qarşı hər-hansı bir zor tətbiq olunub-olunmadığını soruşur, Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs isfadəsində olan telefon nömrəsi üzrə məlumatların ələ keçrilməsinə icazə verilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan telefona baxış keçirilməsi barədə 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Nokia C2” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Eyni zamanda telefonun kontaktlar qovluğuna da baxış keçirilmiş, şübhəli adlar və ya telefon nömrəsi aşkar edilməmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları olsa da onun kimlərə narkotik vasitə satması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Hal-hazırda əməliyyat tapşırığının icrası ilə bağlı tədbirlər davam etdirilir. Müsbət nəticəsi olarasa dərhal məlumat veriləcək. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Abşeron Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 10 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci ildə cəza müddəti başa çatmışdır; 3) Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 senytabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 senytabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla yetkinlik yaşına çatmayan iki uşağı var (müvafiq olaraq xx.xx.2008 və xx.xx.2009-cü il təvəllüdlü). Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda hər birində təmiz çəkiləri - 0,010 qram, 0,023 qram, 0,029 qram, 0,014 qram, 0,024 qram, 0,037 qram, 0,018 qram, 0,026 qram, 0,035 qram, 0,039 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,285 qram olan heroini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız narkotik vasitənin 11 büküm olmasını əsas götürmüşüdür. Lakin, iş üzrə istitaq dövründə müvafiq araşdırmalar aparılsa da Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi və ya satması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı şəxs (şəxslər) ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə prosesində ifadə vermiş şahidlər Sumqayıt ŞPİnin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin kiçik inspektoru Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı olsa da, lakin narkotik vasitələri kimlərə satması barədə məlumat əldə edilməmişdir. Həmçinin əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və ya ona aid digər yerlərə axtarış və ya baxış keçirilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubunda da göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları olsa da onun kimlərə narkotik vasitə satması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Hal-hazırda əməliyyat tapşırığının icrası ilə bağlı tədbirlər davam etdirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin ayrı-ayrı bükülülərdə olması kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Narkotik vasitənin ayrı-ayrı bükülülərdə olması yalnız satışla bağlı şübhə yarada bilər, həmin şübhələrin real olmasını isə konkret sübutlar əsasında müəyyən etmək olar. Müvafiq sübutlar olmadan yalnız şübhə əsasında şəxsə ittiham elan edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmasını qeyd etsələr də, əməliyyat məlumatı cinayət-prosessual qanunvericiliyə əsasən sübut hesab edilmir, əməliyyat məlumatı yalnız müvafiq əməliyyataxtarış tədbirinin keçirilməsi üçün əsas ola bilər, lakin şəxsə ittiham elan edilməsi üçün Azərbaycan Respublikası CPM-nin “sübutlar və sübutetmə” adlanan üçüncü bölməsində nəzərdə tutulmuş sübutlar əldə edilməli, yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən isə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan şəxsi axtarışın keçrilməsi barədə protokoldan, həmçinin şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərdən də görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı da Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması ilə bağlı şübhəli olmasını bildirmişdir. Həmçinin iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Nokia C2” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Eyni zamanda telefonun kontaktlar qovluğuna da baxış keçirilmiş, şübhəli adlar və ya telefon nömrəsi aşkar edilməmişdir. Bundan əlavə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs isfadəsində olan telefon nömrəsi üzrə məlumatların ələ keçrilməsinə icazə verilməsi ilə bağlı məhkəmə qərarı da qəbul edilmişdir. Qeyd edilən qərarın icrası və nəticədə hər hansı sübutların əldə edilməsi istiqamətində də istintaq orqanı heç bir addım atmamışdır. Belə ki, sübutıların qiymətləndirilməsi qərarında ümumi şəkildə qeyd edilmişdir ki, müvafiq mobil operatordan cavab alınmamışdır, işdə olan sübutlar isə ittihamın sübut edilməsinə kifayət edir. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı sübut əldə edilməsi üçün istintaq orqanı tərəfindən çoxsaylı cəhdlər edilərək araşdırmalar aparılsa da, yekunda bununla bağlı heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərdən əlavə işin digər halları ilə də, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6204 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd edilən hallar da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri mütamadi istifadə edən şəxsdir, narkomaniya xəstəliyindən əziyət çəkir, narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda isə narkotik vasitənin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yuxarıda da qeyd edildyi kimi yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət edə bilməz. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olması faktını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11 bükümdə olan narkotik vasitə heroinin ümumi çəkisinin 0,285 qram olması da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və ailəli olmaqla yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 27 senytabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 senytabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 27 senytabr 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 27 senytabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməli, həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6204 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,175 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,175 qram narkoik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Brosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar