Məhkəmə qərarları › İş №1(060)-102/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-102/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-102/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Şahid3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində " polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə, saat 22 radələrində, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisi, İsmət Qayıbov küçəsində yerləşən Şahid1 işlətdiyi kafedə olarkən Şahid1 həmin vaxt kafedə olan Zərərçəkmiş şəxs içdiyi çayın pulunu tələb edərkən Zərərçəkmiş şəxs zarafatyana çayın pulunu verməkdən imtina etməsini bildirməsini bəhanə edərək, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərləndiyini təsdiq etmək üçün, heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan xüsusilə qərəzli hərəkətlər edərək masanın üzərində olan pivə bakalından silah qismində istifadə etməklə qəsdən, Zərərçəkmiş şəxs sol təpə və sol gicgah nahiyəsinə bir dəfə, daha sonra sınmış bakalın əlində qalmış hissəsi ilə sol bazu nahiyəsinə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, sol gicgah nahiyəsinin və sol bazunun orta 1/3-nin bayır səthinin yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzaqdan-uzağa tanıyır, yaxınlığı olmamışdır. Onunla əvvəllər heç bir qərəzi olmamışdır. 04 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində, İsmət Qayıbov küçəsində yerləşən Məlahət adlı qadının işlətdiyi kafeyə gəlmişdir ki, pivə içsin. O, kafeyə gələndə Əlövsət və Ələsgər adlı şəxs kafenin həyətində oturub domino oynayırmışlar. Həmin vaxt Ələsgər stolun üstündə olan çayı ofisiantın üzərinə dağıtmış, çayın pulunu verməyəcəyini, yalnız arağa pul verdiyini demiş, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisədən sonra o, oradan uzaqlaşmış, daha sonra yenidən kafeyə qayıdaraq Məlahətə pivə sifariş vermiş və pivəsini içmişdir. Həmin vaxt Əlövsət onun yanına gəlmiş, ona mübahisə etməmələrini, söz-söhbətə ehtiyac olmadığını bildirmişdir. O da elə düşünmüşdür ki, Əlövsət Ələsgərlə birlikdə oturduğundan mübahisə etmək üçün onun üzərinə gəlmişdir. Buna görə də əli ilə Əlövsəti itələmişdir. Həmin vaxt içkili olduqlarından aralarında söyüş də söymüşlər. Daha sonra səs-küyə Ələsgər də gəlmişdir. Onun üzərinə gəldiklərindən o, divara qısılmış, əlindəki bakalı Əlövsətin başına vurmuş, əlini arxaya apara zaman bakal divara dəyərək sınmış, qulp hissəsi əlində qalmışdır, onlar bir-birlərinə tutuşan zaman o, bakalın əlində qalan hissəsi ilə Əlövsətin sol qol nahiyəsinə vurmuşdur. Lakin Əlövsəti vurmaq niyyəti olmamışdır. Təkləndiyini düşünərək özünü müdafiə etmək istəmişdir. Daha sonra Məlahət onun qolundan tutaraq onu oradan uzaqlaşdırmışdır. Hadisədən sonra, o, evinə getmişdir. Sonradan bilmişdir ki, Əlövsət polisə şikayət etmişdir. Hadisə zamanı orada onlardan başqa Ələsgər, Məlahət və Sevinc adlı qadın olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 bildirdi ki, Sumqayıt şəhəri 17-ci mikrorayonda qəssab dükanı işlədir. İşlətdiyi qəssab dükanının yanında Məlahət adlı qadınnın işlətdiyi kafe var və o, mütəmadi olaraq oraya müştəri kimi gedir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, 04 iyul 2023-cü il tarixdə saat 21 radələrində o, dostu Ələsgər və Seyidlə birlikdə Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən Səkinənin kafesində yeyib içdikdən sonra 21-ci mikrorayonda yerləşən Məlahətin kafesinə domino oynamaq üçün getmişlər, onlar Məlahətin kafesində çay sifariş edib domino oynamağa başlamışlar. Bir müddət sonra Seyid çıxıb getmişdir. Domino oynayanda onların masasına bir nəfər Ələsgərin adını bilmədiyi tanışı gəlib zarafatyana ona şotkanı yanına qoymamasını demişdir. Bu zaman masaya sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı adam yaxınlaşmışdır. Həmin şəxs heç bir səbəb olmadan ona və Ələsgərə sataşmağa başlamışdır. Ələsgərə əl-qol atmağa başlamışdır. O, Rüfətə irad bildirmişdir ki, ağsaqqal adamdır nə işin var. Onu yola vermişlər. Çalışmışlar ki, Rüfətin şəri onlardan uzaq olsun. Sonra görmüşdür ki, Rüfət dava axtarır və qərara gəlmişlər ki, stuldan dursunlar. Durmaq istəyəndə Məlahət 1 manat çayın pulunu istəmişdir. O, zarafata "kim çay içib özü versin" demişdir. Ayaqyoluna getmək istəyəndə Rüfət təkrar ona yaxınlaşıb söyüşlə çayın pulunu verməsini tələb etmiş və səbəbsiz yerə qəfildən stolun üstündə olan pivə bakalını götürüb onun baş nahiyəsinə vurmuşdur. Sonra isə qırılmış hissəsi ilə sol qoluna vurmuşdur. O, özünü müdafiə etmək üçün onun yaxasından tutmuşdur. Məlahət, Ələsgər və kafedə olan bir nəfər başqası onları ayırmışdır. Məlahət Rüfəti götürüb çıxıb getmişdir. Rüfət kafedə onları görəndən sataşırmış, söyüşlə ilişirmiş. Dava zamanı da, yüksək səslə ona söyüş söyürmüş, Rüfət gedəndən sonra o, öz qəssabxanasına getmişdir. Qolunun qanını kəsmişdir. Daha sonra evə getmişdir. Başına gələnlər barədə oğluna demişdir. Oğlu da, DİN-in 102 xidmətinə zəng vurmuşdur. Hadisə vaxtı kafedə Məlahət, onun işçisi və Ələsgər olmuşdur. Təqsirləndirilən şəxs bu müddət ərzində ona üzrxahlıq etməsə də onu bağışlayır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində həbslə əlaqdar olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Şahid3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, hadisə zamanı o, Sumqayıt şəhərində 21-ci mikrorayonda "Səda" marketin yanında kafe işlədirmiş. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlətdiyi kafeyə tez-tez gəldiklərinə görə qiyabi olaraq tanımışdır. Onların heç biri ilə qərəzi olmamışdır. Əlövsət tanışları ilə tez-tez kafeyə gəlib damino oynayırmışlar. 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində o, kafeni bağlamaq istəyirmiş ki, Əlövsət tanışları Seyid, Ələsgər və bir nəfər də adını bilmədiyi şəxslə gəlib domino oynamaq istədiklərini demişlər. Onlara etiraz etməmişdir. 4 nəfər stolda oturub çay içib domino oynamışlar. Onlar gələndən bir az keçmiş Rüfət kafeyə tək gəlmişdir. İçəri daxil olanda onun sərxoş olduğunu hiss etmək olurmuş. Onlar oraya gəlməmişdən əvvəl başqa kafedə oturub yeyib-içmişlər, onun kafesinə gələn zaman artıq aralarında söz-söhbət yaranmışdı. O, onların danışığından hiss etmişdir ki, aralarında söz-söhbət vardır, bir-birilərinə atmacalı sözlər deyirmişlər. Daha sonra o, Əlövsətdən çayın pulunu istəmişdir. Əlövsət də, ona “mən çaya yox arağa pul verirəm, kim çayı içib pulunu da versin” demişdir. Həmin şəxslər içkili olduğundan o da söz-söhbət yaranmasın deyə pulu tələb etməmiş, işçisi Sevinc adlı qadına kafeni yığışdırıb getməyi demiş, daha sonra Rüfətlə Əlövsət arasında mübahisənin böyüdüyünü görmüş, kömək çağırmaq üçün getmiş, qayıdan zaman Rüfətin əlində bakal qırığının olduğunu görmüş, hər ikisinin üst başı qan içində olmuşdur. Lakin o, kimin kimi vurmasını görməmişdir. Bu zaman mətbəxdə qabları yuyan onun işçisi Sevinc işini saxlayıb hadisə baş verən yerə gəlmişdir, onlar Rüfəti və Əlövsəti aralamaq istəsələr də bacarmamışlar. Sonda o, Rüfətin qoluna girərək onu oradan uzaqlaşdırmışdır. Sonrakı günlərdə Əlövsətin hadisə nəticəsində xəsarət aldığını öyrənmişdir, lakin Rüfəti hadisədən sonra görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 04 iyul 2023-cü il tarixdə o, Sumqayıt şəhəri 21-ci mikrorayonda yerləşən Şahid1 məxsus kafedə qabyuyan işləyirmiş. Rüfət və Əlövsət adlı şəxsləri qiyabi olaraq kafeyə tez-tez gəldiklərindən tanıyır. Onlarla başqa münasibəti olmamışdır. 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində o, kafedə içəri mətbəxdə qabları yuyurmuş. Həmin vaxt kafedə Əlövsət və onunla bərabər bir neçə şəxs olmuşdur və onlar çay içib domino oynayırmışlar. Onlar burda olan zaman Rüfət adlı şəxs sərxoş vəziyətdə kafeyə gəlib kafedə oturan Əlövsətin ünvanına nalayiq sözlər demişdir. O, bir az kənarda olduğundan digər tərəfdə nə baş verdiyini tam eşitmirmiş. Başı işə qarışdığından onlara fikir vermirmiş. Təxminən 15 dəqiqə sonra kafedə səs-küy düşdüyünü, dava baş verdiyini eşidib mətbəxdən çıxmışdır. Əvvəlcə aralarında yumruq davası olmuş, sonra görmüşdür ki, Rüfət Əlövsətin üstünə hücum çəkib onu pivə bakalı ilə baş nahiyəsindən vurmuş və daha sonra bakal sındığından əlində qalan sınmış hissəsi ilə Əlövsətin qol nahiyəsinə vurmuşdur, onlar Rüfəti Əlövsətdən ayrımaq üçün aralamağa getmişlər. Birtəhər Rüfəti kənara çəkmişlər. Məlahət Rüfətin qoluna girib onu küçəyə çıxardıb harasa aparmışdır. Rüfət gedəndən sonra Əlövsətgil də çıxıb getmişlər. Davanın hansl səbəbdən baş verdiyini bilmir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir qərəzi olmayıb, hazırda da, yoxdur. Rüfəti hadisə günündən sonra tanımışdır. Əlövsətlə arada salamı olmuşdur. 04 iyul 2023-cü il tarixdə o, Əlövsət və “seyid” kimi çağırdığları Şahid4 Əlövsətin ət dükanının yanında yaxınlığında yerləşən Səkinənin kafesində oturub yeyib içdikdən sonra saat 22 radələrində 21-ci mikrorayonda yerləşən Məlahətin kafesinə getmişlər ki, çay içib bir az domino oynasınlar. Onlar ora gedəndə Rüfət də orada imiş və pivə içirmiş, onlar otutub domino oynayanda Rüfət kənarda qalıb Əlövsətin ünvanına nalayiq sözlər deyib ona sataşırmış. O, Əlövsətə ona fikir verməməsini, şərinin bizdən uzaq olmasını demişdir. Bir az keçmişdir ki, Əlövsət Rüfətin onları narahat etdiyini görüb yerindən qalxmışdır. Elə bu əsnada Məlahət də, onlara kafeni bağlamaq istədiyini demişdir. Məlahət Əlövsətdən çayın pulun istəyəndə Əlövsət zarafatyana “mən çayın pulun vermirəm, arağın pulunu verirəm, kim içib özü versin” demiş və ayaqyoluna tərəf getmişdir. Həmin vaxt Rüfət söyüşlə Əlövsətə çayın pulunu verməsini tələb etmişdir. Bu əsnada Əlövsət söyüşə dözməyib ona cavab qaytarmışdır. Bundan sonra Rüfət oturduğu stolun üstündə olan pivə bakalını götürüb Əlövsətin baş nahiyəsinə vurmuş və bakal sınıb onun bir hissəsi onun əlində qalmış və üstünə hücum çəkmişdir. Məlahət qışqırıb onları ayırmaqlarını istəmişdir. O, Məlahət həmin vaxt mətbəxdə qabları yuyan tanımadığı bir qadın onların arasına girib Rüfəti ayırmışlar. Məlahət Rüfəti götürüb çıxıb getmişdir. Əlövsətin başı, qolu qan içində imiş və o, evə gedib əynini dəyişəcəyini deyib çıxıb getmişdir. O da Seyidlə evlərinə getmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır. Özü seyiddir. "Seyid" kimi də onu çağırırlar. Təqsirləndirilən şəxs tanıyır. Onlarla heç bir qərəzi yoxdur. 04 iyul 2023-cü il tarixdə saat 21-22 radələrində 21-ci mikrorayonda yerləşən Məlahətin kafesinə gəlmişdir ki, çay içsin. O, tez-tez həmin kafeyə gəlirmiş. Kafeyə gələndə görmüşdür ki, Məlahət Rüfətin qoluna girib onu bayıra aparır. O, Məlahətdən nə baş verdiyini soruşanda ona bildirmişdir ki, Rüfətlə Əlövsət dava ediblər. Həmin vaxt kafedə Əlövsət və Ələsgər olmuşdur. Əlövsətin başından əlində qan axırmış. Ondan nə baş verdiyini soruşanda Əlövsət ona heç nə deməmişdir. Məlahət ona bildirmişdir ki, "Əlövsətgil çay içib çayın pulun vermədəyinə görə Rüfət ona çayın pulunu verməsini tələb etmiş və bundan sonra aralarında narazılıq yarandığından dava baş vermişdir və Rüfət Məlahətin dediyinə görə pivə bakalı ilə onu vurmuşdur. O, orada çay da içə bilməmişdir. Baş verənlərə görə Məlahət kafeni bağlayıb çıxıb getmişdir. O da evinə getmişdir. Baş vermiş davanı görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli zərərçkmiş şəxs-Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək üzləşdirmə istintaq hərəkəti zamanı 04 iyul 2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən Məlahət adlı qadının kafesində olan zaman Təqsirləndirilən şəxs onların stoluna yaxınlaşaraq ona və yanında oturmuş Ələsgər adlı şəxsə heç bir səbəb olmadan sataşdığını, Ələsgərə əl-qol atdığını, daha sonra getmək istəyəndə Təqsirləndirilən şəxs ona yaxınlaşıb söyüşlə çayın pulunu verməsini tələb etməsini və bundan sonra qəfildən pivə bakalı ilə baş nahiyəsinə və daha sonra qol nahiyəsinə iki dəfə zərbə vurduğunu, daha sonra, kafedə olan şəxslər tərəfindən Rüfətin kənara aparıldığını sonuncunun üzünə bildirmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən CM-nin 241-ci maddəsinin “A” bəndi, 93-3-cü maddəsinin 2-ci hissəsi, 38, 42-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bundan başqa Binəqədi rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-180/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1049 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol təpə nahiyəsinin, sol gicgah nahiyəsinin və sol bazunun orta 1/3-nin bayır səthinin yaraları“ xəsarətləri vardır. Qeyd olunan xəsarətlərdən sol təpə nahiyəsinin, sol gicgah nahiyəsinin yaraları küt əşya (əşyalar) təsirindən, digər xəsarət yəni-sol bazunun orta 1/3-nin bayır səthinin yarası isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, özüözünə yetirməsi, eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı MKS tərəfindən verilmiş 946 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş verimiş mübahisə və daha sonra sonuncunun pivə bakalından silah qismində istifadə edilməklə xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin kənar şəxslərin iştirakı ilə baş verməklə törədilmə yeri ictimai yer olduğunu və ictimai qaydanın kobud surətdə pozulduğunu dərk edən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-925/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 1487/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar