Məhkəmə qərarları › İş №1(060)-103/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-103/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-103/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) bükümdə, təmiz çəkisi 1,715 qram narkotik vasitə heroini, 01 (bir) ədəd təsir maddəsinin miqdarı 0,04 qram narkotik vasitə metodan həbini, 01(bir) bükümdə, təmiz çəkisi 0,203 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12 avqust 2021-ci il tarixdə, saat 16:30 radələrində Sumqayit ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12 ünvanının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən göstərilən bükümdə və çəkidə narkotik vasitə heroin, narkotik vasitə metadon həbi, psixotrop maddə metamfetamin və 01(bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. Üzərində olan narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Elektron tərəzi onun üzərində olmamış, polis əməkdaşları tərəfindən onun evindən götürülmüş və həmin elektron tərəzi işlək vəziyyətdə olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12-də ailəsi ilə birlikdə yaşayır. Bədənində ağrılar olduğu üçün 08 (səkkiz) ilə yaxındır ki, narkotik vasitə olan kokosdan (heroindən) və müxtəlif psixotrop maddələrdən istifadə edir. 11.08.2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhəri “20 yanvar” metro stansiyanının yaxınlığında olduğu zaman təsadüfən rastlaşdığı özünü İran vətəndaşı kimi təqdim edən tanımadığı şəxs, ona yaxınlaşaraq ümumulikdə 5-6 qram kokos (heroin) və şüşə (metamfetamin) olduğunu, həmin maddələri ümumilikdə 110 (yüz on) manata satacağını demişdir. O da narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxslə razılaşıb və həmin tanımadığı şəxsdən narkotik vasitə və psixotrop maddəni 110 (yüz on) manata öz şəxsi istifadəsi üçün almış və Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhərinə gəldikdən sonra həmin heroin və metamfetamini çox olduğu üçün tanıdığı müəyyən şəxslərə pul ilə satıb evinə getmişdir. Səhəri gün, yəni 12.08.2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib və ondan özünün təqdim etməyini xahiş etmişlər. O, da bu zaman özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra isə polis əməkdaşları ona narkotik vasitələrinin qanunsuz istifadə etməkdə, satmaqda və gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-nə gəldikdən sonra otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, eyni zamanda tutulduğu zaman öz vəsaiti hesabına özünə müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirmiş, ona görə də, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş və oradan X2 və onun tərəfindən hüquqlarının müdafiə olunmağını istəmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa onu polis əməkdaşlarına təqdim etsin. O da təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, bir ədəd metadon həbini və bir ədəd elektron tərərzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükülülərin içərisində nə olduğunu, haradan aldığını, bükümləri və elektron tərəzini nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, həmin bükülülürdə narkotik vasitə kokos (heroin) və psixotrop maddə şüşə (metamfetamin ) olduğunu, 11.08.2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə bağlı Bakı şəhəri, “20 yanvar” adlanan metrostansiyanın yaxınlığında olduğu zaman təsadüfən rastlaşdığı, özünü İran vətəndaşı kimi təqdim edən tanımadığı şəxsdən bir qismini şəxsi istifadə üçün, bir qismini isə satmaq məqsədi ilə 5-6 qramını ümumulikdə 110 (yüz on) manata aldığını, həmin narkotik vasitə və psixotrop maddə çox olduğundan bir qismini satdığını, tərəzini isə narkotik vasitələr aldığı zaman çəkmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə və psixotrop maddə elektron tərəziyə qoyulub çəkilmiş, sonra tərəzi və narkotik vasitə və psixotrop maddə birlikdə qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 12 avqust 2021-ci il tarixdə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunda onunla yanaşı polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişlər. 12.07.2021ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçi Vüsal Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülümüş bükümü, bir ədəd üzərində “metadon” yazılmış həbi və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirdmiş ki, ondan aşkar olunan şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində maddə “kakosdur”, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki maddə “şüşədir”. Həmin maddələri şəxsi istifadəsi üçün 11.08.2021-ci il tarixdə Bakı şəhəri, “20 yanvar” metro stansiyasının qarşısında İran Respublikasının vətəndaşından 5-6 qram olmaqla 110 (yüz on) manata almış, bir qismini tanıdığı şəxslərə vermiş, bir qismini özü istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddə elektron tərəziyə qoyulub çəkilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin iki bükümlər içərisində maddə ilə birlikdə, bir ədəd metadon həbi və bir ədəd elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. Şahidlər Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. 12 avqust 2021-ci il tarixdə Sumqayıt ŞPİnin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü, bir ədəd üzərində “metadon” yazılmış həbi və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli büküm açıldıqda içərisindən spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə kütləsinin olduğu, siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açıldıqda içərisindən ağ rəngli kristal halda olan psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, ondan aşkar olunan şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində maddə “kakosdur”, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki maddə “şüşədir”. Həmin maddələri şəxsi istifadəsi üçün 11.08.2021ci il tarixdə Bakı şəhəri, “20 yanvar” metro stansiyasının qarşısında İran Respublikasının vətəndaşından 5-6 qram olmaqla 110 (yüz on) manata almış, bir hissəsini tanıdığı şəxslərə vermiş, bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülümüş bükümün içərisində olan maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddəsinin şəffaf rəngli sellofanla birlikdə çəkisinin 1,79 qram olduğu, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü kağızla birlikdə çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin iki bükümlər içərisindəki maddə ilə birlikdə, bir ədəd metadon həbi və bir ədəd elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 avqust 2021-ci il tarixli 6/3468 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan; -üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad , soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 1,715 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqdim olunmuş bir ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0,4 qram təşkil edir. -üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə olan bir ədəd tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisi müəyyən etmək mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,715 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 1,665 qram. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,203 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,153 qram. Qeyd: Metadon həblərinin sayı – 01 ədəd, tədqiqata sərf edildi – 1/2 hissə, qalıq – 1/2 hissə. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 04 sentyabr 2021-ci il tarixli, 3249 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 1,715 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,665 qram heroin, 0, 203 qram metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,153 qram metamfetamin və 01 ədəd metadon həbindən tədqiqatdan sonra qalıq qalan 1/2 hissə metadon həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14.08.2021-ci il tarixli, 4(060)-400/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 12.08.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,715 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,665 qram heroin, 0, 203 qram metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,153 qram metamfetamin və 01 ədəd metadon həbindən tədqiqatdan sonra qalıq qalan 1/2 hissə metadon həbi məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,665 qram heroin, 0,153 qram metamfetamin və 1/2 hissə metadon həbi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar