Məhkəmə qərarları › İş №1(060)-104/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-104/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-104/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta ixtisas təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.3.3; 177.3.3; 326.2; 66.3; 67.1-ci maddələri ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 14.10.2016-ci il qərarı ilə höküm dəyişdirilərək üzərində 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3; 177.2.3; 177.2.2; 177.2.5; 29, 177.2.2; 29, 177.2.5-ci maddələrinə tövsif edilərək cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.04.2018-ci il qərarı ilə üzərində 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 29.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri 48-ci məhəllə, ev 7B, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 27 iyul 2021-ci il tarixdə, saat 07:45-də Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbirstanlığı” adlanan ərazidə 40 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “MY beach” ailəvi istirahət mərkəzinin qarşısına gedən Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa cibinə əlini salaraq ordan 195 (bir yüz doxsan beş) manat məbləğində pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 31 iyul 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 9 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə gedən Zərərçəkmiş şəxs1 sağ çiynindən asılmış çantasının ağız hissəsini açıb əlini çantanın içərisinə salaraq, ordan üzərində 01 (bir) ədəd 4,0 (dörd) manat dəyərində “Azerfon” mobil operatoruna məxsus 070 890 24 04 saylı GSM mobil nömrə olan 220,0 (iki yüz iyrimi) manat dəyərində “Samsung SM-A125 Blue” markalı, 64 GB yaddaş tutumlu, **********2910 İMEİ kodlu mobil telefon aparatını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 224 (iki yüz iyrimi dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 07 avqust 2021-ci il tarixdə, saat 15:50-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində 9 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gedən Zərərçəkmiş şəxs2 sağ çiynindən asılmış çantasının ağız hissəsinin açıq olmasından istifadə edib əlini çantanın içərisinə salaraq, oradan 160 (bir yüz altmış) manat məbləğində pulu gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, uzun müddət əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamış, xəstə olduğundan heç bir yerdə işləyə bilməmiş, buna görədə marşrut avtobuslarda cibgirlik etməklə oğurladığı pul və qiymətli əşyaları satıb əldə etdiyi pul vəsaitləri ilə narkotik vasitələr əldə edib qəbul etmiş, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 177 və 234-cü maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, 29.02.2020-ci il tarixdə azadlığa buraxılmışdır. 27.07.2021ci il tarixdə səhər saat təxminən 07 radələrində evdən çıxaraq piyada gəzə-gəzə Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisindəki dəniz kənarına getmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən keçərkən qarşısına 40 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu çıxmış, avtobusa əl etdikdən sonra avtobusun sürücüsü idarə etdiyi avtobusu saxlamış, avtobusun içərisinə nəzər yetirdikdə içəridə sərnişinlərin çox olduğunu görüb oğurluq etmək üçün münasib şərait olduğunu görmüş və bundan sonra avtobusa minmiş, sərnişin qismində mindiyi avtobus bir qədər irəlilədikdən sonra saat 07:45 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbirstanlığı” adlanan ərazidə avtobusa bir nəfər dolu bədən qurluşlu, ağ rəngli şalvar və dama-dama ağ qırmızı rəngli qısaqol köynək geyinmiş 30-35 yaşlı kişi cinsindən olan şəxs də minmiş, bundan sonra həmin şəxsi izlədikdə onun arxa cibində pul əskinazlarının olduğunu dəqiqləşdirmiş və həmin şəxsə yaxınlaşmış, daha sonra avtobusda olan şəxslərə nəzər yetirdikdə heç kimin diqqətinin onda olmadığını görüb, münasib şərait yarandıqdan sonra əlini həmin şəxsin arxa cibinə salaraq ordan müəyyən qədər pul əskinazları götürüb cibinə qoymuş, sərnişin avtobusu “My beach” istirahət mərkəzinin qarşısında dayandıqda isə avtobusdan düşüb ordan dərhal uzaqlaşmış, xəlvəti bir yerə keçdikdən sonra isə oğurladığı pul əskinazlarını saydıqda ümumilikdə 195 manat pul əskinazı olduğunu müəyyən etmiş, sonradan isə həmin pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 31.07.2021-ci il tarixdə saat təxminən 13 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisindən mindiyi 9 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunda olarkən bir nəfər mavi rəngli hicab geyinmiş qadının telefonla danışdığını, sonra isə telefonu çiynindən asılmış çantanın içərisinə qoyduğunu görmüş, bundan sonra həmin mobil telefonu oğurlamaq qərarına gəldiyindən həmin qadına yaxınlaşmış və onun fikrini dağıtmaq üçün əli ilə onu bir dəfə itələmiş, qadının hərəkətindən sonra özünü itirdiyini görüb onu təkrar bir dəfə də itələmiş, qadın hərəkətindən narahat olmuş, bundan istifadə edərək qadının çiynindən asılmış çantanı açıb mobil telefonu çantanın içərisindən götürmüş, qadın bunu görüb, hiss etməsə də onu itələməyinə görə iradını bildirib sərnişin avtobusunda olan boşalmış oturacaqlardan birinə əyləşmiş, bundan sonra Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yaxınlığında dayanacaqda sərnişin avtobusundan düşüb ordan uzaqlaşmış, xəlvəti bir yerdə mobil telefonu yoxladıqda oğurladığı mobil telefonun “Samsung A 12” markalı mobil telefon olduğunu görmüş, sonradan şəxsi istifadəsi üçün narkotik vasitə almağa pulu olmadığından Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə gedib orda təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, adını, soy adını, digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsin ona qəbul etmək üçün narkotik vasitə verməsi müqabilində özünə məxsus mobil telefonu verməyini təklif etmiş, həmin şəxs təklifi ilə razılaşdıqdan sonra həmin şəxslə mobil telefonu təxminən 0,5 qram narkotik vasitə olan heroin müqabilində dəyişmiş, narkotik vasitəni isə sonradan istifadə etmişdir. Bundan başqa, 07.08.2021-ci il tarixdə yaşadığı evdən çıxmış, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, bundan sonra əvvəllər olduğu kimi oğurluq etmək üçün 9 saylı xətt üzrə hərəkət edən marşrut avtobusuna minmiş, saat 15:50 radələrində sərnişin qismində mindiyi 9 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunda olarkən iki nəfər hicab geyinmiş qadının olduğunu, həmin qadınlardan birinin çiynindən asılmış çantasının ağız hissəsinin açıq olduğunu görmüşdür. Həmin qadına məxsus əl çantasından oğurluq etmək qərarına gəldiyindən qadına yaxınlaşmış və əlində olan sellofan torbadan istifadə edərək sellofan torbanı qadının əl çantasına yaxınlaşdırmış, daha sonra digər əlini çantanın açıq olan ağız hissəsindən çantanın içərisinə salıb ordan müəyyən qədər pul əskinazları götürmüş, daha sonra isə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində dayanacaqda sərnişin avtobusundan düşüb ordan uzaqlaşmış, xəlvəti bir yerdə oğurladığı pul əskinazlarını yoxladıqda ümumilikdə 160 manat pul əskinazı olduğunu müəyyən etmiş, bundan sonra oğurladığı pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. Sərnişin avtobusunda ayrı ayrı vaxtlarda müxtəlif şəxslərə məxsus pul və əşyaları oğurlayarkən kimsə onu görməmiş, tanımadığı qadınlara məxsus əl çantasından mobil telefon və pul vəsaiti oğrulayan zaman əl çantaları qadınların üzərində olmuşdur. Hazırda həbsdə olduğundan zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 31 iyul 2021-ci il tarixdə saat təxminən 13 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən dayanacaqdan 9 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən mağazada paltar tikən dərzinin yanına yola düşmüşdür, sərnişin avtobusuna mindikdən sonra sərnişin avtobusu Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə çatan ərəfədə dayanacaqda düşmək üçün ayaq üstə qalxmış, həmin vaxt sağ çiynindən asdığı çantada olan mobil telefonuna zəng gəldiyindən mobil telefonunu çantadan çıxarıb danışmış, sonradan isə mobil telefonu yenidən çantanın içərisinə qoymuş, həmin vaxt avtobusun içərsində olan sərnişinlərdən kimsə bir neçə dəfə ona toxunmaqla onu itələmiş, avtobusda sərnişinlərin az olması səbəbindən ona kiminsə toxunması qəribə hərəkət kimi gəldiyindən geri çevrilmiş, həmin şəxsin orta yaşlı, arıq bədən qurluşlu tanımadığı bir şəxs olduğunu görüb, həmin şəxsə ona toxunmaqla itələməsi səbəbindən iradını bildirmiş, sonra isə keçib boş oturacaqlardan birində əyləşmişdir. Sərnişin avtobusu Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində dayandıqda isə dayanacaqda avtobusdan düşmüş, bundan sonra yenidən zəng etmək üçün mobil telefonunu çantadan çıxarmaq istədikdə mobil telefonunun yerində olmadığını, oğurlandığını müəyyən etmiş, bu səbəbdən zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək ona məxsus çantadan mobil telefonunu oğurlamış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini, eləcədə ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Hadisə 31.07.2021-ci il tarixdə saat təxminən 13 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən dayanacaqdan 9 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə gedərkən avtobusda baş vermiş, hadisənin hansı şəraitdə baş verməsini hiss etməmiş, həmin vaxt cinayət hadisəsini törətmiş şəxs tərəfindən ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, ona məxsus oğurlanmış mobil telefon “SAMSUNG A12” markalı olmuş, həmin mobil telefonu 30.06.2021-ci il tarixdə 427 (dörd yüz iyrimi yeddi) manata alaraq həmin vaxtdanda istifadə etmiş, bundan bşqa mobil telefonun üzərində 070 890 24 04 saylı mobil telefon nömrəsi də olmuş, həmin mobil nömrəni isə təxminən üç dörd ay əvvəl 5 (beş) manata alaraq istifadə etməyə başlamış, hadisə nəticəsində ona ümumilikdə 432 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı ona qaytarılmamışdır və təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 10.02.2022-ci il tarixli ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı ödənilməmişdir, ondan şikayətçidi. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 07:40 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbrstanlığı” adlanan ərazidən Sumqayıt şəhəri “Novxanı bağlar” massivi ərazində yerləşən “MY beach” ailəvi istirahət mərkəzinin qarşına getmək üçün 40 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusa minmiş, həmin əraziyə getməkdə məqsədi ordanda sərnişin avtobusuna minərək Bakı şəhərinə getmək olmuş, aradan təxminən 7-8 dəqiqə keçdikdən sonra sərnişin qismində mindiyi avtobus “MY beach” ailəvi istirahət mərkəzinin qarşısına çatmış, bundan sonra avtobusdan düşdükdə evdən çıxarkən kredit ödənişi etmək üçün əynində olan şalvarın arxa sağ cibinə qoyduğu 200 (iki yüz) manat pulun 195 (bir yüz doxsan beş) manatının yerində olmadığını, cibində ancaq bir ədəd beş manatlıq pul əskinazının qaldığını görüb, ilk əvvəl pulun cibindən yerə düşə biləcəyini fikirləşdiyindən ətrafı axtarmış, ancaq pulu tapa bilmədiyindən pulun sərnişin qismində mindiyi avtobusda cibindən oğurlandığını yəqin edərək, bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra Sumqayıt şəhər Pİ-nin 1-ci PB-dən ona hansısa polis əməkdaşı zəng vuraraq onu polis bölməsinə dəvət etmiş, lakin həmin gün polis bölməsinə gedə bilmədiyindən, ona zəng vurmuş polis əməkdaşını bu barədə məlumatlandırmış, səhəri gün isə polis bölməsinə gedərək hadisə ilə bağlı şikayət ərizəsi yazmış və əynində olan şalvarın arxa sağ cibindən ümumilikdə 195 (bir yüz doxsan beş) manat pulu oğurlamış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini, eləcədə ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Hadisə 27.07.2021-ci il tarixdə saat təxminən 07:40 radələrindən saat 07:50 radələri arasında Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbrstanlığı” adlanan ərazidə sərnişin qismində mindiyi 40 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusda baş vermiş, ancaq hadisənin hansı şəraitdə baş verməsini hiss etməmiş, həmin vaxt cinayət hadisəsini törətmiş şəxs tərəfindən ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 195 (bir yüz doxsan beş) manat maddi ziyan dəymiş, ona məxsus oğurlanmış pul vəsaitləri bir ədəd 100 (yüz), üç ədəd 20 (iyrimi), üç ədəd 10 (on), bir ədəd 5 (beş) manatlıq pul əskinazlarından ibarət olmuşdur. Oğurlanmış əmlakı qaytarılmamışdır, ancaq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 18.11.2021-ci il tarixli ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat təxminən saat 16 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən dayanacaqdan Sumqaqyıt şəhəri 12-ci mikrorayon ərazisinə getmək üçün 9 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusa minmiş, aradan bir qədər müddət keçdikdən sonra sərnişin qismində mindiyi avtobus Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindən keçərkən avtobusda olan orta yaşlı, təxminən 40-50 yaşlı, kişi cinsindən olan bir şəxs marşrut avtobusunda yanından keçərkən sağ çiynindən asdığı əl çantasına toxunmuş, sonra isə avtovbusun ön tərəfinə doğru irəlləyərək dayanacaqda avtobusdan düşmüş, həmin şəxsin çiynindən asdığı çantasına toxunması ona qəribə gəlsədə, həmin an həmin şəxsin çantasından pulunu oğurlaya biləcəyini fikirləşməmiş, onun sərnişin kimi mindiyi avtobusun hərəkətdə olması səbəbindən ona məxsus əl çantasına toxunduğunu fikirləşmiş, avtobus bir qədər irələdikdən sonra isə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən “Röyal” mebel evinin yaxınlığında avtobusdan düşərkən çantasının ağız hissəsinin açıq olduğunu, çantanın içərsində olan 160 manat pulunun oğurlandığını müəyyən etmiş, bundan dərhal sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra Sumqayıt şəhər Pİ-nin 1-ci PB-dən ona hansısa polis əməkdaşı zəng vuraraq onu polis bölməsinə dəvət etdiyindən polis bölməsinə yaxınlaşaraq hadisə ilə bağlı şikayət ərizəsi yazmış və ona məxsus çantadan ümumilikdə 160 (bir yüz altmış) manat pulu oğurlamış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini, eləcədə ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Hadisə 07.08.2021-ci il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində sərnişin qismində mindiyi 9 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobus Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisindən keçərkən baş baş vermiş, həmin vaxt cinayət hadisəsini törətmiş şəxs tərəfindən ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 160 (bir yüz altmış) manat maddi ziyan dəymiş, həmin pul əskinazlarından bir ədədi 100 (yüz) manatlıq pul əskinazında olmuş, digər 60 manat məbləğində pul vəsaitinin isə hansı əskinazlarda olduğunu unutmuş, oğurluq hadisəsini törətməkdə onunla eyni avtobusa sərnişin qismində minmiş orta yaşlı, təxminən 40-50 yaşlı şəxsdən şübhələnmiş, çünki həmin şəxs sərnişin qismində mindiyi 9 saylı marşrut avtobus Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindən keçərkən çiynindən asdığı əl çantasına toxunmuş, sonra isə dayanacaqda avtobusdan düşmüş, bundan bir qədər sonra Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində avtobusdan düşərkən oğurluq hadisəsinin baş verdiyini aşkar etmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsin ona məxsus pul vəsaitlərini oğurladığına görə cinayət məsuliyyətinə cəlb edilməsindən sonradan yəni İstintaq Şöbəsinə dəvət edilərkən xəbər tutmuş, hadisə nəticəsində ona məxsus hər hansı digər əmlak oğurlanmamış, eləcədə əmlakına maddi ziyan vurulmamış, ilk olaraq DİN-nin 102 xidmətinə hadisə barədə məlumat verərkən həyəcanlı olduğundan və ona məxsus əl çantasından hansı miqdarda pul vəsaiti oğurlandığını dəqiqləşdirmədən məlumat verdiyindən ilkin müraciətində ona məxsus əl çantasından cəmi 60 manat pul vəsaitinin oğurlandığını bildirmiş, sonradan isə əl çantasına nəzər yetirdikdə əl çantasından oğurlandığını aşkar etdiyi 60 manat pul vəsaiti ilə yanaşı, ayrılıqda özünə məxsus əl çantasına qoyduğu 100 manat pul vəsaitinində oğurlandığını müəyyən etmiş, bundan sonra isə polis bölməsinə dəvət edilərkən bununla bağlı şikayət ərizəsi yazıb ona məxsus əl çantasından 160 manat pul vəsaitinin oğurlandığını bildirmişdir. Oğurlanmış əmlakı ona qaytarılmamışdır. Məhkəmə iclasında Şahid göstərdi ki, 2006-cı ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa başlamışdır. 31.07.2021-ci il tarixdə, saat 13 radələrində 9 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusa minərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə gedən Zərərçəkmiş şəxs1 məxsus çantadan bir ədəd “Samsung A 12” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması barədə Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyevin icraatında olan material üzrə 04.08.2021-ci il tarixli əməliyyat tapşırığı və 27.07.2021-ci il tarixdə, saat 07:45 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbrstanlığı” adlanan ərazidən 40 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusa minərək Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisinə gedən Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa cibindən 195 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyevin icraatında olan material üzrə 27.07.2021-ci il tarixli raport daxil olduğundan, oğurluq hadisələrini törətmiş şəxsin müəyyən edilməsi istiqamətində tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Zərərçəkmiş şəxs1 məxsus çantadan bir ədəd “Samsung A 12” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa cibindən 195 manat pulu oğurlamış şəxsin xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri 48-ci məhəllə ev 7B mənzil 35-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlayaraq aidiyyatı üzrə təhfil vermişdir. Təqsirləndirilən şəxs saxlanılakən Zərərçəkmiş şəxs1 məxsus çantadan bir ədəd “Samsung A 12” markalı mobil telefon və Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa cibindən 195 manat pulla bərabər, 07.08.2021-ci il tarixdə 9 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusda Zərərçəkmiş şəxs2 məxsus əl çantasından 160 manat puluda oğurladığını etiraf etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.10.2021-ci il tarixli 9/7200 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və “İrşad electronics” tərəfindən tərtib edilmiş 17.07.2021-ci il tarixli texniki rəydə göstərilən 01 ədəd “Samsung SM-A125 Blue” markalı, 64 GB yaddaş tutumlu, **********2910 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, yuxarda qeyd olunan xüsusatlar nəzərə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 220,0 manat, 01 ədəd 070 890 24 04 saylı GSM mobil nömrə isə 4,0 manat müəyyən edilir. (i.v.154-156) İş materiallarında olan ağ rəngli kağız qutusunda əlavə edilmiş, üzərində zavod üsulu ilə “Kodak” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd, “VİD- 20211007-WAO139” adlı, 7101 kb həcmində, 31 saniyyə davam edən, rəngli formatda video görüntü olan diskə baxış keçirilərkən video görüntünün sabit və hərəkətsiz monitordan başqa bir video kameradan istifadə edən şəxs tərəfindən çəkildiyi, video görüntünün sərnişin avtobusunun salonunu əks etdirdiyi, video görüntünün əvvəlində sərnişin avtobusunun salonunda xeyli sayda sərnişinlərin olduğunun, həmin sərnişinlərdən bir qisminin ayaq üstə dayandıqlarının, digərlərinin isə oturacaqlarda əyləşdiklərinin göründüyü, bu cür video görüntü 15 saniyyə ərzində davam etdikdən sonra ekranın sol tərəfində görünən və ayaq üstə dayanmış mavi rəngli hicab geyinmiş qadının hərəkətə başlayaraq sərnişin avtobusunun ön tərəfinə doğru hərəkət etməyə başladığı, onunla eyni vaxtda həmin qadının arxa hissəsində oturacaqda əyləşmiş, əynində ağ rəngli zolaqlı, qısaqol köynək olan üz cizgilərindən cinayət işi üzrə Təqsirləndirilən şəxs bənzər şəxsində ayağa qalxdığı və sərnişin avtobusunun ön tərəfinə doğru hərəkətə başladığı, eyni zamanda əllərini ondan irəlidə hərəkət edən qadının sağ çiynindən asılmış çantaya yaxınlaşdırdığı, sonra isə özünündə fiziki olaraq qadına arxa hissəsindən yaxınlaşaraq bədənini qadının bədəninə təmas etdirdiyi, qadının hərəkət edərək görüntüdən çıxdığı, üç cizgilərindən cinayət işi üzrə Təqsirləndirilən şəxs bənzər şəxsin isə sərnişin avtobusunun ön hissəsində dayandığı, bu cür video görüntünün bir qədər davam etdikdən sonra dayandığı müəyyən olunmuşdur.(i.v.143-144) İş materiallarında olan, ağ rəngli kağız qutusunda əlavə edilmiş, üzərində zavod üsulu ilə “Kodak” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd, “VİD- 20211007-WAO139” adlı, 7101 kb həcmində, 31 saniyyə davam edən, rəngli formatda video görüntü olan cəmi 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.157-166) İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-ın müstəntiqinin 11.08.2021-ci il tarixli, tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə tutulmuşdur. (i.v.49-52) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-399/2021 saylı, 13.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.107-108) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.3.3; 177.3.3; 326.2; 66.3; 67.1-ci maddələri ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 14.10.2016ci il qərarı ilə höküm dəyişdirilərək ona qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,177.2.3; 177.2.3; 177.2.2; 177.2.5; 29, 177.2.2; 29, 177.2.5-ci maddələrinə tövsif edilərək cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.04.2018-ci il qərarı ilə üzərində 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 29.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.120-122, 124-130) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaratdığı müəyyən edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.153) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli 11.08.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 ( əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut - üzərində zavod üsulu ilə “Kodak” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd, “VİD-20211007-WAO139” adlı, 7101 kb həcmində, 31 saniyyə davam edən, rəngli formatda video görüntü olan cəmi 01 (bir) ədəd disk işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - üzərində zavod üsulu ilə “Kodak” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd, “VİD-20211007-WAO139” adlı, 7101 kb həcmində, 31 saniyyə davam edən, rəngli formatda video görüntü olan cəmi 01 (bir) ədəd disk işi materiallarında saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) olan hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar