Məhkəmə qərarları › İş №1(060)-104/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-104/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-104/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 82, mənzil 47-də qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,458 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanışı X3 12 manat ödəməklə əldə edib, üzərində daşıyaraq saxlamış, 26 avqust 2023-cü il tarixdə, saat 12:00-da Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 nömrəli məktəbin yaxınlığında saxlanılıb 3-cü PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan balaca cibindən 05 ədəd bükümdə təmiz çəkiləri 0,126 qram, 0,087 qram, 0,097 qram, 0,081 qram və 0,067 qram, ümumi təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 26 avqust 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 nömrəli məktəbin yaxınlığında narkotik vasitədən istifadə etmək istəyən zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində kibrit dənəsin başlığı ölçüsündə narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni 12 manata adının sonradan Rahib olduğunu bildiyi “Qəsi” ləqəbli şəxsdən həmin gün, yəni xx.xx.2023-ci ildə almışdır. İttihamda qeyd edilən narkotik vasitələr və elektron tərəzi ona məxsus deyildir. İttihamda qeyd olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş, ona qarşı təzyiq olmuş, polis əməkdaşları tərəfindən döyüldüyündən ibtidai istintaq zamanı tərəzi və digər bükümlərin ona məxsus olduğunu demişdir. Onu Məzahir adlı polis işçisi saxlasa da, nə saxlanılan zaman nə də üzərinə şəxsi axtarış keçirilən zaman digər polis əməkdaşı Şahid2 orada olmamışdır. Ona edilmiş təzyiqlər barədə ibtidai isintaq zamanı müdafiəçisinə bildirməmişdir. Əməlindən peşmandır, himayəsində iki övladı var. Əlavə olaraq bildirir ki, 2ci qrup gözdən əlildir, bu faktı təsdiq edən hətta vəsiqəsi də vardır, əlilliklə bağlı dövlət tərəfindən ona pensiya kəsilmişdir. İbtidai istintaq dövründə ekspertə bu barədə məlumat vermiş, lakin rəydə 2-ci qrup əlil olması nəzərə alınmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə edir. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmiş və bununla bağlı müalicədə olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində 26 nömrəli məktəbin qarşısında olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmiş və onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş və birlikdə 3-cü PB-nə getmişdir. Orada ilk öncə ona hüquqları izah edilmiş və vəkillərin siyahısı təqdim edilmiş, o da, siyahıdan vəkil seçəndən sonra sonuncu bölməyə dəvət olunmuşdur. Bundan sonra ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyini təklif etmişlər. O da əynində olan şalvarının sağ yan kiçik cibindən 05 ədəd bükümdə olan “kakosu”, şalvarının sol yan cibindən isə qara rəngli elektron tərəzini təqdim etmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzi vasitəsi ilə ölçülmüşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitə və elektron tərəzi qablaşdırılmışdır. Bildirir ki, 3-cü PB-nə gətirilərkən, həmçinin polis bölməsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Onun məqsədi həmin narkotik vasitədən istifadə etmək olmuşdur. Həmin narkotik vasitəni 26 avqust 2023-cü il tarixdə səhər saatlarında tanışı X3 20 manata almış, Rahibi hamı «Qəsi» ləqəbi ilə tanıyır. O, istifadə etdiyi narkotik vasitənin çəkisinə nəzarət etmək üçün tərəzini üzərində saxlamışdır. O, telefondan istifadə etmir. Saxlanılan zaman da üzərində telefon olmamışdır Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yaşayan Təqsirləndirilən şəxsqanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra tərəfindən dərhal rəhbərliyə raportla müraciət edilmiş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə ondan və cinayət axtarışı üzrə kiçik inspektor Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 12:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 nömrəli yaxınlığında saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş, müdafiəçi gəldikdən sonra Teymurova hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Namiq əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən 05 ədəd kağız bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd markası bilinməyən elektron tərəzini, sağ arxa cibindən 01 ədəd alışqanı, qısaqol köynəyin sol yan cibindən 1 manat pulu çıxarıb təqdim etmiş, bükümlərin içərisinə baxıldıqda heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi bükümlərdə olan maddənin «kakos» olduğunu, onu 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində “Qəsi” adlı şəxsdən 10-12 manata aldığını, üzərində saxladığını, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzi vasitəsi ilə ölçülmüş, müvafiq qaydada qablaşdırılmış, sonra bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzalayaraq təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi də təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bildirir ki, həqiqətən də ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmiş, o da tərtib etdiyi raportda bu barədə qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir dəqiq məlumata malik deyildir. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, tədbirdə ondan başqa 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 iştirak etmiş, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə sonuncunun özünə məxsus olmuş, saxlanılan zaman üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndərilən şəxsin dediyi kimi guya onların Təqsirləndirilən şəxs üzərinə narkotik maddə və tərəzi qoymaları barədə ifadəsi tamamilə yalandır, düşünür ki, bu məzmunda ifadə verməklə sonuncu özünü müdafiə etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda o və Şahid1 olmuş, həm Təqsirləndirilən şəxs saxlanılmasında, həm də üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş, həmin vaxt üzərində ***-***- **-** nömrəli mobil telefon olmuş, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə sonuncunun özünə məxsus olmuşdur. Təqsirləndərilən şəxsin dediyi kimi guya onların Təqsirləndirilən şəxs üzərinə narkotik maddə və tərəzi qoymaları barədə ifadəsi tamamilə yalandır, düşünür ki, bu məzmunda ifadə verməklə sonuncu özünü müdafiə etməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 26 avqust 2023-cü il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 59-60) “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 72-73); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti Sumqayıt şəhər prokuroru tərəfindən 28 avqust 2023-cü il tarixdə rədd edilmişdir (i.v. 77-78) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 79-80) “şəxsi axtarışın keçirilməsi haqqında” 26 avqust 2023-cü il tarixli və diskə baxış keçirilməsi” haqqında 31 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 3-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim etmiş, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat vermişdir. Bundan sonra iştirakçılar özlərini təqdim etmişlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmiş, sonuncu bildirişlə tanış olandan sonra təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirmiş, bundan sonra Teymurov əynində olan şalvarın sağ yan balaca cibindən 05 ədəd büküm, sol yan cibindən 01 ədəd elektron tərəzi, arxa cibindən 01 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin 1 manat puldan başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olan zaman «Qəsi» adlı şəxsdən 10-12 manata aldığını, üzərində saxladığını, təxminən 20 ilə yaxındır narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra Namiqin təqdim etdiyi bükümlər elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,22 qram, 0,13 qram, 0,17 qram, 0,16 qram, 0,18 qram olmaqla ümumilikdə 0,83 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Həmin vaxt müdafiəçi şübhəli şəxsə suallar vermiş, sonuncu həmin sualları cavablandırmışdır. Həmçinin 26 avqust 2023-cü il tarixdə saat 12 radələrində saxlanıldığını qeyd etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır.(i.v 32-33, 86-87). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4561 nömrəli 27 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°127» dairəvi möhür əksi və «...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 büküm narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi; Şübhəli şəxs: Təqsirləndirilən şəxsimza, ...müdafiəçi -imza, Təhqiqatçı: Emin Alışov-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 05 (beş) ədəd bükümlərdəki təmiz çəkisi- 0,126 qram, 0,087 qram, 0,097 qram, 0,081 qram, 0,067 qram, ümumi təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 46-50). İş üzrə təyin edilmiş əlavə Məhkəmə Ekspertizası Mərkəzinin 6/5006 nömrəli 25 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ƏN MEMnin «Tədqiqat obyekti N°68» ştamp əksi olan 1 (bir) ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərlərində: «Ekspert rəyi N°6/4561...NK-1/1678...Sumqayıt ŞPİ-nin 3cü PB.Təqsirləndirilən şəxs Məhərrəm oğlu... yazısı və imza» yazı əlavələri olan kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində izlər vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (i.v. 110-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5569 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101). İş materiallarında olan Səhiyyə Nazirliyinin MTE və PAB X6 xx.xx.2023-cü il tarixli, 1418 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (i.v. 52-54) Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, 327 manat pensiya alır. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 92-93, 105-107) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 91). İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nəcibə Teymurova və xx.xx.2008-ci il təvəllüdlü Amin Teymurov adlı övladları var (i.v.138-139) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ 3-cü Polis bölməsi AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev, 32 (18-ci məhəllə ərazisi, 2 saylı yataqxana binasının girişi) ünvanında, Sumqayıt şəhər 26 nömrəli tam orta məktəb isə AZ5001, ünvan 2 ünvanında yerləşir. Şahidin istifadəsində olan mobil telefon nömrəsinin anten dairələrini özündə əks etdirən CD formatlı diskdən müəyyən edilmişdir ki, 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefonun 26 avqust 2023-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış və "xxxx" MMC-dən gələn çıxarışda Şahid2 istifadəsində olan həmin mobil nömrəsinin 26 avqust 2023-cü il tarixdə, saat 11:47:20 radələrində anten yeri Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı ərazisi göstərilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi Şahid2 26 avqust 2023-cü il tarixdə, saat 11:47:20 radələrində anten yeri kimi göstərilən Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı ərazisinin həqiqətən də Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 12 radələrində saxlanıldığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 nömrəli məktəbin yaxınlığı olduğunu bildirmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.458 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.358 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncu barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 116-124); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamla təqsirli bilsə də, üzərindən aşkar edilmiş narkotik vasitənin qeyd edilən miqdarda olmaması,üzərindən aşkar edilmiş elektron tərəzinin ona məxsus olmaması, o cümlədən iş üzrə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 nə onu saxlayan zaman nə də üzərində şəxsi axtarış aparılan zaman orada olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi, ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 onun saxlanılmasında və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd diskə baxış zaman Şahid2 şəxsi axtarışın keçirilməsində iştirak etməsi məlum olmuşdur. Məhkəmə tərəfindən cinayət axtarışı üzrə kiçik inspkektor Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edib-etməməsini müəyyən etmək məqsədi ilə anten məlumatlarının əldə edilməsi üçün məhkəmə qərarı çıxarılmış, "xxxx" MMC-dən gələn çıxarışda Şahid2 istifadəsində olan 055 ***-**-** mobil nömrənin 26 avqust 2023-cü il tarixdə, saat 11:47:20 radələrində anten yeri Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı ərazisi göstərilmişdir. Cinayət işi materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 nömrəli məktəbin yaxınlığında saxlanılmışdır. Şahid2 anten dairəsi ilə Təqsirləndirilən şəxs saxlanılma yeri arasındakı eynilik müdafiə tərəfindən də təsdiq edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman döyüldüyünü, təzyiqlərə məruz qaldığını, ibtidai istintaq zamanı döyülməsi ilə bağlı heç kəsə məlumat vermədiyini bildirsə də, iş materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan iki gün sonra yəni xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət və xəsarət izinin aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdardan artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin 0,458 qram olmasını, bundan öncə də narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmasını, məhkumluğu ödənilməmiş yenidən eyni məzmunlu cinayət törətməsini, narkotik vasitələrdən istifadə eməsini və hələ də islah olunmamasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5569 saylı, xx.xx.2023-cü il tarixli rəyində Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunduğunu, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunsa da, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs İİ qrup əlil olması məlum olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Bu səbəbdən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.358 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.358 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar