Məhkəmə qərarları › İş №1(060)-105/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-105/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-105/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 17.08.2020-ci il tarixdə saat 22 radələrində Şahid2 yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllə, K.Kotec qəsəbəsi, ev 32/33-ün həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub sonuncunun dostu Zərərçəkmiş şəxs məxsus “Stells Croos” markalı velosipedi gizli talayaraq zərərçəkmiş Həşimov Cabbar Yaşar oğluna 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyyəti çox aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdi. Bu məqsədlə 17.08.2020-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi ərazisindən keçərkən açıq olan həyət qapısından bir ədəd velosipedin orada olduğunu görmüşdür. Açıq olan həyət qapısından keçib içəri daxil olmuşdur.Qapı bağlı olsa da kilid yerindən açıq olmuşdur. Həyətə daxil olarkən heç kimdən icazə almamışdır. Velosipedin qabaq təkəri boş olmuşdur. Bu zaman həmin velosipedi götürmüş, daxil olduğu həyətdən çıxmış və velosipedi sürərək oradan uzaqlaşmışdır. Sonra tanışı Zamirlə görüşmüş və Zamirə ona məxsus olan bir ədəd velosipedin olduğunu bildirərək həmin velosipedi satmaq istədiyini bildirmişdir. Zamir ona tanışının olduğunu bildirmiş, həmin gün gecə saatlarında qeyd edilən velosipedi Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Zamirin tapdığı müştəriyə 70 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Velosipedi satan zaman o, həmin şəxsə velosipedin oğurluq olması barədə heç bir məlumat verməmişdir. Hadisə zamanı tək olmuşdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq aradan qaldırıldığının, sonuncunun ona qarşı şikayət və ya tələbinin olmadığının nəzərə alınaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, bir müddət olar ki, özünə məxsus olan “Stell Cross” markalı velosipedi onunla eyni məhəllədə yaşayan dostu Şahid2 sürmək üçün vermişdir. Arada elə olurdu ki, o, həmin velosipedi özü də götürüb sürürdü. 18.08.2020-ci il tarixdə dostu Həsənağa ona zəng edərək Həsənağaya sürmək üçün verdiyi velosipedi Həsənağanın yaşadığı evin həyətindən oğurlandığını bildirmişdir. Bundan sonra o, baş verən hadisə barədə polisə məlumat vermişdir. Həmin velosipedi o, 2014-cü ildə 1000 (bir min) manata almışdır. Zərərçəkmiş şəxs daha sonra Təqsirləndirilən şəxs tərəfindən hazırda ona vurulmuş maddi zərəri aradan qaldırıldığı üçün sonuncuya qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirdi və bununla əlaqədar Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Şahid2 onun oğludur. Oğlu Həsənağanın dostu Zərərçəkmiş şəxs bir müddət olar ki, özünə məxus olan “Stell Cross“ markalı velosipedi sürmək üçün oğlu Həsənağaya vermişdir. Oğlu həmin velosipedi sürdükdən sonra yaşadıqları həyət evinin həyətində saxlamışdır. 17.08.2020-ci il tarixdə velosiped yaşadıqları ünvanın həyətində olmuşdur. 18.08.2020-ci il tarixdə saat 11:00 radələrində velosipedin saxlanıldığı yerə baxdığı zaman velosipedin qoyulmuş yerdə olmadığını görmüşdür. Oğlu Həsənağadan velosipedin harada olmasını maraqlandıqda, Həsənağa velosipedi sürmədiyini bildirmiş və bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər qanunsuz olaraq onun yaşadığı evin həyətinə daxil olmuş və velosipedi oğurlamışlar. O, 102 xidməti ilə əlaqə saxlayaraq baş verən hadisə barədə məlumat vermişdir. Bundan sonra oğlu Şahid2 da DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Onun yaşadığı evin həyətindən oğurlanmış velosiped oğlunun dostu Zərərçəkmiş şəxs məxsus olmuşdur. Sonradan məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmədə Şahid1 Qələndər oğlu ifadəsində göstərdi ki, o, təxminən beş ay bundan əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisndə ərzaq malları mağazasını işlətmişdir. Təxminən 1 il olar ki, mağazadan mal alan zaman tanış olduğu Zamir adlı şəxs 17.08.2020-ci il tarixdə saat 22:00 radələrində işlədiyi mağazanın qarşısına üzü tüklü olan, lakin, adını bilmədiyi bir şəxslə gəlmişdir. Zamirin yanında olan şəxs velosipedlə olmuş və həmin velosipedin ön təkəri boş vəziyyətdə olmuşdur. Zamir anasının canına and içərək velosipedin dostuna aid olduğunu, həmin velosipedi satdığını demişdir. O, həmin oğlana velosipedin qarşılığında 50 manat verə biləcəyini bildirmişdir. Zamirin yanında olan, lakin adını bilmədiyi həmin şəxs velosipedi 100 manatdan aşağı satmayacağını ona demişdir. O, həmin şəxsə 70 manat verə biləcəyini demişdir. Həmin şəxs elə Zamirin yanında onunla razılaşmış və ondan 70 manatı almışdır. Bundan sonra o, velosipedi götürmüş və evə getmişdir. Bir gün sonra polis əməkdaşları onun işlədiyi mağazaya gələrək aldığı velosipedin oğurluq olduğunu ona bildirmişlər və onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gedərək izahatını vermiş və 70 manata aldığı, lakin, oğurluq olduğunu bilmədiyi velosipedi polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 31 avqust 2020-ci il tarixli 9/3132 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında götərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd qara-bozgöy rəngli, 28 ölçülü, “Stels Cross” markalı velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300,00 (üç yüz) manat müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.09.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın aradan qaldırıldığını, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, 23.10.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, iş üzrə maddi sübut olan ibtidai araşdırma orqanına təqdim edilmiş “Stells Croos” markalı velosiped zərçəkmiş şəxs Həşimov Cabbar Yaşar oğluna təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və saxlanılması üçün zərərçəkmiş şəxs Həşimov Cabbar Yaşar oğluna təhvil verilmiş “Stells Croos” markalı velosiped zərərçəkmiş şəxs Həşimov Cabbar Yaşar oğlunun sərəncamına verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X2 12 (on iki) saat iştirak etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli (iş № 1(060)-540/2020) qərarını icra edərək, 25 noyabr 2020-ci il tarixli 476 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs kimi axtarışda olub tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 112, mənzil 50 ünvanını tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və saxlanılması üçün zərərçəkmiş şəxs Həşimov Cabbar Yaşar oğluna təhvil verilmiş “Stells Croos” markalı velosipedin zərərçəkmiş şəxs Həşimov Cabbar Yaşar oğlunun sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar