Məhkəmə qərarları › İş №1(060)-105/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-105/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-105/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 03 radələriııdə Sumqayıt şəhər, Metallurq küçəsində yerləşən AZERİNDUSTRY MMC-yə məxsus Aliminium zavodun hasarından keçərək zavodun həyətinə qanunsuz daxil olub oradan 02 ədəd işlək vəziyyətdə olmayan, markası və modeli bilinməyən hər biri 750 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində olan reduktor mühərrikini, 20 ədəd diametri 63 mm olan 3 metrlik, hər biri 30 manat olmaqla, ümumilikdə 600 manat dəyərində olan dəmir boruları, 01 ədəd işlək vəziyyətdə olmayan, markası və modeli bilinməyən 1500 manat dəyərində olan 300 kq-lıq nerj qarışdırıcını (mikser), transformatorun işlək vəziyyətdə olmayan 300 manat dəyərində olan 01 ədəd eleqaz açarını, 01 ədəd işlək vəziyyətdə olmayan, markası və modeli bilinməyən 1500 manat dəyərində olan elektrik şitini, 10 ədəd işlənmiş vəziyyətdə, hər biri 100 manat olmaqla ümumilikdə 1000 manat dəyərində olan 4,50 mm diametrli bronz və almaz materialdan olan qəlibləri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs AZERİNDUSTRY MMC-yə 6400 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şahid5 Zəfər oğlu onun dostudur. Onlar heç bir yerdə işləmədikləri üçün pula ehtiyacları olmuşdur. Onlara məlum olmuşdur ki, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən Aliminium zavodun ərazisində metal alətlər, borular və avadanlıqlar var. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində onlar telefonla danışarkən qərara gəlmişlər ki, oraya daxil olub oradan metal yığıb aparıb satsınlar. O, Zaura demişdir ki, taksi çağıracaq ki, gəlib onları həmin yerə aparsın. Sonra o, tanışı Məhəmmədəliyə zəng edib onları Aliminium zavod ərazisinə aparmasını xahiş etmişdir. Sonra o, həyətə düşdüyü üçün ona demişdir ki, gedib Zauru götürsün və həmin yerə aparsın. Zaura da zəng edib demişdir ki, taksi ilə həmin yerə getsin, o, özü də oraya gedəcək. Taksi sürücüsü onun tanışı olan Məhəmmədəli adlı oğlan olmuşdur. Həmin şəxsi Zaur da üzdən tanımışdır. O, Təxminən 15 dəqiqədən sonra zavod ərazisinə getmişdir. Həmin vaxt Zaur artıq orada olmuşdur. Onlar birlikdə zavodun dağılmış hasarından keçməklə əraziyə daxil olmuşlar. Sonra Zaur özündə olan evakuator vizit kartındakı nömrəyə zəng edərək sürücüyə sifariş verib olduqları yerə gəlməsini istəmişdir. Təxminən 20 dəqiqədən sonra evakuator onlar olduqları yerə gəlmişdir. O, zavodun dəmir darvazasını açmış və evakuator zavodun həyətinə daxil olmuşdur. Sonra onlar oradan 02 ədəd üç metr uzunluğunda şveller, 02 ədəd çərçivəsiz dəmir qapı və 01 ədəd nerj qarışdırıcını evakuatora yükləmişlər. Sonra Zaur evakuatora minmiş, o, isə taksiyə minib evə getmişdir. Bir gün sonra günorta saatlarında Zaur ona zəng edib görüşmək istədiyini bildirmişdir. O, metalları 250 manata satdığını bildirmiş və ona 65 manat pul vermişdir. Zaur bildirmişdir ki, 100 manat da evakuator sürücüsünə vermişdir. Qalan 20 manatı isə siqaret və digər xərclərinə vermişlər. Sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-dən ona zəng olunmuş və onu polis bölməsinə dəvət etmişlər. Orada onun oğurluqda şübhəli olduğunu bildirmişlər. O, isə oğurluq etdiklərini etiraf etmiş və bu barədə izahat vermişdir. Hər iki sürücü onların oradan oğurluq etdiklərini bilməmişlər. O, Aliminium zavod ərazisindən oğurluq edərkən yanında Zaurdan başqa heç kim olmamışdır. Onlar Aliminium zavod ərazisindən oğurluq edərkən onları kənardan heç kim görməmişdir. Onlar zavod ərazisindən 02 ədəd üç metr uzunluğunda şveller, 02 ədəd çərçivəsiz dəmir qapı və 01 ədəd nerj qarışdırıcını oğurlamışlar. Digər mallardan onların xəbəri olmamışdır. Anası xəstədir, ailəsinə baxan, evdə əmək qabiliyyətli şəxs yalnız özüdür. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs AZERİNDUSTRY MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, AZTRİNDUSTRY MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır. 06.04.022-ci il tarixdə gecə saatlarında naməlum şəxs və ya şəxslər Sumqayıt şəhəri, Metallur küçəsində yerləşən AZERİNDUSTRY MMC-yə məxus Aliminium zavodunun ərazisinə qanunsuz daxil olaraq oradan 01 ədəd platanı, 02 ədəd reduktor mühərrikini, 20 ədəd 3 metrlik dəmir boruları, 01 ədəd 300 kq-lıq nerj qarışdırıcını, transformatorun ehtiyyat hissələrini, elektrik şitini, qəliblər və müxtəlif materialları gizli yolla talamışlar. Oğurluq faktı aşkar olunduqdan sonra AZERİNDUSTRY MMC-nin direktoru ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, zavodun ərazisində oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs və tanışı Şahid5dur. Zavod ərazisindən oğurlanmış malların dəqiq siyahısı ilə bağlı müvafiq arayış tərtib olunub istintaqa təqdim olunmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində MMC-yə ümumilikdə 7150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən təmsil etdiyi MMC-yə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir iddalarının, tələblərinin və şikayətlərinin olmadığını, sonuncuların barəsində cəza təyin olunmamasını və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi.: Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, dostu Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, ərazisində yerləşən «Esmira» şadlıq sarayının yanında metal qəbulu məntəqəsini işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində əvvəllər tanımadığı və adının sonradan Zaur olduğunu bildiyi bir şəxs məntəqəyə gəlmiş və ona metal təhvil vermək istədiyini bildirmişdir. O, əvvəlcə həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb etmiş, lakin Zaur ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi yadından çıxıb evdə qalmışdır. O, Zaurdan metalları haradan əldə etdiyini soruşmuşdur. Zaur ona bildirmişdir ki, metallar ona məxsusdur və yaşadığı evin həyətində yer tutduğu üçün və pula ehtiyacı olduğu üçün satmaq istəyir. O, Zaura inanmış və 01 ədəd platanı, 02 ədəd reduktor mühərrikini, 20 ədəd 3 metrlik dəmir boruları, 01 ədəd 300 kq-lıq nerj qarışdırıcını, transformatorun ehtiyyat hissələrini, elektrik şitini, qəliblər və müxtəlif materiallar ondan 250 manata almışdır. Bu barədə o, Coşquna sonradan məlumat vermişdir. Sonradan onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər və aldığı metal malların oğurluq olduğunu bildirmişdir. O, orada Zaur adlı şəxsdən mal aldığını etiraf etmiş, lakin oğurluq olduğunu bilmədiyini bildirmişdir. O, aldığı malların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, dostu Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, ərazisində yerləşən «Esmira» şadlıq sarayının yanında metal qəbulu məntəqəsini işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində əvvəllər tanımadığı və adının sonradan Zaur olduğunu bildiyi bir şəxs məntəqəyə gəlmiş və Vasifə metal təhvil vermək istədiyini bildirmişdir. Vasil əvvəlcə həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb etmiş, lakin Zaur ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi yadından çıxıb evdə qalmışdır. O, Zaurdan metalları haradan əldə etdiyini soruşmuşdur. Zaur ona bildirmişdir ki, metallar ona məxsusdur və yaşadığı evin həyətində yer tutduğu üçün və pula ehtiyacı olduğu üçün satmaq istəyir. Vasif Zaura inanmış və 01 ədəd platanı, 02 ədəd reduktor mühərrikini, 20 ədəd 3 metrlik dəmir boruları, 01 ədəd 300 kq-lıq nerj qarışdırıcını, transformatorun ehtiyyat hissələrini, elektrik şitini, qəliblər və müxtəlif materiallar ondan 250 manata almışdır. Bu barədə Coşqun ona sonradan məlumat vermişdir. Sonradan onu Sumqayıt ŞPİ-nin 4-cii PB-nə dəvət etmişlər və aldığı metal malların oğurluq olduğunu bildirmişlər. O, orada Zaur adlı şəxsdən mal aldıqlarını etiraf etmiş, lakin oğurluq olduğunu bilmədiyini bildirmişdir. O, aldığı malların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi «DAEWOO GENTRA» markatı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Xalıq adlı tanıdığı şəxs ona zəng edərək tanışı Zaur adlı şəxsi Sumqayıt şəhəri, Aliminium zavoduna aparmağı xahiş etmişdir. Xalıq Zaurun «Pioneer» marketin yanında olduğunu bildirmişdir. O, ona etiraz etməmiş və onun dediyi ünvana getmişdir. O, oraya çalmış və Zaurla görüşmüşdür. Zaur ondan maşını Aliminium zavod tərəfə sürməyi xahiş etmişdir. O, maşını Zaurun dediyi yerə, yəni zavodun qarşısına sürmüşdür. Onlardan biraz sonra Xalıq da oraya gəlmişdir. Onlar zavodun ərazisinə keçdikdən sonra, yəni təxminən 20 dəqiqə sonra bir evakuator da oraya gəlmişdir. Zaur zavodun darvazasını açmış və evakuator içəri daxil olmuşdur. Təxminən 15-20 dəqiqdən sonra evakuator zavoddan çıxmışdır. O, görmüşdür ki, evakuatorun üstündə müxtəlif metal hissələr var. O, Xalıqdan bunların nə olduğunu soruşduqda Xalıq ona demişdir ki, metal yığıblar. Sonra Zaur evakuatorla getmişdir. Xalıq isə onun maşınına əyləşmişdir. O, Xalıqı yaşadığı evə aparmışdır. Xalıq və Zaur onun onları aparıb gətirməyi müqabilində zəhmət haqqı olaraq ona pul verməmişlər. Təxminən 2-3 gündən sonra 4-cü PB-dən ona zəng edib onu bölməyə dəvət etmişlər və bu məsələ ilə bağlı sorğu sual etmişlər və o, bildikləri ilə bağlı izahat vermişdir. Polis Bölməsində ona məlum olmuşdur ki, Xalıqla Zaur zavoddan metalları oğurlamışlar. Onlar ona bu barədə bir söz deməmişlər. O, özü də onların oğurluq etmələrindən şübhələnməmişdir. Çünki onlar zavodun darvazasını açıb rahat içəriyə girdikləri üçün o, fikirləşmişdir ki, onlar kimdənsə icazə alıblar. Xalıq və Zaur da ona götürdükləri əşyaların oğurluq olduğunu bildirməmişlər. O, onlara heç bir köməklik etməmişdir. Onlar əşyaları maşına özləri yığmışlar. O, zavodun ərazisinə daxil olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5474 saylırəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların (istifadə olunmuş malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametrlərinə uyğun olaraq) 2022-ci iln aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3100,0 manat müəyyən edilir. 3 metrlik, 63 mm diametr olan dəmir boruların hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 600 manat, 01 ədəd işlək vəziyyətdə olmayan, markası və modeli bilinməyən 300 kq-lıq nerj qarışdırıcının (mikser) qiyməti 1500 manat, 10 ədəd bronz və almaz materialdan hazırlanmış işlənmiş vəziyyətdə olan, 4,50 mm diametr olan qəlibinin bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 1000 manat təşkil edir. Digər üç adda mallar haqqında kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Beləliklə markası və modeli bilinməyən hər biri 750 (yeddi yüz əlli) manat dəyərində olan 02 ədəd reduktor mühərrikininin ümumi qiyməti 1500 manat, transformatorun işlək vəziyyətdə olmayan 01 ədəd eleqaz açarının qiyməti 300 (üç yüz) manat, 01 ədəd işlək vəziyyətdə olmayan, markası və modeli bilinməyən elektrik şitinin qiyməti 1500 manat olaraq hesablanmalıdır. Bununla da zərərçəkmiş hüquqi şəxs şəxs AZERİNDUSTRY MMC-yə ümumilikdə 6400 (altı min dörd yüz) manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 1772.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ibtidai istintaq orqanının həmin tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və ciayət əməlinin tövsif edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs CM-nin 1772.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, vurulan ziyan tam olaraq ödənildiyindən, zərərçəkmiş hüquqi şəxsin şikayəti və tələbi olmadığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 ay 12 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-809/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1565 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 ay 12 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar