Məhkəmə qərarları › İş №1(060)-105/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-105/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-105/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, nömrəsiz fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 1(060)-740/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni, 07(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,350 qram, 0,260 qram, 0,325 qram, 0,322 qram, 0,183 qram, 0,096 qram və 0,239 qram, ümumi təmiz çəkisi 1,775 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - “metamfetamin” və üzərində psixotrop maddə “metamfetamin” izləri olan 01 (bir) ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 avqust 2024- cü il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, H.Əliyev küçəsi, 21-ci məhəllə, “Sufle” şirniyyat mağazasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasına gətirilib orada həmin tarixdə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli üzərində heç bir yazı və marka olmayan işlək vəziyyətdə olan elektron tərəzi və içərisindən 07(yeddi) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 07(yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 1,775 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulana kimi xeyli müddət imiş ki, psixotrop maddə olan metamfetamin istifadə edirmiş. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsə yetmiş manat pul verərək, həmin şəxsdən psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17-18 radələrində Sumqayıt şəhəri, H.Əliyev küçəsi, 21-ci məhəllə, “Sufle” şirniyyat mağazasının yaxınlığında olarkən mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə və psixotrop maddələrlə bağlı şübhəli olduğundan saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getməyə razılıq vermişdir. Polis Bölməsində ona vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarın cibindən 07 bükümdə olan metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. O həmin bükümlərdəki kütlələrin “patı”, yəni, “metamfetamin” olduğunu bildirmişdir. Təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş, çəkilmiş və qabalşdıırılmışdır. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni kiməsə verməmiş və ya belə niyyəti olmamışdır. Tərəzini isə narkotik alarkən çəkisini dəqiqləşmək üçün üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, iki azyaşlı uşağı var, uşaqlar 2018-ci ildən onun himayəsində deyil, həmin vaxtdan uşaqlar babalarının, yəni onun atasının himayəsindədirlər. Uşaqların internat məktəbinə yerləşdirilməsindən məlumatı yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü polis Bölməsinin əməliyyat müvəkilli Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün təxmnini saat 17 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, H.Əliyev küçəsində yerləşən “Sufle” şirniyyat evinin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ 4-cü polis bölməsinə getməli olduğunu bildirmişlər, Sevinc Əhmədova da etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Polis Bölməsində xidməti otaqların birində Sevinc Əhmədovaya vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Sevinc Əhmədova əynində olan şalvarın cibindən 01 ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Sevinc Əhmədova tərəfindən təqdim edilmiş elektron tərəzi açılarkən içərisində 07 (yeddi) ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən isə hər bir bükümün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdəki kütlələrin patı adlandırılan və psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 (yetmiş) manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Sevinc Əhmədovanın üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin Yetkinlik Yaşına çatmayanların işləri üzrə inspektoru Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd elektron tərəzini və tərəzinin içərisində olan 07 (yeddi) ədəd bükümü çıxarıb təqdim etmiş, həmin maddələrin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd elektron tərəzini və tərəzinin içərisində olan 07 (yeddi) ədəd bükümü çıxarıb təqdim etmiş, həmin maddələrin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 87-92-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs oğlu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzini və tərəzinin içərisində olan 07 ədəd qızılı rəngli siqaret kağızın bükülmüş bükümləri təqdim etmişdir. Aşkar olunmuş bükümlərin içərisinə baxış keçirilərkən hər bir bükümün içərisindən ağ rəngli maddə aşkar edilmiş, bundan sonra aşkar edilmiş bükümlərin elektron tərəzidə çəkilmiş, bükümlərin çəkisi müvafiq olaraq 0,40 qram, 0,37 qram, 0,45 qram, 0,039 qram, 0,29 qram, 0,32 qram, 0,19 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümdəki kütlələrin patı adlandırılan və psixotrop maddə olduğunu, həmin maddələri həmin gün saat 8-9 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün yetmiş manat pul verərək aldığını və üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/1-6/4115 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 128” dairəvi möhür əksləri olan, “X3 üzərindən aşkar olunan “metamfetamin”-ə bənzər kütlələr ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) №-li ədəd zərfdəki 07(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,350 qram, 0,260 qram, 0,325 qram, 0,322 qram, 0,183 qram, 0,096 qram və 0,239 qram, ümumi təmiz çəkisi 1,775 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin, 2 №-li zərfdəki 01 (bir) ədəd elektron tərəzinin səthində psixotrop maddə metemfetaminə məxsus izlər olan aşkar olunmuşdur.Qeyd: Metafetaminin ümumi təmiz çəkisi - 1,775 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1,675 qram. Cinayət işinin 41-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 74-76-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 1,675 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5867 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 1(060)-740/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu ümumilikdə 10 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 02 azyaşlı uşağı var: xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6. Cinayət işinin materiallarına əlavə edilmiş 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışların surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdən 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təhsil alırlar, onlar internat məktəbində gecələyirlər və evə aparılmırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin 07 ədəd ayrı-ayrı bükümlərdə olmuş, həmçinin onun üzərindən elektron tərəzi də aşkar edilmişdir. Elektron tərəzinin üzərində isə psixotrop maddə olan metamfetamin izləri aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən ifadəri özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu ümumilikdə 10 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-740/2024 saylı saylı iş üzrə şübhəli şəxs kimi tutulduğu ümumilikdə 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbsə alındığı 12 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşaqlarının on dörd yaşına çatana qədər təxirə salınıb-salınmaması məsələsini müzakirə edərək hesab edir ki, qeyd edilən normanın Təqsirləndirilən şəxs tətbiq edilməsi məqsədə müvafiq deyil. Belə ki, Təqsirləndirilən şəxs həbsə alınmamışdan 06 il öncədən, yəni 2018-ci ildən uşaqlar faktiki olaraq onun himayəsində olmamış, babalarının himayəsində olmuşdur. Azyaşlı uşaqlar xx.xx.2022-ci il tarixdən isə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təhsil alırlar, onlar internat məktəbində gecələyirlər və evə aparılmırlar. Təqsirləndirilən şəxs isə uşaqlarının internat məktəbində olmasından da xəbərsiz olmasını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlıqda olarkən uşaqlarla ümumiyyətlə maraqlanmamış və onları öz himayəsindən kənarda saxlamışdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5867 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,675 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 1(060)- 740/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-740/2024 saylı saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu ümumilikdə 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,765 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar