Məhkəmə qərarları › İş №1(060)-106/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-106/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-106/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,533 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq onu üzərində saxlamış, 24 avqust 2022-ci il tarixdə saat 17:15 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən «İlkin» marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PBnə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,533 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə 12-13 radələrində evdə olan zaman onu kiminsə çağırdığını eşitmişdir. Bu vaxt iki polis əməkdaşı qapını döymüşlər, onlar ona Süleyman qapını aç demişlər və o, qapını açmışdır. Polis əməkdaşları ondan şikayət olunduğunu demişlər, o da əynini geyinərək polis əməkdaşları ilə Polis Bölməsinə getmişdir. Bölmədə polis əməkdaşları onun cibinə narkotik vasitə qoyaraq videoçəkiliş aparmışlar. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir heroin deyilən narkotik vasitə istifadə etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, orada 20 yanvar metrostansiyasının yaxınlığında olarkən tanımadığı bir nəfərdən 20 (iyirmi) manata özünün istifadəsi üçün narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. Həmin gün geri qayıtdıqdan sonra saat 17:15 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən «İlkin» marketin yaxınlığında olarkən ona bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan həmçinin adını və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini izah edərək, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bundan sonra polis əməkdaşlarına heç bir etiraz etmədən onların idarə etdiyi avtomobilə əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuş, bundan sonra ona üzərində olan qanunla saxlanılması və daşınması qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq isə bildirmişdir ki, bükümün içərisindəki maddə narkotik vasitə olan heroindir və onu həmin gün səhər saatlarında Bakı şəhəri ərazisində yerləşən, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün alaraq, üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və büküldüyü kağız parçası ilə çəkisinin 1,1 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə həmin narkotik vasitə heroin içərisi boş zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, bundan sonra narkotik vasitə olan heroinin onun üzərindən aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş və daha sonra tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Nə saxlanılarkən, nə də polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamış, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildən DİO-da, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru vəzifəsində isə 2022-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə Süleyman adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcədə qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Süleyman adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Süleyman adlı şəxsin xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 17:15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən “İlkin” marketin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müwəkkili, Şahid3 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, sonra isə ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra xidməti otaqların birində onun, əməliyyat müvəkkilləri Şahid1 və Şahid3, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl isə Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq, həmin cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə isə, həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən isə o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan əvvəl səhər saatlarında Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, təsadüfən tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramal Eminli olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyat olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİnin 5-ci PB-nin əməliyyat müvvəkkili Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 olduğunu, üçüncü özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvvəkkili Şahid3 olduğunu bildirdikləri, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqda olan digər şəxsi özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edərək həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5 olduğunu bildirdiyi, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən “İlkin” marketin yaxınlığında saxlanıldığı və polis bölməsinə gətirildiyi barədə, həmçinin bununla əlaqədar video çəklişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verdiyi, həmin şəxsdən üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə dair etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrini izah etdiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişlə tanış olduğu, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin şəxsi axtarış istintaq hərəkətinin icra edilməsinə başlanması barədə məlumat verərək, daha sonra ilk olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edib üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşdığını və sağ əlini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə salaraq həmin cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyduğu, daha sonra özünü təqdim edərək təhqiqatçı Eminli olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümə özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən baxış keçirildikdə gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddənin aşkar edildiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin nə olduğunu, hardan, kimdən, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin gün səhər saatlarında şəxsi istifadəsi üçün, Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi tanıdığı şəxsə 20 (iyrimi) manat pul ödəyərək aldığını bildirdiyi, bundan sonra aşkar edilmiş həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,1 qram olduğunun müəyyən edildiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş gümüşü rəngli siqaret kağızma bükülmüş bükümdəki maddənin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən imza edildiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə məlumat verildiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 (bir) manatlıq pul əskinazmın araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi barədə məlumat verilərək həmin şəxsə geri qaytarıldığı, daha sonra xidməti otaqda olan müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin nə olduğunu, özünə məxsus olub olmadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olmaqla özünə məxsus olduğunu, nə saxlanılarkən, nə də polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirdi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №242” dairəvi möhür əksi olan və “Vət.Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,533 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,533 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,483 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022- ci il tarixli, 5396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,533 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,483 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-358/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs”qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3697 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2013-cü il təvəllüdlü X4 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-482/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 482/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs “8 Noyab-Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “8 Noyab-Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 1289 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,533 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,483 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,483 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar