Məhkəmə qərarları › İş №1(060)-106/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-106/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-106/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 1-ci mikrorayon, ev 16/29A, mənzil 14-də qeydiyyatda olan, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 4/2, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Çuxur» çay evinin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq, həmin Bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,259 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Çuxur çay evinin qarşısında olarkən ona iki nəfər polis əməkdaşları yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nin 3-cü PB-yə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli bükümü təqdim etmişdir. Aşkar edilmiş büküm açılan zaman içərisində ağ rəngli kristallik maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin “metamfetamin” olduğunu, həmin maddəni tutulmamışdan əvvəl xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 23 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd gümüşü bükümdə olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddə bükümlə birlikdə çəkisinin 0,35 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, könüllü olaraq müalicə almasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Elmin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 19:30-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Çuxur çay evinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 3-cü PBnin təhqiqatçısı, polis baş leytenantı Orxan Rzayev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Orxan Rzayev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Elman Məcidovu təqdim etmiş, Elmin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanın təqdim edilməsi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sorğu zamanı Elmin üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 23 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Elminin üzərindən aşkar olunan həmin metamfetamin kağız bükümlə birlikdə tərəzidə çəkilən zaman 0,35 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və Elmin də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, ərazisində yerləşən “Çuxur” çay evinin qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 22) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Çuxur çay evinin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlama, daşıma və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra Azərbaycan Respublikası CPM-nin 147 və 148-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra inspektor-kriminalist “Panasonic” markalı videokameranı işə salaraq iştirakçılarla birlikdə PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuş, belə əşya və ya predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan göy rəngli-cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılan zaman içərisindəki ağ rəngli, kristallik şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən onun üzərindən maddi əhəmiyyət kəsb edən heç nə aşkar olamamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan göy şalvarın sağ yan cibindən aşkar edilən gümüşü rəngli siqaret kağızı bükümündəki kütlənin psixotrop maddə “metamfetamin” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bir nəfər tanımadığı şəxsdən 23 manat pul ödəməklə satın almış, öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristallik formalı kütlə gümüşü kağız bükümü ilə birgə elektron tərəziyə qoyularaq çəkilmiş və kağız bükülü ilə birgə çəkisi 0.35 qram olmuşdur. Bundan sonra həmin bükülü kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. (i.v.23-24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3157 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №127” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs; Müdafiəçi: imza E.Məcidov; Təhqiqatçı: /imza/ O.Rzayev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata qəbul edildi 0,259 qram; nümunə götürüldü 0,05 qram; geri qaytarıldı 0,209 qram maddə(i.v.33-37) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 47-48) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.56-57) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.58-59) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,259 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,209 qram metamfetamin saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (i.v.65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 6172 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.86-87) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş metamfetaminin təmiz çəkisi ekspert rəyinə əsasən 0,259 qram əsas götürülmüş və həmin maddənin maddi sübut kimi tanınması nəzərə alınmışdır. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,209 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v.89-92) Hazırkı cinayət işi üzrə təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclaslarında iştirakı təmin edilmədiyindən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmənin iclaslarına gəlməkdən qəsdən yayınmamasını, onun “Azad Seçim” reabilitasiya Mərkəzində könüllü olaraq müalicə almasını, mobil telefonu işlətmədiyindən iclasların keçirilməsindən məlumatı olmamasının nəzərə alınaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdir. “Azad Seçim” Reabilitasiya Mərkəzi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək psixoloji durumununa və narkotikdən asılılığına görə reabilitasiya mərkəzində stasionar müalicədə olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı 26 (iyirmi altı) gün, ümumilikdə 28 (iyirmi səkkiz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 56 (əlli altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6172 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,209 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı 26 (iyirmi altı) gün, ümumilikdə 28 (iyirmi səkkiz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 56 (əlli altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,209 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar