Məhkəmə qərarları › İş №1(060)-107/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-107/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-107/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Kotanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 35,760 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 sentyabr 2022-ci il tarixdə, saat 18:35 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 4/27 saylı binanın yanında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir narkotik vasitə olan marixuana, heroin və psixotrop maddələr istifadə etmişdir. 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında olduğu təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman sonuncudan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də ona üzərində bir ədəd bükümdə narkotik vasitə olan marixuana olduğunu və ona 20 manata sata biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb 20 manat pulu vermiş və həmin şəxsdən bir bükümdə marixuana alaraq şalvarının sol yan cibinə qoymuşdur. Bakı şəhərində işlərini qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 18:35 radələrində yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 4/27 saylı binanın yaxınlığında olduğu zaman 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin sihaısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil Fərhad İsmayılovun hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, da həmin vaxt şalvarının sol yan cibinə qoymuş olduğu bir ədəd sellofan torbadakı marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin torbaya baxış keçirildikdən sonra marixuana elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı da həmin sellofan torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu, özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokola və zərfin üzərinə imza etmişdir. Həmin narkotik vasitə olan marixuananı 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məşədi özü istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Narkotik vasitəni aldığı şəxsi əvvəllər heç vaxt görməmiş, tanımamışdır, onun adını, soyadını və harada yaşamasını bilmir, həmin şəxsin onda telefon nömrəsi yoxdur. Həmin şəxs orta boylu, orta bədən quruluşlu, qarayanız, təxminən 40 yaşlarında bir kişi cinsli şəxs olmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Sumqayıt şəhər polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 sentyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının etibarlılığını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 4/27 saylı binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında olmasını görmüşlər və bir neçə dəqiqə sonuncunu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından sonuncunu üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Fərid Nəsimiyev tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşı Şahid2 və vəkil Fərhad İsmayılovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı tərəfindən sonuncuya təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torba və şalvarının sağ arxa cibindən bir ədəd "Catel” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisində baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsinin olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkilib çəkisi müəyyən edildikdən sonra ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/996 saylı saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 35.760 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi-35,760 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-35,710 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5198 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 35,710 qram qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını icra edərək, 21 oktyabr 2022-ci il tarixli 1609 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 35,710 qram qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar