Məhkəmə qərarları › İş №1(060)-108/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-108/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-108/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, azadlıqdan məhrüm etmə cəzası çəkən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 47, mənzil 48-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə, saat 20 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi "xxxx" MMC-nin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən filialına müştəri kimi daxil olub satışda olan mobil telefonların yerləşdiyi vitrinə yaxınlaşaraq ətrafı müşahidə edib satıcıların onu görmədiklərinə əmin olduqdan sonra həmin vaxt vitrindən ümumi dəyəri 2550 (iki min beş yüz əlli) manat olan 01 ədəd “İPHONE 12 PRO MAX” markalı mobil telefonu – özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin may-iyun aylarında maddi vəziyyəti çətinliyi ilə əlaqədar pula ehtiyacı olmuşdur və bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək məqsədilə 05.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisindəki, Məhəmməd Əsədov küçəsində yerləşən "xxxx" mağazasının yanına gəlmişdir. Həmin gün, yəni 05.06.2021-ci il tarixdə saat 19:10-da "xxxx" mağazasına daxil olmuşdur. Mağazaya daxil olduqda satıcıların müştərilərlə söhbət etdiklərini buna görə də başlarının qarışıq olduğunu görüb telefonlar olan vitrinə tərəf getmişdir. Telefonlar olan vitrinin yaxınlığında heç kimin olmadığını görüb vitrininin kilidsiz pəncərəsini açıb vitrində olan “İphone” markalı telefonu götürmüş və yenidən qaytarıb yerinə qoymuşdur. Telefonu vitirindən götürdükdə mühafizə siqnalzasiyasının işə düşmədiyini görüb bir qədər mağazanın içərisində gəzişmişdir. Təxminən 2-3 dəqiqə gəzişdikdən sonra telefon vitrinin yanında heç kimin olmadığını görüb yenidən vitrinin yanına getmişdir. Vitrinin yanında durub ətrafı müşahidə edib heç kimin onu görmədiyinə əmin olmuş və vitrində olan “İphone” markalı mobil telefonu götürüb cibinə qoyaraq mağazanı tərk etmişdir. O mağazadan çıxanda mağaza işçilərindən heç kim onu görməmişdir. Mağazadan çıxdıqdan sonra dərhal həmin ərazidən uzaqlaşmış və Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getməkdə məqsədi oğurladığı mobil telefonu satmaq olmuşdur. Bu məqsədlə "xxxx" mağazasından oğurladığı 1 ədəd “İphone” markalı mobil telefonu bir neçə nəfərə göstərmişdir. Həmin gün, yəni 05.06.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Papanin körpüsü” deyilən yerdə tanımadığı şəxsə özünə məxsus “İphone” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs isə telefona baxıb 500 manata ala biləcəyini demişdir. O həmin şəxslə razılaşmış və "xxxx" mağazasından oğurladığı “İphone” markalı mobil telefonu 500 manata həmin şəxsə satmışdır. Oğurladığı telefonun satışından əldə etdiyi 500 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını və sonuncunun hüquqi məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər hər hansı bir psixi xroniki xəstəliyi olmamışdır. 2018-ci il tarixdən Sumqayıt şəhəri 17-ci mikrorayon şəhər ərazisində Elmarın dairəsi deyilən yerin yaxınlığında yerləşən "xxxx" MMC-nin Sumqayıt şəhər filialında yerləşən elektronik məhsulların satışı dükanında koordinator vəzifəsində çalışır. Dükanın günlük fəaliyyətindəki işlərə nəzarət onun rəhbərliyi altında həyata keçirilir. Dükan hər gün saat 09:00-da açılmaqla, gün sonu yəni 20:00-da bağlanır. Dükan 24 saat video kameraları vasitəsilə müşahidə altındadır. 05.06.2021-ci il tarixdə təxminən saat 19 radələrində iş yerində olan zaman dükanda satış məshətçisi işləyən Samir İsmayılov ona yaxınlaşıb mobil telefonların satış piştaxtasındakı telefonlardan birinin, yəni “İPHONE 12 PRO MAX” markalı mobil telefonun yerində olmamasını müəyyən etdiyini bildirmişdir. O dərhal satış piştaxtasına yaxınlaşdıqda həqiqətən “İPHONE 12 PRO MAX” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Oğurluq ola bilməsindən şübhələnib müşahidə kameralarınına qeydəalıcı cihazındakı videogörüntülərə baxmışdır. Baxış zamanı 05.06.2021-ci il tarixdə təxminən saat 18 radələrində bir nəfər təxminən 30-35 yaşlarında üzü tüklü, arıq bədən quruluşlu oğlanın dükana daxil olduğunu, mobil telelfonların satışı piştaxtasına yaxınlaşdığını, satıcıların yaxınlıqda olmamasından istifadə edib xəlvətcə “İPHONE 12 PRO MAX” markalı mobil telefonu oğurladığını, daha sonra sakitcə dükanı tərk etdiyini aşkar etmişdir. Dərhal baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə telelfon məlumatı vermişdir. Əlavə olaraq oğurlanmış “İPHONE 12 PRO MAX” markalı mobil telefonun 256 GB yaddaş tutumlu, göy rəngli olduğunu, mobil telelofonun İMEİ-1 kodu **********04277, İMEİ-2 kodunun isə **********35517 nömrəli olduğunu bildirərək hazırki dəyərinin 3229 manat olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/4046 saylı saylı rəyindən görünür ki, 01 ədəd təzə vəziyyətdə “İPHONE 12 PRO MAX” markalı, 256 GB yaddaş tutumlu, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması nəzərə alınaraq hazırkı orta bazar qiymətinin nəzəri qaydada təxminən 2550,00 manat olması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X3 05.07.2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.05.2014-cü ilə tarixdə Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli 513 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 1(006)-43/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cazası ilə qismən birləşdirərək qəti olaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cazası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.04.2022-ci il tarixli 1(103)-689/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-43/2022 saylı, 07 yanvar 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2022-ci il tarixli 1(011)-43/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5 və 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cazası ilə qismən birləşdirərək qəti olaraq Təqsirləndirilən şəxs 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 03 il 08 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 43/2022 saylı, 14 aprel 2022-ci il tarixli hökmü 05.05.2022-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan 15.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-317/2021 saylı 01.10.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, işdə olan 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri və habelə Təqsirləndirilən şəxs hazırda oğurluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2022-ci il tarixli 1(011)-43/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəzası təyin edilməlidir. Cəzasının əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmaqla, barəsində hazırki iş üzrə hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş hüquqi şəxsə izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təqsirləndirilən X2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli (iş № 1(060)-736/2021) qərarını icra edərək, 02 noyabr 2021-ci il tarixli 1454 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2022-ci il tarixli 1(011)-43/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar