Məhkəmə qərarları › İş №1(060)-11/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-11/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-11/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, məhəllə 577, ev 68, mənzil 79-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 20.11.2019-cu il tarixdə, saat 20 radələrində “BC” dərəcəli, AB N 419496 №-li sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Optima minik” markalı, 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Koroğlu küçəsindən Niyazi küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, yolu sağdan sola keçən piyada Allahverdiyev Bağman Cavad oğlunu avtomobilin ön sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan başın küt travması, baş-beyinə qansızma, sağ təpəgicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ təpə nahiyyəsinin yarası, sağ tərəfli otohemolikvoreya, sağ gicgah nahiyyəsinin, sağ baldırın aşağı 1/3-nin ön iç səthinin sıyrıqları, sağ gözətrafının, sağ budun aşağı 1/3-dən, sol baldırın orta 1/3-nin ön iç səthini əhatə edən qançırları ilə müşayiət olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, "xxxx" MMCdə auditor işləmişdir, 20.11.2019-cu il tarixdə təxminən saat 16 radələrində özünün sürcülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Kia Optima minik» markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə getmişdir. Saat 20 radələrində müxtəlif dükanlarda tütün məmulatlarının reklamını həyata keçirən Elza və Ləmanı götürüb Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Elmarın dairəsi deyilən isitqamətdə yol almışdır. Elza və Ləman avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Saat 20 radələrində, avtomobilin hərəkəti üçün ona maneə yaradacaq hər hansı hal və ya şərait olmamış, təxminən avtomobili 50-60 km/saat sürətlə yolun sol tərəfi ilə 3-cü zolaqla idarə etmişdir. Hava şəraiti qaranlıq olmuşdur. Çiskin yağış yağmış və yer sulu olmuşdur. Avtomobilin ön işıqları yanılı vəziyyətdə olmuş, avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Təqribən işıqfora 50-60 metr məsafə qalmış işıqforun yaşıl işığı yanmışdır. İşıqforda dayanmış avtomobillərdən birinci zolaqdakı yerində dayanmışdır, ikinci zolaqdakı avtomobil isə yerindən az sürətlə tərpənmişdir. O, yaşıl işıq yandığı üçün sürətini azaltmamışdır. İkinci zolaqdakı avtomobilin arxa hissəsinə çatanda təxminən 12 metr öndə anidən piyadanı görmüş, heç cür hadisənin qarşısını ala bilməmiş, piyadanı vurmuşdur. Piyadanı vurduqdan sonra avtomobil altında qalmaması üçün sükanı sola burub əyləcə basıb avtomobili saxlamış və yerə enmişdir. O ətrafına toplaşmış kənar tanımadığı bir neçə şəxsin köməkliyi ilə sonradan adının Bağman Allahverdiyev olduğunu bildiyi şəxsi avtomobilin arxa sərnişin oturacağına uzatmışdır. Elza ilə Ləman avtomobildən enib orada qalmışlar. Bağman Allahverdiyevi Sumqayıt şəhər travmotologiya xəstəxanasına aparmışdır. Xəstəxanaya gələn polis əməkdaşlarına hadisənin özü tərəfindən yetirildiyini bildirib özünü təqdim etmişdir. Daha sonra hadisə yerinə o və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, piyada Bağman Allahverdiyev yolun hərəkət hissəsinə daxil olqudan sonra ümumlikdə vurulduğu yerə qədər 8-9 metr düzünə məsafə qət etmişdir. Hadisədən öncə spirtli içki qəbul etməmişdir. Hadisə nəticəsində heç bir bədən xəsarəti almamışdır. Hadisənin qarşısını almağa heç bir texniki imkanı olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Bağman oğlu göstərdi ki, Allahverdiyev Bağman Cavad oğlu doğma atasıdır. 20.11.2019-cu il tarixdə təxminən saat 18 radələrində qardaşı Sadiq Cavadlı özünün idarə etdiyi avtomobillə, o isə özünün idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişdirlər. Saat 20 radələrində artıq yaşadığı evinə qayıtmışdır. Təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman əmisi Bəhmən Allahverdiyev istifadəsində olan ********** saylı mobil nömrə ilə zəng edərək ona “deyirlər ki, Bağmanı maşın vurub, sənin bundan xəbərin var deyə?” soruşmuşdur. O, xəbərinin olmadığını bildirmişdir. İkinci dəfə əmisi ona zəng edərək hadisə barədə dəqiq məlumat aldığını, Bağmanın avtomobillə vurulduğunu, hazırda Sumqayıt şəhət TTYX-da ilkin tibbi yardım göstərildiyini bildirmişdir. O, dərhal qardaşı Sadiq və anası Vəzifə ilə birgə Sumqayıt şəhər TTYX-na getmişdir. Atası Bağman Allahverdiyevin olduğu otağa daxil olmuşdur. Atasına həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Atasının başının arxa sağ tərəfindəki sümük qırılmışdır. Bundan başqa bədənin müxtəlif nahiyələrində cırılmış yara izləri var idi. Komada olduğu üçün danışa bilmirmiş. Odur ki, o, atasından hadisənin necə baş verdiyini soruşa bilməmişdir. Xəstəxanaya qohumlardan çox adam yığılmışdır. Orada gəzən söz söhbətlərdən ona məlum olmuşdur ki, tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs 20.11.2019-cu il tarixdə saat 20 radələrində idarə etdiyi «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Koroğlu küçəsindən Niyazi küçəsi istiqamətində hərəkətdə olarkən Azuqə dükanın yaxınlığında yolu sağdan sola keçən piyada Bağman Allahverdiyevi vuraraq ona xəsarət yetirmişdir. Atası Bağman Allahverdiyev 21.11.2019-cu il tarixdə saat 21 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən Sumqayıt şəhər TTYX-da dünyasını dəyişmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Bağman oğlunun notarial qaydada təsdiq olunmuş 29.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan könüllü ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 2014-cü il tarixdən Sumqayıt ŞPİnin DYPŞ-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində işləyir. 20.11.2019-cu il tarixdə növbə cədvəli üzrə xidmətdə olmuşdur. Həmin gün saat 20:35-də əl rabitəsi vasitəsilə mərkəzdən Sumqayıt şəhəri 10-cu mkr-la 12-ci mkr arasında Azuqə marketlə üzbəüz yolda, Koroğlu küçəsində piyada vurma ilə nəticələnən yol-nəqliyyat hadisənin baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat üzrə dərhal hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerinə çatanda orada olan tanımadığı kənar şəxslərin «Kia Optima” markalı avtomobilin vurduğu kişi cinsindən olan piyadanı avtomobilinə qoyub xəstəxanaya yollandığını bildirmişlər. O, xidməti avtomobillə Sumqayıt Şəhər TTYX-na getmişdir. Qəbul şöbəsindən məlumat almaq istəyəndə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin ona yaxınlaşaraq hadisənin onun tərəfindən törədildiyini, piyadanı gətirib xəstəxanaya yerləşdirdiyini, piyadanın aldığı xəsarətlərlə əlaqədər yaxşı olmadığını bildirib, özünə aid sənədləri ona təqdim etmişdir. Xəstəxanada olan zaman öyrənmişdir ki, vurulmuş piyada Sumqayıt şəhər sakini Allahverdiyev Bağman Cavad oğludur. Daha sonra müstəntiqin göstərişi ilə o, hadisə baş verən yerə getmişdir. Az sonra Təqsirləndirilən şəxs müstəntiqlə birgə hadisə yerinə gəlmişdirlər. Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyi soruşulduqda, o 20.11.2019-cu il tarixdə təxminən saat 16 radələrində özünün sürcülük vəsiqəsi əsasında idarə etdiyi «Kia Optima minik» markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gəldiyini, saat 20 radələrində müxtəlif dükanlarda tütün məmulatların reklamını həyata keçirən Elza və Ləmanı götürüb Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Elmarın dairəsi deyilən istiqamətdə yol aldığını, saat 20 radələrində avtomobili 50-60 km/saat sürətlə yolun sol tərəfi ilə 3-cü zolaqla hərəkət etdirdiyini, təqribən işıqfora 50-60 metr məsafə qalmış işıqforun yaşıl işığının yandığını, işıqforda dayanmış avtomobillərdən birinci zolaqdakının yerində dayandığını, ikinci zolaqdakı avtomobilin isə yerindən az sürətlə tərpəndiyini, qırmızı işığın sönmə vaxtına az qaldığını və yaşıl işığın yanacağını gördüyü üçün sürətini azaltmadığını, ikinci zolaqdakı avtomobilin arxa hissəsinə çatanda təxminən 12 metr öndə anidən piyadanı görüb avtomobilin əyləcinə basıb sükanı azca sola burduğunu, lakin gec olduğu üçün o, piyadanı avtomobilin sağ ön tərəfi ilə vurduğunu, dərhal avtomobili saxlayıb yerə endiyini, Bağman Allahverdiyevi avtomobilin arxa sərnişin oturacağına uzatdığını və onu Sumqayıt şəhər travmotologiya xəstəxanasına apardığını bildimişdir. Hadisə yerinə o və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir və baxış zamanı müəyyən edilmişdir ki, piyada Bağman Allahverdiyev yolun hərəkət hissəsinə daxil olduqdan sonra ümumlikdə vurulduğu yerə qədər 8-9 metr düzünə məsafə qət etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, “Kent” siqaret tütün məhsullarının reklam təqdimatı üzrə mütəxəssis işləyir. Şirkətdə Sumqayıt şəhəri ərazisində işi həyata keçirməkdən ötrü 2 qrup yaradılmış və hər qrup 4 nəfər qızdan ibarətdir. Təqsirləndirilən şəxs və Maqsud adlı şəxslər isə supervayzer kimi həmin reklam fəaliyyətində işləyirdilər. Nicat və Maqsudun əsas işləri onları dükanlara aparmaq və iş saatları qurtardıqdan sona onları götürüb yaşadıqları ünvanlara çatdırmaqdan ibarət olmuşdur. 20.11.2019-cu il tarixdə təxminən saat 16 radələrində Maqsud onları Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərini yaxşı tanımadığı üçün dəqiq olaraq harada və hansı dükana düşürüldüyünü bilmir. Təxminən saat 19:30 radələrində Maqsudun yolu digər qızların ev ünvanlarına uyğun gəldiyi üçün o, Təqsirləndirilən şəxslə getməli olmuşdur. Saat 19:30 radələrində Nicat onu dükandan özünün idarə etdiyi «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobillə götürmüşdür. Daha sonra Sumqayıtın tanımadığı digər yerindən isə Ləman adlı digər reklam mütəxssisini götürmüşlər. Avtomobili Təqsirləndirilən şəxs idarə edirmiş. O, avtomobilin sağ sərnişin oturacağında, Ləman isə arxa sol sərnişin oturacağında əyləşmişdir. Saat 20 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Səməd marketin yanından keçib üzü 18-ci mkr tərəfə Elmarın dairəsi deyilən yer istiqamətdə gedirmişlər. Onun fikri mobil telefonda olmuşdur. Yola diqqət etmirmiş. Telefonda nəyisə göstərmək üçün arxaya Ləman istiqamətində dönmüşdür. Avtomobilin ön sağ tərəfindən tappılıtı səsi eşitmiş, dərhal dönüb qabağa baxmış, lakin nəsə görməmişdir. Nicat avtomobili saxlayıb təşvişlə yerə enmişdir. Ləman ona “deyəsən Nicat adam vurdu” demişdir. Ləmanla o da avtomobildən enmişdirlər. Həmin vaxt oraya kənardan şəxslər qaçaraq toplaşmışdır. O, yerə enən kimi yerdə qanlı vəziyyətdə tanımadığı, sonradan adının Bağman Allahverdiyev olduğunu bildiyi şəxsin kürəyi üstə yerdə uzandığını görmüşdür. Qandan qorxduğu üçün həmin şəxsə diqqətlə baxmamış və həmin yerə yaxınlaşmamışdır. Kənardan toplaşmış şəxslərin köməkliyi ilə Nicat Bağmanı avtomobilin arxa sərnişin oturacağına qoyub onu Sumqayıt Şəhər TTYXna aparmışdır. Şahid X7 ifadəsində göstərdiyi xüsusatları şahid qismində dindirilmiş X12 da təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 4432 saylı, 20.11.2019-cu il tarixli aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti olmamışdır.(i.v 12) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 noyabr 2019-cu il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, hadisə yerində yolun hərəkət hissəsi bir tərəfli, 3 zolalıdır, yolun ümumi eni 12-metr, düz, hamar, yaş və asfalt beton örtüklüdür. Yolun sağ və sol hissəsində görməni məhdudlaşdıracaq heç nə yoxdur. Hadisə axşam, saat 20:00 radələrində baş vermişdir. Hadisə yeri Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşir və yaşayış məntəqəsinə daxildir. İcazə verilən sürət həddi 60 km/saatdır. Piyada yolun hərəkət hissəsinə soldan 8.9 metr, düzünə, iti yerişlə daxil olmuşdur. Hadisə yerində «Kia Optima” markalı, 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin tormuz izi aşkar edilməmişdir. Hadisə yerində hadisə ilə bilavasitə əlaqəsi olan piyada keçidi, işarəsi və işıqfor vardır. «Kia Optima” markalı avtomobildə 2 nəfər sərnişin olmaqla, avtomobil saz vəziyyətdə olmuşdur. (i.v. 04-11) İş materiallarında olan 22.11.2019-cu il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı aşağı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcıllıqla göstərilir: işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digəri isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompyuterin pəncərəsində görsənən “TŞ 055 piyada vurma” sözləri yazılmış qovluğa daxil olunmuşdur. Görüntülənən videogörüntü 0 dəqiqə 46 saniyədən ibarətdir. Görüntünün başladığı andan işıqforun qırmızı işığı yanılı olur. 11-ci saniyəsində ikinci zolaqla işıqfor tərəfə hərəkətdə olan avtomobil dayanır. 15-ci saniyədə sağ tərəfdən birinci zolaqdakı avtomobil işıqfor tərəfə gəlir və 20-ci saniyədə dayanır. 20-ci saniyədə işıqforun birbaşa yaşıl işığı yanır. Piyada düzünə iti yerişlə yolun hərəkət hissəsinə daxil olur. 22-ci saniyədə 3-cü zolaqla işıqfor istiqamətində hərəkətdə olan avtomobilin işıqları görünür. Şahid Təqsirləndirilən şəxs deməsinə görə 3-cü zolaqda görünən avtomobil onun hadisə anında idarə etdiyi «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobildir. Görüntünün texniki keyfiyyəti ilə bağlı həmin avtomobil marka və dövlət qeydiyyat nişanı aydın müşahidə edilmir. 24-cü saniyədə 2-ci zolaqdakı avtomobil hərəkətə başlayır və piyada 3-cü zolağa daxil olur. 24-25-ci saniyə ərzində 3-cü zolaqdakı avtomobil sağ ön hissəsi ilə 3-cü zolağa daxil olmuş piyadanı vurur və ətrafdakı kənar şəxslər hadisə yerinə toplaşır.(i.v 24-25) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 27.11.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 39) İş materiallarında olan 29.11.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Allahverdiyev Bağman Cavad oğlu 21.11.2019-cu ildə vəfat etmişdir.(i.v 41) İş materiallarında olan Bakı Şəhər Narkoloji Dispanserinin 72 nömrəli, 10.01.2020ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 97) İş materiallarında olan 16 saylı Bakı Şəhər Poliklinikasının 13.01.2021-ci il tarixli həkim-psixiatr rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ədalə oğlu psixiatr qeydiyyatında yoxdur.(i.v 98) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 112 saylı 15.12.2019-cu il tarixli rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın küt travması, sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş-beyinə qansızma, sağ təpə nahiyyəsinin yarası, sağ tərəfli otohemolikvoreya, sağ gicgah nahiyyənin, sağ baldırın aşağı 1/3-nin ön iç səthinin sıyrıqları, sağ gözətrafının, sol budun aşağı 1/3-dən, sol baldırın orta 1/3-nin ön-iç səthini əhatə edən qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 20.11.2019-cu il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X2 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. X2 meyitinin müayinəsi zamanı götürülmüş anın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. X3 xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş, bədənin sol ön-yan səthi hərəkətdə olan nəqliyyat vasitələrinə tərəf yönləmiş və ilkin zərbə sol baldır nahiyysindən yetirilmişdir.(i.v 99-105) İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 1512 saylı, 07.02.2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Kia Optima” markalı, 99RZ384 dövlə qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v 107-110) İş materiallarında olan AB № 419496 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 11.08.2011-ci ildən 11.08.2021-ci il tarixədək, yəni 10 il müddətinə “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AD № 389150 saylı nəqliyyat vasitəsinin qrydiyyat şəhadətnaməsinə əsasən «Kia Optima mink” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarında olan “nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, 20.01.2019-cu ildə X11 «Kia Optima minik” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixədək notarial qaydada etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və X14 23.11.2019-cu il tarixli, 302- 4452-1219 saylı məktubundan da görünür ki, Təqsirləndirilən şəxs 11.08.2011-ci ildə “BC” dərəcəli AB № 419496 saylı on illik sürücülük vəsiqəsi almışdır. Komputer bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. «Kia Optima mink” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur, etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.02.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən müsbət xarakterizə edilmişdir. (i.v.110) İş materiallarında olan 10.02.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır.(i.v 111-118) İş metriallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 11.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 140-142) Məhkəmə baxışı zamanı hadisə yerinə baxış və istintaq eksperimenti keçirilmişdir. 13.04.2021-ci il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı aşağıdakılar müəyyən olunmuşdur: səkidən İ zolaqdakı avtomobillərə qədər olan məsafə 1,8 metr, İ zolaqdan İİ zolaqdakı avtomobillərə qədər olan məsafə 1,47 metr olmuşdur. Təqsirləndirilən şəxs Mercedes C250 markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Koroğlu küçəsində Niyazi küçəsi istiqamətində yolun sağdan sola İİİ zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən işıqforun yaşıl işığının yandığını 41,6 metr məsafədən görməsi; təqsirləndirilən şəxs Mövlayev X9 C250 markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Koroğlu küçəsində Niyazi küçəsi istiqamətində yolun sağdan sola İİİ zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən piyadanın yolun İİ zolaq İ sıradakı dayanmış qara rəngli BMW 528 markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin önündən İİİ zolağa çıxmasını 18,4 metr məsafədən görməsi; Təqsirləndirilən şəxs piyadanı gördüyü yerdən piyadanı vurduğu yerədək 19 metr məsafə qət etməsi; təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs yaşıl işığın yandığını gördüyü məsafədən, yəni 41,6 metr məsafədən yolun sağ başlanğıc hissəsində dayanıqlı vəziyyətdə 182 santimetr boyda olan X8 cism kimi görməsi, lakin konkret olaraq canlı şəxs olub-olmadığını bilməməsi; Təqsirləndirilən şəxs işıqforun yaşıl işığının yandığını gördüyü 41,6 metr məsafədən piyada X5 yolun sağından soluna doğru 2,7 metr məsafəyə qədər görünməməsi, yalnız 2,7 metr məsafədə olanda görünməsi; piyadanın ilk görünə bildiyi yerdən vurulduğu yerədək 6,2 metr məsafənin olması; Təqsirləndirilən şəxs piyadanı görə biləcəyi ilk nöqtədən piyadanın vurulduğu yerədək piyadanın iti sürətlə 6,2 metr məsafə qət etməsi; piyada vurulan yerdən idarə olunan avtomobillə İİ zolaqdakı avtomobil arasındakı məsafənin 1,6 metr olması; bu zaman Təqsirləndirilən şəxs piyadanı vurduğu yerin yolun sağdan sola 8,9 metr, soldan sağına isə 3,4 metr məsafədə olması müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-11/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarına əsasən cinayət işi əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi qərara alınmışdır. Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1093 saylı, 19.06.2021ci il tarixli rəyindən görünür ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan anda «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerindən 10-12-18, 4-19-23,2 metr məsafədə olması şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq eksperimenti zamanı müəyyən edildiyi kimi sürücü Təqsirləndirilən şəxs svetoforun yaşıl işığının yandığını gördüyü 41,6 metr məsafədə piyadanın onun görünüş dairəsinə düşmədiyindən sürücünün svetoforun yaşıl işığının yandığını gördüyü 41,6 metr məsafəyə əsasən tədqiqat aparılmır. Təhlükə yaranan andan, yəni sürücünün görünüş dairəsinə düşdüyü andan vurulmaya kimi piyadanın iti qaçışla 6,2 metr və 1,8 metr məsafə qət etməsi şəraitində «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12-ci bəndində tövsiyə olunmuşdur ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir…. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanununun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu bəndində məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilmişdir. Göstərilən normaların və qərarların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Bu baxımdan məhkəmə istintaq zamanı toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, həmin sübutlar ittihamın təsdiq edilməsi üçün kifayət deyildir və istintaq zamanı yol-nəqliyyat hadisəsi üzrə bütün hallar araşdırılmamış, ittiham mövqeyi əsas tutularaq, səthi araşdırma aparılaraq əldə edilmiş sübutlar əsasında ittiham verməklə kifayətlənilmişdir. İttihamın sübutları, əsasən, hadisənin videogörüntüsündən, təqsirləndirilən şəxsin ifadəsindən, hadisə yerinə baxış protokolundan və bu məlumatlar əsasında verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən ibarətdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, piyadanı təxminən 10-12 metrdən gördüyünü bildirir, hadisənin qarşısını almağa texniki imkanı olmadığını göstərir. İstintaq onun göstərdiyi 10-12 metr məsafəni əsas götürür və işin halı kimi qəbul edir. Videogörüntüdə təqsirləndirilən şəxsin göstərdiyi həmin 10-12 metr məsafəni müəyyən etmək qeyri-mümkündür. Videogörüntüyə baxaraq hadisənin məhz ittiham aktında göstərildiyi qaydada və şəraitdə baş verməsi qənaətinə gəlmək də mümkün deyildir. Videogörüntüdə təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olması təsdiq edilmir. İstintaq orqanının topladığı sübutlarla müəyyən edilir ki, “Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilmiş sürət həddini aşmamış, işıqforun qadağanedici işığında hərəkət etməmiş, yolun 3-cü hərəkət zolağı ilə, icazə verilən 60 km/saat sürəti ilə hərəkət etmişdir. Piyada işıqforun piyadalar üçün qadağanedici işığı yanan anda yola daxil olmuşdur. Hadisə yerində işıqfor işləyir və hərəkət işıqforla tənzimlənir. Baxılan iş üzrə istintaq zamanı məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Həmin qərarda işin halları kimi sürücünün təhlükəni görmə məsafəsinin 12 metr olmasını bildirməsi, hadisə yerində yolun hərəkət hissəsinin bir tərəfli, 3 zolaqlı, yolun ümumi eninin 12-metr, düz, hamar, yaş və asfalt beton örtüklü olması, yolun sağ və sol hissəsində görməni məhdudlaşdıracaq heç nə olmaması, hadisənin axşam, saat 20:00 radələrində baş verməsi, hadisə yerinin Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşməklə yaşayış məntəqəsinə daxil olması, icazə verilən sürət həddinin 60 km/saat olması, piyadanın yolun hərəkət hissəsinə soldan 8.9 metr, düzünə, iti yerişlə daxil olması, hadisə yerində «Kia Optima” markalı, 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin tormuz izinin aşkar edilməməsi, hadisə yerində hadisə ilə bilavasitə əlaqəsi olan piyada keçidinin, işarəsinin və işıqforun olması, «Kia Optima” markalı avtomobildə 2 nəfər sərnişin olmaqla, avtomobilin saz vəziyyətdə olması göstərilmişdir. Məhz həmin məlumatlar əsasında rəy verən ekspert «Kia Optima” markalı, 99RZ384 dövlə qeydiyyat nişanlı avtomobilin sürücüs Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə rəy vermişdir. Göründüyü kimi, ekspert işin hallarından asılı olaraq sürücünün təqsirlilik məsələsinə qiymət vermişdir. Belə olan halda işin halları müəyyən olunmalıdır və buna uyğun iş üzrə cinayət hadisəsinin olub-olmaması, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olub-olmaması barədə nəticə çıxarılmalıdır. Bu baxımdan toplanmış sübutlar təhlil edilərək qiymətləndirilməli, bunun nəticəsi olaraq əməlin tövsifi məsələsi həll edilməlidir. Bu kateqoriyadan olan işlərlə bağlı qüvvədə olan qanunvericilik cinayət təqibini həyata keçirən orqanlardan zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və ya digərlərinin istəyi ilə deyil, yalnız qanunda nəzərdə tutulan hallarda və qaydada kiminsə məsuliyyətə cəlb edilməsini tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstintaq orqanı hadisənin vedeogörüntüsünü götürərək ona baxış keçirsə də, işin hallarının müəyyən edilməsi, iş üzrə əhəmiyyət kəsb edən bütün halların araşdırılması üçün zəruri olan bütün istintaq hərəkətlərini yerinə yetirməmişdir. İstintaq zamanı piyadanın yola çıxması anında onu sürücünün görməsinin mümkünlüyü, piyadanın nə vaxt sürücünün görünüş dairəsinə düşməsi və digər zəruri araşdırılmalı hallar araşdırılmamışdır. Halbuki hadisənin baş vermə vaxtı, şəraiti bunu şərtləndirirdi. Məhkəmədə hadisənin videgörüntüsünə baxıldı. Hadisənin videgörüntüsü hadisənin baş verməsi şəraitini və hallarını tam aydın göstərməsə də videogörüntüdə təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olması təsdiq edilmir. Burda piyadanın vurulma anı tam yoxdur. Amma piyadanın işıqforun yaşıl işığı yanan anda, qaçaraq yola girməsi, 1 və 2-ci zolaqlardakı avtomobillərin ona yol vermələri görünür. Sürücünün piyadanı hansı andan görməsi və ya görə bilməsi məlum deyildir. Bu və işdə olan digər sübutlar iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün tam kifayət etmədiyindən məhkəmə tərəfindən hadisə yerinə baxış və istintaq eksperimenti keçirilmişdir. Məhz istintaq eksperimenti zamanı məlum olmuşdur ki, sürücü piyadanı o yola daxil olduqda görməmiş, yalnız piyada 2.7 metr məsafə qət etdikdən sonra sürücünün görünüş dairəsinə düşmüşdür. Piyadanın sürücünün görünüş dairəsinə düşdükdən sonra vurulma nöqtəsinədək qət etdiyi məsafə 6.2 metrdir. Piyadanın qarşısından çıxdığı 2-ci zolaqdakı avtomobillə vurulduğu avtomobil arasında yan məsafəsi 1,6 metr olmuşdur. Əldə edilən bu və digər məlumatlar əsasında əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1093 saylı, 19.06.2021-ci il tarixli rəyindən görünür ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan anda «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerindən 10-12- 18, 4-19-23,2 metr məsafədə olması şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təhlükə yaranan andan, yəni sürücünün görünüş dairəsinə düşdüyü andan vurulmaya kimi piyadanın iti qaçışla 6,2 metr və 1,8 metr məsafə qət etməsi şəraitində «Kia Optima” markalı 99RZ384 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göründüyü kimi, işin hallarının, hadisənin baş vermə mexanizminin düzgün müəyyən olunması iş üzrə qanuni və asaslı qərar qəbul edilməsinə zəmin yaratmışdır. Konkret işlə bağlı qeyd edilməlidir ki, məhz bu araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İşdə sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməməsini təsdiq edən sübut yoxdur. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263.2ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat (100man.+100man.) dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınmış - yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul dövlət büdcəsinə aid edilsin və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Maddi sübut kimi tanınmış - yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar