Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-11/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991 -ci ildə Xaçmaz şəhərində doğulmuş, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 14:15də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəflaf rəngli sellofan bükümünün içərisində olan 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd edildiyi kimi xx.xx.2021-ci il saat 14:15-də yox, xx.xx.2021-ci il tarixdə saat 23-24 radələrində Corat qəsəbəsində Əlimərdanın evində sonuncu və Vüsalə ilə birlikdə olarkən saxlanılmış və Polis İdarəsinə aparılmışdır. xx.xx.2021-ci il tarixdə valideyinləri ilə birlikdə yaşadğı ünvanda olarkən Naxçıvan MR-da yaşayan və Sumqayıt şəhərinə qonaq gəlmiş Vüsalə adlı rəfiqəsi həmin gün axşam saat 23 radələrində ona zəng edərək tanışı Əlimərdanın yaşadığı Corat qəsəbəsindəki evdə olduğunu, yeməyə heç nə olmadığını, onun üçün yeməyə nəsə alıb gətirməyini demişdir. O, da Vüsalənin zəngindən sonra rəfiqəsi Vüsalə üçün yemək aparmış və Corat qəsəbəsində Əlimərdanın yaşadığı evə getmişdir. Həmin vaxt Əlimərdan digər otaqda yatmışdır. Vüsalənin qarşısındakı kiçik stolun üzərindəki narkotik bükmək üçün istifadə olunan cığaranı görəndə o başa düşmüşdür ki, Vüsalə artıq narkotik maddədən istifadə etmişdir. Çünki o özü də əvvəllər narkotik istifadəçisi olmuşdur. Hazırda o narkotikdən uzaqdır, istifadə etmir. Bir neçə dəqiqə sonra Əlimərdan durub dükandan nəsə almaq üçün getmişdir. Bir az keçdikdən sonra Əlimərdanla birlikdə evə bir neçə polis əməkdaşı daxil olmuş, Əlimərdanı, Vüsaləni və onu birlikdə maşına mindirərək Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Polis idarəsində adını bilmədiyi özünün deməsinə görə Naxçıvanlı olan polis əməkdaşı onlara narkotik maddə vermiş və bildirmişdir ki, onlar deməlidir ki, həmin narkotik maddə onların özlərinə məxsusdur. Əgər onlar həmin polis əməkdaşının dediyini etməsələr, onların üzərlərinə külli miqdar narkotik vasitə qoyacaq və küllü miqdarla ağır cinayət törətdikləri sübut olunacaq. Bundan sonra onlar həmin polis əməkdaşının dediyi ilə razılaşmışlar və onları saxladıqları günün səhəri, yəni xx.xx.2021-ci tarixdə polis əməkdaşları onları maşına qoyaraq Corat qəsəbəsində Abidə deyilən yerə gətirmişlər və həmin vaxt polis əməkdaşlarından biri telefonu Əlimərdana vermişdir ki, kiməsə zəng etsin. Əlimərdan da onun dediyini elədikdən sonra onları yenidən polis idarəsinə gətirmişlər və üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirmişlər. Baxış zamanı həmin polis əməkdaşının ona verdiyi narkotik maddə onun üzərindən aşkar olunmuşdur. Əslində isə o, 1 ay olarmış ki, narkotik maddə olan kakos qəbul etmişdir. Lakin, onları polis əməkdaşları saxlayarkən o, narkotik maddə qəbul etməmiş və üzərində hər hansı bir narkotik maddə olmamışdır. 2 gün polisdə saxlanıldıqdan sonra onları buraxmışlar. Buraxılandan sonra və məhkəmə prosesinin davam etdiyi uzun müddət ərzində qadın olduğundan qorxmuş, ona narkotik verən özünü Naxçıvanlı kimi təqdim edən polis əməkdaşının hansı vəzifədə işləməsi, adı barədə maraqlanmadığından həmin polis əməkdaşının kimliyi barədə məhkəməyə heç bir məlumat verə bilmir. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Şahid4 narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid3, Ruslan Əlizadədən, CAŞ-ın sabiq kiçik inspektoru Hafiz Məmiyevdən, KTB-nin inspektor-kriminalisti Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 14:15-də anket məlumatları bəlli olan Şahid4 Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanışları Aygül və Vüsalə adlı şəxslərlə birlikdə olan zaman həmin şəxsləri saxlamışlar, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Pİ-də həmin şəxsə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X4 tərəfindən aparılırmışdır. Yenidən X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli parça şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü, 65 manat pulu və alışqanı çıxardaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Həmin şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddə elektron tərəzidə qoyularaq çəkilmiş və çəkisinin 1.46 qram olması müəyyən olunmuşdur. Daha sonra Sumqayıt ŞPİ-nın İTŞ-nin inspektoru baş leytenant Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Müdafiəçi, Təqsirləndirilən şəxs həmin maddənin özünə aid olduğunu və təklikdə görüş istəyibistəmədiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin özünə aid olduğunu və təklikdə deyiləcək heç bir sözünün olmadığın bildirmişdir. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş 65 manat pul və alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda həmin maddəni xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manat aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dedikləri, özünü müdafiə xarakteri daşıyır. Belə ki, nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən sonuncuya qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş və onun üzərinə narkotik maddə qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin YYÇ-larla iş üzrə inispektor vəzifəsində şləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, istifadəsi və üzərində gəzdirilməsində şübhəli olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. Xidməti otaqların birində həmin şəxsin üzərinə baxış keçirilməyə başlanılmışdır. Daha sonra Pİ-də ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X4 tərəfindən aparılırmışdır. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah etmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki şalvarın cibində saxladığı 1 ədəd sellofan bükümü, üzərindəki pulu və alışqanı çıxardaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni xx.xx.2021 -ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddə elektron tərəzidə qoyularaq çəkilmiş və çəkisinin 1.46 qram olması müəyyən olunmuşdur. Daha sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Müdafiəçi, Təqsirləndirilən şəxs həmin maddənin özünə aid olub-olmamasını və təklikdə görüş istəyib-istəmədiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin özünə aid olduğunu və təklikdə deyiləcək heç bir sözünün olmadığın bildirmişdir. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş pul və alışqan onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun da barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsində cinayət işi vardır. O, Təqsirləndirilən şəxs nə səbəbə məhkəməyə verilməsindən məlumatlıdır. Belə ki, o, Vüsalə və Aygül xx.xx.2021-ci il tarixdə onun yaşadığı Corat qəsəbəsində yerləşən evdə olmuşlar. Həmin gün o və Vüsalə evdə olanda Vüsalə Aygülə zəng vurub yemək və pul gətirməsi üçün onu evə çağırmışdır. Aygül onlara gəldikdən sonra o, dükana getmiş və yolda polis əməkdaşalrı onu saxlayaraq yaşadığı evə gətirmiş və evdə Vüsalə və Aygülü də görmüşlər. Onlar evə baxarkən o, öz yataq otağında qəbul etdiyi narkotik maddənin falqasını polis əməkdaşları aşkar etmişlər. O, həmin polis əməkdaşlarına bir az əvvəl həmin narkotik maddənin özü qəbul etdiyini və narkotik maddə qəbul etməsindən Vüsalə və Aygülün xəbərinin olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməlkdaşları onların üçünü də özləri ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Onların üzərlərindən və yaşadığı evdən narkotik maddə aşkar olunmamışdır. Polis əməkdaşlarının göstərdikləri təsir və təzyiq nəticəsində o, aşkar olunmuş narkotik maddənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı Elsevər Quliyev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt CAŞ-ın əməkdaşları və Sumqayıt ŞPİ-nin YYÇ-larla iş üzrə inispektor Şahid2 özlərini həmin şəxsə təqdim edir. Sonra X5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Pİ-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Günay Cəfərovanı təqdim edir. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəflaf rəngli sellofan bükümü, 65 manat pulu və alışqanı çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kokos” olduğunu, həmin maddəni xx.xx.2021 -ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını söyləyir. Həmin şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik maddə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 1.353 qram olması müəyyən olunur. Daha sonra Sumqayıt ŞPİ-nin YYÇ-larla iş üzrə inispektor Şahid2 tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 124 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli, 6/3182 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün № 124*’ dairəvi möhür əksi və saxlanılan şəxs: Təqsirləndirilən şəxs” Yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,353 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 1,353 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 1,303 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli, 2726 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan olunmuş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-19267 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 1,353 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,303 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Şahid4, Təqsirləndirilən şəxs və Qasımova Vüsalə Füzuli qızı Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəsəbəsi abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və peykdən çəkilmiş xəritədən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin hüquqi ünvanı Nizami küçəsi 11-dir. Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisi isə Sumqayıt ŞPİ-nin yerləşdiyi binanın Nizami küçəsi ilə kəsişməsinə düşür. İş materiallarında olan şahid və təqsirləndirilən şəxsin istifadələrində olan mobil telefon nömrələrinin anten dairələrini özündə əks etdirən “BAKCELL” və "xxxx" MMC-nin çıxarışlardan müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin əməkdaşı Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli və Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** nömrəli mobil telefonların 28-29 iyul 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün çıxarışlarda xx.xx.2021-ci il tarixdə Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 22:59:37 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 22:57:53 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 23:56:06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 397 saylı ev, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 23:50:04 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev və xx.xx.2021-ci il tarixdə Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 00:15:22 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 00:15:06 radələrində anten yeri Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmişdir. İş materiallarından görünür ki, dövlət ittihamçısının vəsatətinə əsasən xx.xx.2023cü il tarixdə “BAKCELL” və "xxxx" MMC-yə sorğu verilmiş və həmin sorğuya cavab məktublarından və onlara əlavə olunmuş sənədlərdən görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-32 km. qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır. Texniki səbəblərdən internet üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət edilməsi xahiş olunmuş, bu barədə xəritə məktuba əlavə olunmuşdur. Məhkəmədə “BAKCELL” və "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab məktubuna əlavə etdiyi xəritə və sxem araşdırılmış və həmin şanlrda da Şahid1 Təqsirləndirilən şəxs ilə 28-29 iyul 2021-ci il tarixdə anten məlumatıarında göstərilən ünvanlar üzrə hərəkət marşurutunun üst-üstə düşməsi müəyyən olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 70 (yetmiş) saat sərf etmişdir. Ona görə də, 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021 -ci il tarixdə, saat 14:15də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəflaf rəngli sellofan bükümünün içərisində olan 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan raportdan görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və Qasımova Vüsalə Füzuli qızı Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəsəbəsi abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittiham aktında və məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməkdaşı Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə saat 14:15 radələrində tutulduğu göstərilsə də, Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş Şahid4 ifadələrində onların 28 iyul 2021-ci il tarixdə axşam saat 23-24 arası tutulduğu bildirilmişdir. Eyni zamanda Sumqayıt ŞPİ-nin əməkdaşları Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli, Şahid3 istifadəsində olan 055 ***-**-** nömrəli, Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan 070 ***-**-** nömrəli mobil telefonların 28-29 iyul 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün “BAKCELL” və "xxxx" MMC-dən gələn çıxarışlardan da görünür ki, xx.xx.2021-ci il tarixdə Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 22:59:37 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 22:57:53 radələrində anten yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 23:56:06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 397 saylı ev, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 23:50:04 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev və xx.xx.2021-ci il tarixdə Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 00:15:22 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 00:15:06 radələrində anten yeri Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, şahid və əlavə şahid qismində dindirilmiş şəxslər bir-birinə zidd ifadələr vermişlər. Polis əməkdəşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 14:15-də saxlanıldığı göstərilsə də, həmin tarixdə saat 00:15:06 radələrində Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisi, yəni Sumqayıt ŞPİ-nin inzibati binasının yerləşdiyi ərazi olmuşdur. Bununla da ziddiyyət yaranmışdır. İstintaq orqanının topladığı sübutlar, yəni işdə olan baxış protokolu, təqsirləndirilən şəxsin özünü təqsirli bilinməsinə dair dindirmə protokolu, şahidlərin ifadələri birmənalı olaraq Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun təqsirli olmasına dair qənaətə gəlməyə kifayət etmir. Bu sübutlar qərəzsiz sübutlar deyildir. Şahidlər polis əməkdaşlarıdır, keçirdikləri əməliyyatın nəticəsində maraqlıdırlar, onların ifadələri o vaxt mötəbər sübut kimi qəbul edilə bilər ki, başqa sübutlarla uyğunluqluq təşkil etməklə təsdiq edilsin. Həmin ifadələrdə göstərilənlərlə bağlı isə işdə kifayət qədər şübhəli hallar, ziddiyyətlər var və bu ziddiyyətlərin aradan qaldırılması mümkün deyildir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə onu da deyd edir ki, eyni vaxtda saxlanılmış Təqsirləndirilən şəxs, Şahid4 və Vüsalə Qasımovaya verilən ittihamlar eyni məzmunludur. Şahid4 cinayət işi üzrə qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli xüsusi qərarının surətindən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqat aparılarkən Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən kobud qanun pozuntularına yol verilməsi barədə onun məsuliyyət məsələsinin həll edilməsi, bir daha belə hallara yol verilməməsi üçün tədbirlər görülməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilməsi, görülmüş tədbirlər barədə 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan 1,303 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 1,303 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-11/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-11/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver