Məhkəmə qərarları › İş №1(060)-11/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-11/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-11/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxx 1967-ci ildə, Ağdaş rayonu, Güvəkənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, İİ qrup əlil, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 523, ev 18A, mənzil 34-də qeydiyyatda olub, Sumqayıt şəhəri, Kimayçılar qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq , məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 13 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən "Aylı Gecə” restoranında 1700 manat pulu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 arvadı Şahməmmədova Lamiyə Nüsrət qızına təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 2021-ci ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Ucuz" marketin qarşısında 2000 manat pulu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 13 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Aylı Gecə” restoranında 2500 manat, 25 iyun 2022-ci il tarixdə, ünvan 1 ünvanında 1800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 2021-ci ildən tanımış, həmin vaxt pula ehtiyacı olmuş və maddi vəziyyəti yaxşı olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 əlilliyinin bərpa olunması məsələsi üçün ona müraciət etmiş, o da pula ehtiyacı olduğu üçün 1700 manata işini həll edəcəyini bildirmiş, 2021-ci ilin sentyabr ayının 13-də Zərərçəkmiş şəxs1 1700 manat və müxtəlif sənədləri təqaüd məsələsini həll etməsi üçün almış, bundan sonra 2 aya məsələnin həll olunacağını demiş, pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 da 2021-ci ildən Zərərçəkmiş şəxs1la eyni vaxtda tanımışdır. Zərərçəkmiş şəxs2 əlilliyinin bərpa olunması üçün ona müraciət etmiş, o da 2500 manat pul müqabilində həll edə biləcəyini demiş, bundan sonra 2021-ci ilin sentyabr ayının 13-də Zərərçəkmiş şəxs2 2500 manat pul və sənədlərini vermiş, o, 2 aya işin həll olunacağını demişdir. Həmin pulu öz ehtiyacına xərcləmiş, sonradan pulu olmadığından Fuadın pulunu qaytara bilməmiş və işinin həll olunacağını demişdir. Bundan sonra 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 sələmə pul istəmiş, sonuncu da ona 1800 manat pul vermiş, buna görə o, təqaüd kartını Zərərçəkmiş şəxs2 vermiş və Zərərçəkmiş şəxs2 bir neçə ay kartdan 180 manat pul çıxartmışdır. Zərərçəkmiş şəxs3 2022-ci ilin yanvar ayında tanımışdır. Zərərçəkmiş şəxs3 arvadının təqaüd məsələsini həll etmək üçün ona müraciət etmiş, o, sonuncunun arvadı Lamiyə ilə görüşmüş və 2000 manat qarşılığında onu təqaüdə çıxara biləcəyini demişdir. Həmin ay Zərərçəkmiş şəxs3 2000 manat pul və sənədləri almış, 2022-ci ilin aprel ayında həmin pulu və sənədləri Şahid1 adlı şəxsə vermişdir. Belə ki, o Ülviyyəni əvvəldən tanımış və bir neçə dəfə pensiya məsələlərinin düzəldilməsi üçün həmin şəxsə müraciət etmişdir. Ancaq Ülviyyə onu da aldatmış, təqaüd məsələsini həll etməmiş və bundan sonra Ülviyyə barədə Zərərçəkmiş şəxs3 demişdir. Ancaq Zərərçəkmiş şəxs3 pulu ona verdiyini bildirmiş və ondan şikayət edəcəyini bildirmişdir. Hazırda hər üç zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. Hətta Zərərçəkmiş şəxs2 1800 manat pulu sələmə almış olsa da, həmin məbləği də Zərərçəkmiş şəxs2 qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, Lamiyə Şahməmmədova onun arvadıdır və arvadı uzun illərdir ki, asma xəstəliyindən əziyyət çəkir. Buna görə də arvadına təqaüd düzəltmək istəmiş, arvadı Sumqayıt şəhər, 2 saylı xəstəxanada yatan zaman orada işləyən tibbi bacısı Təqsirləndirilən şəxs adlı şəxsin təqaüd düzəldə biləcəyini bildirmişdir. Bundan sonra arvadı Lamiyə Ulduza zəng edərək təqaüd məsələsi ilə bağlı yardım istəmiş, Ulduz həmin vaxt təqaüd məsələsini həll edəcəyini, həmin işə görə 2000 manat lazım olduğunu demişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının ortalarında Ulduz, o və Lamiyə Şahməmmədova Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Ucuz” marketin qarşısında görüşmüşlər. Həmin vaxt Ulduza istədiyi sənədləri və 2000 manat pulu vermişlər. Həmin vaxt Ulduz 2-3 aya Lamiyə Şahməmmədovanın əlilliyini düzəldəcəyini demişdir. Ulduzun dediyi vaxt keçəndən sonra əlaqə saxlamağa başlamış, ancaq Ulduz işin tezliklə həll olunacağını bildirib vaxtı uzatmağa başlamışdır. İşin həll olunmadığını görəndən sonra o, pulu və sənədləri istəmiş, Ulduz sənədləri geri qaytarmış, ancaq pulu tezliklə qaytaracağını bildirmişdir. Bundan sonra Ulduz pulu Ülviyyə adlı şəxsə verdiyini, həmin qadının pulu qaytarmadığını demişdir. O, isə bunun ona aidiyyəti olmadığını, pulu ona verdiyini və pulunu geri qaytarmasını tələb etmişdir. Ulduz pulunu qaytarmadığından barəsində şikayət etmişdir. İşin məhkəmə istintaqı zamanı Ulduz ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. O, təqsirləndiurilən şəxslə barışmışdır və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2010-cu ildən 2021-ci ilə qədər üçüncü qrup əlilliyə görə təqaüd almış, təqaüdü kəsiləndən sonra müraciət etmiş, ancaq bərpa olunmamışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayında tanışı Fuadla bir yerdə xəstəxanada olan zaman orada tanımadığı şəxslər Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və onun təqaüd məsələsini həll etdiyini demişlər. Bundan sonra Ulduzla telefon vasitəsi ilə əlaqə saxlamış, həmin vaxt yanında tanışı Zərərçəkmiş şəxs2 də olmuş, onlar 2021-ci ilin sentyabr ayında Ulduzla Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Aylı Gecə” şadlıq evində görüşmüşlər. Ulduz həm Sosial Müdafiə Nazirliyində işlədiyini, həm də şadlıq evini işlətdiyini demiş, Fuadla ona inanmışlar. Bundan sonra Ulduz 1700 manata onun əlillik məsələsini həll edəcəyini demiş, sonuncu təqaüd bərpa olunandan sonra əlavə də pul alacağını demişdir. 13 sentyabr 2021-ci il tarixdə o, 1700 manat pulu“Aylı Gecə” şadlıq evində Ulduza vermiş, ondan sonra isə Fuad bankdan pul götürüb həmin günü 2500 manat pulu Ulduza vermiş, sonuncu həmin vaxt ondan müxtəlif sənədləri istəmişdir. Ulduz 1-2 aya təqaüdünün bərpa olunacağını bildirmişdir. Aradan təxminən iki ay keçəndən sonra Ulduzla əlaqə saxlamış, ancaq sonuncu ona müxtəlif bəhanələr gətirməyə başlamış və tezliklə işin alınacağım demişdir. Bundan sonra o, 4 dəfə əməliyyat olunmuş, Ulduzla əlaqə saxlaya bilməmiş, əməliyyatlardan sonra o, Ulduzun onu aldatdığını bilib pulu geri istəmiş, daha sonra Ulduz Fuadın pulunu qaytarandan sonra onun pulunu da qayataracağını demişdir. daha sonra o, xx.xx.2022-ci il tarixdə bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, ancaq sonuncu həmin vaxt ona yalvararaq şikayətini geri götürməsini, 10 günə pulu qaytaracağını demiş, o da inanmışdır. Bu barədə ərizə vermiş, ancaq Ullduz yenə də onu aldatmış, bundan sonra yenidən şikayət etmişdir. Hazırda Ulduz ona dəymiş ziyanı tam ödəmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2005-ci ildən 2021-ci ilə qədər ikinci qrup əlilliyə görə təqaüd almış, təqaüdü kəsiləndən sonra müraciət etmiş, ancaq bərpa olunmamışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayında xəstəxanada olan zaman orada tanımadığı şəxslər Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və təqaüd məsələsini həll etdiyim demişlər. Bundan sonra Ulduzla telefon vasitəsi ilə əlaqə saxlamış, həmin vaxt yanında tanışı Zərərçəkmiş şəxs1 da olmuşdur. 2021-ci ilin sentyabr ayında Ulduzla Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Aylı Gecə” şadlıq evində görüşmüş, sonuncu həmin yerdə özünə məxsus otağı da olmuş, otaqda çoxlu sənədlər olmuşdur. Ulduz həm Sosial Müdafiə Nazirliyində işlədiyini, həm də şadlıq evini işlətdiyini demiş, Anarla ona inanmışlar. Bundan sonra Ulduz 2500 manata onun əlillik məsələsini həll edəcəyini demişdir. 13 sentyabr 2021-ci il tarixdə Unibankdan 2500 manat kredit götürmüş və həmin gün Anarın iştirakı ilə “Aylı Gecə” şadlıq evində pulu Ulduza vermiş, sonuncu həmin vaxt ondan müxtəlif sənədləri istəmiş və o, vermişdir. Ulduz 2 aya təqaüdünün bərpa olunacağını bildirmişdir. Aradan iki ay keçəndən sonra Ulduzla əlaqə saxlamış, ancaq sonuncu ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 25 iyun 2022-ci il tarixdə Ulduz ondan yenidən pul istəmiş və o, işinin həll olunması üçün aravdının qızıllarını lombarda qoyub 1800 manat pul götürərək yaşadığı evdə Ulduza vermişdir. Bundan sonra da Ulduz ona müxtəlif bəhanələr gətirib tezliklə işinin həll olunacağını demiş, ancaq o, artıq aldadıldığını bilib pulunu geri tələb etmişdir. Bundan sonra Ulduz ona kart vermiş və 3 aya hər ay 180 manat olmaqla 540 manat pul götürmüşdür. Ancaq Ulduz sonra kartı bloklamış, daha sonra o, xx.xx.2022-ci il tarixdə bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, ancaq Ulduz həmin vaxt ona yalvararaq şikayətini geri götürməsini 10 günə pulu qaytaracağını demişdir. O, buna inanmış, bu barədə ərizə vermiş, ancaq Ullduz yenə də onu aldatmış, bundan sonra yenidən şikayət etmişdir. O, Ulduza ümumilikdə 4300 manat pulu əlillik məsələsinin həll edilməsi üçün vermişdir. Hazırda təqsirləndirilən şəxs ona vurduğu 4300 manat zərəri ödəmişdir. Lakin, onun təqsirləndirilən şəxsdən əlavə tələbi vardır və bununla bağlı mülki iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, təqsirləndirilən şəxsin günahı üzündən o "xxxx" KB ASC-dən 36 ay müddətinə 24% dərəcəsi ilə 4000 manat kredit götürmüşdür. Həmin kreditə görə banka 1655,29 manat, lombarddan götürdüyü kreditə görə 800 manat əlavə ödəniş etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən əlavə olaraq 2455.29 manat pulu və mülki iddia qaldırmaq üçün ödədiyi 45 manat dövlət rüsumunu tələb edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadəsi dinlənilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid Şahməmmədova Lamiyə Nüsrət qızı göstərdi ki, uzun illərdir ki, asma xəstəliyindən əziyyət çəkir. Bununla bağlı özünə əlillik düzəltdirmək istəmiş, 2 saylı xəstəxada müalicə alan zaman oradan tanımadığı tibb bacılarından Ulduz adlı qadının təqaüd məsələsini həll edə biləcəyini eşitmişdir. Bundan sonra o, bu barədə əri Anara demiş, daha sonra Ulduzun telefon nömrəsini götürüb zəng etmişlər. Ulduza vəziyyəti barədə məlumat verən zaman təqaüd məsələsini həll edə biləcəyini bildirmiş, sonuncu həmin işə görə ondan 2000 manat pul istəmişdir. Bundan təxminən 10 gün sonra Ulduzun istəyi ilə 2021-ci ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Ucuz” marketin qarşısında Ulduz, Anar və o, görüşmüşlər. Həmin vaxt Anar onun iştirakı ilə Ulduza 2000 manat pul vermiş, bu zaman sonuncu ondan müxtəlif sənədlər istəmiş, o da həmin sənədləri vermişdir. Ulduz pulu alandan sonra 2 aya təqaüd məsələsinin həll olunacağım bildirmiş, sonuncu dediyi vaxt keçəndən sonra zənglərə cavab verməməyə başlamış, telefona cavab verən zaman tezliklə işin həll olunacağını deyərək onu aldatmışdır. Bundan sonra pulu və sənədləri istəmiş, sonuncu sənədləri geri qaytarsa da pulu qaytarmamışdır. Bundan sonra Ulduzun oğlu ilə əlaqə saxlamışlar, sonuncu bir qədər gözləmələrini xahiş etmiş, bir müddət gözləyəndən sonra əri bu barədə şikayət etmişdir. Digər Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Korrupsiyaya qarşı Mübariz Baş İdarəsinin İstintaq idarəsində aparılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq təcridxanasında saxlanılır. Sumqayıt şəhər polis idarəsində istintaq edilən cinayət işi üzrə Sumqayıt ŞPİnin MSY-yə köçürülmüşdür. X1 vasitəsi ilə Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında tanımış, həmin vaxt Ulduz müxtəlif şəxsləri işə düzəltmək və pensiya məsələsini həll etmək üçün pullar almış, Şahməmmədov Lamiyə Nüsrət qızını təqaüdə çıxmaq məsələsini həll etmək üçün Ulduz ona heç bir məbləğdə pul və hər hansı sənəd verməmişdir. Ulduz tanış olandan indiyə kimi ona ümumulikdə 4200 manat pul vermiş, sonuncu ona 4-5 nəfərin sənədini göndərmiş, o da həmin sənədlərlə təqaüd məsələsi üçün elektron qeydiyyatdan keçmişdir. Ulduz ona Elçin adlı şəxsin təqaüd məsələsini həll etməsi üçün 3000 manat pul vermiş, qalan 1200 manatı isə şəxslərin qeydiyyata salmaq üçün zəhmət haqqı olaraq vermişdir. Həmin 3000 manatı o, Bəşirə vermiş, həmin puldan Bəşir 500 manat ona vermiş, ancaq Lamiyə Şahməmmədovanın sənədlərini və ona aid hər hansı bir məbləğdə pul verməmişdir. Lamiyə Şahməmmədovamn təqaüd məsələsini düzəltmək üçün Təqsirləndirilən şəxs sənədləri və pulu ona verməmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30-da tutulmuşdur. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri aparılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona saat 12:10-da elan edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şahid1 və X4 barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.3, 308, 310, 311, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilsə də ifadəsində Anar Şahmmədovdan aldığı pulu Şahid1 verdiyini, Baxışovdan aldığı pulu qaytardığını, Zərərçəkmiş şəxs2 isə 1800 manat pulu sələmə götürdüyünü göstərməsi özünü müdafiə xarakteri daşıdığından və iş materialları ilə tam təkzib uğundan sübut növü kimi qimətləndirilməmiş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrində onlara dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş 4300 manat zərərin ödənildiyini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs 2455,29 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin günahı üzündən o "xxxx" KB ASC-dən 36 ay müddətinə 24% dərəcəsi ilə 4000 manat kredit götürmüşdür. Həmin kreditə görə banka 1655,29 manat, lombarddan götürdüyü kreditə görə 800 manat əlavə ödəniş etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən əlavə olaraq 2455.29 manat pulu və mülki iddia qaldırmaq üçün ödədiyi 45 manat dövlət rüsumunu tələb edir. Sumqayıt Şəhər Probasiya şöbəsinin böyük icra məmuruSəbuhi Cavadovun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyatda alınmış, xx.xx.2024-cü il tarixinə təyin olunmuş cəzanın 05 ay 19 gününü çəkmiş və həmin tarixə onun çəkilməmiş cəzası 01 il 11 gün təşkil edir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (178.1.). Eyni əməllər: təkrar törədildikdə (178.2.2.) - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki,

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra — CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. 3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayında 1800 manat pulu borca alması ilə bağlı bildirdiklərini isə məhkəmə özünümüdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1la barışıq əldə edilməsini və həmin şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 il 03 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın 05 say 19 gününü çəkmişdir. Bu səbəbdən cəzanın çəkilməsinin əvvəli onun həmin hökmlə təyin edilmiş cəzanı çəkməyə başladığı (probasiya şöbəsində qeydə alındığı) 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.1.). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (445.7.).Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (449.1.). Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsinə onunla "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini əlavə etmişdir. Lakin, işdən görünür ki, onunla Təqsirləndirilən şəxs arasında pul verilməsi ilə bağlı məsələlər həmin müqavilənin bağlanmasından əvvəl baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə, Zərərçəkmiş şəxs2 dəymiş ziyan məbləğinə illik beş faiz hesablanmaqla, həmin məbləğ Təqsirləndirilən şəxs tutulmalıdır. Zərərçəkmiş şəxs2 tərəfindən 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs 2500 manat verilmişdir ki, 3 il ərzində həmin məbləğə hesablanmış illik 5 faiz 375 manat təşkil edir. Həmçinin 2022-ci ildə Zərərçəkmiş şəxs2 tərəfindən 1800 manat pul verilmişdir ki, 2 il ərzində həmin məbləğə hesablanmış illik 5 faiz 180 manat təşkil edir. Beləliklə Zərərçəkmiş şəxs2 illik 5 faizlə hesablanmış zərər 555 manat təşkil edir ki, həmin məbləğ təqsirləndirilən şəxsdən Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İşdə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 93/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti 26 sentyabr 2023-cü il tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 555 (beş yüz əlli beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar