Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-110/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində ünvan 1-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,861 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:28 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 0,861 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 13:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı bir nəfər şəxslə təsadüfən ünsiyyəti yaranmış və söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həmin şəxs onda narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni satdığını ona söyləmiş, o həmin şəxsə 30 (otuz) manat pul verib öz şəxsi istifadəsi üçün şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bir büküm heroin almışdır. Həmin heroini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub Sumqayıt şəhəri, Corat qəsəbəsinə gəlmiş, həmin gün saat təxminən 14:25 radələrində Corat qəsəbəsində yerləşən “Təzə Məscid”in yanında olan zaman üç nəfər mülki geyimli və iki nəfər polis geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmiş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuş, o polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini söyləmişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmiş, o həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu şəffaf rəngli sellofana bülükmüş içərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin heroini xx.xx.2020-ci il tarixdə saat təxminən 13:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə getmişlər, 1-ci PB-də üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükülü tərəziyə qoyularaq çəkilmiş və həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və imzalanmışdır. O da protokolu imzalamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq fikri olmamışdır. Hazırda əməlindən peşmandır. Sumqayıt şəhərində müxtəlif işlərdə işləyərək ailəsini dolandırır, üç uşağı var. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə ünvan 1-da qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis serjantı Şahid2, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru Qocayev Elnur Əlövsət oğlundan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisndə “Təzə Məscid”in yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 14:25 radələrində əməliyyat qrupu ilə birlikdə Corat qəsəbəsi ərazisinə “Təzə Məscid”in yaxınlığına getmişlər. Orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxslə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni xx.xx.2020-ci il tarixdə saat təxminən 13:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra onlar müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmiş, bölmədə xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 16) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Pİnin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.62-63) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 22-24) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 93-95) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,861 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqatdan sonra qalıq çəkisi 0,811 qr.) (i.v. 32-35) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,861 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,811 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin CAŞ-ın və 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.102-105) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2904 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Əliyev X2 şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 79) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 241-ci maddəsinin “A” bəndi və 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. (i.v.77-78) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. İş materiallarında olan arayışdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində ikisi azyaşlı olmaqla üç uşağı (xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3) vardır. (85-86, 88-91) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 87) İş materiallarında olan məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2920 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. . (i.v.99-100) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,861 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,811 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutlub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,811 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-110/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-110/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver