Məhkəmə qərarları › İş №1(060)-110/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-110/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-110/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Tahir oğlunun, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Socar kompleks qazma işləri trestində elektrik mühəndisi vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Tahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Tahir oğlu təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ondan ötrü ki, o, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, 08 mart 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən “Nanə” kafesində tanışı Zərərçəkmiş şəxs əvvəllər ona verdiyi borc pulu gec qaytarmasını söyləyən zaman sonuncu ilə sözlə mübahisə etmiş və şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sol maksilyar sümüyün frontal çıxıntısının minimal yerdəyişmiş sınığından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Tahir oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 35/20, mənzil 6-da ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, 01.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs 1500 ABŞ dolları borca pul almışdır. Dadaşa pulu qısa müddət ərzində qaytaracağını söyləsə də o, maddi durumu pis olduğundan onu gec qaytarmışdır. Bundan sonra 08.03.2021-ci il tarixdə saat 18 radələrində evdə olan zaman Dadaş ona zəng edib Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən “Nanə” kafesinə çağırdığından ora getmişdir. X3 oturduğunu görmüş və stula oturmuş, bir müddət söhbət etdikdən sonra Dadaş yenə pul söhbətini eləməyə başlamış və yenə nə səbəbə onun pulunu yenə gec verdiyini soruşduqda Dadaşa bu söhbəti bağlamasını söyləmişdir. Həmin vaxtı Dadaş ona “qoduq” deyə müraciət etmiş və bunu eşidən zaman ayağa qalxıb Dadaşdan nə dediyini təkrar soruşmüş və Dadaş yenə həmin “qoduq” sözünü ona təkrar etmiş, bu zaman əsəbləşib Dadaşın çənə nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş və onun boğaz nahiyyəsindən tutub onu silkələmiş, həmin vaxtı onlarla birgə stulda oturan Azər araya girib onu kənara çəkmiş və Dadaş da çıxıb oradan getmişdir. Dalaşma 1 dəqiqədən az davam etmiş və kənar şəxlər gəlməmiş və narahatçılıq yaranmamışdır.Təqsirləndirilən şəxs Tahir oğlu özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək amnistiya tətbiq olunaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1955-ci il tarixdə Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş və hal hazırda Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi ev 19-da ailəsi ilə birlikdə yaşayır, işsizdir. Sərdar Yusifzadəni 2 ilə yaxındır ki, tanıyır. Onunla ara sıra dostluq əlaqələri olub. Onunla birgə bir neçə dəfə oturub söhbətləşmişdir. Sərdar ondan 1 dəfə də borc pul istədiyindən ona borca pul vermiş, həmin pulu Sərdar sonra qaytarmışdır. 08.03.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən “Nane” kafesində əyləşib öz tanışı Azərlə söhbət edən zaman Sərdar ora gəlmiş və heç bir icazə almadan qəfildən onların masasına əyləşmiş və Sərdarla bir müddət ordan burdan danışmışdır. Sərdarın qəfildən ona xoş olmayan sözlər işlətdiyini və həmin sözün onun xətrinə dəydiyinə görə o, Sərdarı təhqir edib, masadan durmasını söyləmiş, həmin vaxtı o masadan durub oturduğu yerdə qəfildən onun burun nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş, həmin zərbənin təsirindən burnundan qan açılmışdır. Daha sonra, onlar aralanmış, mübahisə davam etməmiş, əlavə zərbə vurulmamışdır. Hadisə zamanı kafenin içərsində videogörüntü olmuşdur. Orada Azər olub keçəni gözləri ilə görmüş, hadisə təxminən 1-2 dəqiqə davam etmiş, ətrafa çayxanada əyləşən şəxslərdən başqa heç kəs toplaşmamış, Sərdarın ondan üzr istəyəcəyini düşünüb ilk növbədə ondan şikayət etməsə də sonradan Sərdarın ondan üzr istəmədiyini görüb bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs Tahir oğlu ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək amnistiya tətbiq olunaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin təqdim etdiyi 06.05.2021-ci il tarixli 493 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol maksilyar sümüyün frontal çıxıntısının minimal yerdəyişmiş sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir,törənmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni 08.03.2021-ci il tarixdə əmələ gələ bilər,özü özünə yerinə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tahir oğlunun cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tahir oğlu əvvələr məhkum olunmamışdır. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs Tahir oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Tahir oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Tahir oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Tahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Tahir oğlunun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1ci bəndlinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Tahir oğlunun barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmaqla cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Tahir oğlunun hüquqlqrının müdafiəsi üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Tahir oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Tahir oğlu barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Tahir oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Tahir oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar