Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-110/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,412 qram, 0,412qram, 0,423 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,673 qram kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, 17 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi olmadan saxladığı 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,412 qram, 0,412qram, 0,423 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,673 qram psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, heroini və metamfetamini çəkmək yolu ilə qəbul edir. 15 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yaşadığı evə doğru gedərkən tanışı Fariz adlı şəxslə rastlaşmışdır. Farizin narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olduğunu bildiyi üçün sonuncudan psixotrop maddə metamfetamin istəmiş, o da cibindən 04 (dörd) ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin çıxarıb ona vermiş, hər bükümə görə 05 (beş) manat, ümumilikdə 20 (iyirmi) manat pul verəcəyini bildirmiş, o, da Farizə 20 (iyirmi) manat pul verib 04 (dörd) bükümdə psixotrop maddə metamfetamini alıb cibinə qoymuşdur. 17 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, Hərbi Komissarlığının qarşısında olan zaman 02 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. O, polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət olunmuş, orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş metamfetamini təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxan zaman metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı yalan olaraq demişdir ki, həmin bükümləri 15 iyun 2022-ci il tarixdə Nurxanım adlı şəxsdən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində 20 (iyirmi) manata əldə etmişdir. Üzərindən ümumilikdə 04 (dörd) ədəd bükümdə olan metamfetamin elektron tərəzidə çəkilmiş və həmin maddələr ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş 04 (dörd) bükümdə olan psixotrop maddə metamfetamini Nurxanımdan əldə etməmiş, həmin maddələri tanışı Fariz adlı şəxsdən əldə etmişdir. İlkin ifadələrində yalan məlumat vermişdir. Beləki, Nurxanımın qohumu Əlizaminin adını qohumları arasında narkoman kimi çıxartdığı üçün və Əlizaminlə dostluq münasibətləri olduğundan, Nurxanımın atası Ərəfi də tanıdığından, Əşrəfin narkotik vasitələrin dövriyyəsi ilə bağlı həbs edildiyini də bildiyindən buna görə Nurxanıma atasından narkotik vasitə qaldığı halda ona verməsini istəmiş, sonuncu o da ona demişdir ki, “olsa da belə sənə vermərəm”, o də Nurxanımdan qərəzli qaldığı üçün şəxsi axtarış zamanı üzərindəki 04 (dörd) bükümdə olan metmafetamini Nurxanımdan alması barədə yalan məlumat vermişdir. İlkin verdiyi ifadələrin ağır cəzaya səbəb olmasını bilməmiş, buna görə də yalan ifadə vermiş, lakin hazırda bunu dərk edib düzgün ifadə vermişdir. 04 (dörd) bükümdə olan psixotrop maddə metamfetamini Fariz adlı tanışından 15 iyun 2022ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində 20 (iyirmi) manat müqabilində əldə etmiş, Nurxanımdan əldə etməmiş, həmçinin saxlanılarklən tək olmuş, Əlizaminlə birlikdə saxlanılmamışdır. Nurxanım və Əşrəflə heç bir münasibəti olmamış, sadəcə Nurxanımı Əlizaminə görə tanımış, Əlizaminlə birlikdə olarkən Nurxanımla rastlaşıb tanış olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş 4 bükümdə olan psixotrop maddə metamfetamini 15 iyun 2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində tanışı Fariz adlı şəxsdən 20 (iyirmi) manat müqabilində əldə etmişdir. Həmin şəxsin adının Fariz olduğunu bilmiş, soyadını və atasının adını, həmçinin mobil nömrəsini bilməmiş, lakin Xəzər bağları ərazisində fərdi evlərdən birində yaşadığını bilmiş, sonuncudan bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 17 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının etibarlılığını yoxlamaq məqsədi ilə ondan və kiçik inspektor, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Hərbi Komissarlığın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxs Hərbi Komissarlığın yaxınlığında olmasını görmüşlər və bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alaraq sonuncunu üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Rasim Paşayev tərəfindən qeydə alınan videoçəkilişlə vəkil Nail Məmmədovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı tərəfindən sonuncuya üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ balaca yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda 04 (dörd) ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açılan zaman içərisində ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilib çəkisi müəyyən edildikdən sonra ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunmuşdur ki, təhqiqatçı Anar Axundov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirildiyini bildirir, polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofanda 04 (dörd) ədəd şəffaf sellofan bükülünü, sağ yan cibindən bir ədəd “Catel” markalı, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonları, sağ yan cibindən açarlar və bir ədəd alışqanı çıxararaq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və onun əynindəki şalvarının sağ yan cibindən 80 qəpik pul aşkar olunur, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 (dörd) ədəd bükülüyə baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar olunmuş maddələr psixotrop maddə olan “şüşə”dir, həmin maddələri xx.xx.2022-ci il tarixdə Nurxanım adlı şəxsdən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində şəxsi istifadəsi üçün 20 (iyirmi) manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 0,45 qram, 0,46 qram, 0,44 qram, 0,47 qram, ümumi çəkisinin 1,82 qram olması müəyyən edilir. Həmin kütlə qablaşdırılır, möhürlənir və imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 127” dairəvi möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,412 qram, 0,412 qram, 0,432 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,673 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi: 1,673 qram, tədqiqata sərf edildi: ümumi 0,12 qram, qalıq 1,553 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, X2 və X1 üzərlərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 03 (üç) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında prptokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-285/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,553 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli, 877 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi və cinayət işi üzrə törədilməsi müəyyən edilən əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2, Təqsirləndirilən şəxs və X1 bir qrup şəxs halında narkotik vasitə əldə edərək satışı ilə məşğul olmaları istintaq materialları ilə kifayət qədər sübuta yetmədiyindən X2 və X1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyətı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,553 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 03 (üç) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,553 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 (üç) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (yüz on dörd) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-110/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-110/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver