Məhkəmə qərarları › İş №1(060)-110/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-110/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-110/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən və xeyli miqdarda ziyan vurmaqla etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 avtomobil ticarəti ilə məşğul olub gəlir əldə edəcəklərinə dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin noyabr ayının əvvəllərində, səhər saatlarında yaşadığı ünvan 3 ünvanında 2.000 (iki min), elə həmin günün axşam saatlarında yaşadığı ünvan 4 ünvanında 8.000 (səkkiz min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 qızma ümumilikdə xeyli miqdarda 10.000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 avtomobil ticarəti ilə məşğul olub gəlir əldə edəcəklərini dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin noyabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən Təhsil Şöbəsinin qarşısında 3000 (iiç min) manat, 2022-ci ilin noyabr ayının axırlarında ünvan 5 ünvanında yerləşən Təhsil Şöbəsinin qarşısında 6000 (altı min) manat puhı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 9.000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, Vüsalə və Aytən bacılarının anası Şahid1 məxsus Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində məscidin yaxınlığında yerləşən həyət evində həyat yoldaşı Firudinlə birlikdə kirayə qalmışdır. Həmin şəxslərlə münasibətləri normal olmuş, onlarla heç vaxt düşmənçiliyi və ədavətləri olmamışdır. X13 5 ildir ki Ukraynada yaşayır və ticarətlə məşğul olur. 2022-ci ilin təxminən sentyabr-avqust aylarında oğlu Emin ona zəng edərək maddi vəziyyətinin pisləşdiyini, problemləri olduğunu və təcili pul tapıb verməsə öldürülə biləcəyini bildirmişdir. O, buna görə qohumlarından borc pul istəsə də, heç kim ona pul verməmişdir. O da məcbur qalaraq tanıdığı Vüsalə və Aytəni aldadaraq onlardan pul alacağını fikirləşmişdir. Mirvari 2022-ci ilin noyabr ayında Şahid1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən evinə getmişdir. Qətibə həmin evdə qızı Vüsalə ilə birlikdə yaşayır. O, Qətibəyə yalandan qardaşı Şahid4 avtomobil ticarəti ilə məşğul olduğunu, bunun üçün pul lazım olduğunu bildirmiş və bir ay müddətində əldə etdiyi gəlirdən 2000-3000 məbləğində pul həmin şəxslərə də verəcəyini vəd vermişdir. Həmin vaxt Vüsalə ona inanmış və fikirləşib məlumat verəcəyini bildirmişdir. Həmin günün səhəri Qətibə ona zəng edərək evinə çağırmışdır. Mirvari Qətibənin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıvev qəsəbəsində yerləşən həyət evinə getmiş və Vüsalədən anası Qətibənin yanında 2000 manat məbləğində pul almışdır. O, daha sonra Vüsaləyə bu pulla avtomobil ticarəti ilə məşğul olmaq mümkün olmadığını demişdir. Vüsalə həmin gün axşam saatlarında anasının evində ona 8000 manat məbləğində pul vermişdir. Həmin vaxt evdə Vüsalə və anası Qətibə olmuşdur. Təxminən 2 gün sonra 8000 manat pulu Exspress bank vasitəsilə X13un ona dediyi hesaba göndərmiş və qalan 2000 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında Vüsalədən pul aldığı gündən bir neçə gün sonra ona yenə pul lazım olmuş və yenidən Şahid1 zəng edərək yalandan avtomobil ticarəti məsələsi üçün pul istəmişdir. Qətibə ona bu dəfə qızı Aytən də pul olduğunu bildirmiş və Aytənin mobil nömrəsini ona vermişdir. O, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Aytənin mobil nömrəsinə zəng edərək Vüsaləni aldatdığı kimi Ay tənə də qardaşının avtomobil ticarəti ilə məşğul olduğunu və avtomobili satdıqdan sonra əlavə olaraq 2000-3000 manat pul verəcəyini demiş və həmin şəxs ona inanaraq pul verməyə razılaşmışdır. 2022-ci il noyabr ayının ortalarında Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında Aytəndən həyat yoldaşı İbrahimin yanında 3000 manat, noyabr ayının sonlarında sonra eyni adla həyat yoldaşı İbrahimin yanında Sumqayıt şəhəri, Təhsil şöbəsinin qarşısında daha 6000 manat pul almışdır. Bir-iki ay sonra həmin, şəxslər ondan pullarını istəməyə başlamışlar. Həmin şəxslərə yalan danışdığını, pulları oğluna göndərdiyini etiraf etmişdir. Aytəndən aldığı pulları da şəxsi ehtiyacları və evin problemlərini həll etmək üçün ödəmişdir. Həmçinin bildirmişdir ki, aldığı vəsaitlərə görə qismən ödənişlər etmiş, həmçinin ərinə məxsus pensiya kartını da onlara vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 4.850 (dörd min səkkiz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 isə 7.624 (yeddi min altı yüz iyirmi dörd) manat borcu qalmışdır. Həmçinin bildirmişdir ki, mülki iddianı qeyd edilən hissələrdə qəbul edir. Qalan hissədə, mənəvi ziyanın tutulması hissəsində qəbul etmir. Göstərilən halları, həmçinin əməlindən peşman olmasını, ziyan üzrə qismən ödənişlər etməsini, bundan sonra da ödənişlərə davam edəcəyini nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində anasının yaşadığı həyətdə ayrıca mənzildə kirayə yaşayan özünü ona Sona kimi təqdim edən qadını təxminən 1 ildən çoxdur ki tanıyır, aralarında normal münasibətlər olmuş, heç vaxt ədavətləri və düşmənçilikləri olmamışdır. 2022-cı ilin noyabr ayının ortalarında Sona Aytənə zəng edib adını ona demədiyi qardaşının Bakı şəhərində avtomobil alveri ilə məşğul olduğunu, qardaşına avtomobil alıb-satmağı üçün pul lazım olduğunu, əgər pul qazanmaq istəyirsə, qardaşına vermək üçün ona pul verməyini, qardaşı maşınları alıbsatdıqdan sonra, onun pulunu və maşın alverindən əldə edilən gəlirdən artıq miqdarda qaytaracağını bildirmişdir. O, Sonanın bu vədlərinə inanıb görüşməyə razılıq vermişdir. Həmin ərəfədə o və həyat yoldaşı İbrahim yaşadıqları evin yaxınlığında yerləşən Təhsil Şöbəsinin qarşısında Sona ilə görüşüb yenidən söhbətlər etmiş, Sona onu həmin pulunu və özünün qoyduğu pulu ümumilikdə qardaşına verəcəyinə, qardaşının maşın alverinə başlayıb xeyli miqdarda gəlir əldə edəcəyinə, həmin pulu, həm də əldə etdiyi gəlirdən ona əlavə pul verəcəyinə inandırmışdır. O, həmin günü Sonaya 3.000 (üç min) manat pul vermişdir. Həmin gündən təxminən 15 gün keçdikdən sonra Sona yenə zəng edərək əlavə pul lazım olduğunu bildirmişdir. O, yenidən yaşadıqları evin yaxınlığında Sona ilə görüşüb əlavə olaraq 6.000 manat pul vermişdir. Həmin vaxtdan bir ay keçdikdən sonra Aytən Sonadan işlərin nə yerdə olduğunu və pulunu nə vaxt qaytaracağını soruşduqda, Sona, pulu qardaşına vermədiyini, bu işin alınmadığını, həmin pulu başqa şəxsə faizə verdiyini, bir aydan sonra ona verdiyi pulu artıqlaması ilə birlikdə qaytaracağını söyləmişdir. O, Sonanın bu sözlərinə əsəbləşmiş və pulu qardaşının maşın alveri ilə məşğul olması üçün verdiyini və ona heç bir faiz lazım olmadığını deyib tez müddətdə pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan bir ay keçdikdən sonra o, yenə də Sonadan pulunu tələb etdikdə Sona ona yenə yalan danışmış, ondan aldığı pulu əslində Ukrayna Respublikasında yaşayan oğlu Eminə göndərdiyini demişdir. Bələ ki, Sona oğlu Eminin Ukraynada çətin vəziyyətə düşdüyünü, ona görə də, Eminə təcili pul lazım olduğu üçün ona qəsdən yalan danışıb ondan pul aldığını və həmin pulları oğlu Eminə göndərdiyini bildirmiş, həmin vaxt onun Sona ilə söz mübahisəsi düşmüş və Sonadan şikayət edəcəyini bildirmişdir. Belə olan halda Sona ona yalvararaq tezlikdə Eminin pulları qaytaracağını və onun da pulunu geri verəcəyinə söz vermişdir. Bundan sonra o, ya hər həftə Sonaya zəng edir, ya da yaşadığı evə gedib pulunu tələb etmişdir. Lakin, Sona hər dəfə Aytənə müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmır. 2023-cü ilin aprel ayında Sona pulun bir hissəsini qaytarmağa başlamışdır. Belə ki, həmin ərəfədə Sona ona əvvəl 1500 manat, on gün sonra isə 1000 manat, aprel ayının sonunda isə 800 manat, 2023-cü ilin oktyabr ayının əvvələrində 500 manat, həmçinin məhkəmə zamanı da ödənişlər etmuşdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş qalan 4950 manat, mənəzi ziyana görə 1500 manat, həmçinin dövlət rüsmuna görə ödənilmiş 85 manatın təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra isə bildirmişdir ki, ona əlavə 100 manat da ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs onun 4.850 manat pulunu qaytarmamışdır. Göstərilən halların nəzərə alınmasını, həmçinin təsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində anasına məxsus mənzildə kirayədə yaşayan özünü Sona kimi təqdim edən qadını təxminən bir ildən çoxdur ki, tanıyır, aralarında normal münasibətlər olmuş, heç vaxt ədavətləri və düşmənçilikləri olmamışdır. O, hər dəfə anasının evinə qonaq getdikdə Sonanı orada görmüş, Sona anasının yaşadığı mənzilə gəlib orada həm qonşu kimi, həm də anasının evində kirayədə yaşayan qadın kimi söhbətlər etmişlər. Sonanın anası ilə olan söhbətləri həmişə ona inandırıcı gəlmiş, geniş əlaqələrinin olduğunu, yaxınlarının, xüsusən də adını ona təqdim etməyən qardaşının vasitəsi ilə yaxın günlərdə xeyli pul qazanacağını demişdir. Onlar Sonanın sözünə inanmışlar. 2022-ci ilin noyabr ayının əvvəllərində onlar evdə olduqları zaman Sona anasının yanına gəlmiş və onlarla bir neçə dəqiqə söhbət etdikdən sonra anasına və ona qardaşının Bakı şəhərində avtomobil alveri ilə məşğul olduğunu, qardaşına avtomobil alıb-satmağa əlində maya etməsi üçün və bir neçə avtomobil alıb-satmağı üçün pul lazım olduğunu bildirmişdir. Sona həm də əgər pul qazanmaq istəyirlərsə, qardaşına vermək üçün pul lazım olduğunu və qardaşı maşınları alıb-satdıqdan sonra, onun pulunu və maşın alverindən əldə edilən gəlirdən bir pay olaraq artıq miqdarda qaytaracağım demişdir. Sona bu barədə bir neçə dəqiqə söhbət etdikdən sonra qardaşına pul verildiyi gündən bir ay müddətinə dediyi pulu qaytarılacağını bildirmişdir. Vüsalə Sonadan bu söhbətin dəqiq olduğunu, həqiqətən də qardaşının maşın alveri ilə məşğul olub-olmadığını soruşur, sonadan inandırıcı cavab aldıqdan sonra səhəri günü evdən pul götürüb Sonanı evə çağıraraq Sonaya 2.000 (iki min) manat pul vermişdir. Həmin vaxt Sona, yenə də pul lazım olduğunu, 2.000 manatın az olduğunu söylədikdə, Vüsalə Sonaya axşam tərəfi bir qədər də pul gətirəcəvini söyləmişdir. Həmin gün axşam saatlarında yenidən Sona onlara gələrək əlavə olaraq 8.000 (səkkiz min) manat pulu sayıb anasının yanında Sonaya vermişdir. Sona ümumilikdə 10.000 (on min) manat pulu aparıb Bakı şəhərində yaşayan və avtomobil alveri ilə məşğul olan qardaşına verəcəyini, bir aydan sonra isə onun pulunu və əldə edilən gəlirdən həm özü üçün götürəcəyini və bir qismini də ona verəcəyini bildirmişdir. Sona həmçinin qardaşına maşın alveri etmək üçün özünün də xeyli miqdarda qardaşına pul verəcəyini söyləmişdir. Həmin gündən bir ay keçdikdən sonra Vüsalə Sonadan işlərin nə yerdə olduğunu və pulunu nə vaxt qaytaracağını soruşduqda, Sona pulu qardaşına vermədiyini, Ukraynada yaşayan oğlu Eminə göndərdiyini, bir qismini özü üçün xərclədiyini demişdir. O, Sonanın bu sözlərinə əsəbləşmiş və pulu ona, qardaşının maşın alveri ilə məşğul olmasına görə verdiyini, başqa şəxsə vermək üçün vermədiyini deyib tezliklə pulunu qaytarmasını tələb demişdir. O, məcburiyyət qarşısında Sonanı daha bir ay gözləməli olmuşdur. Artıq pulu Sonaya verdiyindən iki ay keçdikdən sonra Sonaya zəng edib pulunu ondan istəmişdir. O, artıq Sonanın onu aldatdığını başa düşmüş və Sonaya onun barəsində polisə şikayət edəcəyini söyləmişdir. Sona ona şikayət etməməsi və bir ay daha gözləməsi üçün yalvarmışdır. Vüsalə Sonadan pulunu yalnız gözləməklə ala biləcəyini yəqin edib daha bir ay da gözləməli olmuşdur. Artıq 2023-cü ilin fevral ayında o, Sonadan pulunu tələb etməyə başlamışdır. Sona gah telefonları söndürmüş, gah da onunla əlaqə saxlaya bilinməsin deyə evə gəlməmişdir. Bir müddətdən sonra o, Sona ilə çətinliklə əlaqə yarada bilmişdir. Belə ki, o, həyat yoldaşını da götürüb Sonanın yaşadığı evə getmiş, orada Sonanın həyat yoldaşı Firudinin yanında pulunu Sonadan tələb etmişdir. Sona yenə Vüsaləyə yalvarmağa başlamış və tezliklə oğlu Eminin pulları geri qaytaracağını söyləyib, onun da pulunu tezliklə verəcəyinə söz vermişdir. Bundan sonra o, 5-6 gündən bir Sona ilə əlaqə saxlayıb hər dəfə pulunu istədikdə, Sona müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Belə ki, Sona hər dəfə gah oğlu Eminə zəng çatmadığını, gah Eminlə danışdığını söyləyib Eminin tezliklə pulu ona göndərəcəyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Sonanın hər dəfə yalan danışdığını artıq anlamağa başlamışdır. Bundan sonra o, bir neçə ay da gözlədikdən sonra həyat yoldaşı ona gedib bu barədə polisə şikayət ərizəsi ilə müraciət etməsini təklif etmişdir. Əlavə olaraq o, Mirvarinin özünü Sona kimi təqdim etdiyini, lakin sonradan əsl adının Mirvari kimi bildiyi qadın onun inamından sui-istifadə elməklə yalan məlumatlarla vədlər verməklə 10.000 manat pulunu almışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş qalan 7920 manat, mənəzi ziyana görə 1500 manat, həmçinin dövlət rüsmuna görə ödənilmiş 150 manatın təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra isə bildirmişdir ki, ona əlavə ödənişlər də olmuşdur. Hazırda Təqsirləndirilən şəxs onun 7.624 manat pulunu qaytarmamışdır. Göstərilən halların nəzərə alınmasını, həmçinin təsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus olan ünvan 6 ünvanında yerləşən həyət evində həyat yoldaşı Firudinlə birlikdə 3 ilə yaxın kirayə qalır. Özünü onlara Sona kimi tanıdan həmin qadın 2023-cü ilin noyabr ayının əvvəllərində Qətibənin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən evinə getmişdir. O, həmin evdə qızı Vüsalə ilə birlikdə yaşayır. Sona ona yalandan qardaşı Şahid4 avtomobil alveri ilə məşğul olduğunu, bunun üçün təcili pul lazım olduğunu demiş və bir ay müddətində əldə etdiyi gəlirdən 2000-3000 manat məbləğində puldan onlara da verəcəyini vəd vermişdir. Həmin vaxt qızı Vüsalə Sonaya inanmış və fikirləşib məlumat verəcəyini demiş, həmin günün səhəri Qətibə Sonaya zəng edərək evinə çağırmışdır. Sona Vüsalədən onun yanında 2000 manat məbləğində pul almışdır. O, sonradan Vüsaləyə bu pulla avtomobil ticarəti ilə məşğul olmağın mümkün olmadığını demişdir. Vüsalə həmin gün axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Qətibəyə məxsus evdə Sonaya daha 8000 manat məbləğində pul vermişdir. Həmin vaxt evdə o və qızı Vüsalə olmuşdur. Bundan sonra 2022-ci ilin noyabr ayının ortalarında yenidən Sona ona zəng edərək yalandan avtomobil ticarəti məsələsi üçün pul istəmiş, Qətibə Sonaya bu dəfə qızı Aytəndə pul olduğunu demiş və Aytənin mobil nömrəsini Sonaya vermişdir. Daha sonradan X7 9.000 manat pul aldığı məlum olmuşdur. Sona pulları qaytara bilmədiyini görüb onları aldatdığını, o, pulları avtomobil ticarəti üçün qardaşına vermədiyini, guya Ukraynada yaşayan oğlu Eminə göndərdiyini və bir qismini isə öz şəxsi ehtiyacları üçün istifadə etdiyini etiraf etmişdir. Sona adı ilə özünü təqdim edən Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək ayrı-ayrılıqda qızları Zərərçəkmiş şəxs1 9.000, Zərərçəkmiş şəxs2 10.000 manat olmaqla ümumilikdə 19.000 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Erniz oğlu ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. 2022-ci ilin təxminən noyabr ayında həyat yoldaşı Aytən ona tanıdığı, anası Şahid1 evində kirayə qalan Sona adlı qadının qardaşı ilə birlikdə avtomobil ticarəti ilə məşğul olmaq istədiyini və ona pul lazım olduğu üçün zəng edib pul istədiyini demişdir. Hətta həyat yoldaşı Aytənə bu işdən əldə eldikləri gəlirdən pay verəcəyini də söz vermişdir. Aytən Sona adlı qadına inanarıq özünün 3000 manat pulunu həmin qadına vermək qərarına gəlmişdir. Onlar Sona adlı qadını Sumqayıt şəhəri, Təhsil Şöbəsinin qarşısına çağırmış və 2022-ci il noyabr ayının ortalarında İbrahimin yanında Aytən Sona adlı qadına 3000 manat pul vermişdir. Təxminən noyabr ayının sonlarında Sona adlı qadın yenə zəng etmiş və yenə pul lazım olduğunu demişdir. Aytən yenə Sona ilə razılaşmış, Sumqayıt şəhəri, Təhsil Şöbəsinin qarşısında, onun yanında Sona adlı qadına 6000 manat pul vermişdir. Həmin vaxtdan bir ay keçdikdən sonra Aytən Sonadan işlərin nə yerdə olduğunu və pulu nə vaxt qaytaracağını soruşduqda, Sona, Aytənin verdiyi pulu qardaşına vermədiyini, bu işin alınmadığını, həmin pulu başqa şəxsə faizə verdiyini, bir aydan sonra həmin pulu faizi ilə birlikdə qaytaracağını söyləmişdir. Aytən Sonanın bu sözlərinə əsəbləşmiş və pulu Sonaya qardaşının maşın alveri ilə məşğul olması üçün verdiyini, başqa şəxsə vermək üçün vermədiyini, heç bir faiz lazım olmadığını deyib tezliklə pulu qaytarmasını tələb elmişdir. Həmin vaxtdan bir ay keçdikdən sonra Aytən yenə də Sonadan pulu tələb etdikdə Sona yenə yalan danışdığını bildirib, Aytəndən aldığı pulu əslində Ukrayna Respublikasında yaşayan oğlu Eminə göndərdiyini bildirmişdir. Bundan sonra Aytən hər həftə Sonaya zəng edir, ya da yaşadığı evə gedib pulunu tələb etmişdir. Lakin, Sona hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamışdır. 2023-cü ilin aprel ayında Sona pulun bir hissəsini qaytarmağa başlamışdır. Belə ki, həmin ərəfədə Sona Aytənə əvvəl 1500 manat, on gün sonra isə 1000 manat, aprel ayının sonunda isə 800 manat, 2023-cü ilin sentyabr ayının sonlarında 500 manat, həmçinin iş məhkəmə baxılan zaman da müxtəlif məbləğlər ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, X4 onun həyat yoldaşıdır və o, görmə məhdudiyyətlidir. X13 öz ailəsi ilə birlikdə 5 ildir ki, Ukraynada yaşayır və ticarətlə məşğul olur. X11 vasitəsilə əlaqə saxlamışlar. Mirvari ona Eminin Ukraynadakı işlərində problem olduğunu və ona təcili pul lazım olduğunu demişdir. Mirvari bir neçə gün sonra isə bu pulu tapdığını və Eminə göndərdiyi bildirmişdir. Lakin, Mirvari ona pulun məbləğini və kimdən aldığını deməmişdir. O Mirvarinin pulu almasından və oğlu Eminə göndərməsindən məlumatı olmuşdur. Həyat yoldaşı X5 Yusifovanın qızları Aytən və Vüsalədən aldatmaqla 19.000 manat pul aldığından əvvəlcədən məlumatı olmamışdır, bu barədə Aytən, Qətibə və Vüsalənin onların evə gəlib Mirvaridən pulları istəyəndə bilmişdir, hətta təqaüd kartını öz razılığı ilə Zərərçəkmiş şəxs2 Mirvarinin vurduğu maddi ziyanı qaytarması üçün vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bacısı Mirvari tərəfindən aldadılaraq 19.000 (on doqquz min) manat pulu ələ keçirməsi ilə bağlı onun heç bır məlumatı olmamışdır. O, bu barədə hal-hazırda şahid kimi dindirilərkən məlumat almışdır. O, heç vaxt avtomobil ticarəti ilə məşğul olmamış, Mirvariyə avtomobil ticarəti ilə məşğul olmaqla bağlı təklifi olmamışdır. Mirvari ilə münasibəti olmadığını və 5 ilə yaxındır ki, onunla danışmadığını, Mirvarinin pul aldığı şəxsləri tanımadığını göstərmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 103-111-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Honor” markalı mobil telefonun Whatsapp ani mesajlaşma proqramından götürülmüş səs yazıları olan 01 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən və xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini və vurulmuş ziyan üzrə qismən ödənişlər etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini və vurulmuş ziyan üzrə qismən ödənişlər etməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhəkəmə həmçinin hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 mülki iddiaları qismən təmin edilməli, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4.850 (dörd min səkkiz yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, həmçinin ödənilməmiş qalan 7.624 (yeddi min altı yüz iyirmi dörd) manat, ödənilmiş dövlət rüsumuna görə 115 (yüz on beş manat) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Mülki iddiaçıların mənəvi zərərə görə 1500 manat məbləğində mülki iddiası baxılmamış saxlanılmalı və qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçılara izah edilməlidir. Belə ki, mülki iddiaçılar onlara mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4.850 (dörd min səkkiz yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mənəvi zərərə görə 1500 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 7624 (yeddi min altı yüz iyirmi dörd) manat, ödənilmiş dövlət rüsumuna görə 115 (yüz on beş manat) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mənəvi zərərə görə 1500 manat məbləğində mülki iddiası baxılmamış saxlanılsın, qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə iddia ilə müraciət etmək hüququ mülki iddiaçıya izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar